
ÇƏTİN PARADİQMALAR
Yaxın Şərqdə "hər kəs hər kəsə qarşı" savaşının sonu olacaqmı?
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Yaxın Şərqdə məşhur "İslam Dövləti"nin (İD) İraq və Suriyaya hücumları ilə əlaqədar son aylar artmaqda olan gərginlik bütün sərhədləri aşmaqdadır. Dünyanın aparıcı güc mərkəzləri və regional fövqəldövlətlər də bu hadisələrin burulğanına düşüblər. Bu üzdən də, hadisələrin gedişi gözlənilməz istiqamət ala bilər.
Kobani uğrunda döyüş və Ankaranın mövqeyi
Hərbi əməliyyatların episentrlərindən biri Suriya ərazisində kürdlərin yaşadığı Kobani şəhəridir. Türkiyə sərhədinə yaxın ərazidə yerləşən bu şəhərdə kürd döyüşçüləri İD yaraqlılarının hücumunu dəf edə biliblər və bu, heç də gözlənilməz hadisə deyil. Məsələ ondadır ki, son həftələrdə Suriya cəbhəsində təşəbbüsü məhz kürd hərbçi qüvvələri ələ alıblar. Onlar bir neçə yaşayış məntəqəsini yaraqlılardan təmizləyərək, Rakka şəhəri yaxınlığına çatıblar. Qeyd edək ki, İD məhz Rakkanı özünün Suriyadakı əsas dayağı sayır.
Lakin cihadçıların əks-hücumu kürdlərin və onları aviazərbələr vasitəsilə dəstəkləyən beynəlxalq koalisiya qüvvələrinin planlarını pozub. İD-nin hücumunu yalnız böyük insan tələfatı hesabına dəf etmək mümkün olub. Ölənlər arasında xeyli dinc sakin də var. İndi kürdlər və onlara canı yanan beynəlxalq düşərgə KİV vasitəsilə İD-nin qəfil hücumunun baş tutma səbəblərini araşdırmaqdadır. Sonda belə qənaətə gəlinib ki, cihadçıların gözlənilməz zərbəsi, guya Türkiyənin onlara yardımı nəticəsində mümkün olub.
Ankara, həqiqətən də, Suriya kürdlərinin İD-yə qarşı qazandığı hərbi uğurları həyəcanla izləyir. Çünki, ümumilikdə, Qərbin hərbi-siyasi və maliyyə dəstəyinə arxalanan kürdlər Suriyanın bir hissəsində müstəqil kürd dövləti qurmağa çalışırlar. İraqın şimalında kürdlərin yaşadığı bölgənin faktiki olaraq muxtariyyət qazanması, Türkiyənin özündə kürdlər arasında separatçılıq meyillərinin artması fonunda bu məqam, təbii ki, Türkiyənin təhlükəsizliyi və bütövlüyü üçün təhlükə yaradır. Bununla yanaşı, Ankara kürd hərəkatı ilə mübarizədə İD-dən istifadə etməyə çalışdığına dair iddiaları birmənalı şəkildə rədd edir. Türkiyə öz müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsi işində kənardan hər hansı ittihamları qəbul etmədiyini də bildirir.
Türkiyənin baş naziri Əhməd Davudoğlunun məsələ ilə bağlı mövqeyi kifayət qədər konkret olub: "Türkiyənin sərhədlərində hər hansı təhlükə yaranarsa, ölkəmizdə sülhün təhlükə altına düşdüyünü anlayarıqsa, hadisələrin istənilən formada dönüşünə hazır olacağıq. Transsərhəd təhlükəsizliyilə bağlı riskləri azaltmaq üçün bütün lazımi addımları atacağıq".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib. O, ölkəsinin Milli Təhlükəsizlik Şurasının növbəti iclasında deyib: "Türkiyə onun cənub sərhədlərində, Suriyada kürd dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək. Ankara bu planın heç zaman baş tutmaması üçün bütün gücünü ortaya qoyacaq. Bunun bizə hansı qiymətə başa gələcəyi önəmli deyil".
Başqa sözlə, Ankara demək istəyir ki, o, dünyanın müəyyən güc mərkəzlərinin İD ilə mübarizəni kürd hərəkatının dəstəklənməsinə çevirməsinə imkan verməyəcək. Çünki bu hərəkat Türkiyənin maraqlarına, təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdiddir. Türkiyənin Suriya ilə sərhəd boyunca 110 kilometrlik "divar" və ya "təhlükəsizlik zonası" yaratmaq istəyi də daha çox bununla bağlıdır. Bu təşəbbüs rəsmi olaraq ölkənin İD yaraqlılarından qorunması istəyilə əsaslandırılsa da, burada kürd məsələsinin də gündəmdə olduğuna şübhə yoxdur. Türkiyə ordusunun Suriya ərazisinə girmə ehtimalının mövcudluğuna da bu kontekstdə yanaşılmalıdır. Hər halda, bu ideya indiydək dəfələrlə Türkiyə rəsmiləri tərəfindən dilə gətirilib. Ankaranın "Suriya təşəbbüsləri" daha çox Bəşər Əsəd rejiminin siyasi meydandan getməsi cəhdlərilə bağlı olsa da, Suriyaya hərbi müdaxilə haqda söhbətlər böyük ölçüdə Türkiyənin özündəki daxili siyasi vəziyyətdən qaynaqlanır. Söhbət, ilk növbədə, ölkədə kürd təşkilatlarının artmaqda olan nüfuzundan gedir. Onlardan biri - Xalqların Demokratik Partiyası ölkədə bu yaxınlarda keçirilmiş parlament seçkisi nəticəsində Böyük Millət Məclisinə düşməyi bacarıb.
Amerikanın hesablamaları və İran motivləri
Yaxın Şərqdə kürd amilinin güclənməsinə Türkiyənin reaksiyası, bu güclənmənin qarşısının alınması üçün Ankaranın atdığı addımlar ABŞ-ın açıq narazılığına səbəb olur. Vaşinqton öz uzunmüddətli maraqlarına cavab verən yeni regional konfiqurasiyanın yaradılmasında Qərbin mövcud və potensial müttəfiqi olan kürdlərə arxalanmağı nəzərdə tutur. Bu mənada dünya KİV-də Pentaqonun İraq Kürdüstanı ilə bağlı planlarına dair yer alan məlumatlar nümunəvi sayıla bilər. Mətbuatın yazdığına görə, Pentaqon yaxın zamanlarda İraq Kürdüstanının ərazisində Amerika xüsusi təyinatlılarını yerləşdirmək niyyətindədir. Maraqlıdır ki, amerikalılar bu məsələ ilə bağlı danışıqları Bağdadla deyil, kürd muxtariyyəti ilə aparır. Bu, Vaşinqtonun gələcəkdə də kürd kartı ilə oynamaq niyyətini, bu zaman Ankara və ya Bağdad kimi regional müttəfiqlərinin fikrini belə, öyrənməyi lazım bilmədiyini göstərən daha bir məqamdır. İraqın mərkəzi hökumətilə bağlı vəziyyət lap cansıxıcı təsir bağışlayır: ABŞ-ın yürütdüyü siyasət bu postsəddam ölkəsinin tamamilə parçalanması ilə nəticələnə bilər. Bu isə cəmi bir neçə il əvvəl Amerika əsgərlərinin "çiçəklənmə və demokratiya" gətirdiyi bu xalq üçün daha böyük bəlalara yol açacaq.
Bütün bunları nəzərə alsaq, Birləşmiş Ştatların Ankaranın Suriya ilə sərhəddə təhlükəsizlik zonası yaratmaq niyyətini narazılıqla qarşılaması təəccüblü deyil. Vaşinqton bu zonanın yaradılmasına ehtiyac görmür və bunu koalisiya qüvvələrinin İD-yə qarşı hərbi əməliyyatlar aparması ilə əsaslandırır. Bununla yanaşı, Ağ Ev və ABŞ Dövlət Departamenti bir məqama aydınlıq gətirməyə tələsmir: 10 ildir Amerikanın işğalı altında olan İraqda haradan peyda olunduğu bilinməyən İD gün-gündən necə güclənir? Necə olur ki, o, hər keçən gün qonşu dövlətlərə hücumlar edir, üstəlik, Vaşinqtonun başçılıq etdiyi koalisiya qüvvələrilə başa-baş mübarizə aparır?
Amerikanın və müttəfiqlərinin silahlı radikal islamçıları çoxdan dəstəklədikləri heç kəsə sirr deyil. Söhbət ənənəvi olaraq, Qərbin Yaxın Şərq siyasətindən narazılıq edən ərəb ölkələrində fəaliyyətdə olan qüvvələrdən gedir. Məhz, bu səbəbdən, ABŞ Suriya rejimini hədəfə alıb və bu gün Bəşər Əsədi faktiki olaraq, beynəlxalq terror internasionalının qarşısına atıblar. Amma ABŞ üçün Türkiyənin Suriyaya hərbi müdaxilə planı əsasən kürdlərin marağı baxımından qəbuledilməzdirsə, Dəməşqin müttəfiqi olan İran Ankaranın fəallığını başqa səbəbdən tənqid edir. Bu, Türkiyənin Suriyada Bəşər Əsəd hakimiyyətinə son qoymaq niyyətindədir.
Tehran hesab edir ki, Suriyanın ərazi bütövlüyünün istənilən formada pozulması bu ölkədə sülh və sabitliyin dəstəklənməsinə yönəlmiş beynəlxalq səylərə zərbə vuracaq. Bununla yanaşı, Yaxın Şərq münaqişəsinin həllində Türkiyəni potensial strateji tərəfdaş gözündə görən Tehran getdikcə daha təhlükəli xarakter alan İD ilə mübarizədə Ankara ilə birgə çıxış etməyə maraq da göstərir.
Muallem Moskvada və Rusiyanın təşəbbüsü
Suriya ilə bağlı vəziyyətdən danışarkən daha bir ənənəvi amili - Rusiyanı unutmaq olmaz. Suriyanın xarici işlər naziri Valid Muallemin Moskvaya bu yaxınlarda etdiyi səfər zamanı Rusiya prezidenti Vladimir Putin Yaxın Şərq geosiyasətindən bundan sonra da əsas oyunçulardan biri olaraq qalacaqlarını bildirib. Bu səfər Moskvanın guya Dəməşqə dəstəyi azaltmaq qərarına gəldiyi haqda xəbərlərin yalan olduğunu da göstərib. Hər halda, Valid Muallem Rusiya liderinin "ümumilikdə, Suriyaya siyasi, iqtisadi və hərbi dəstəyi davam etdirmək niyyətinə" əminliyini bildirib.
Putinin "terrorla effektiv mübarizə üçün" regionun bütün dövlətlərinin səylərini birləşdirməsi təşəbbüsü isə daha effektiv təsir bağışlayıb. "Bizim region dövlətlərilə bütün əlaqələrimizdən - istisnasız olaraq onların hər biri ilə çox yaxşı münasibətlərimiz var - belə məlum olur ki, "İslam Dövləti" adlı şərlə mübarizəyə... bütün dövlətlər töhfə verməyə hazırdır. Bu, istər Türkiyəyə aiddir, istər İordaniyaya və ya Səudiyyə Ərəbistanına. Bu baxımdan, əlbəttə ki, dostlarımızı, o cümlədən Suriyanı terrorla mübarizədə maraqlı olan bütün ölkələrin arasında konstruktiv dialoqun təşkili üçün səyləri əsirgəməməyə çağırırıq", - deyə Putin Suriyanın XİN başçısı ilə görüşdə bildirib.
Maraqlıdır ki, Putinin adını çəkdiyi dövlətlərin hər biri bu və ya digər dərəcədə İD ilə əlaqələrdə şübhəli bilinir. Səudiyyə Ərəbistanı və Qətər isə ümumiyyətlə, radikal vəhhabiliyin sponsoru kimi göstərilir. İordaniya da Suriya və Yaxın Şərq münaqişəsinin nizamlanması ilə bağlı siyasi planları üzündən İD ilə şübhəli əlaqələrdə təqsirləndirilir. Nəhayət, Türkiyə İraqın İD-nin nəzarətində olan əyalətlərindən davamlı neft almaqda ittiham olunur. Muallemin Moskvada İD ilə mübarizədə Rusiya, Suriya, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və İordaniyanın səyləri birləşdirməsilə bağlı eşitdiyi ideyaya şübhə ilə yanaşması da, bu baxımdan, təəccüblü deyil. O, rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bir qədər istehza ilə deyib: "Prezident Putin və onun rəhbərlik etdiyi Rusiya əsl möcüzələrə nail olub. Lakin, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və ABŞ arasında koalisiyanın yaradılması üçün daha böyük möcüzə lazımdır".
Əlbəttə ki, Rusiya prezidentinin adıçəkilən dövlətlərin kombinasiyasından danışarkən belə koalisiyanın yaradılmasının çətinliklərini anlamadığını düşünmək sadəlövhlük olardı. Hər halda, Putin bu qədər sadəlövh deyil. Sadəcə olaraq, Kreml üçün vacib olanı Qərbin geostrategiyasının regiona gələcək təsirinin qarşısını almaq və yenidən Suriyaya dəstək ifadə etməkdir. Rusiyanın mümkünsüz görünəni mümkün etməyə hazır olduğunu deməsi də bununla bağlıdır. Söhbət son illər Suriya hakimiyyətinin devrilməsinə ciddi, lakin nəticəsiz cəhdlər göstərən dövlətlərin Dəməşq ilə barışdırılmasından gedir. Deyəsən, Moskva İD-nin məhv edilməsi üçün bunu əsas şərt sayır. Axı, İD-dən bütün region üçün gələn təhlükə bölgə ölkələrini qarşılıqlı əməkdaşlığa məcbur edən əsas amilə çevrilə bilər.
MƏSLƏHƏT GÖR: