
QƏRBİ AZƏRBAYCANIN GÖY GÜNBƏZİ
Gəncədəki imamzadə kompleksi yenə də ən məşhur ziyarətgahlardan biridir
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Gəncə Azərbaycanda şiəliyin qalasıdır. Bəlkə, uzun əsrlərdən bəri onun sakinlərinə xas olan itaətsizlik də elə buradan gəlir. Məsələ ondadır ki, İslamın iki əsas cərəyanı arasındakı fərqlərdən biri də varlığın əvvəlcədən müəyyənləşməsi dərəcəsinə baxışlardadır. Sünnilər insan taleyinin əvvəlcədən müəyyənləşdiyini və onun özünün orada heç nəyi dəyişməyə qadir olmadığını güman edirlər. Şiələr isə taleyin əvvəlcədən hər kəsin "alnına yazıldığını" ümumi şəkildə qəbul etsələr də, insanda müstəqil iradənin varlığını da mümkün sayırlar.
Gəncədə dini sitayiş yerlərindən ən məşhuru şiələrin şəhərin özündən də çox uzaqlarda məşhur olan ziyarətgahı - İmamzadədir.
İki bərpa
İmamzadə mavzoleyi - kiçik məscidlər, dərviş hücrələri, karvansara və girişdə sanballı piştağı olan hasar ətrafında kompleksin inşasına başlanması XVI əsrin əvvəllərinə aiddir. Məhz onda təzəcə yaranan Səfəvilər dövlətinin bəylərbəyliyinə çevrilən Gəncədə Şah İsmayıl Xətainin valisi Şahverdi bərqərar oldu. Yeri gəlmişkən, o, Gəncədə yeni sülalənin - hakimiyyəti Cavad xanın həlak olması ilə başa çatan Ziyadoğlu sülaləsinin banisi idi.
Lakin I Şah İsmayıl dövründə mavzoley artıq mövcud idi. Onun "özəyi" İbrahimin - beşinci şiə imamı Məmmədbağırın oğlunun qəbri üzərində hələ XIV əsrdə ucaldılmışdı. Yeri gəlmişkən, mavzoleyin (sonradan isə bütün kompleksin) adı da elə buradandır: İmamzadə - imamın oğlu. Günbəzin daxili səthində XIX əsrdə bərpa işləri zamanı ərəbcə yazı yazılıb: "Bu gözəl cənnət bağı İmam Məmmədbağırın (əleyhissəlam) hicri 120-ci ildə vəfat edən oğlu İbrahimin mavzoleyidir". Hicri 120-ci il miladi təqvimlə VII əsrin I yarısına düşür. İmamzadə kompleksində ilk təmir-bərpa işləri 1878-1879-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü və vəsaiti ilə aparılıb. Ozamankı Rusiya imperiyasının bəzi gerçəkliklərindən xəbərdar olmaqla, onun bu işə niyə qoşulduğunu yalnız təxmin etmək mümkündür. Yəqin ki, bu adam gəncəli olduğundan İmamzadənin - "Gəncənin vicdanı"nın taleyinə biganə deyildi. Çox güman ki, o, əvvəllər şiə olub (şiələrin müqəddəs yerinin bərpasına vəsait qoyması da buna dəlalət edir). Bərpanın tarixçəsi də elə məhz bununla izah olunur, çünki bu xeyriyyəçi insan İmamzadə ilə bağlı məqamda yox, yalnız mənşəcə şiə ola bilərdi. İmperiyanın sərt qanunları üzrə rus ordusunda general-mayor kimi yüksək rütbə xaç suyuna çəkilməyənlərə verilmirdi. Rusiya şovinist, lakin imperiya üçün tamamilə məntiqi, birləşdirici, daha doğrusu, bütün əhalini eyniləşdirən prinsipi əldə rəhbər tuturdu: "Pravoslavlıq, mütləqiyyət, xəlqilik". Güman ki, İmamzadənin bərpası kimi səxavətli və cəsur bir addım atmaqla, azərbaycanlı bəyzadə Yadigarzadə ata-babalarının karyera naminə tərk etdiyi dinin qarşısında günahını yumaq istəyirdi.
Lakin məşhur sənətşünaslar L.Bretanitski və A.Salamzadə hesab edirdilər ki, mavzoleyin günbəzi və qülləsinin görünüşünü köklü şəkildə dəyişən bu bərpa işləri konkret dini mahiyyətə malik niyyətlər üçün yalnız bir "pərdə" idi və kompleksin XIX əsrdə kifayət qədər yaxşı vəziyyətdə olan bu hissəsinin təmirə tamamilə ehtiyacı yox idi. Mütəxəssislər 1870-ci illərdə çəkilən və İmamzadənin ilkin halında əks olunduğu fotoşəklə istinad edirlər. Bərpadan sonra minalı kərpiclərdən salınan valehedici naxış gözəllikdə onlardan geri qalan, lakin üzərində kufi yazılar olan əvvəlki üzləmənin üstünü örtdü. Adları çəkilən alimlərin fikrincə, əsas məsələ də elə bundan ibarət idi: guya bu dini kəlamların mənası həmin dövrdə Gəncədə vüsət almaqda olan şiə ehkamları ilə ziddiyyətə girirdi. İndi bu fərziyyə ilə həm razılaşmaq, həm də onu təkzib etmək eyni dərəcədə çətindir. Axı mövcud yazıları ilk bərpadan əvvəlkilərlə tutuşdurmaq artıq mümkünsüzdür. Doğrudur, şiəliyin bu bölgədə hələ XVI əsrdə dominant olduğu da hamıya məlum faktdır. Odur ki Azərbaycanın xristian imperiyasının tərkibində olduğu da nəzərə alınarsa, XIX əsrin son rübündə belə bir addım o qədər də aktual deyildi.
Analoji bir layihəyə rəvac verən Hacı Vaqif (Vəliyev), şübhəsiz, başqa məqsədlər güdürdü. Bu, son dərəcə mömin insanın vəsaiti hesabına 16 iyun 1993-cü ildən başlanan işlər təkcə İmamzadə kompleksinin ikinci bərpasını deyil, ətraf ərazinin abadlaşdırılmasını da nəzərdə tuturdu. Bu isə yalnız din və mədəniyyət deyil, elementar gigiyena baxımından da xeyirxah işdir. İndi artıq qurbanlıq qoyunları darvaza ilə üzbəüz açıq torpaq meydançada yox, axarları olan xüsusi meydançalarda kəsirlər. Elə buradaca kiçik "xatirə bulaqları"ndan axan suyun səsi gəlir (vəfat edənlərin xatirəsinə içməli suyu olan kiçik bulaq və fəvvarələr qurulması xalqımızın ən qədim ənənələrindən biridir). Ətrafda Hacı Vaqif dövründə əkilən və artıq bir az boy atmış cavan ağaclar və çoxsaylı möminlər üçün oturacaqlar nəzərə çarpır. Bir sözlə, İmamzadə kompleksi Azərbaycanın sayı o qədər də çox olmayan elə memarlıq abidələrindəndir ki, xeyriyyəçilərin sayəsində bərpaya ehtiyacı yoxdur.
İki imam
Doğrudur, onu da qeyd etmək lazımdır ki, nə qədər zəruri olsalar da, iki bərpanın kompleksin tərtibatının bəzi elementlərinin üstünü örtdüyü də sirr deyil. Əvəzində, naxışlı günbəzin üstündəki göy kaşılar əvvəlki kimi bərq vurmaqdadır. Çox vaxt mavzoleyi məhz buna görə "Göy imam" adlandırırlar. Lakin görünür, burada məsələ heç də təkcə günbəzin heç bir çaları olmayan saf rəngində deyil: qeyd etməyə dəyər ki, orta əsrlərdə müsəlman Şərqində qara yox, məhz göy rəng matəm rəngi sayılırdı.
Kompleksin geniş yayılan digər bir adının da kədərli bir mətnaltı mənası var - "İmam Hüseyn". Doğrudur, ilk baxışdan, şiələrin əzabkeş kimi kifayət qədər ehtiram bəslədikləri həmin imamın bura nə dəxli olduğu aydın deyil, axı mavzoleydə tamamilə başqa bir imamın oğlu dəfn edilib. Lakin tarix burada da öz düzəlişini verir. Heç də hamı bilmir ki, elə indinin özündə də yerli möminlər arasında Gəncə "İmam Hüseyn şəhəri" adlandırılır. Tədqiqatçı F.Əhmədovun fərziyyəsinə görə, bunun arxasında şəhərin tarixinin bu müəllifin "Gəncənin tarixi yaddaşı" kitabında parlaq təsvirini tapan faciəvi bir fakt dayanır.
1804-cü ildə şəhəri mühasirəyə alan Sisianovun qoşunları qalanı içməli su ilə təmin edən kəhrizin axarını - gizli yeraltı kanalı bağladılar. Mühasirə bir ay davam etsə də, hücum edənlər məhz bu alçaq manevr sayəsində uğur qazana bildilər. Su olmadığından qalanın müdafiəçiləri susuzluqdan qırılmağa başladılar və döyüş zamanı qala divarlarına gəlib çatan güllələrdən biri Cavad xana dəyəndə, artıq onun qoşununun sıraları təkcə döyüşlərdəki itkilər deyil, həm də bu səbəbdən xeyli seyrəlmişdi.
Lakin həmin döyüş o qış gecəsi başa çatmadı, çünki bəşəriyyətin bütün tarixiboyu ən qəddar döyüşlər qala divarları altında yox, sənədlərin səhifələrində aparılır. Cırıldayan yalan dolu qələmlərin açdığı "atəşlər" isə hər hansı bir topun yayılım atəşindən daha "uzaqvuran" ola bilir. Haqqında danışılan döyüşdən 50 il sonra - 1868-ci ildə Yelizavetpol Rusiya imperiyasının quberniya şəhəri statusu aldıqda, çar hökuməti onun görünüşünü müasirləşdirmək fikrinə düşdü. Kiçik bir işdən başladılar: rus qoşunlarının 1804-cü ildə mühasirə zamanı dağıtdıqları həmin kəhrizi bərpa etmək istədilər.
Seçim heç də əsassız deyildi: qədim dövrlərdən Gəncədə su "qara" (indi onu "texniki" adlandırırlar) və "ağ" (içməli) kimi fərqləndirilib. Birinci sudan şəhərdə kifayət qədər olsa da, "ağ" həmişə qıt olub.
1836-cı ildə imperiyanın paytaxtında "Rusiyanın Qafqazdakı əyalətlərinin icmalı" adlı geniş bir nəşr çapdan çıxdı. Onun "Yelizavetpol dairəsi" adlı bölməsində N.Frolovski adlı birisi "isti yay günlərində sərin və sağlam su gətirən yeraltı kanalın" bərpasının zəruriliyini bildirərək, sanki sözgəlişi belə bir "izahat" da verir: "O, Gəncəli Cavadxan vaxtında xarab edilmişdi". Həqiqətən, yalan güllədən də dəhşətlidir. İmperiyanın ideoloji maşını dürüst işləyirdi.
Mömin gəncəlilər həmin hadisəni - 1804-cü ildə şəhərin ruslar tərəfindən ələ keçirilməsini və onun sakinlərinin kütləvi qırğına məruz qalmasını Kərbəla faciəsinin təkrarı kimi qiymətləndirdilər və məhz bundan sonra "İmamzadə" adı ikinci mənasını qazandı. O, şəhər sakinlərinin şücaətinin əksi olmaqla yanaşı, həm də şiələrin, rəvayətə görə, iman uğrunda döyüş zamanı amansızlıqla qətlə yetirilən imamı - İmam Hüseynlə analogiya yaratdı.
Çox, lap çox ayin
İmamzadə ərazisində çoxlu ayin (qurban kəsilməsindən dəfnə qədər) icra olunsa da, ən kütləvi və mötəbər ayin təziyə mərasimi sayılır. Bu, hər il Aşura günü şiə imamı Hüseyn və onun məsləkdaşları üçün şiələrin saxladıqları matəm zamanı həyata keçirilən mərasimdir. Sovet İttifaqında dini mərasimlərə qadağa qoyulduğundan, onlar qeyri-rəsmi şəkildə həyata keçirilirdi. Təziyəyə gəldikdə, Azərbaycan SSR-də ona hələ 1929-cu ildə ayrıca qərarla qadağa qoyulmuşdu. SSRİ dövründə Kirovabadda (o vaxt Gəncə belə adlanırdı) axşamlar pəncərələrin altında insanların o qədər də ucadan olmayan xorla "Şah Hüseyn, vah Hüseyn!" nidaları səslənirdi (həmin mərasimin digər bir adı - "şaxsey-vaxsey" də elə buradan yaranıb). Şəhərin mömin sakinləri isə mərasimin keçməsini darvazaların ağzında və eyvanlarda gözləyir, əsrlərboyu səsləndirilən həmin sözləri qəmli-qəmli təkrarlayırdılar.
İndi Gəncədə təziyə hətta gündüz də keçirilir, bundan xəbərdar olan polis isə bu mərasimi mühafizə edir. Əslində, sadəcə qayda-qanun bunu tələb edir. Əgər İranda belə izdihamlara xüsusi adamlar qoşulur və vücuduna həddən artıq əzab verənlərin qarşısını alırlarsa, bizdə buna ehtiyac yoxdur. Aşura günündə öz bədəninə başqalarının gözü qarşısında əzab vermək kimi bir şiə adətinə geniş yer alan mənfi münasibətin əksinə olaraq, qeyd etmək lazımdır ki, dünyəvi həyatımız şəraitində bu, şərti (amma formal yox!) bir ayindir. Burada onu doğuran səbəbi dərk etmək və məqamdan istifadə edərək, günahların bir daha etirafı daha önəmlidir.
Gəncənin ən tez tanınan rəmzlərindən biri olmasına baxmayaraq, İmamzadə mavzoleyi heç də təmtəraq və böyüklüyü ilə fərqlənmir: bu tikilinin ümumi hündürlüyü cəmi 12 m, günbəzin diametri isə 4,4 metrdir. İçəridə insanların baxışlarından Kəbədəki kimi dördbucaqlı şəkildə qara örtüklə gizlədilən məzar var. Ənənəyə görə, onun ətrafına üç dəfə dolanaraq alın, əllər və dodaqlarla toxunmaq lazımdır, sonda əlini örtüyün yuxarı kənarına tərəf uzadaraq, nəziri (kimin nə qədər pula gücü çatırsa) onun arxasına atmaq lazımdır.
Müqəddəs məzarı ziyarət bu mərasimin ən önəmli hissəsini təşkil etsə də, o bununla bitmir. Şiəlik sünniliyin qətiyyətlə imtina etdiyi hər cür mövhumatçılıqla zəngindir. Lakin onu da demək lazımdır ki, bunlarda özünəməxsus cazibə var: İmamzadə mavzoleyini seyidlərin - müqəddəs nəsillərin nümayəndələrinin məzarlarının çox qədim başdaşları və hücrələri əhatə edir. Bu abidələrin əksəriyyətilə bağlı, istəklərin çin olması haqqında inanclar var. Təsadüfi deyil ki, lap kiçicik hasarı (barmaqlığı, pəncərəsi) olan belə məzarlara saysız-hesabsız rəngbərəng balaca lentlər bağlanıb.
Bu ənənə geniş yayılanlardan biri olsa da, İmamzadə kompleksində kifayət qədər qeyri-adi inanclarla bağlı başdaşları da var. Belələrindən biri, şübhəsiz, 1854-cü ildə vəfat edən Seyid Teymur ağanın məzarıdır. Mavzoleyin ən qədim tikililərindən birinin divarının lap dibində olan bu məzarla bağlı unikal bir ayin mövcuddur. Nabələd zəvvarları buranın xidmətçilərinin məlumatlandırdıqları bir sıra kiçik ayinlərdən sonra, bir tikə qənd götürərək məzara yaxınlaşmaq lazımdır. Daha sonra, sağ tərəfdən yaxınlaşdıqda sol əllə, sol tərəfdən yanaşdıqda isə sağ əllə tamamilə quru olan həmin qənd parçasını mavzoleyin məzarın düz üstündə ucalan tamamilə quru divarına yapışdırmağa cəhd göstərmək lazımdır. Qənd parçası divara yapışarsa, arzu yerinə yetəcək, yapışmasa, deməli, qismət deyilmiş.
Bir sözlə, Azərbaycan heyrətamiz tolerantlığa malik ölkə şöhrətini əvvəlki kimi qoruyub-saxlamaqdadır. O cümlədən ölkə əhalisinin əsas dini olan İslam dini baxımından. Əvvəllər olduğu kimi, yenə də ёİmamzadə kompleksiЁ adı Azərbaycan tarixi və mədəniyyətinin daşıyıcısı sayılan valehedici toplumda şiəliklə sünniliyin tarazlığını dəstəkləyən sarsılmaz qala olaraq qalmaqdadır.
MƏSLƏHƏT GÖR: