
TƏŞƏBBÜS "CƏZALANIR"
Azərbaycan yenə EITI üzrə öncül olmağa hazırdır
Müəllif: Nurlana BÖYÜKAĞAQIZI Bakı
Bu gün Azərbaycan hökuməti ölkənin neft gəlirlərinin artmaqda olan həcminin iqtisadiyyatın bir amildən asılı olmasına gətirib çıxarmaması üçün ölkənin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi yollarını fəal şəkildə axtarmaqdadır. Bununla əlaqədar müxtəlif proqramlar qəbul edilir, sərmayə yatırılır, infrastruktur inkişaf etdirilir və i. a. Həm də bu zaman hakimiyyət bu istiqamətdə planlaşdırılan işlərin bütün həcminin öhdəsindən neftdən əldə edilən dollarlar olmadan gəlməyin mümkünsüzlüyünü açıq etiraf edir.
Məlumdur ki, yaxın 15 ildə Neft Fondu $150 mlrd əldə edəcək. Bununla yanaşı, kifayət qədər tez-tez belə fikirlər də səsləndirilir ki, guya Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin heç də hamısı ölkənin hazırkı və gələcək inkişafına sərf edilmir - bir hissəsi mənimsənilir, bir hissəsi ictimaiyyətdən gizlədilir... Məhz bu qəbildən olan söz-söhbətlərə və şübhələrə son qoymaq üçün Azərbaycan hökuməti 2002-ci ilin sentyabrında Yohannesburqda Böyük Britaniyanın baş naziri Toni Bler tərəfindən irəli sürülən Hasilat Sahələrinin Fəaliyyət Şəffaflığının Yüksəldilməsi Təşəbbüsünə (EITI) 2003-cü ildə birinci qoşuldu. Bu təşəbbüsün məqsədi şirkətlərin ölkə hökumətinə və hökumətlə bağlı strukturlara ödənişlərinin, həmçinin belə şirkətlərin fəaliyyət göstərdiyi ölkələrin hökumətlərinin gəlirlərinin şəffaflığını artırmaqdır.
BMT-dən mükafat
2004-cü ildə Azərbaycan hökuməti yerli və xarici şirkətlər, həmçinin, Vətəndaş Cəmiyyətləri Koalisiyası ilə hasilat sənayesindən neft və qaz şirkətlərinin əldə etdiyi vəsaitlərin və hökumətin gəlirlərinin şəffaflığı haqqında memorandum imzaladı. İndiyədək bu sənəd çərçivəsində artıq beş hesabat çap edilib, altıncı isə hazırlanmaq üzrədir.
Ölkəmizdə EITI çərçivəsindəki hadisələr və həyata keçirilən tədbirlərin xronologiyası üzərində ətraflı şəkildə dayanmadan yalnız onu qeyd edək ki, bu yaxınlarda Azərbaycan, Böyük Britaniya və Norveç hökumətləri 2007-ci ildə "Dövlət xidmətində şəffaflıq, hesabat və təəhhüdlərin artırılması" kateqoriyasında Azərbaycan Respublikası Dövlət Neft Fonduna "Xalq qarşısında xidmətlərə görə mükafat"ın (UN Public Service Award) verilməsi ilə əlaqədar birgə bəyanat imzalayıblar.
Bundan əlavə, Azərbaycan EITI-nin tətbiq edildiyi ölkələr arasında yenə öncül olmağa da hazırdır. ARDNŞ icraçı direktoru, EITI üzrə dövlət komissiyasının sədri Şahmar Mövsümovun sözlərinə görə, təşəbbüsə iyirmidən artıq ölkənin qoşulmasına baxmayaraq, onun bütün prinsiplərinə real şəkildə Azərbaycandan başqa, yalnız daha bir neçə ölkə əməl edir.
Onun sözlərinə görə, cari ilin payızında BMT Baş Assambleyasında Azərbaycan tərəfindən təklif olunan və EITI-ni dəstəkləyən qətnamənin qəbul ediləcəyi gözlənilir.
Bu təşəbbüs artıq dünya miqyasında da yayılmaqdadır. Bu gün EITI-nin tərkibində səkkiz ölkənin təmsilçilərinin daxil olduğu idarə heyəti fəaliyyət göstərir. Onlardan artıq beşi - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan və Nigeriya EITİ-ni tətbiq edir; daha üçü - ABŞ, Böyük Britaniya və Almaniya isə təşəbbüsü dəstəkləyir. Bundan başqa, idarə heyətinə beynəlxalq QHT-lərin, hasilat sənayesi şirkətlərinin və bir investisiya şirkətinin təmsilçiləri də daxildir.
İyunun əvvəlində "böyük səkkizlik" (G8) ölkələrinin Almaniyada keçirilən sammitində isə EITI barədə açıqlamanın olduğu "Dünya iqtisadiyyatının inkişafı və məsuliyyət" adlı sənəd qəbul edilib. Bu sənədə görə, "səkkizlik" ölkələri təşəbbüsü dəstəkləməkdə davam edəcəklərini, ona maliyyə, texniki və siyasi yardım göstərəcəklərini vəd edirlər.
Dünyanın aparıcı neft şirkətləri EITI-ni gələcəkdə də dəstəkləməyə hazırdırlar. Belə ki, bp-Azərbaycan şirkətinin vitse-prezidenti Kler Bebbinqton qeyd edir ki, bp zəruri göstəricilərin açıqlanmasını davam etdirəcək, lakin bununla yanaşı, "Təbii ki, kommersiya informasiyasının məxfiliyilə bağlı, yaxud personala aid olan müəyyən məhdudiyyətlər də mövcuddur. Məsələn, biz fiziki şəxslərin əmək haqları barədə informasiyanı açmayacağıq".
Qeydlər və əlavələr
Amma Azərbaycanın özündə "üçüncü hakimiyyət"in - qeyri-dövlət təşkilatlarının EITI üzrə külli miqdarda qeydləri var. Onların fikrincə, təşəbbüsün mandatı ictimaiyyəti ilgiləndirən bir çox sualları cavablandırmır. Belə ki, EITI üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının başçısı Sabit Bağırovun sözlərinə görə, enerji ehtiyatlarının hasilatı və satışından əldə olunan gəlir növlərinin bir hissəsi EITI-nin nəzarətindən kənarda qalır. "Təşəbbüs çərçivəsində gəlirin cəmi 6 növünün (subpodratçılar tərəfindən ödənilən vergilər, icarə haqqı, sosial vergilər, işçilərdən tutulan gəlir vergisi və i. a.) açıqlanması tələb olunur, halbuki hasilatın pay bölgüsü haqqında sazişlərdə daha çox növ var", - deyə o qeyd edir. Bununla yanaşı, S.Bağırov etiraf edir ki, EITI siyahısına düşməyən gəlirin xüsusi çəkisi gəlirlərin ümumi həcminin çox cüzi bir hissəsini (təxminən 1%) təşkil edir. Lakin tam şəffaflığı təmin etmək üçün onun da göstərilməsi zəruridir.
Bundan başqa, S.Bağırov Azərbaycanın il ərzində neftdən əldə etdiyi gəlirlərin məcmu həcminin göstərilməsinin zəruriliyini də vurğulayıb: "Biz ictimaiyyətlə keçirdiyimiz çoxsaylı görüşlərdə daim bir sualla üzləşirik: Azərbaycan neftdən nə qədər qazanır? Bu suala dəqiq cavab verə bilmirik, çünki sərəncamımızda belə bir rəqəm yoxdur. Məsələ ondadır ki, növündən asılı olaraq, neftdən əldə edilən gəlir həm manat, həm də dollarla, həm neftin barreli, həm də qazın kubmetrləri ilə göstərilir. Lakin pul ekvivalenti şəklində ifadə olunan məcmu rəqəm yoxdur". S.Bağırovun sözlərinə görə, bu göstəricini EITI mandatına əlavə etmək texniki baxımdan o qədər də çətin iş deyil və bunu etmək zəruridir.
O qeyd edib ki, bu gün bp və Statoil-dən başqa, Azərbaycanda işləyən heç bir digər şirkət EITI çərçivəsində təqdim olnan hesabatlarını açıqlamır. "Bu, könüllülük prinsipinə əsaslanır, lakin həmin hesabatlarda heç bir məxfi informasiya olmadığını nəzərə alsaq, onların çap edilməsi pis olmazdı". Həmçinin, QHT Koalisiyasının fikrincə, EITI çərçivəsində aşağıdakı sualların cavablandırılması da yaxşı olardı: neftdən əldə olunan gəlirlər nə dərəcədə məqsədəuyğun şəkildə sərf edilir, enerji ehtiyatlarının hasilatı ekologiyaya nə dərəcədə zərər vurur, Azərbaycan ayrı-ayrı neft kontraktları çərçivəsində nə qədər gəlir əldə edir?..
Qeyd etmək lazımdır ki, bu gün hökumət və şirkətlər göstərilən məlumatları könüllü şəkildə açıqladıqları halda, EITI üzrə Dövlət Komissiyasında QHT-lərin qeydləri də heç də mənfi qarşılanmır. Əksinə, komissiyanın sədri Ş.Mövsümov onları nəzərdən keçirməyi və lazım gələrsə, istifadə etməyi vəd edir.
MƏSLƏHƏT GÖR: