
HƏRRACDA SƏHMLƏR NEÇƏYƏDİR?
“Kapital Bank” ASC-nin hazırkı durumu bankın səhmlərini balans dəyərindən xeyli yüksək qiymətə satmağa imkan verir
Müəllif: Namiq MAYILOV, Rəsmiyyə QƏMBƏROVA Bakı
Azərbaycanın ikinci böyük bankının özəlləşdirilməsinə hazırlıq işləri tam sürətlə getməkdədir. "R+" bundan əvvəl də bu mövzuya toxunaraq, uzun müddət dövlətin himayəsi sayəsində duruş gətirən kredit müəssisəsinin hazırda dövləti yalnız özünün etibarlı tərəfdaşlarından biri sayan "Kapital Bank"a çevrildiyini qeyd etmişdi. Beləliklə, daha dinamik inkişaf və bazarda sağlam rəqabətin təmin olunması üçün bankı dövlət statusundan azad etməyin mümkün olduğu məqam artıq yetişib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Kapital Bank" ASC-nin özəlləşdirilməsi tədbirləri haqqında" sərəncamı ilə bankın səhmlərinin satışı Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinə həvalə edilib. Bəs kredit müəssisəsi potensial sərmayədarlara hansı qisimdə təqdim olunacaq? Bu suala "Kapital Bank" ASC İdarə Heyətinin sədri Rauf Rzayevlə söhbətimizdə cavab əldə etdik.
- 2004-cü ildə bankın inkişaf perspektivləri ilə bağlı müsahibələrimin birində qeyd etmişdim ki, bizim üçün əsas prioritet əllə idarəetmədən uzaqlaşmaq və bankı yüksək texnologiyalar əsasında çalışan təşkilata çevirməkdir. Bu anlayışa nələr daxildir? Bu, yüksək texnologiyaların, korporativ idarəetmə standartlarının tətbiqi, real infrastrukturun yaradılması, müştərilərə keyfiyyətli xidmət göstərilməsidir. 2006-cı ildə biz bu prosesi başa çatdırsaq da, təkmilləşmə işləri bu gün də davam etdirilməkdədir. Ətraf mühit, biznes şəraiti və şərtləri dəyişir (bu özünü bazarın yeni seqmentlərinin meydana çıxmasında büruzə verir), bəzən isə normativ tələblərin özləri də dəyişir. Odur ki dinamik struktur olmaqla, bank daim bazarın tələblərini nəzərə almaqla inkişaf etməlidir.
Özəlləşdirməyə gəldikdə, əvvəlki illərdə bankın nüfuzu zəif idi, əslində, rəqabətə davamlı deyildi və tədricən bank sektorunda xüsusi çəkisini və imicini itirirdi. Bir neçə il bundan əvvəl özəlləşdirilsəydi, səhmlərin bazar qiyməti nominal dəyərindən aşağı olacaqdı. İndi isə durum kökündən dəyişib: bankın yaxşı ad-sanı var, burada pay əldə etmək istəyən xarici sərmayədarlar ona maraq göstərirlər. Prezidentin sərəncamı da bankın həmin proseslərə, demək olar ki, hazır olduğunu bir daha nümayiş etdirdi. Kapitalın bazar qiyməti artıb. Doğrudur, o, bazarın əhval-ruhiyyəsindən, qiymət təyin edilməsindən və sərmayədarlardan asılı olsa da, hər halda qiymət balans dəyərindən yüksək olacaq. Həyata keçirilən proqramlar üzrə uğurla işlədiyi halda, bank sərmayədarlar üçün daha böyük maraq doğuracaq və qiyməti daha 5-6 mln manat artaraq. Təkcə FlexCube proqram təminatının tətbiqi nəyə desən, dəyər! Bu, möhtəşəm potensiala malik ümumdünya softlarından biridir və banka geniş imkanlar spektri təqdim edəcək ki, elə biz də buna istiqamətlənmişdik. İndi bankı özəlləşdirmənin yekun mərhələsindəyik, həm də sərəncama müvafiq olaraq özəlləşdirmənin iki mərhələsi nəzərdə tutulub. Birinci mərhələ dövlətin öz payını satış yox, nizamnamə kapitalına uyğun əlavə emissiyalar və onların açıq bazarda satışı vasitəsilə gerçəkləşdirməsini nəzərdə tutur. Bu yolla bankın kapitalı ikiqat artır, dövlətin payı isə 50%-ə qədər azalır. İkinci mərhələ isə həmin 50%-in özəlləşdirilməsindən ibarətdir.
- Bankın maliyyə göstəriciləri barədə nə demək olar?
- 2004-cü ilin avqust ayı ilə müqayisədə (bankımızın yaşını unudanlar 1874-cü ilin göstəriciləri ilə də müqayisə edə bilərlər), aktivlərimiz 400, kapitalımız 300%-dən çox, gəlirin generasiyası isə 4 dəfə artıb. Biz hələ keçən ilin nəticələrinə görə auditi almasaq da, əlimizdə olan drafta görə 2005-ci illə müqayisədə vergiyə cəlb edilməzdən əvvəl kapitalımız 4 mln 400 min manat artıb. Bu gün kredit portfeli aktivlərimizin 43%-ni təşkil edir. "Kommersant" qəzetinin MDB-nin 1000 bankı haqqında yanvarın 1-nə olan məlumatına görə, bankımız artıq 371-ci yeri tutur, halbuki 2004-cü ildə 550-ci yerdə idi. Özəlləşdirmə nəticəsində banka daxil olacaq vəsait (biz onda həddən artıq maraqlıyıq), ilk növbədə, aktivlərimizə təsir göstərəcək. Biz 2009-cu ilə qədər yeni strateji plan tərtib edəcəyik. Belə bir deyim var: nə qədər yaxşı işləsən, bir o qədər güclü olarsan. Nə qədər güclü olsan, sənə inam da bir o qədər artar.
- Xələfinizdən - Birləşmiş Universal Səhmdar Bankdan sizə nə dərəcədə sağlam miras qalıb?
- Üç bank əsasında Universal Bank yaradılanda, oraya məhz sağlam aktivlər keçirilmişdi. Bank yaxşı keyfiyyətə malik aktivlərlə sanki yenidən işləməyə başlamışdı. Kreditləşdirmə üzrə böyük iş aparılmışdı və inanın ki, əsas risk spektri - aktivlər bizdə prosedur baxımından bölüşdürülmüşdü. Portfelin içindəkilərə, məsələn, korporativ biznesə verilən kreditlərə nəzər salsaq, bizdə pis kredit yoxdur. Avtokreditdləşdirməni götürsək, durum müxtəlif ola bilər. Biz itkilərin maksimum həddini 3% nəzərdə tutsaq da, reallıqda bundan da az olur. İstehlak kreditləşdirməsi üzrə itkini 5-6% nəzərdə tutsaq da, real şəkildə bu rəqəm heç 1% də təşkil etmədi. Bu yaxınlarda Yaltadakı bank konfransında biz bu məsələni də müzakirə etmişik. Həmkarlarımız səsləndirdiyimiz rəqəmə mat qaldılar, çünki Rusiyada bu rəqəm 10% təşkil edir. Gəlirlilik səviyyəmiz yaxşıdır. Təbii ki, kredit portfelinin səmərəli faiz dərəcəsinin özü də resursların dəyərindən asılıdır. Son zamanlar resurslar artmaqdadır, qiymət bahalaşır, xüsusən, fiziki şəxslərdən, onların əmanətləri üzrə faizlər yüksəlir. Vəsaitləri cəlb etmək üçün səmərəli faiz dərəcəsi verdiyimizi düşünürük, çünki "Kapital Bank"ın əsasında dayanan strukturlardan biri keçmiş Əmanət Bankıdır. O vaxt da o, lider idi. Fiziki şəxslərdən vəsait cəlb edilməsi baxımından vəzifəmiz həmin liderliyi geri qaytarmaqdır. Bu məqsədlə həmin istiqamətdə işi əlaqələndirən bütöv bir departament də yaratmışıq.
- Əhalinin "Kapital Bank"a inamı necədir?
- Açıq informasiya şəraitində yaşayırıq. Bank piramidaları ilə təmasların acı təcrübəsindən ibrət alan əhali sabitliyə etibar edir. Bəlkə də bankımızın depozitlər üzrə faiz dərəcələri başqa banklardakılardan 1-2% aşağıdır. Likvidlik baxımından, onu yüksək səviyyədə saxlamağa çalışırıq. Kapitalın adekvatlığı səviyyəsinin kifayət qədər yüksək həddə olmasını dəstəkləyirik. Depozitlər artır və biz bunu əhalinin bizə etibarının parlaq nümunəsi sayırıq. Qısa müddət ərzində əhalinin, təxminən, 40 mln manat vəsaitini cəlb etmişik. Korporativ sektor üzrə də artım var. Eyni zamanda, lap əvvəldən bankın investisiya layihələri üzrə fəal işləyəcəyini qarşımıza məqsəd qoymuşduq. "Kapital Bank"ın sərmayələri hesabına Şamaxıda iki iri zavod tikilib, başqa bölgələr üzrə də layihələrimiz var.
- Bu il üçün reytinqinizin hansı səviyyədə olacağını gözləyirsiniz?
- Bir qayda olaraq, beynəlxalq agentliklər ölkənin reytinqindən yüksək reytinq verə bilmirlər. Həmişə ondan bir pillə aşağı olur. Bu il reytinqimiz mövcud səviyyəmizdə təsdiqlənsə, bu o demək olacaq ki, bank işləyir və inkişaf edir. Hazırda Fitch və Moody's agentliklərinin reytinqlərinə malikik. Fitch agentliyinin reytinqini artıq ikinci ildir alırıq, Moody's agentliyinə isə yalnız 2006-cı ildə müraciət etmişik. Moody's üzrə reytinqimiz "Beynəlxalq Bank"dakı kimidir - milli valyuta ilə depozitlər üzrə "BAA-2", xarici valyuta ilə isə "BA-2". Fitch isə bizə uzun müddətli "BB" reytinqini verib. Adətən, investisiya reytinqi mütərəqqi inkişafda olan ölkələrə verilir. Azərbaycan belə ölkələr sırasındadır. Odur ki bankımız da bu şkala üzrə qiymətləndirilib.
- Sonda Azərbaycanın bank sisteminin hazırkı durumu barədə nə deyə bilərsiniz və "Kapital Bank" üçün bazarda rəqabət necədir?
- Bu gün "Kapital Bank" rəqabətə kifayət qədər davamlıdır. Son 2 il ərzində bankımıza, demək olar, 700 korporativ müştəri cəlb olunub ki, bu da yaxşı göstəricidir. Kapitalizmin mahiyyəti də elə bazar şəraitində inkişaf etməkdədir. Azərbaycan bazarında 44 bankın olması ölkəmizdə maliyyə sektorunun tam gücü ilə inkişaf etməsi üçün şərait yaradıldığına dəlalət edir. Eyni zamanda, iqtisadiyyat bank sektoruna nisbətən daha sürətlə inkişaf etdiyindən, nəticədə bankların ona real xidmət göstərə bilmədiyi disproporsiya yaranır. Bu özünü nədə göstərir? Kapital çatışmazlığında. Bazarda kapital qoyuluşu $100-200 mln çatan iri şirkətlər var. Onlar üçün $10-15 mln götürmək normal hal olsa da, bank bu məbləği təqdim edə bilmir, çünki normativi pozur. İndi bir sıra bankların nizamnamə kapitallarının artırılması meylinin olması bu prosesin qanunauyğunluğundan xəbər verir. Zamanın tələbi belədir - iqtisadiyyata keyfiyyətli xidmət göstərmək.
Bizim nümunəmizə gəldikdə, əlamətdardır ki, təsisçi olan dövlət çox müdrik addım ataraq, özəlləşdirməyə satış məqsədilə üz tutmadı və bu, arxa plana keçdi. Önəmli, prioritet şərt dövlətsizləşdirmənin bankı daha da kapitallaşdırmaq, möhkəmləndirmək məqsədilə keçirilməsi oldu. Lotların müəyyən hissəsinin korporativ müştərilərə deyil, özəl şəxslərə təklif edilməsi fikri də mövcuddur. Bu da mütərəqqi qərardır. Bu halda, əhali bilavasitə bankın sahiblərindən birinə çevrilir. Banka pul qoymaqla, bank prosesində bilavasitə iştirak fərqli şeylərdir. İnsanlarda mülkiyyətçilik, deməli, həm də məsuliyyət hissi yaranır.
MƏSLƏHƏT GÖR: