15 Mart 2025

Şənbə, 00:36

SAXTAKARLIQ TEXNOLOGİYASI

"Arsax Tiqranakerti"nin qazıntılarının arxasında hansı məqsədlər dayanır?

Müəllif:

01.07.2007

Hazırda beynəlxalq cinayət-karlığın əsasında dayanan üç təməl daşı var - narkotik maddələr, "canlı mal" alveri, qızıl və əntiq əşyalar qaçaqmalçılığı.  "Onlarla mübarizə son dərəcə çətin və perspektivsizdir. Hər üç halda yaxşı düşünülmüş və qurulmuş təşkilatlanma ilə üzləşirik ki, orada diletantlara yer yoxdur". İnterpolun məsul əməkdaşlarından birinin "Layf" jurnalına müsahibəsindən götürülmüş bu ifadə hələ bir neçə onillik bundan əvvəl deyilib.  Bu müddət ərzində vaxtilə son dərəcə dəbdə olan "Layf" nəşrini dayandırsa da, İnterpolun iş üsulları, sərhəd rejimləri və gömrük    məntəqələrinin təchizatı dəyişsə də, "əntiq əşyalar xəstəliyi", çətin ki, səngisin. 

Əslində, qədimlik bütün dövrlərdə yüksək qiymətləndirilib. Hələ antik Yunanıstanda Kritin qədim qab-qacağı qızıldan qiymətli idi. "İstehlak cəmiyyəti" olan müasir dünyadan isə heç danışmağa dəyməz - indi "əntiq əşyalar xəstəliyinə", az qala, bütün dünya mübtəla olub. Bəziləri onun mənşəyini qarşısıalınmaz standartlaşdırmada görürlər ki, bu zaman ekvatordan qütblərə qədər hamı cins geyir, "hamburger" yeyir, koka-kola içir və Hollivud blokbasterlərinə baxır. Digərləri müasir həyatın dəhşətli ritmi qarşısında təhtəlşüur vahiməni əsas sayır. Üçüncülər isə, sadəcə, fərqlənmək və pulun gücünə düzəltdirmək mümkün olmayanı pulla almaq istəyini önə çəkirlər. Dünyada arxeologiya ilə, məsələn, "orta əsrlər tarixini" fərqləndirmək ənənəsi olsa da, milyonçunun öz qonaq otağında divardan Mane, yaxud Rembrandtın əsərini asmaq, onun arvadının isə ziyafətdə astek hökmdarının xanımına məxsus boyunbağıda gəzişmək istəyi, əslində, eyni kökdən qaynaqlanır və şəhər kənarındakı evi "retro üslubunda" tərtib etmək istəyinə heç bir aidiyyəti  yoxdur. Əlbəttə, hazırkı "əntiq əşyalar xəstəliyi" külli miqdarda saxta əşyaların meydana çıxmasına gətirib çıxarmaya bilməzdi. 

Antalyada sizə mütləq üstünü balıqqulağılar örtən yunan amforası təklif edəcəklər. O, həqiqi də ola bilər, lakin çox vaxt işbazlar təzə amforaları dənizin dibinə salır, gil gövdə balıqqulağılarla örtüldükdən sonra isə artıq alıcı "qədimliyə" şübhə etmir.  

Nepalda turistlərə çəltikdən düzəldilən kağız üzərində "qədim əlyazmalar" təklif edirlər. Bu kağızın kiçik parçaları qədim və qiymətli əşya kimi qələmə verilir. Lakin çətin ki, bunun üçün xeyli pul ödəyən turist elə həmin kağıza ət və pendir büküldüyü qonşu dükana boylansın. 

Bir dəfə qəzetlərdə tamamilə unikal bir hadisə əksini tapdı. İtaliyada bir dəstə fırıldaqçı "qızıl mədəni" tapdı. "Kiçik Arnaut küçəsində" istehsal olunan "qədim" əşyalar "qədim nekropol"u təqlid etməklə, əvvəlcədən torpağa basdırılır, sonra isə "varlı hərifə" kifayət qədər böyük məbləğ müqabilində qazıntılarda şəxsən iştirak etmək və tapılan əşyaların hamısını özünə götürmək təklifi verilirdi. Hər şey əla gedirdi, amma günlərin bir günü rəqiblər "qədim məzarlığa"  Napoleonun büstünü qoydular. O vaxt həmin hadisəni bir çox qəzet hər üzünə hallandırsa da, heç kim, əslində, çox məntiqi olan belə bir sualı vermədi: bu qəbildən olan "üsullar" kriminal arxeologiyadan elmi arxeologiyaya da köçürülmür ki? Ələlxüsus, həmin arxeologiya, ilk növbədə, qonşulara qarşı ərazi iddialarında bulunan siyasi məqsədlərə xidmət edəndə? Erməni "tarixçilərinin" arxeoloji saxtakarlıqlar vasitəsilə nəyi istəsən, "sübut etməyə" hazır olduqları Cənubi Qafqaz üçün bu çox aktual sualdır.   

Arxeoloji dairələrdə əmin olduqları kimi, saxtakarlıqlar vasitəsilə ciddi elmi ictimaiyyətə təsir göstərmək, demək olar ki, mümkün-süzdür. Üstəlik, erməni arxeoloqlarının "araşdırmaları" dünyanın elmi dairələrində, yumşaq desək, ciddi şübhələr doğurur. Həm də məsələ təkcə Nataliya Ovsepyanın "Novoye vremya" jurnalının səhifələrindəki istehzalı qeydində deyil: "Eçmiədzinin diyarşünaslıq muzeyində bir kimsə də yoxdur. Nə ziyarətçilər, nə də əməkdaşlar gözə dəyir. Əvəzində e. ə. IV minillikdən XIX əsrə qədər külli miqdarda qab-qacaq var. Yeri gəlmişkən, eramızdan əvvələ aid edilən kuzələrin iki əsr bundan əvvələ aid edilənlərdən qat-qat təzə görünməsinin səbəbi mənim üçün hələ də sirr olaraq qalmaqdadır".

Ermitajın erməni "mütəxəssisi" Suren Ayvazyanın orta əsrlər Azərbaycan Atabəylər  Dövlətinin   sikkələri  üstündəki yazılara suvandla əl gəzdirərək, e. ə. II minilliyə aid "erməni sikkələri" kimi qələmə vermək cəhdindən hiddətlənən direktoru Piotrovskinin məktubu daha ciddi səciyyə daşıyır. Suvandın erməni arxeologiyasında nə kimi rol oynadığını açıq bəyan edən akademik Piotrovski tərcümə zamanı müəyyən "yanlışlıqlar" olmaması üçün məktubunun Ermənistan SSR Elmlər Akademiyasının jurnalında rus dilində çap edilməsinə də nail oldu.   

Lakin təəssüf ki, indi saxtalaşdırmaların sayı xeyli artıb və onlar orijinalı saxta nümunələrdən, "qədim erməni sikkələrini" suvandla "əl gəzdirilən" Azərbaycan sikkələrindən, "qədim erməni petroqliflərini" isə azərbaycanlıların məzarları üzərindəki başdaşılarından fərqləndirə bilən alim-arxeoloqların heç bir faiz də təşkil etmədiyi geniş auditoriyanı nəzərdə tutaraq dövriyyəyə buraxılır. Bu alimlərin "sensasion tapıntını" əyani şəkildə görmələri zəruridir. Diletantlara gəldikdə, burada əbədi "xalq hamısını həzm edəcək" deyimi əldə rəhbər tutulur. Bir də Gebbelsin prinsipi: "Yalan o qədər böyük olmalıdır ki, "bu boyda yalan olarmı?" fikri heç kəsin ağlına belə gəlməsin".

Hər hansı bir halda, Ermənistanda tarixin növbəti dəfə saxtalaşdırılmasına start verilib. "Azq" qəzetinin məlumatına görə, "Yerkir" Repatriasiya və Mənimsəmə Üzrə İctimai Təşkilatlar İttifaqının təşəbbüsü və maliyyə dəstəyilə Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası ermənilərin yeni "kəşfinin" - təməli guya e. ə. I əsrdə erməni çarı Böyük Tiqran tərəfindən qoyulan "Arsax Tiqranakerti"nin qazıntılarını davam etdirir. İddia edildiyi kimi, Xaçinçayın (adını tələm-tələsik  "Xaçenaget" qoyublar) sol sahilində aparılan qazıntıların elə ilk günlərində Nor Marağa kəndi yaxınlığındakı yüksəklikdə qalanın qalıqları tapılıb. İlkin qazıntılar nəticəsində, eni 3,5 metrə çatan qala divarının bir hissəsi, içəriyə doğru genişlənən giriş, girişlə qaya arasında yerləşən keçikçi qülləsinin qalıqlarının aşkarlandığı bildirilir. Qala divarının torpaqdan təmizlənən hissəsinin uzunluğu 20 m təşkil edir. Erməni "arxeoloqları" dərhal belə qənaətlə çıxış etdilər: guya tapılan arxeoloji material qalanın, güman ki, Böyük Tiqranın şəhərindən də əvvəl - Urartu dövləti və ya erməni Yervandidlər dövləti dövründə inşa olunduğuna dəlalət edir.  

 Öz növbəsində, qəzet də xatırladır ki, mifik "Tiqranakert"in qazıntıları avqustun ortalarına qədər davam etdiriləcək. Sonra da əda ilə bildirir: "Yerkir" İttifaqının "Arsax Tiqranakerti"nin tarixi-arxeoloji araşdırılması üzrə proqramı 2005-ci ildən hə-yata keçirilir. Birinci il şəhərin konkret yeri müəyyənləşdirilib, 2006-cı ildə isə şəhərin müxtəlif yerlərində və ətraf ərazilərində qazıntılar aparılıb və nəticədə, içqalanın (sitadel) bir hissəsi, şəhərin möhkəmləndirilmiş hissəsindəki terraslardan birinin dayaq divarı, mərkəzi məhəllədə yerləşən erkən xristian bazilikası tapılıb. 

Söhbətin saxtalaşdırmadan, həm də kobud və primitiv saxtalaşdırmadan getdiyini anlamaq üçün Qafqaz tarixi üzrə elə də böyük bir mütəxəssis olmağa ehtiyac yoxdur. Tarixin erməni versiyası ilə yox, özü ilə azacıq tanış olan hər bir kəsə məlumdur ki, erməni "arxeoloqları" Qarabağın çoxsaylı alban (həm də təkcə alban yox) abidələrini "qədim erməni" abidələri kimi qələmə verməyə cəhd göstərsələr də, Qarabağda hər hansı bir "Tiqranakert" olmayıb və ola da bilməzdi. Amma təəssüf ki, bununla erməni "arxeoloqlarını" durdurmaq mümkün olan iş deyil, çünki artıq uzun onilliklərdir ki, Ermənistanda arxeologiya miskin bir duruma salınıb. Daha dəqiq desək, qonşu dövlətlərə qarşı ərazi iddialarını əsaslandırmaq üçün saxtakarlıq fabrikinə çevrilib. Əvvəlcə, "tarixi araşdırmalar" (saxtalaşdırmalar desək, daha düz olar) vasitəsilə İrəvan xanlığının torpaqları "qədim erməni məskəni" elan edildi və orada Ermənistan yaradıldı. Türkiyənin, az qala, bütün ərazisində "erməni abidələri" axtarışına rəvac verildi, Cavahetiyadakı gürcü kilsələri "erməni kilsələri" adlandırıldı. Əslində, Qarabağın Azərbaycan və alban abidələrini "erməni abidələri" kimi qələmə vermək cəhdləri əvvəllər də göstərilirdi. Lakin Qarabağı Böyük Tiqranın adı ilə bağlamaq cəhdləri ilk dəfədir ki, ortaya çıxıb. Baş verənlər başına sehrli papaq qoyaraq gözəgörünməz olan kralın gizlincə şəhərə çıxaraq, xoşuna gələn hər şeyin üstünə kral möhürünü vurması barədə məşhur uşaq filmini xatırladır. Bundan sonra keşikçilər peyda olur və bildirirdilər - biz qanunla krala məxsus olan və üzərində kralın möhürü vurulan hər şeyi xəzinəyə qaytaracağıq. Lakin məlum olduğu kimi, heç də uşaq nağılı deyil və Böyük Tiqrana istinad edilməsi, çətin ki, dünya birliyinə elə böyük təsir göstərə bilsin ki, orada dərhal ərazi bütövlüyü prinsipini unutsunlar və Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqlarını bu ölkəyə peşkəş etsinlər.

Lakin "arxeoloji kəşflər"in daha çox  ermənilərin öz daxili auditoriyasına ünvanlandığı da heç də istisna deyil, çünki artıq Ermənistanın özündə də özü-özünə - "Azərbaycanla müharibə ölkəyə real şəkildə nə verdi və qonşularla kompromis əldə etməyə cəhd göstərmək yaxşı olmazdımı?" - sualını verənlərin sayı artmaqdadır. "Antisovet fəaliyyətinə görə" Uralda və Maqadanda 8 il həbsxanada olmuş məşhur erməni dissidenti və hüquq müdafiəçisi Vardan Arutunyanın öz soydaşlarının mentalitetinə "Cənubi Qafqaz inteqrasiyası - alternativ start" saytında bu ilin fevralında verdiyi məhvedici dəyərləndirməni xatırlamaq kifayətdir: "Biz keçmişdə ilişib-qalan xalqıq. Biz keçmişdə qaldıq və XX əsrin dəyərlərini mənimsəyərək, XXI əsrə keçməyi bacarmadıq. Ən yaxşı halda, XIX əsrdə qalmışıq. Biz orada - keçmişdə keçmişin problemlərini həll edirik, hələ də sultan Həmidlə mübarizə aparırıq, o zaman yaranan mahnıları oxuyuruq və elə hey eyni fikirləri təkrarlayırıq. Bizim üçün Çauş, Dro, Andranik, Sose və Serb vətənpərvərliyin zirvəsi olaraq qalmaqdadır. Onların vətənpərvərliyində isə o dövr üçün təbii olan quldur-sosialist-terrorçu-millətçi çalar var". Daha sonra o deyir: "Qonşulara ozamankı nifrət və iddialarımızı XXI əsrə təlqin edirik. Bizim vətənpərvərliyimiz və antiturkçülüyümüz bir-birilə mütənasibdir. Vətənpərvərliyimizi təzahür etdirərək, Böyük Tiqranın yürüşlərinin tədris xəritələrini qürurla divarlardan asır və elə həmin xəritəyə əsaslanaraq, sərhədlərimizi dənizdən-dənizə qədər bəyan edir, özümüz uydurduğumuza özümüzü inandırır və qayıtmağın mümkünlüyü barədə xülya yaradırıq". Bunun ardınca müəllif ürək ağrısı ilə deyir: "Müharibədə məğlub olduqdan sonra döyüş meydanındakı kiçik və müvəqqəti qələbələrimizi şöhrətləndiririk. Müharibəni döyüşdən fərqləndirə bilmir və həmin döyüşlərin şərəfinə müharibədə son və birmənalı qələbələrə layiq olan abidələr və mavzoleylər ucaldırıq. Əsl qalib olan və qələbənin sevincini bütün dolğunluğu ilə dadanların gözü önündə dəbdəbəli şənliklər qururuq. Onların gözündə nə qədər gülünc olduğumuzu dərk etmirik. Teatrımızın 2000 illiyini yalnız ona görə qeyd edirik ki, 2000 il bundan əvvəl Ermənistanda bir çar teatr pyesləri yazıb və bundan sonra həmin yerlərdə 2000 il ərzində heç kim bununla məşğul olmayıb. Lakin biz "2000 il bundan əvvəl"i "2-ci minilliklə" eyniləşdirir və hər hansı bir məntiqi rədd edərək, 2000 il yaşı olan teatrdan danışır, kitablar və məqalələr yazırıq, çünki bizə belə lazımdır". Daha sonra, "Çoxəsrlik tariximizlə fəxr etsək də, kilsələrdən başqa heç nəyi qoruyub-saxlaya, bəlkə də heç yarada bilməmişik. Ən qədim şəhərimizin heç 200 yaşı da yoxdur. Dövlətçilik mövcud olanda çarlarımız ona hörmətsiz yanaşırdılar ki, şıltaqlıq, yaxud özünütəsdiq məqsədilə paytaxtı bir yerdən başqa yerə köçürürdülər. Nəticədə, belə qədim xalqa layiq olan bir paytaxtımız da yoxdur", - deyə Arutunyan qeyd edir və fikrini tamamlayır. - "Biz bütün uğursuzluqlarımızı pis qonşularımızın olması ilə izah edirik. Sanki biz istisnayıq, bütün digər xalqların isə qonşuları bizimkilərdən yaxşıdır və onlar heç vaxt özgə boyunduruğuna düşməyiblər. Bugünümüz keçmişimizi təkrarlayır. Yenə də qonşular düşmən elan ediliblər, yenə biz başqasının forpostuna çevrilmişik və xilası xaricdə axtarırıq, yenə də dövlətimizə hörmət etmir, dövləti idarə edən səviyyəsiz və layiq olmayanlara qarşı dözümlülük gös-təririk". Vardan Arutunyan xəbərdarlıq edir: "Bizi növbəti məğlubiyyət gözləyir.

Bu gün bütün dünyada Azərbaycanın nüfuzunun artması, GUAM-ın sammiti, Qəbələ RLS-ə dair razılaşmalar və i. a. fonunda Ermənistanda "tərəddüd edənlər"in sayı açıq-aşkar artıb və erməni "siyasi texnoloqları" əmindirlər ki, indi "Arsax Tiqranakerti" barədə söhbətlər məhz ölkə vətəndaşlarını "sonacan duruş gətirməyin" zəruriliyinə inandırmalıdır. Lakin əgər belə texnologiyalara əl atmaq məcburiyyəti yaranırsa, bu  artıq birmənalı şəkildə "fəlakət siqnalı" deməkdir.


MƏSLƏHƏT GÖR:

484