
MÜHARİBƏ VƏ ƏMƏKDAŞLIQ HAQQINDA MİF
Silahlanma yarışı davam edir
Müəllif: Samir MİRZƏYEV Bakı
Jurnalımızın mart ayında işıq üzü görən saylarının birində bu sətirlərin müəllifi "Münhen töhməti" yazısında ABŞ-la Rusiya arasında qarşıdurmanın yeni səviyyəyə yüksəldiyini və Sovet İttifaqı dönəmindəki "soyuq müharibə"ni xatırladacağını qeyd etmişdi. Həqiqətən də artıq ABŞ və onun müttəfiqləri öz hərbi-siyasi maraqlarını Şərqədək uzatmaqla Rusiyanı cavab addımları atmağa təhrik edirlər.
Hazırda dünya ictimaiyyəti ABŞ və onun NATO-dan olan müttəfiqlərinin guya gələcəkdə Avropanı İrandan qorumaq məqsədilə Polşa və Çexiyada yeni Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin yerləşdirilməsi planını müzakirə edir. Xatırladaq ki, Vaşinqton havaya buraxılacaq raketləri tutmaq üçün Polşada sistem, Çexiyada isə X-band radiolokasiya stansiyası qurmağı planlaşdırır.
Bu haqda informasiya meydana çıxandan dərhal sonra Rusiya ictimaiyyəti və siyasi dairələri narahatlığını ortaya qoyublar. Moskva hesab edir ki, bu sistemlərin İranın nüvə proqramına heç bir aidiyyəti yoxdur və onlar birmənalı olaraq Rusiyaya qarşı yönəlib.
Fevralda olduğu kimi, bu dəfə də məsələyə aydınlıq Almaniyada gətirildi. Bu dəfə məsələ kurort şəhəri olan Xayliqendammda, "Böyük səkkizlik" ölkələrinin liderlərinin görüşündə qaldırıldı. Qeyd edək ki, bu toplantıda hamı ABŞ və Rusiya prezidentləri arasında açıq qarşıdurmanın baş verəcəyini gözləsə də, Putin gözlənilməz gedişlə dünya ictimaiyyətini təəccübləndirdi. O, amerikalı həmkarına Azərbaycanın Qəbələ rayonunda yerləşən radiolokasiya stansiyasından birgə istifadəni təklif etdi. Hadisələrin belə inkişafını isə heç kəs ehtimal edə bilməzdi.
Əvvəla, bu, belə bir anlama gəlir ki, Rusiya de-fakto İran tərəfindən nüvə təhlükəsinin olduğunu qəbul edir.
İkinci, daha vacib olanı, bununla Moskva ABŞ hərbçilərinin bölgəyə, konkret olaraq, Azərbaycana gəlməsinə göz yumur və hətta bunun təşəbbüskarı qismində çıxış edir. Konkret desək, belə çıxır ki, ABŞ Rusiyanın öz istəyi ilə onun sərhədi yaxınlığında raket əleyhinə sistem qurmaq imkanı qazanır.
Putin isə, bir tərəfdən bildirir ki, Qəbələ RLS İran raketlərinin Avropa ərazisindən uzaqda - elə sərhəddəcə vurularaq dənizə salınmasına imkan verəcək (görünür, söhbət Xəzər və Qara dənizlərdən gedir), digər tərəfdən isə, ABŞ HHM sistemlərinin Polşa və Çexiyada yerləşdirilməsinin qəti əleyhinə çıxır. Yəni belə çıxır ki, amerikalılar hələ ki İranın qitələrarası raketlərini daha yaxın məsafədən vura bilər.
Nəhayət, üçüncüsü, bu təkliflə Putin öz prioritetlərini göstərərək, aşkar şəkildə İranı "satdı": Moskva üçün Avropa sərhədləri onun cənub hüdudlarından, ümumiyyətlə, İranla əməkdaşlıqdan daha vacibdir.
Amma əslində hər şey göründüyü qədər sadədirmi?
"Aysberq"in görünməyən tərəfi
HHM sistemləri ilə bağlı Amerika-Qərb-Rusiya qarşıdurması adlandırılan "aysberq"in böyük hissəsi suyun altındadır və onu ilk baxışdan görmək mümkün deyil.
Birincisi, Avropada HHM sistemlərinin yerləşdirilməsinin İrana hesablandığı və Tehrandan gələ biləcək təhlükənin qarşısını almaq məqsədi güddüyü iddia olunur. Çox uzaq deyilmi? Amerikalılar İranın hərbi-sənaye kompleksinin imkanlarını həddindən artıq şişirtmirlər ki? Axı əksər ekspertlərin bildirdiyinə görə, hazırda İranın qitələrarası raket əldə etməsinə hələ çox var. Tehranın malik olduğu orta məsafəli "Şahab" raketləri isə o dərəcədə mükəmməl deyil və hətta iranlıların özləri də bilmirlər ki, həmin raketləri havaya buraxacaqları təqdirdə onlar haraya düşəcək və nə qədər məsafə qət edəcək. Onların vurabilmə qabiliyyəti, ən yaxşı halda, 2-2,5 min kilometrdir ki, bu da "Şahab"ların nəinki Amerikaya, hətta Şərqi Avropaya çatmasını belə mümkünsüz edir. Ən nikbin proqnozlara əsasən, İranın belə uzaq məsafəni vura bilən raket əldə etməsi üçün minimum bir "beşilliyə" ehtiyacı var.
Bundan başqa, burada daha bir uyğunsuzluq var: belə çıxır ki, Avropada İrana qarşı HHM sistemləri yerləşdirən amerikalılar oturaraq Tehranın nə vaxt nüvə silahı əldə edəcəyini, daha sonra qitələrarası raket yaradacağını və həmin nüvə başlıqlarını ona birləşdirəcəklərini gözləməyi düşünürlər. Belədirsə, İrana mümkün hərbi zərbələr haqda fikirlərin mahiyyəti nədən ibarətdir? Fars körfəzində hələ də ABŞ-a məxsus üç təyyarədaşıyan gəminin və mühafizə eskadrasının dayandığını nə ilə izah etmək olar? Onlar Avropada HHM sistemlərinin quraşdırılmasını gözləyərək neçə il orada qalmağı düşünürlər? Burada məntiq varmı?
İkincisi, Avropada quraşdırılması planlaşdırılan HHM sistemlərinin hədəfinin Rusiya olduğu iddia edilir. Əsasən Rusiya isteblişmenti və ictimaiyyətinin ortaya atdığı bu fikir, ümumiyyətlə, tənqidə tab gətirmir. Məsələ ondadır ki, hətta Rusiyanın sərhədində sözügedən sistemlərin quraşdırılacağı halda belə, amerikalılar Moskvanın onun ərazisinə endirəcəyi hipotetik zərbələrdən qoruna bilməz. Eyni dərəcədə, onların Avropanı müdafiə etməsi də mümkün deyil ki, bunun da bir neçə səbəbi var. İlk səbəb ondan ibarətdir ki, strateji silahların ixtisarına baxmayaraq, Rusiya indinin özündə də ABŞ ərazilərini vura biləcək qitələrarası ballistik nüvə raketləri arsenalına malikdir. Üstəlik, Rusiyanın mərkəzində yerləşən bu raketlərin trayektoriyası Avropa deyil, Arktika üzərindən keçəcək.
Bundan başqa, Rusiyanın Uzaq Şərq-də də kifayət qədər raket arsenalı var ki, onlar havaya buraxılacağı halda, Avropanın raket əleyhinə sistemi aciz qalacaq.
Amerikada hələ də Rusiyanın müasir raketlərini və onların avtomatik tuşlanan başlıqlarının qarşısını alacaq müdafiəsi yoxdur: 2-3 belə raket məhv edilsə də, 8-10-u hədəfə çatacaq və Şimali Amerikada daşı-daş üstündə qoymayacaq.
Nəhayət, ən başlıcası: görəsən, nəyə görə hamı (ilk növbədə isə rusların özləri) Rusiyanın göyərtəsində nüvə silahı olan supermüasir və dünyada analoqu olmayan gözəgörünməz sualtı qayıqlarını yaddan çıxarıb? Onlardan istəniləni lazımi anda lazımi yerə üzə, lazımi vaxtda dünyanın yarısını məhv edə biləcək sayda raket buraxmağa qadirdir. Yəqin ki, yaşlı nəslin nümayəndələri vaxtilə Sovet İttifaqına məxsus sualtı qayıqlardan birinin sadəcə imkanlarını amerikalılara nümayiş etdirmək məqsədilə Nyu-Yorkun lap yaxınlığında "burnunu" sudan çıxararaq özünü göstərdiyini, sonra isə yenidən suyun dərinliyinə girərək yoxa çıxdığını yaxşı xatırlayırlar. Məhz bu cür gəmilərdən müdafiə üçün ABŞ-ın heç bir real sistemi yoxdur.
Sakit və Atlantik okeanların, demək olar ki, bütün dibi boyunca yerləşdirilən və Amerikaya astronomik məbləğlər hesabına başa gələn sistemlər isə həmin qayıqları tam zərərsizləşdirmək iqtidarında deyil.
Belə olan halda, Moskva nədən narahatdır?
Bundan başqa, iddia olunur ki, Qəbələ RLS Avropada yerləşdirilməsi nəzərdə tutulan HHM sistemlərinə tam alternativdir. Bunu da növbəti mif saymaq olar. Unutmaq olmaz ki, Qəbələ RLS bütün güclü tərəflərinə baxmayaraq, sadəcə izləmə və əvvəlcədən xəbərdarlıq etmə funksiyasını daşıyır. O, ABŞ-ın Çexiyada yerləşdirmək istədiyi X-band sistemindən fərqli olaraq, raketləri konkret istiqamətə yönəltmək gücündə deyil. Qəbələ RLS HHM sistemlərinin mərkəzi ola bilməz və bu səbəbdən də Putinin təklifi hərbi-texniki baxımdan çox sadəlövh təklif təsiri bağışlayır. Bu nəhəng (128 metr hündürlüyündə) obyekt yalnız cənubdan ballistik və qanadlı raketlərin havaya buraxılması haqda operativ məlumat əldə etmək üçün tikilib, ondan kosmik obyektlərin müşahidə olunması, həmçinin raketlərin istiqamətləndirilməsi üçün istifadə mümkün deyil.
Üstəlik, yalnız cənubu nəzarətdə saxlayan stansiya heç İranın bütün ərazisinə - Türkmənistanla sərhəd olan şimali-şərq küncünə belə tam nəzarət etmək iqtidarında deyil. Bundan başqa, o, İranın hücumu haqda xəbərdarlıq etmək üçün də əlverişli obyekt sayılmır. Çünki stansiya İranın ScudB raketləri, taktiki bombardmançı aviasiyası və desantçıların radiusunda yerləşdiyindən, istənilən an çox rahat şəkildə sıradan çıxarıla bilər. Belə şərait yaranarsa, Qəbələnin müdafiəsi üçün bir neçə diviziyaya, Hərbi Hava Qüvvələrinə, Hava Hücumundan Müdafiə, həmçinin motoatıcı diviziyalara ehtiyac yaranacaq. Amma hətta onların təmin olunacağı halda belə, uğurun yüzfaizli təminatı haqda danışmaq olmaz.
Bütün bunlarla yanaşı, hələ rusların özünün bu RLS-dən nə vaxtadək istifadə edəcəkləri məlum deyil. Elə rusların özlərinə məxsus hərbi mənbələrin sözlərinə görə, 2006-cı ildə rəsmi Bakı obyektə görə ödənilən icarə haqqının 7 milyon dollardan 14 milyona qaldırılmasını istəyib. Rusiyanın baş nazirinin müavini, sabiq müdafiə naziri Sergey İvanov buna cavab olaraq bildirib ki, 2008-ci ildə Armavirdə o qədər də böyük olmayan, lakin Qəbələ RLS-dən daha yaxşı müasir "Voronej-DM" RLS yaradılacaq və o, Qəbələdəki stansiyanı tam əvəz edəcək.
Beləliklə, Putinin təklifi birmənalı olaraq, bir tərəfdən, daxili "tələbatçılar"a ünvanlanan siyasi və təbliğat xarakterli açıqlamadır, digər tərəfdən isə, dünyaya nəhəng kompromislərə və əməkdaşlığa hazır olduğunun nümayişidir. Kreml sahibi, təbii ki, əvvəlcədən bu təklifin ABŞ-ın planlarına bərabər olmadığını bilirdi. Ən yaxşı halda, amerikalılar Qəbələ RLS-dən Avropada HHM sistemləri ilə paralel şəkildə istifadəyə razılaşa bilərdi.
Qərb və Rusiya tərəfindən hazırlanan mif və nağıllar bununla bitmir. Biz onlardan yalnız əsas saydığımız üçünü qeyd etdik. Məsələ ondadır ki, ABŞ-ın HHM sistemlərinin Çinə qarşı yönəlməsi məsələsini, ümumiyyətlə, müzakirə etməyə dəyməz. Çünki bu, coğrafi və taktiki nöqteyi-nəzərdən ən azı qeyri-ciddi olardı. Halbuki potensialına görə İran Çinlə heç müqayisəyə belə gəlmir.
Bütün bu mif və nağıllar fonunda tərəflərin başı bu qarşıdurmaya o qədər qarışıb ki, "HHM kartı"ndan istifadənin həm Amerika, həm də Rusiyanın maraqlarına uyğun olduğuna şübhə yeri qalmır. Bu isə bir daha belə düşünməyə əsas verir ki, "soyuq müharibə"yə oxşar yeni hərbi isteriyanın əsasına çevrilən bu "aysberq"in gözlə görünməyən böyük və daha vacib hissəsi var. Amma bu haqda bir qədər sonra...
"Aysberq"in görünən tərəfi
Sözügedən qarşıdurmanın gözlə görünən hissəsinə qayıdaq. Prinsipcə, Putinin təklifindən sonra üç tərəfin reaksiyasını gözləmək lazım idi: Qəbələ RLS-in bilavasitə sahibi olan Azərbaycanın, ABŞ-ın və İranın.
Azərbaycanla bağlı vəziyyət dərhal aydınlaşıb: hələ Xayliqendammda olarkən V.Putin bildirib ki, məsələni əvvəlcədən Azərbaycan prezidenti İlham Əliyevlə razılaşdırıb. Sonradan bu məlumat rəsmi Bakı tərəfindən də təsdiqlənib.
İlk baxışdan belə təsəvvür yaranır ki, Rusiyanın təklifindən sonra "dalana dirənmiş" ABŞ daha çətin vəziyyətə düşüb. Amma hadisələri diqqətlə analiz etdikdə belə düşünmək olar ki, Qəbələ RLS-ə dair təklif Vaşinqton üçün o qədər də gözlənilməz olmayıb. Hətta Azərbaycanın Xarici İşlər Nazirliyindən də təsdiqləyirlər ki, hələ Xayliqendamm görüşündən əvvəl də Bakı ilə aparılan danışıqlar zamanı Amerika tərəfi Qəbələ RLS-dən birgə istifadəyə marağını ifadə edirdi. Yeri gəlmişkən, bu məsələ hələ "Böyük səkkizlik" sammitindən əvvəl də mətbuatda geniş yer almışdı.
Elə isə bəlkə bu təklifi Moskvaya elə amerikalılar özləri veriblər, necə deyərlər, "dostyana" şəkildə? Çünki Putin İrana dəstəkdən və öz cənub sərhədlərindən birdən-birə imtina edə bilməzdi, bunu Rusiya ictimaiyyətinə qəbul etdirmək asan deyil. İndi isə Putin daha "vacib məqsədlər" naminə amerikalıları özünün cənub sərhədlərinə buraxır və İranın üzərindən "əlini çəkir". Razılaşın ki, yaranmış vəziyyətdə Rusiya ictimaiyyəti öz liderini geri çəkilməkdə ittiham etməyəcək.
Məncə, bu versiya o qədər də fantastik səslənmir: hazırkı ikiüzlü beynəlxalq siyasətdən nə desən gözləmək olar.
Yeri gəlmişkən, paradoksal səslənsə də, ABŞ-ın "hücumu" öz kursunun vərəsəlik şəkildə davam etdirilməsində maraqlı olan Putin üçün də göydəndüşmədir. Amma bu haqda da bir qədər sonra...
Beləliklə, ABŞ-ın baş verənlərə reaksiyası necə oldu? Artıq əminliklə söyləmək olar ki, amerikalılar Avropa ilə bağlı fikirlərindən imtina etməyiblər. Dövlət katibi Kondoliza Raysdan başlayaraq, onun Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid və Pentaqon rəhbəri Robert Qeytsədək bütün Vaşinqton rəsmilərinin açıqlamaları belə düşünməyə əsas verir. ABŞ prezidentinin özünün açıqlamalarını da buraya aid etmək olar. Bu şəxslərdən heç biri Qəbələ RLS-dən birgə istifadədən açıq imtina etməyib və bunu ekspertlərin öyrənməsi vacib olan maraqlı təklif adlandırıb. Lakin bununla yanaşı, Vaşinqton rəsmiləri hesab edir ki, Rusiyanın bu təklifi Birləşmiş Ştatların Avropada HHM sistemləri yerləşdirmək planına alternativ sayıla bilməz. Situasiyanı daha dəqiq aydınlaşdırmaq üçün rəsmilərin konkret fikirlərinə müraciət etmək olar. "Reuters"in məlumatına görə, ABŞ dövlət katibinin müavini Daniel Frid deyib: "ABŞ Rusiya prezidenti Vladimir Putinin Azərbaycan ərazisindəki stansiyadan birgə istifadə haqda təklifini qiymətləndirir, bununla yanaşı, Çexiya və Polşada HHM sistemlərinin yerləşdirilməsi ideyasına sadiqdir. Biz Putinin təklifini çox maraqlı təklif sayırıq". Senatın Beynəlxalq münasibətlər komitəsində keçirilən dinləmələrdə Frid onu da qeyd edib ki, Vaşinqton formal olaraq Moskvaya sözügedən məsələnin detallarının müzakirə olunmasını təklif edib. Dinləmələrin sonunda diplomat deyib: "Əsas odur ki, ruslar hansısa sistemə ehtiyacları olduğunu açıqlayıblar, İranın və ya bu regionun potensial təhlükə mənbəyi olduğunu etiraf etmiş olublar".
D.Fridin fikrincə, sözügedən məsələdə "diqqət bir radara deyil, onun təhlükəsizliyin təmin edilməsi üçün ümumi sistemin bir hissəsinə necə çevrilə biləcəyinə yönəldilməlidir". Bununla yanaşı, dövlət katibinin müavini Vaşinqtonun Rusiyanın Avropada HHM sistemlərinin yerləşdirilməsinə dair son bəyanatları və fəaliyyətindən çaşqınlıq içərisindədir və narahatdır. "Biz münasibətlərimizin kifayət qədər çətin dönəmini yaşayırıq", - deyə o, etiraf edib.
Hazırda 2000-ci ildə ABŞ ilə Rusiya arasında raketlərin havaya buraxılması haqda ilkin xəbərdarlıq və informasiya mübadiləsi məqsədilə birgə mərkəzin yaradılmasına dair razılaşma imzalandığını çox az adam xatırlayır. Həmin vaxtdan keçən illər ərzində bu sənəd reallığa çevrilməyib, bu il isə, demək olar ki, Amerika tərəfi ondan imtina edib.
İstənilən halda, baş verənlərə müəyyən aydınlıq gəlməsi üçün Putinlə Buş arasında iyulun əvvəllərində ABŞ liderinin valideynlərinin evində keçiriləcək görüşü gözləmək lazımdır.
İrana gəlincə, təəccüblü olan, Tehranın Putinin təklifinə kifayət qədər sakit reaksiya göstərməsidir. Hadisədən sonra Putinin təklifinə münasibət açıqlayan İranın Xarici İşlər Nazirliyinin rəsmisi Məhəmməd Əli Hüseyni bildirib ki, Rusiya və Azərbaycanın bu ölkədəki səfirləri XİN-ə dəvət olunaraq, onlara məsələ ilə bağlı Tehranın mövqeyi çatdırılıb. "Bundan başqa, Moskva və Bakıda İran səfirləri hər iki ölkənin xarici siyasət idarəsinin təmsilçiləri ilə bir araya gələrək Tehranın bu təklifə münasibətinə dair müzakirələr aparıblar", - deyə İTAR-TASS-ın məlumatına görə, iranlı məmur bildirib. - "Hesab edirik ki, Rusiya özünün də yerləşdiyi regionda qeyri-sabitlik yaratmaq fikrində deyil". Bununla yanaşı, Hüseyni hesab edir ki, ABŞ-ın müdafiə naziri və Böyük Britaniyanın baş nazirinin son bəyanatları Avropada HHM sistemlərinin yerləşdirilməsi planında əsas hədəfin Rusiya olduğunu bir daha üzə çıxarıb.
Məsələ İran prezidentinin də diqqətindən kənarda qalmayıb. "Tehran Moskva ilə strateji münasibətlərini heç bir məhdudiyyət olmadan genişləndirməyə üstünlük verir", - deyə Mahmud Əhmədinejat İran paytaxtında keçirilən beş Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılmış Rusiya XİN başçısı Sergey Lavrovla görüşündə bildirib. İran prezidentinin mətbuat xidmətinin məlumatına görə, Əhmədinejat deyib: "Bizim Rusiya ilə münasibətlərimiz səthi deyil. Ölkələrimiz arasında strateji qarşılıqlı əlaqələr var. İran və Rusiya iki tarixi müttəfiqdir. Onların rəqabəti tərəflərdən heç birinə xeyir gətirməyəcək və bu səbəbdən biz geniş əməkdaşlığı davam etdirməliyik".
Beləliklə, demək olar ki, İranda bir tərəfdə Avropa HHM sistemləri, digər yanda isə Qəbələ RLS dayanan "siyasi tennis"in əsl mahiyyətinin nədən ibarət olduğunu yaxşı anlayırlar.
Bəs Rusiya nə düşünür?
Təbii ki, Kremlin amerikalıların fəallığına reaksiyası olduqca sərtdir. Moskvada yalnız bir "kart" fırladılır: ABŞ Rusiyaya hücuma keçib! Hətta bununla bağlı daha irəli gedən nəticələrə də gəlinir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yuri Baluyevski Polşa və Çexiya ərazisində ABŞ HHM sistemlərinin yerləşdirilməsi prosesinin dondurulmasının vacibliyini bəyan edib. "Həm Çexiyada radiolokasiya stansiyasının yerləşdirilməsi, həm də Polşada HHM sisteminin qurulması prosesi ən azı dayandırılmalı, dondurulmalıdır", - deyə Baluyevski Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Putinin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə haqda təklifinə toxunan Baş Qərargah rəisi qeyd edib ki, "Rusiyanın təklifində Qəbələ RLS-in Çexiyadakı RLS-ə əlavə kimi istifadəsi nəzərdə tutulmayıb. Bu, mümkün deyil". Onun fikrincə, dünyada nüvə-raket silahlanması tendensiyası faciəvi xarakter daşımır: "ABŞ-da belə fikirlər yayılıb ki, guya Rusiya, nəhayət, İranın təhlükə mənbəyi olduğunu anlayıb. Onların fikrincə, məhz bu səbəbdən Moskva Vaşinqtona Qəbələ RLS-dən birgə istifadəni təklif edib. Bir hərbçi olaraq bildirmək istəyirəm ki, bu, belə deyil. Biz heç zaman dünyada nüvə-raket silahlanması prosesinin getdiyini inkar etməmişik, lakin düşünürük ki, bu, təcili şəkildə, xüsusilə də Rusiyanın sərhədləri yaxınlığında HHM sistemləri şəbəkəsinin yaradılmasını zəruri edən faciəvi tendensiya deyil".
Bununla yanaşı, Baluyevski hesab edir ki, ABŞ istənilən halda Avropada sözügedən sistemlərin yerləşdirilməsinə dair qərar qəbul edib. "Bütün deyilənləri nəzərə alsaq, fikrimcə, bu gün Putinin təklifinin növbəti qiymətləndirilməsi prosesi gedir. Avropada HHM sistemlərinin yerləşdirilməsi isə ABŞ üçün artıq həll olunmuş məsələdir. Odur ki Moskvanın təklifi hazırkı ABŞ administrasiyası tərəfindən hansısa müsbət qərarın qəbuluna səbəb olmayacaq", - deyə Baluyevski bildirib.
O, gələcəkdə ABŞ HHM sistemlərinin yeni-yeni ərazilərdə yerləşdiriləcəyini istisna etməyib: "Bu gün onların etdikləri, Çexiya ərazisində əlavə RLS-in yerləşdirilməsi və s. - bunlar prosesin sonu deyil. Sonra dördüncü, beşinci RLS də meydana çıxacaq. Əminəm ki, məsələyə ağılla yanaşılmasa, onların sayı daha da artacaq".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Rusiyanın antiiran addım atması haqda fikirləri yumşaltmağa çalışıb. "Rusiya İran tərəfindən hər hansı təhlükə hiss etmir və Vaşinqtonun Şərqi Avropada HHM sistemləri yerləşdirməsi üçün məhz bu amili əsas kimi göstərməsini təəccüblə qarşılayır", - deyə o, Tehranda, Xəzəryanı ölkələrin XİN başçılarının görüşünün yekununa dair keçirilən mətbuat konfransında bildirib. Lavrovun sözlərinə görə, əgər ABŞ həqiqətən də İrana ciddi təhlükə mənbəyi kimi baxırsa, bu şübhələrin reallıq dərəcəsi "Qəbələ RLS-dən istifadə ilə asanlıqla müəyyənləşdirilə bilər".
S.Lavrovun bəyanatında ən əsası və diqqətəlayiqi isə başqa fikirdir: o bəyan edib ki, ABŞ-ın Avropada HHM sistemləri yerləşdirməsi strateji potensialın artırılması yarışına start verə bilər: "Biz silahlanma yarışının başlanmasının astanasındayıq".
Kreml üçün "tələ"
Bütün bu hadisələrin bir neçə əsas tərəfi var. Aydındır ki, hazırda ABŞ HHM sistemlərinin Rusiyaya real təhlükə yaratması mümkün deyil və gələcəkdə də mümkün olmayacaq. Kimsə ABŞ-ın nə vaxtsa öldürücü, hətta intihar sayılacaq addım ataraq Rusiya və ya Çinə qarşı nüvə silahından istifadə edəcəyini düşünə bilərmi? Bundan başqa, HHM sistemlərinin yalnız müdafiə xarakteri daşıdığını bir kənara qoysaq, ortaya daha bir sual çıxır: görəsən, doğrudanmı ABŞ Rusiyanın və Çinin belə addım ata biləcəyini düşünür? Yoxsa amerikalı analitiklər bir neçə ildən sonra baş verə biləcək hadisələrin ssenarisini müəyyənləşdirərək, artıq nüvə müharibəsinə hazırlaşırlar? Bir şey ayıdındır ki, ABŞ və Rusiyanın "strateji tərəfdaşlıq" anlayışı hazırda güclü devalvasiya mərhələsini yaşayır, amma bu dərəcədə də yox!
Ola bilər ki, amerikalılar situasiyanı öyrəniblər və müəyyənləşdiriblər ki, onların dünyadakı iqtisadi hegemonluğu artıq son illərini yaşayır və bir müddət sonra Rusiya və Çin onu geridə qoya bilər. Bu halda isə hərbi-strateji və nüvə üstünlüyü amerikalıların yeganə variantı kimi qəbul edilir və onlar məhz bu amilə görə dünyada hakim mövqelərini qorumağı planlaşdırırlar. Açıq desək, bu versiya kifayət qədər ağlabatandır. Digər tərəfdən, ola bilər ki, Amerika qarşıdakı illərdə ona qarşı olan üçüncü dünya ölkələrinin böyük hərbi potensial əldə edəcəyini və bunun ABŞ-ın fiziki mövcudluğuna ciddi təhlükə yaradacağını düşünür.
Bir məqamı da unutmaq olmaz ki, bu qarşıdurmada müəyyən qədər, bəlkə də, böyük ölçüdə dünya jandarmı rolunu üzərinə götürən, bununla da az qala dünyanın böyük bir hissəsini özünə qarşı qaldıran ABŞ günahkardır. Amma bunlar, necə deyərlər, fərziyyələrdir.
İndi isə bütün yuxarıda qeyd olunanları bir yerə toplayaraq, bu sətirlərin müəllifi üçün daha real görünən versiyanı qeyd edim.
Çox güman ki son vaxtlar baş verən bütün bu hadisələrin kökündə amerikalıların bilərəkdən yeni silahlanma yarışına başlaması dayanır. Məqsədsə son zamanlar enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədar sürətli inkişaf yoluna qədəm qoyan Rusiyanın iqtisadi qüdrətinin artmasını əngəlləməkdir. Amerikalıların niyyəti çox sadədir: Rusiya cəmiyyətinin ən ağrılı nöqtəsi - fövqəldövlət ideyasıdır. Bu ideyaya görə Rusiya öz gələcəyindən, SSRİ dövründə etdiyi kimi, imtina edə də bilər...
Göründüyü kimi, bu, yeni formul deyil və onu sadəcə arxivdən çıxararaq, yenidən tətbiq etməyə başlayıblar. Burada da hədəf Kremlin iqtisadi gücün artırılmasını unudaraq bütün qüvvəsini silahlanmaya qoymasına nail olmaqdır.
Məhz bununla əlaqədar olaraq, Rusiya ictimaiyyətinin "tələyə" belə asanlıqla düşdüyünü müşahidə etmək, bir tərəfdən, təəccüblü, digər yandan isə kədərlidir.
Çox güman ki, bu situasiya Rusiyanın hazırkı hakimiyyətinin özü üçün də sərfəlidir. Milli dirçəliş ideyası üzərində hakimiyyətə gələn hazırkı rəhbərlik çox qısa zamanda xalqın milli maraqları ilə "Böyük Rusiya"ya dair təhlükəli "millətçi ideya"nın kəsişmə nöqtəsini adlayıb.
Putin tezliklə gedəcək. Ona siyasətini davam etdirəcək varisin hakimiyyətə gətirilməsi lazımdır. Bu baxımdan, hazırda bu qarşıdurma Qərblə yanaşı, Rusiya hakimiyyətinin "dəyirmanına" da "su tökür".
Rusiya qəzetlərindən birinin yazdığı kimi, bizə isə ümid etmək qalır ki, Rusiyada hərbi-paranoyya əhval-ruhiyyəsi və Amerikanı yalnız düşmən simasında görən qüvvələr qalib gəlməyəcək. Amerika isə, nəhayət, yalnız öz maraqlarını deyil, "tərəfdaş" adlandırdığı tərəflərin maraqlarını da nəzərə almağı bacaracaq.
MƏSLƏHƏT GÖR: