
HƏR ŞEY ÖZ YERİNİ ALIR
Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə mane olmaq cəhdləri əbəsdir
Müəllif: Alyona MOROZ Bakı
Tarix adətən təkrarlanır... 1990-cı illərin ortalarında Azərbaycanda Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) layihələrindən danışanda, sanki dünyanın yarısı onların gerçəkləşdirilməsinin əleyhinə qalxdı. Bu layihələrin həyata keçirildiyi bütün müddət ərzində erməni lobbisinin fitvası ilə çoxsaylı maneələr törədilir, ən pessimist proqnozlar verilir, bir sözlə, boru kəmərlərinin çəkilməsinin qarşısını almaq üçün hər əmələ əl atılırdı. Lakin bədxahlar istədiklərinə nail ola bilmədilər. Təəssüf ki, onlar nəinki baş verənlərdən ibrət götürməyiblər, hətta indi bölgə üçün digər bir strateji layihə - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna qarşı da həmin təbliğata başlayıblar. Hadisələrin gedişi göstərir ki, bu dəfə də onları eyni aqibət gözləyir.
İlk irəliləyiş
Artıq indidən, BTQ layihəsinin Azərbaycanın strateji önəmini daha da artıracağı aydındır. Yeni dəmir yol əlaqəsi tarixi İpək Yolunun bərpası və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafı üçün şərait yaradacaq. Tarixdə ilk dəfə Xəzər bölgəsi ilə Avropa arasında birbaşa nəqliyyat əlaqəsi təmin ediləcək. Bu layihənin gerçəkləşdirilməsində Azərbaycanın əldə edəcəyi səmərə göz önündədir: BTQ yük daşımalarının həcmini, deməli, ölkə ərazisi ilə ixrac mallarının tranzitini artırmağa imkan verəcək, bundan başqa, müstəqilliyin möhkəmləndirilməsinə və xarici iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsinə yardımçı olacaq.
Bütün bu amilləri nəzərə alaraq, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri BTQ-nin inşası barədə razılaşmalar paketini bir-birinin ardınca ratifikasiya etdilər. Əlbəttə, öz günahı üzündən bu cür möhtəşəm regional layihələrdən kənarda qalan Ermənistan kimi bir dövlət işlərin belə gedişinə münasibət bildirməyə bilməzdi. Yeni magistralın inşasına qarşı təkcə Ermənistan dövləti deyil, erməni lobbisinin çoxsaylı təmsilçiləri də qəti şəkildə etiraz edirlər. Onların fikrincə, BTQ-nin çəkilməsi Ermənistanın nəqliyyat təcridini daha da gücləndirəcək, ümumiyyətlə, onun çəkilməsi "məqsədəuyğun deyil, çünki Qars-Gümrü-Tbilisi-Bakı xətti mövcuddur və onun bərpası üçün elə böyük vəsait tələb olunmur". Əlbəttə, İrəvanın belə kəskin müqaviməti elə böyük diqqət cəlb etməyə də bilərdi, bir "əmma" olmasaydı: erməni lobbisinin BTQ-ni dünya ictimaiyyətinin gözündən salmaq cəhdləri qismən də olsa, alındı. Belə ki, ABŞ Senatı layihəyə maliyyə dəstəyinin qarşısını birmənalı şəkildə kəsdi. Bu, 7 noyabr aralıq seçkiləri ərəfəsində 2006-cı ilin oktyabr ayında keçirilən sessiyanın son günündə baş verdi. Beləliklə, senatorlar Senatın bank komitəsinin 21 sentyabr tarixli qərarını təsdiq etdilər. Qərarda isə deyilirdi ki, ABŞ İdxal və İxrac Bankı Ermənistandan yan keçməklə çəkiləcək dəmir yolunun inşası üçün zəmanət, borc və ya digər mümkün maliyyələşdirmə təqdim etməyəcək. Avropa Birliyi də maliyyə ayırmaqdan imtina etdi.
Lakin Azərbaycan hökuməti dəfələrlə bildirmişdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu magistralın inşasını müstəqil, kənardan hər hansı bir maliyyə yardımı olmadan da həyata keçirməyə qadirdir. Hazırda da elə məhz bu proses cərəyan edir. Belə ki, BTQ layihəsinə görə uzunluğu 105 km olan yeni dəmir yolunun inşası, həmçinin, Tbilisi-Bakı dəmir yolunda yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Yeni dəmir yolundan 79 km Gürcüstan, 29 km isə Türkiyə ərazisilə çəkiləcək. Türkiyə öz ərazisindəki işlərin maliyyələşdirilməsini müstəqil şəkildə həyata keçirməyi planlaşdırır. Gürcüstan isə onun ərazisində dəmir yolu çəkilməsi üçün Azərbaycandan illik 1% dərəcəsi ilə 25 il müddətinə $200 mln həcmində kredit alıb. Kredit dəmir yolunun istismarı zamanı əldə ediləcək gəlirlər hesabına qaytarılacaq. Bundan başqa, gürcü tərəfi layihənin həyata keçirilməsi çərçivəsində Axalkalaki-Mərəbdə-Tbilisi dəmir yol xəttində yenidənqurma işləri aparmaq fikrindədir. BTQ layihəsinin inşasının ümumi dəyəri isə $422 mln təşkil edir.
Magistralın Azərbaycan hissəsinin maliyyələşdirilməsindən danışarkən qeyd etməyə dəyər ki, BTQ-nin maliyyələşdirilməsinə başlanması ilə əlaqədar, bu il Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 50 mln manat ($58 mln) köçürüləcək. ARDNF icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, bu vəsait hissə-hissə təqdim olunacaq. Öz növbəsində, nəqliyyat naziri Ziya Məmmədov qeyd edib ki, bu vəsait hesabına layihə çərçivəsində ilkin təmir-tikinti işləri aparılacaq. Vəsaitin qalan hissəsini tikinti işləri başlandıqdan sonra ayırmaq planlaşdırılır. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanla bu layihə üzrə əməkdaşlıq etmək istəyində olduğunu açıqlayıb. İqtisadi inkişaf naziri Heydər Babayevin qeyd etdiyi kimi, tərəflər əməkdaşlığın formasını ən yaxın vaxtlarda müəyyənləşdirəcəklər. "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, Azərbaycan hökuməti BTQ layihəsinin gerçəkləşdirilməsi üçün lazım olan vəsaiti tam şəkildə təmin edəcək. Odur ki bizim layihənin həyata keçirilməsi üçün hər hansı əlavə vəsaitə, o cümlədən xaricdən alınan vəsaitlərə ehtiyacı yoxdur. Əslində, layihənin birgə gerçəkləşdirilməsinə ehtiyac var və BTQ-yə AYİB tərəfindən maraq göstərilməsi bizi sevindirməyə bilməz... Bu, çox həssas məsələdir, çünki bəzi beynəlxalq maliyyə təşkilatları layihədə iştirakdan heç bir obyektiv səbəb olmadan yayınırlar. Lakin AYİB özü BTQ layihəsi ilə maraqlandığından, Kazan şəhərində Azərbaycanla AYİB arasında BTQ layihəsinin dəstəklənməsinə dair danışıqlar üzrə protokol imzalandı", - deyə H.Babayev vurğuladı. Bir çox ekspertimiz bu fikirdədir ki, AYİB-in BTQ-nin inşası layihəsində iştirak etmək istəyi Azərbaycanın erməni lobbisi üzərində qələbəsidir.
Təfərrüatları müzakirə edirik
Hələlik isə Azərbaycan və Türkiyədə mütəmadi olaraq üç ölkənin səlahiyyətli təmsilçilərinin (o cümlədən dəmir yol idarələrinin başçılarının) iştirakı ilə işçi qrupların toplantıları keçirilir. Toplantılarda BTQ layihəsinin gerçəkləşdirilməsi ilə bağlı bütün məsələlər müzakirə edilir. Təbiidir, axı yeni dəmir yol magistralının inşası heç də sadə məsələ deyil. Belə ki, Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlunun sözlərinə görə, yolun bir sıra sahələri dağlardakı tunellərdən keçəcək. Eyni zamanda, Türkiyə-Gürcüstan sərhədində əlavə tunel tikilməsi nəzərdə tutulur. "Tərəflər həmin məsələləri bu səbəbdən belə uzun müddət və hərtərəfli müzakirə edirlər", - deyə səfir qeyd edib.
Hər hansı bir halda, yaxın vaxtlarda dəmir yolunun Türkiyə hissəsində inşa işləri başlanacaq. İndi dəmir yolunun keçəcəyi ərazilərin alınması prosesi gedir və o, iyunun axırları üçün başa çatacaq. Elə həmin vaxt Gürcüstan sərhədindən Axalkalakiyə qədər dəmir yolu tikintisinin tam layihəsi, həmçinin bütün tender sənədləri təqdim olunacaq. Təkliflərə birgə baxılandan və hər hansı bir qeyd olmadıqdan sonra, bu işin podratı üçün tender elan olunacaq və Axalkalaki stansiyasının yenidən qurulması layihəsi üzrə işlərə start veriləcək ki, bu da vaqonların təkərlərinin dəyişdirilməsi (Avropa standartından keçmiş sovet standartına və əksinə) punktunun olmasını nəzərdə tutur. Burada vaqonların, lokomotivlərin, yolların texniki baxımdan yoxlanması da nəzərdə tutulub. Axalkalaki üzrə layihənin türk mütəxəssisləri tərəfindən iyul ayında hazırlanacağı planlaşdırılır. Tikinti üçün artıq Türkiyənin dövlət büdcəsindən vəsait də ayrılıb.
Gürcüstan ərazisində işlər artıq avqust ayının axırlarından etibarən başlaya bilər. Türkiyədə olduğu kimi, orada da yolun keçdiyi ərazilərdə torpaq sahələrinin alınması üçün layihələr işlənib-hazırlanır.
20 mln ton? Bu realdır!
Azərbaycanda 2007-2010-cu illər üçün Dövlət Dəmir Yolunun İnkişafına dair Dövlət Proqramının layihəsinin hazırlanması ilə bağlı işlər öz axarı ilə gedir. Bu sənədə görə, dəmir yol infrastrukturu, vaqonlar və lokomotivlər beynəlxalq standartlara uyğunlaşdırılacaq. Bundan başqa, BTQ ilə beynəlxalq daşımaların artımında irəliləyiş gözlənilir. Proqramın gerçəkləşdirilməsinə $1 mlrd-dan çox maliyyə vəsaiti sərf olunacaq. Belə ki, Dünya Bankı ilə birlikdə aparılan ilkin araşdırmalar 2010-cu ilə qədərki tədbirlərə $600 mln-dan artıq vəsait tələb olunduğunu göstərsə də, sonradan proqrama bəzi tədbirlərin, o cümlədən BTQ üzrə işlərin də əlavə edilməsi nəticəsində məbləğ artdı. Azərbaycan Dövlət Dəmir Yolunda (ADDY) qeyd edirlər ki, Dövlət Proqramının maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə strukturlarının vəsaitindən istifadə ediləcək. Qeyd edək ki, hazırda ADDY ilə ildə 5-8 mln ton yük daşınır. Ekspertlərin fikrincə, BTQ birləşdirici dəmir yolunun istismara verilməsi ilə, əsasən, layihəyə Cənub-Şərqi Asiya ölkələrinin qoşulması sayəsində bu göstərici 20 mln tona çata bilər. Sirr deyil ki, perspektivdə Qazaxıstan və Çin də BTQ-yə qoşulmaq niyyətindədir və artıq indidən məlumdur ki, dəmir yol əlaqəsi bu bölgənin ölkələrinə yükləri Cənubi Avropaya daha aşağı tariflərlə çatdırmaq imkanı verəcək. Odur ki Qazaxıstan hər il BTQ ilə 10 mln ton yük nəql edəcəyini açıqlayıb.
Qazaxıstanla Çinin gözləntiləri həm də ona əsaslanır ki, perspektivdə BTQ Avropa və Asiya dəmiryol şəbəkələri, o cümlədən Aralıq və Qara dəniz limanlarına çıxışı olanlarla birləşməlidir. Təbii ki, Azərbaycan, Gürcüstan və Türkiyə Xəzərarxası ölkələri yaranan perspektivlərlə cəlb etməyə çalışırlar ki, onlar Bakıdan keçən marşrutdan maksimum yararlanaraq, ondan Rusiyanın "Avropaya pəncərəsinə" alternativ qismində istifadə etsinlər və müvafiq olaraq yük axınının istiqaməti də dəyişsin. Üstəlik, bu gün Dostık-Almatı-Aktau-Bakı-Poti (Dostık Qazaxıstanla Çinin sərhədində yerləşən stansiyadır - müəl.) marşrutu üzrə müntəzəm dəmir yol daşımalarının bərpası məsələsi də müzakirə edilir. Avropa Birliyinin təşəbbüsü ilə TRASEKA proqramı çərçivəsində belə daşımalar hələ 1996-cı ildə təşkil olunsa da, sonradan dayandırıldı. Bu gün Azərbaycan yüklərin Bakıdan keçməklə təkcə Qars deyil, həmçinin Poti istiqamətində daşınmasını da nəzərdə tutur.
Yeri gəlmişkən, BTQ layihəsi hələ gerçəkləşdirilməsə də, Azərbaycan artıq Türkiyə ilə BTQ-nin əsas magistralından ayrılan dəmir yol xəttinin tikintisi barədə danışıqlar aparır. Onun Türkiyənin İqdır şəhərinə, oradan isə Naxçıvana istiqamətlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Demokratik Respublikasına həsr olunan memorialın açılışındakı çıxışında bəyan etdiyi kimi, "Həmin layihənin gerçəkləşdirilməsi Bakı ilə Naxçıvan arasında dəmir yol əlaqəsini təmin edəcək və muxtar respublikanı blokadadan çıxarmağa imkan verəcək".
MƏSLƏHƏT GÖR: