15 Mart 2025

Şənbə, 00:26

GUAM-ın BAKI SAMMİTİ:

Estafet Azərbaycana verildi

Müəllif:

01.07.2007

Mayın 18-19-da Bakıda "Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat", daha ənənəvi şəkildə desək, GUAM-ın sammiti keçirilib. Toplantıda Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili, Ukrayna lideri Viktor Yuşşenko, Polşa prezidenti Lex Kaçinski, onun litvalı həmkarı Valdas Adamkus, Rumıniyanın dövlət başçısı Trayan Basesku, Moldovanın baş naziri Vasile Tarlev, Bolqarıstanın vitse-prezidenti Angel Marin, həmçinin ABŞ və Yaponiyanın xarici siyasət idarələrinin yüksək rütbəli təmsilçiləri iştirak ediblər. Ümumilikdə sammitə 25 ölkədən, həmçinin BMT, ATƏT, NATO, Avropa Şurası və s. beynəlxalq qurumların təmsilçiləri qatılıblar.

Qeyd edək ki, sammit çərçivəsində qurumun Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) toplantısı da keçirilib və həmin görüşdə XİN başçıları "Beynəlxalq Təşkilatlarda Qarşılıqlı Fəaliyyət Planı"nı təsdiqləyiblər. Bu sahədə prioritet istiqamətlərdən biri BMT Baş Assambleyası çərçivəsində "GUAM ölkələri ərazisindəki "dondurulmuş münaqişələr" məsələsidir. Bakıda keçirilən görüşdə həmçinin Azərbaycanın quruma sədrlik etdiyi dövrdə - 2007-2008-ci illərdə GUAM-ın tədbirlər planı təsdiqlənib. Eyni zamanda GUAM katibliyinin fəaliyyəti və qurumun büdcəsi ilə əlaqədar məsələlər də həllini tapıb. 

XİNŞ-nin müzakirə etdiyi daha bir məsələ GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı olub. Söhbət həm hərbçilərdən, həm də polis qüvvələrindən gedir. 

Bundan başqa, paralel olaraq GUAM-ın iqtisadi strukturlarının iclası keçirilib. Toplantıda energetika, rabitə, nəqliyyat nazirləri, gömrük komitələrinin rəhbərləri, həmçinin hüquq-mühafizə orqanları - Milli Təhlükəsizlik, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin rəhbərləri, baş prokurorlar, sərhəd xidmətlərinin rəisləri də iştirak ediblər. 

Birliyin humanitar bloku - mədəniyyət, turizm, təhsil, gənclər və idman nazirləri, həmçinin Elmlər Akademiyalarının rəhbərləri də bir araya gəliblər. 

Nəhayət, GUAM-ın işgüzar şurasının iclası da keçirilib.

Sammitin yekunu olaraq 10 sənəd imzalanıb: Bakı bəyannaməsi; GUAM ölkələrinin nüvə və radiasiya təhlükəsizliyi sahələrində qarşılıqlı yardım və əməkdaşlığa dair hökumətlərarası memorandum; GUAM-da imtiyaz və toxunulmazlığa dair saziş; GUAM ölkələrinin hökumətləri arasında beynəlxalq multimodal yükdaşımalarına dair razılaşma; GUAM ölkələrinin 2007-2010-cu illərdə mədəniyyət sahəsində əməkdaşlığına dair Protokol; GUAM sammitinin kommünikesi. 

Görüş "GUAM regionda və dünyada" mövzusunda elmi-praktik konfransla başa çatıb. Yeri gəlmişkən, onun gedişində yerli və əcnəbi diplomatlar və analitiklərlə yanaşı, bu sətirlərin müəllifi də iştirak edib.

Xatırladaq ki, GUAM təşəbbüs olaraq 10 ilə yaxındır fəaliyyət göstərsə də, o özünü beynəlxalq təşkilat olaraq 2006-cı ilin mayında Kiyevdə keçirilən sammitdə təsdiqləyib. Hər şey sanki Moskva tərəfindən təşkil olunan və dəstəklənən separatçılıqdan əziyyət çəkən dövlətlərin qeyri-formal birliyi kimi nəzər çəkirdi. Paralel olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova Rusiyanın MDB-ni keçmişdəki sosial birlik, hətta SSRİ-yə oxşar quruma çevirmək istiqamətindəki fəaliyyətinə qarşı siyasət yürütməyə başladı. Məlum olduğu kimi, bu qeyri-real plan bir qədər sonra iflasa uğradı və hazırda MDB-nin heç bir perspektivi yoxdur. 

GUAM-a gəlincə, skeptik və bədxahların proqnozlarının əksinə olaraq, qurum möhkəmlənir və inkişaf edir. Qurumda aqressiv separatizmə qarşı birgə səylərə Avroatlantik məkana inteqrasiya sahəsində tərəfdaşlıq da əlavə olunub. Birlik dövlətləri NATO və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi yolu ilə bu məqsədə nail olmaq hədəfini aydın şəkildə qarşıya qoyublar.

Bundan başqa, bir sıra iqtisadi və siyasi əlamətlər GUAM-a yeni nəfəs gəldiyini göstərir. Bu baxımdan, yalnız son iki ildə GUAM ölkələri arasında ticarət dövriyyəsinin ikiqat artdığını və hazırda 3 milyard dollara çatdığını qeyd etmək kifayətdir. Artıq Azərbaycan və Ukrayna Gürcüstan üçün ticarərt tərəfdaşı olaraq ikinci və dördüncü yerləri tuturlar. 

Dəfələrlə Ukrayna, Gürcüstan və Moldovanın qaz təchizatı, elektrik enerjisi və ya dizel yanacağı ilə əlaqədar problemi yaranan zaman Azərbaycan onlara yardım əlini uzadıb. Ukrayna isə öz növbəsində Azərbaycanla hərbi-texniki sahədə fəal əməkdaşlıq edir. GUAM çərçivəsində tərəfdaşlığın əhəmiyyəti artıq ictimaiyyət arasında da qəbul olunur. Bu ilin əvvəlində "Puls-r" sosioloji xidmətinin keçirdiyi sorğu nəticəsində məlum olub ki, əhali Azərbaycanın dostları sırasında üçüncü və dördüncü yeri Gürcüstanla Ukraynaya verir.

GUAM çərçivəsində bir çox istiqamətlərdə həyata keçirilən tərəfdaşlıqlar içərisində, təbii ki, başlıca yeri separatizmə qarşı mübarizə və bu ölkələrin ərazilərindəki "dondurulmuş münaqişələr"in beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində göstərilən səylər tutur. Qurumun Bakı sammiti zamanı çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib: "Biz GUAM üzvü olan üç ölkənin ərazi bütövlüyünü dinc yolla və beynəlxalq hüquq normaları əsasında bərpa etməyə çalışırıq. Amma bu problemlər hələ də çözülməmiş qalır". 

Daha sonra prezident qeyd edib ki, GUAM üzvləri güclü dövlətlərə çevrilməli və bu istiqamətdə səylərini birləşdirməlidirlər: "...Biz bütün dünyaya separatçı rejimlərin kriminal mahiyyətini göstərməliyik. GUAM-ın bu məsələdə vahid mövqe nümayiş etdirməsi sevindiricidir". İ.Əliyev postsovet məkanındakı "dondurulmuş münaqişələr" məsələsinin GUAM tərəfindən BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə salınmasını böyük uğur adlandırıb. Gürcüstan prezidenti M.Saakaşvili isə deyib: "...Avropada sərhədlərin yenidən müəyyənləşdirilməsi prosesi gedir və bu səbəbdən GUAM ölkələri ehtiyatlı olmalıdır. Biz elə etməliyik ki, heç bir yeni Münhen və ya Yalta baş verməsin".

Xoşbəxtlikdən, Ukrayna öz ərazisində hansısa separatizm ocağının yaranmasına imkan verməyib. Buna görə də Viktor Yuşşenko GUAM sammitində çıxış edən zaman əsasən iqtisadi və energetika sahəsində əməkdaşlığa diqqət yönəldib. GUAM üzvlərinin ərazisindən keçən nəqliyyat dəhlizinin yaradılmasının vacibliyini qeyd edən prezident qədim İpək Yolunun bərpasının da vacib olduğunu bildirib. Qurumun uğurlarından söz açan Yuşşenko GUAM çərçivəsində Virtual Mərkəz və Beynəlxalq Təbliğat Mərkəzinin yaradılmasını bu uğurlara aid edib.

Qeyd edək ki, tədbirdə Moldova prezidenti Vladimir Voronin iştirak etmirdi (bu ölkəni sammitdə baş nazir təmsil edib). Bakı sammiti keçirilən zaman Brüsseldə danışıqlar aparan Voronin oradan Moskvaya yollanaraq, Rusiya lideri Vladimir Putinlə görüşüb. Bəzi KİV orqanları, hətta Kişinyovun Özbəkistanın yolu ilə gedərək sonda GUAM-ın sıralarını tərk edə biləcəyini yazır. Moskvanın Kişinyovun üzünə bazarlarını açmaqla (şərab, meyvə, süd məhsulları) və Dnestryanı münaqişənin həllində ona köməklik göstərəcəyinə dair vədlər verməklə Moldovanı məhz buna sürükləmək istədiyi də aydındır.

Bu ehtimalların nə qədər əsaslı olduğunu zaman göstərəcək. Lakin Moskvanın GUAM-a açıq şəkildə düşmən münasibəti və ya yumşaq desək, ehtiyatla yanaşdığı tam açıq şəkildə ortadadır. Rusiyanın əksər qəzetlərində GUAM antirusiya birliyi kimi təqdim olunur. Amma bu heç də belə deyil. Nə GUAM-ın, nə də ona daxil olan dövlətlərin siyasətində Rusiyaya qarşı hansısa düşmən mövqe yoxdur. Heç kəs Rusiyaya və rus xalqına ziyan vurmağı düşünmür. Daim hansı istiqamətdə inteqrasiya etmək, kiminlə münasibətləri necə qurmaq və s. məsələləri bizim yerimizə həll etməyə çalışan Rusiyanın bu siyasətinə qarşı müqavimət göstərilməsi başqa məsələdir. Hər halda bu, hər bir müstəqil dövlətin şəxsi işidir. Odur ki müxtəlif dairələrin boş fikirlərinə baxmayaraq, GUAM Moskvanın sıxışdırılması məqsədi ilə amerikalılar tərəfindən yaradılan alət deyil, baxmayaraq ki ABŞ daim bu quruma siyasi və maliyyə dəstəyini əsirgəməyib və indi də davam etdirir.

GUAM təbii şəkildə yaradılıb və yalnız bundan sonra Vaşinqtonun dəstəyini almağa başlayıb. Bakıda keçirilən GUAM-ABŞ görüşünün yekununa dair qəbul olunan sənəddə qeyd edilir ki, Vaşinqton bu qurumun regional təşkilat olaraq uzunmüddətli inkişafına dəstək verir. Birləşmiş Ştatlar eyni zamanda GUAM-a üzv dövlətlərin ərazilərində mövcud olan münaqişələrin sülh yolu ilə həllini və onların ərazi bütövlüyünü də dəstəkləyir. Amerikanın nümayəndə heyəti nüvə təhlükəsizliyinin təminatı və multimodal yük daşımalarının həyata keçirilməsini də dəstəklədiklərini bildiriblər. Vaşinqton GUAM-ın yeni yaradılmış katibliyinin fəaliyyəti üçün maliyyə ayırmağa hazır olduğunu açıqlayıb. Qeyd edək ki, bu ilin payızında GUAM-ın milli koordinatorları ilə Dövlət Departamentinin təmsilçiləri arasında görüşün təşkili, həmçinin Vaşinqtonda GUAM-ABŞ konfransının keçirilməsi planlaşdırılıb.

GUAM-ın Bakı sammiti gələcəkdə qurumun genişlənəcəyinə dair xeyli fikirlərin yaranmasına da səbəb olub. Əslində isə onun buna ehtiyacı yoxdur. Xatırladaq ki, əvvəllər Özbəkistan GUAM-a qoşulsa da, sonradan qurumun sıralarını tərk edib. Amma gələcəkdə digər postsovet ölkələrinin GUAM-a üzv olmaq istəyinin yaranacağını da istisna etmək olmaz. Bununla yanaşı, GUAM-ın perspektivinə həsr olunan elmi konfransda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun "GUAM plyus" formuluna dair səsləndirdiyi praqmatik tezis daha optimal variantdır. Həmin formula əsasən, GUAM maraqlı olan ölkələrlə sadəcə tərəfdaş münasibətləri qurmağa üstünlük verir. Bakı sammiti çərçivəsində ABŞ, Yaponiya təmsilçiləri, həmçinin Polşa prezidenti ilə ayrıca formatda keçirilən görüşlər də bunu təsdiq edir. Eyni zamanda  Litva, Rumıniya və Bolqarıstanın da GUAM-la qarşılıqlı fəaliyyətdə maraqlı olduqları məlumdur.

Qeyd edək ki, sammitdə Türkiyənin yüksək rütbəli nümayəndələri iştirak etməyib. Bunun Türkiyədəki daxili siyasi durumla (növbədənkənar parlament və prezident seçkiləri), həmçinin GUAM-ın sammitindən dərhal sonra İstanbulda bu təşkilatın üzvlərinin də iştirakı ilə keçirilməsi planlaşdırılan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədar olması mümkündür. Amma eyni zamanda GUAM-ın lobbiçilik etdiyi layihələr, konkret olaraq Odessa-Brodı neft kəmərinin inşasının (Türkiyə yox, Ukrayna ərazisindən keçən Transxəzər qaz borusu marşrutu) Ankaranın maraqlarına cavab verməməsinin də belə vəziyyətin yaranmasına səbəb olduğu istisna edilmir.

Nəhayət, vacib məqamlardan daha biri Bakı sammitində GUAM-a sədrliyin Ukraynadan Azərbaycana keçməsidir. Bununla əlaqədar qurumun 2007-2008-ci illər üçün təsdiqlənən fəaliyyət proqramında göstərilir ki, Azərbaycan təşkilata sədrliyi dövründə bir sıra istiqamətlərdə tədbirlər həyata keçirməyi təklif edir:

*GUAM-a üzv ölkələrin ərazilərindəki "dondurulmuş münaqişlələr"in həlli istiqamətində əməkdaşlıq;

*Hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlıq;

*Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, digər dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq;

*İqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyət və GUAM-ın işgüzar dairələrinin əməkdaşlığına yardım;

*Nəqliyyat, rabitə və informasiya texnologiyları sahələrində əməkdaşlıq, GUAM-ın nəqliyyat dəhlizlərinin inkişafı;

* Alternativ enerji mənbələrindən də istifadə etməklə, enerji təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq;

*Fövqəladə vəziyyətlərlə bağlı xəbərdarlıq sahəsində əməkdaşlıq;

*GUAM Parlament Assambleyası çərçivəsində əməkdaşlığa yardım;

*Humanitar sahə və turizm sahələrində əməkdaşlıq;

*GUAM-ın institutlaşdırılması prosesinin başa çatdırılması.

Bu istiqamətlər arasında əks olunmasa da, GUAM-ın Qazaxıstan və Türkiyə ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəallaşması tam gözləniləndir. Belə ki, Bakının bu ölkələrlə ənənəvi əlaqələrini nəzərə alsaq, demək olar ki, bu, Azərbaycanın gücündə olan məsələdir.

Beləliklə, GUAM-ın növbəti sammiti 2008-ci ilin iyununda Tbilisidə keçiriləcək. Bunadək isə Azərbaycanın sədrliyi ilə görüləcək xeyli iş var. Axı GUAM son dərəcə praqmatik bir qurumdur. Burada nə iddialar toqquşur, nə də liderlik problemi var. Buraya daxil olan dövlətləri qarşıya qoyduqları məqsədlərin birliyi və tərəfdaşlıqdan birgə səmərə götürülməsi istəyi birləşdirir. Odur ki GUAM-ın xeyrinə olacaq və qurumun qarşısında əməkdaşlığın yeni istiqamətlərini açacaq iki amil var - praktiki iş və real nəticələr.


MƏSLƏHƏT GÖR:

398