25 Noyabr 2024

Bazar ertəsi, 02:40

UŞAQLARIN QEYRİ-UŞAQ PROBLEMLƏRİ

Unicef-in Bakı ofisinin başçısı Hana Singer hesab edir ki, uşaqların hüquqlarının müdafiəsi məsələsində Azərbaycan hökuməti və ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır

Müəllif:

15.06.2007

Məlum olduğu kimi, Azərbaycanda uşaqlarla bağlı çoxsaylı problemlər var. Onlarla  qarşılaşan uşaqlar, təəssüf ki, yaşlıların istədiyindən tez böyüyürlər. "Uşaqlar həyatın çiçəkləridir" ifadəsi artıq özünü ona görə doğrultmur ki, bu gün ölkəmizdə müvafiq strukturlar öz vəzifələrinə  kifayət qədər etinasız yanaşırlar. Ölkə başçısı uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması üçün müxtəlif proqramlar qəbul edir, amma onlar nədənsə ancaq kağız üzərində qalır. Bir  müddət öncə Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaqlarla iş  şöbəsinin müdiri Sənubər Əlizadə də bu faktı etiraf  edib.   

Belə ki, uşaq hüquqlarına həsr olunmuş tədbirlərin birində S.Əlizadə  məlumat verdi ki, Azərbaycanda uşaqların institutsuzlaşdırılması proqramı (uşaqların alternativ dəstəklənməsi, uşaq evləri və internatlardan ailələrə qayıtması - müəllif) çox ləng həyata keçirilir. Bundan əlavə, adı çəkilən dövlət komitəsinin yaradılmasından  bir ilə yaxın vaxt keçsə də, bu qurum sahibsiz, məhdud imkanlı yetim uşaqların problemlərinin az da olsa, ciddi tədqiqatını aparmayıb. Həm də Azərbaycan uşaq əməyinin geniş istifadə olunduğu ölkədir. Lakin S.Əlizadənin məlumatına görə, dövlət komitəsi  göstərilən problemlərin həlli üzrə təsirli tədbirlərin həyata keçirilməsinə prezidentin müvafiq dövlət proqramlarını qəbul etməsindən sonra başlamaq niyyətindədir. Sual yaranır: bu halda da  uşaqların institutsuzlaşdırılması proqramı ilə eyni  nəticə alınmayacaq ki? Yaxşı təşəbbüsdür, amma onun həyata keçməsinə hələ çox var.

UNICEF-in Bakı ofisinin rəhbəri Hana Singer "R+"a  verdiyi müsahibədə  qeyd edib ki, uşaq problemlərinin həlli məsələsində Azərbaycanın dövlət strukturları arasında dəqiq əlaqələndirmə yoxdur.

"Beş ildir ki, biz Azərbaycan hökuməti ilə valideyn himayəsindən məhrum məhdud imkanlı uşaqların problemləri üzərində ciddi iş aparırıq. Sözsüz, Azərbaycan gənc dövlətdir və bəzi məsələlərə yanaşmada mən məhz bu mövqedən çıxış edirəm. Amma Azərbaycan da daxil olmaqla, bütün hökumətlərin uşaqlarla əlaqədar təəhhüdləri var. Və onları yerinə yetirmək lazımdır".        

  

İkiillik lobbiçiliyin nəticəsi   

Hana Singer məlumat verib ki, UNİCEF-in Bakı ofisi bu gün institutsuzlaşdırma barədə prezident fərmanı ilə əlaqədar Azərbaycan hökumətinin uşaqlarla aparmağa başladığı işin nəticəsi ilə fəxr edir. "Məsələ ondadır ki, uşaqların uşaq evləri və internatlardan ailələrə qaytarılması geniş miqyaslı islahatdır. Bu məsələ ilə, əməli olaraq, ölkənin bütün hökuməti məşğul olmalıdır. İndiki halda, ölkədə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və digər nazirliklərin həyata keçirməli olduğu uşaqları müdafiə sisteminin islahatından danışmaq daha düzgün olardı".

H.Singerin fikrincə, bu islahatda Maliyyə Nazirliyi boyük rol oynayır. O, uşaqlarını internatlara göndərməyə məcbur olan aztəminatlı ailələrə sosial yardımı artırmalıdır.  Xüsusi müəssisələrə göndərilmələri zəruri olan, müxtəlif əlillik formalarından əziyyət çəkən uşaqların ailələri də bura daxildir. Səhiyyə Nazirliyi ilə Əmək və Sosial Müdafiə Nazirliyi birlikdə əlil, yetim, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların alternativ himayəsini dəstəkləməlidir.

Həbsxanaya düşmüş azyaşlı cinayətkarlarla işdə Ədliyyə Nazirliyi və DİN-in rolu çox önəmlidir. Bura da qanunu pozmuş uşaqların hüquqlarının pozula biləcəyi dövlət idarələrindəndir. Bu iki müəssisə həm də beynəlxalq  övladlığa götürmə məsələlərinə nəzarət etməli və onları tənzimləməlidir. Fəaliyyətdə olan qanunvericiliyin Azərbaycan hökumətinin qoşulduğu bütün beynəlxalq konversiyalara cavab verməsi üçün parlament  ona yenidən baxmalıdır.

Azərbaycanda uşaq hüquqları üzrə konvensiyanın yerinə yetirilməsinin monitorinqinə cavabdeh olan Qadın, Uşaq və Ailə Məsələləri üzrə Dövlət Komitəsi yuxarıda qeyd olunan məsələlərin həllində xüsusi rol oynayır. Komitə bütün dövlət strukturlarının bu istiqamətdəki işini əlaqələndirməlidir. Öz növbəsində, Dövlət Statistika Komitəsi uşaqlara aid bütün məlumatları yeniləşdirməlidir ki, bu da həm  beynəlxalq təşkilatlara, həm də hökumətə öz işini əlaqələndirməkdə və uşaqlara yardım göstərməkdə dəstək olar.

H.Singer, həmçinin, ölkədə yoxsulluğun azaldılması proqramına rəhbərlik edən İqtisadi İnkişaf Nazirliyini də qeyd edib. Bu  qurumun uşaqlarla bağlı bütün məsələləri proqramın planına daxil etməsi vacibdir.

"Gənclər və İdman Nazirliyi 18 yaşa qədər uşaqları əhatə edən layihələri həyata keçirir. Fəaliyyət növlərinə görə bu strukturlar müxtəlifdir, amma onlar uşaq problemlərinin həllinə cəlb olunmalıdır. Təəssüf ki, hələlik bu qurumlar əlbir fəaliyyət göstərə bilmirlər. Bizim üçün bu böyük çətinlik törədir".

 

Hərəkət  etmək lazım olan yerdə  

Beynəlxalq ekspert qeyd edir ki, Azərbaycanda uşaqlara olan sevgi ilə yanaşı, onlara hüquqlarının qorunması mövqeyindən yox, bir növ, xeyriyyəçilik nöqteyi-nəzərindən yanaşırlar.

Azərbaycanda uşaq problemləri bütün postsovet ölkələrindəki uşaqların problemləri ilə oxşardır. Çox aşağı səviyyədə olan uşaq səhiyyəsi sahəsində böyük çətinliklər var. Əlil uşaqların müdafiəsi sistemi də xeyli aşağı səviyyədədir. Azərbaycanda belə uşaqlara xəstə kimi baxırlar, bu isə düzgün yanaşma deyil. Təhsilin keyfiyyəti və son zamanlar, xüsusilə Azərbaycanın cənub bölgələrində məktəblərdə təhsil alan qızların sayının azalmasına dair UNİCEF-in ofisinə daxil olan siqnallar ciddi narahatlıq doğurur. 

H. Singer vurğulayır ki, "Azərbaycanda uşaqların əhalinin ən yoxsul təbəqəsini təşkil etdiklərini müəyyənləşdirmiş tədqiqatları önə cəkmək istərdik".

Beynəlxalq ekspertin fikrincə, uşaq problemləri ən yüksək siyasi səviyyədə həll olunmalıdır və bunun üçün Azərbaycanda hər cür imkan və kadr potensialı var. "Azərbaycan hökumətində peşəkarlar var. Təcrübəm müddətində belə adamlarla  çox rastlaşmışam. Məncə, ölkənizdə müşahidə olunan iqtisadi yüksəliş fonunda, uşaqlara münasibətdə Azərbaycanın üzərinə bölgə ölkələrindən daha böyük məsuliyyət düşür. Avropa Birliyi ilə bilavasitə qonşuluq sistemin sürətli inkişafı, onun Avropa standartlarına uyğunlaşdırılması istiqamətində hərəkət etmək zərurətini şərtləndirir. Odur ki biz təxirəsalınmaz fəaliyyətə çağırırıq. Bu yeniləşmədə hamı - KİV də, hökumət də, parlament də lider ola bilər. Axı biz uşaqlardan danışırıq. Bu gün Azərbaycanda onların 25 mini xüsusi müəssisələrdədir, 45 mini isə məhdud imkanlı uşaqlardır. Bu böyük rəqəmlərdir. Konkret olaraq institutsuzlaşdırmaya gəldikdə, son tədqiqatlara əsasən, övladlığa uşaq götürmüş aztəminatlı ailələri təmin etmək dövlət üçün xüsusi müəssisədə yaşayan uşağı saxlamaqdan daha rentabellidir. Xüsusi müəssisədə uşağın saxlanmasına ayda 30-35 manat lazımdır. Bu pulları ailələrə ödəmək daha yaxşı olmazmı? Beləliklə, alternativ himayə sisteminin yaradılması çoxsaylı uşaq müəssisələrinin saxlanmasından ucuz başa gələr. Amma burada  mənəvi aspekt daha önəmlidir".

 

Yuvenal ədliyyəyə dair öhdəliklər

H.Singer həbs yerlərində olan uşaqların problemlərinə, yəni yuvenal islahat məsələsinə də toxundu. Belə ki, keçən il Azərbaycanda yuvenal ədliyyənin inkişafına dair birinci milli konfrans çərçivəsində bəyan edilmişdi ki, bu tədbir məsələnin irəliləməsində təkan olmalıdır. Bəs həmin sahədə hansı uğurlar var? Ölkə hökuməti bu məsələdə öz üzərinə hansı öhdəlikləri götürüb? Beynəlxalq ekspertin sözlərinə görə, Azərbaycan hökuməti, ilk növbədə, bu sahədə işlərin hazırkı durumunun monitorinqini keçirməyi öhdəsinə götürüb. H.Singerin dediklərindən: "Bütövlükdə başlanğıc ümidvericidir. Artıq Açıq Cəmiyyət İnstitutu, bəzi QHT və Ombudsman Aparatının araşdırmalarını almışıq. Qənaətimiz  qətidir: uşaqları azadlıqdan məhrum etmək olmaz. Bu, yalnız istisna hallarda, xüsusilə ağır cinayətlər törədildikdə (ardıcıl, yaxud kütləvi qətllər və i. a.) mümkündür. Azyaşlı cinayətkarlar üçün onlara psixoloji yardım göstəriləcək bərpa mərkəzləri, orada olarkən həmişə evə qayıda biləcəkləri qapalı məktəblərə bənzər müəssisələr yaradılmalıdır. Bizdə Azərbaycanda saxlama mərkəzlərinə düşən uşaqların hüquqlarının ciddi şəkildə pozulması barədə informasiya var. Məhz bu səbəbdən də həmin araşdırmaları DİN və Ədliyyə Nazirliyinə təqdim edərək, belə mərkəzlər yaradılmasını müzakirə etmək istəyirik".

UNICEF artıq uşaqlarla işləyən, demək olar ki, bütün polis işçilərinə tədris kursları keçib. QHT BMT QİAKİ (Qaçqınlarla İş Üzrə Ali Komissarın İdarəsi) ilə birlikdə hakimlər üçün treninqlər təşkil edib. Hazırda UNICEF-in Bakı ofisi uşaq məhkəmə zalına düşdüyü halda, onunla humanist davranma siyasətinin lobbiçiliyi ilə məşğul olmağa çalışır.  Uşağın qollarına qandal taxılmamalıdır, o, dəmir qəfəsdə oturdulmamalıdır. "Təəssüf ki, hökumətdə bir çoxları üçün bu uşaqların problemləri heç də 1№-li problemlər deyil, çünki onlar durumun heç də faciəvi olmadığını düşünürlər", - deyə ekspert qeyd etdi. 

H.Singer haqlı olaraq hesab edir ki, uşaq cəmi bircə dəfə həbs yerinə düşdükdə də ömrüboyu onun üzərində ləkə qalır və heç vaxt cəmiyyətə inteqrasiya edə bilmir.

"Konkret nəticələrə gəlincə, biz artıq 6-7 aydır hökumətlə istiqamətin dəyişdirilməsi proqramının yaradılmasından danışsaq da, heç bir nəticə yoxdur. Halbuki ədliyyə, əmək və sosial müdafiə, daxili işlər nazirlikləri bu model üzrə pilot layihəsinin yaradılması üçün məsuldur. Hazırda cəzaçəkmə yerlərində 60 uşaq var və adları çəkilən strukturlar bu rəqəmi problem saymır. Tutalım, bu gün 60 nəfər həbsxanaları tərk etdi, bəs neçə nəfər yenə ora düşə bilər?", - deyə H.Singer sual edir. 

Beləliklə, Azərbaycanda uşaq sahəsində problemlərin həlli üçün hər cür şərait var. Bircə ölkənin müvafiq hakimiyyət strukturlarının bu məsələyə nə vaxt əlaqələndirilmiş və ciddi şəkildə yanaşmağa başlayacaqlarını gözləmək qalır.


MƏSLƏHƏT GÖR:

399