
QAZAXISTAN "ÖMÜRLÜK" ALDI
Qazaxıstandakı mövcud daxili siyasi vəziyyət ciddi düşünməyə əsas verir
Müəllif: NURANİ Bakı
Qazaxıstanda baş verən böyük siyasi dəyişikliklər hələ xeyli müddət diqqət mərkəzində qalacaq. Xatırladaq ki, ölkədə geniş konstitusiya islahatlarına təkan şəxsən prezident Nursultan Nazarbayev tərəfindən verilib. Bir qədər dəqiqləşdirsək, söhbət Nazarbayevin prezidentin səlahiyyət müddətinin 7 ildən 5 ilə endirilməsi təklifindən gedir. Lakin bu dəyişikliyin 2012-ci ildən sonraya nəzərdə tutulduğunu da əlavə edək.
Dövlət başçısı, həmçinin, konstitusiyaya dəyişiklik edilərək, parlamentin səlahiyyətlərinin xeyli artırılması, lakin dövlətin yenə prezident üsul-idarəsi ilə idarə olunması haqda da təklif verib. "Bu, faktik olaraq Qazaxıstanın prezident respublikasından prezident-parlament respublikasına çevrilməsi deməkdir", - deyə N.Nazarbayev bildirib.
Bundan başqa, prezident Məclisdəki (parlamentin aşağı palatası) deputatların sayının 30 nəfər artırılaraq 107-yə çatdırılmasını, Senatın (parlamentin yuxarı palatası) üzvlərinin isə 8 nəfər artırılaraq 47 deputata çatdırılmasını təklif edib. Senat üzvlərinin sayının prezident kvotasının 7-dən 15-ə qaldırılması ilə artırılması nəzərdə tutulub ki, onların bir hissəsi dövlət başçısının Xalq Assambleyası ilə apardlığı müzakirələrdən sonra təyin olunur.
Nazarbayev parlamenti konstitusiyaya əlavə və dəyişikliklər məsələsinə bir həftə ərzində baxılmasını tapşırıb və bildirib ki, onun təklif etdiyi yeniliklərin 80%-i demokratikləşmə üzrə dövlət komissiyası ilə razılaşdırılıb.
Parlament isə öz növbəsində Nazarbayevə ömrünün sonunadək istənilən qədər prezident seçkisinə qatılmaq icazəsini verib və KİV-lər bunu artıq hazırkı dövlət başçısının "ömürlük prezident" olması kimi şərh edir.
Nadir hadisə
Lakin əksər analitiklər bildirir ki, heç də bütün demokratik ölkələrdə qanunvericilik bir nəfərin dəfələrlə prezident seçilməsini qadağan etmir. Hətta ABŞ-da vaxtilə Franklin Delano Ruzvelt ardıcıl olaraq dörd dəfə - 1932, 1936, 1940 və 1944-cü ildərdə prezident seçilmişdi.
Bir sıra digər ölkələrdə də bir nəfərin bir neçə dəfə ali postu tutmasına qanun o qədər də sərt qadağa qoymur, nəinki siyasi ənənələr.
Ekspertlər hesab edir ki, digər dəyişikliklər Qazaxıstanda "hakimiyyət balansı"nı dəyişir. Xüsusilə, əvvəllər Qazaxıstanın ABŞ-dakı səfiri olmuş, bir müddət əvvəl isə Nazarbayevin daxili siyasi xəttinin reallaşdırılmasına cavabdeh olan dövlət katibi postuna təyin olunan Kanat Saudabayev həyata keçirilən islahatları ölkənin siyasi "kamilliyini" göstərən "həlledici addım" adlandırıb. "Xabar" telekanalı ilə çıxışında o bildirib ki, Qazaxıstan xalqı Nazarbayevin prezidentlik müddətinin uzadılmasını istəyir. Dövlət başçısının bir sıra səlahiyyətlərini parlamentə verməklə göstərdiyi "cəsarətini" alqışlayan dövlət katibi deyib: "Prezidentin öz təşəbbüsü ilə və heç bir təzyiqlə üzləşmədən öz səlahiyyətlərinin bir hissəsini parlamentə verməsi nadir hadisədir".
ABŞ-ın baş verənlərə reaksiyası da maraqlıdır. "Dəyişikliklər hazırkı prezidentin hələ bir müddət də hakimiyyətdə qalmasına imkan yaradır. Lakin sənəddə bir sıra digər dəyişikliklər də var ki, fikrimizcə, onlar ölkənin düzgün istiqamətdə irəliləməsinə kömək edəcək. Bu, dünyanın görmək istədiyi hər şeydirmi? Qətiyyən yox. Amma təkrar edirəm ki, böyük potensialı olan və sıx şəkildə işlədiyimiz bu ölkəyə böyük ümidlər bəsləyirik", - deyə ABŞ Dövlət Departamentinin rəsmisi Şon Makkormak bildirib.
Qeyd edək ki, Qazaxıstan prezident səlahiyyətlərinin parlamentə keçirildiyi ilk postsovet ölkəsi deyil. Baltikayanı ölkələr lap əvvəldən "Avropa modeli"nə üstünlük verib və bu modeldə "ağırlıq mərkəzi" prezidentin yox, baş nazirin üzərinə düşür. Ukraynada da hadisələr eyni istiqamətdə inkişaf edir. Nəhayət, prezidentin demokratikləşmə üzrə dövlət komissiyasının nəticələri və məsləhətləri haqda söylədikləri çox şeydən xəbər verir: Qazaxıstanın müstəqilliyinin ilk illərində istifadə olunan model müasir tələblərə cavab vermir. Postsovet ölkəsinin digər ölkələrə əsrlər lazım olduğu halda, bəzən inkişaf yolunu 10-15 ilə keçdiyini də nəzərə alsaq, burada siyasi islahatların bir siyasi nəsil dövründə yaşanmasının səbəbi aydınlaşar.
Bütün bunlarla yanaşı, bir sıra ekspertlərin qeyd etdiyi kimi, ABŞ və bir sıra Qərb paytaxtlarında Nazarbayevi ölkəni iqtisadi inkişaf yolu ilə idarə edən möhkəm rəhbər hesab edirlər. Bu baxımdan bəziləri yaxın gələcəkdə də Nazarbayevin siyasi arenada qalacağı xəbərini yaxşı xəbər kimi qəbul edib. Onlar xüsusilə də Qazaxıstanın enerji resurslarının ixracatçısı kimi böyük potensiala malik olduğunu nəzərə alaraq, məsələyə bu cür yanaşırlar.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Dik Çeyni 2006-cı ildə Qazaxıstana səfər edərkən bu Mərkəzi Asiya ölkəsini Birləşmiş Ştatların "strateji tərəfdaşı" adlandırmışdı.
Lakin başqa bir məqamı da unutmaq olmaz. Qazaxıstanda siyasi islahatlar təşəbbüsü bu ölkə ətrafında növbəti geosiyasi fəallığın artdığı vaxta təsadüf edib. Nazarbayevin təkliflərinin Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin Türkmənbaşı şəhərindəki görüşündən dərhal sonra irəli sürüldüyünü unutmaq olmaz. Qeyd edək ki, məhz həmin görüş Qərbin strategiyasının iflası və Rusiyanın mükəmməl qələbəsi kimi şərh edilir.
Lakin Xəzər hövzəsinə nəzarət uğrunda rəqabət aparanlar, çətin ki, silahı yerə qoymağa, hazırkı qüvvələr nisbətini yekun nəticə kimi qəbul etməyə hazır olsunlar. Bu halda ən azı onu unutmaq olmaz ki, bu və ya digər dövlətin xarici siyasətinin dəyişməsinə nail olmaq üçün əsasən daxili siyasi "rıçaq"lardan istifadəyə üstünlük verilir. Bunun fonunda Qazaxıstan hakimiyyətini daha möhkəm və zirək edən islahatların həyata keçirilməsi tamamilə məntiqi görünür.
Müxalifətin sonuncu "qəhrəmanı?
Bununla yanaşı, bəzi analitiklər hesab edir ki, dünya ictimaiyyətinin Qazaxıstanda baş verənlərə reaksiyası bu ölkənin müxalifətinin yaxın vaxtlarda özünü göstərə bilib-bilməyəcəyindən daha çox asılı olacaq. Hələlik isə onun fəallığını yalnız regional KİV iddia edir. Mətbuatın məlumatına görə, Qazaxıstanda Nazarbayevə istədiyi qədər prezident seçilmək haqqı verən islahatların əleyhdarları azsaylı etiraz aksiyalarını davam etdirir və polis onları asanlıqla dağıdır və neytrallaşdırır. Belə aksiyaların təşkilatçılarından biri, qeydiyyatdan keçməmiş "Alqa" müxalifət partiyasının fəalı Kanat İsayev Almatının mərkəzi küçələrindən birinə çıxaraq, "18 dəqiqə - və biz xanlıqdayıq" və "Parlament üçün biabırçılıq" şüarları ilə baş verənlərə öz etirazını bildirib. Bir neçə dəqiqədən sonra, ölkə prokurorluğu İsayev və onun tərəfdarlarından aksiyanı dayandırmağı tələb edib və sonda müxalifət fəalları, həmçinin daha bir etirazçı həbs edilib.
Bu gün bir sıra analitiklər bir sual üzərində düşünür: "Rahat Əliyevin məsələsi" ölkədə müxalifətin ümumi vəziyyətinə necə təsir göstərəcək?
Qazaxıstan Daxili İşlər Nazirliyi ölkənin Avstriyadakı sabiq səfiri Rahat Əliyev hapqqında beynəlxalq axtarış elan edən zaman bu çoxlarında şok yaratmışdı. Bu şoka səbəb heç də yalnız Əliyevə qarşı irəli sürülən ittihamların mahiyyəti deyil. Yeri gəlmişkən, sabiq səfir insan oğurluğu, inzibati binanın və torpaq sahələrinin qeyri-qanuni ələ keçirilməsi, həmçinin özgə mülkünün zəbt olunması kimi cinayətlərdə günahkar bilinir. Xatırladaq ki, insan oğurluğu haqda danışılarkən söhbət bu ilin yanvarında Qazaxıstanın "Nurbank" kommersiya bankının İdarə Heyətinin sədri Amilmajen Qilimov, onun birinci müavini Joldas Timraliyev və bankın daha bir əməkdaşı Aybar Xasenovun "yoxa çıxmalarından" gedir. Timraliyev və Xasenovun yeri hələ də naməlum olaraq qalır.
Baş verən hadisələri daha da maraqlı edən 44 yaşlı Rahat Əliyevin Qazaxıstan prezidentiin böyük qızı Dariqinin əri olmasıdır. "MK"nin bildirdiyinə görə, "prezidentin böyük qızı Dariqinin əri Rahat Əliyevlə bağlı baş verənlər Qazaxıstan siyasətçiləri və biznesmenlərini şoka salıb. Yerli dövlət təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Əliyevi son dərəcə yolverilməz qaydada biznes qurmaqda günahlandırırlar".
Açığı, Rahat Əliyevə ünvanlanan ittihamlar "dəstəsi" Karaçı-Çerkes prezidentinin kürəkəni Əli Kaitova qarşı irəli sürülən ittihamları xatırladır. Əlbəttə, həmin halda 7 nəfərin qəsdən qətlə yetirilməsi məsələsi var idisə, Qazaxıstanda söhbət yalnız insan oğurluğundan gedir. Lakin hər iki hadisənin mahiyyəti eynidir: həm Kaitov, həm də Əliyev əmin idilər ki, onlar öz "bizneslərini" istənilən vasitə ilə qura bilərlər. Bundan başqa, Karaçı-Çerkesdə parlamentə hücum tələb olunurdusa, Qazaxıstanda Nazarbayev işi araşdıran prokurora xüsusi səlahiyyətlər verib.
Beləliklə, iyunun 1-də Rahat Əliyev Vyanada həbs edilib. Avstriya XİN-in təmsilçisi Astrid Xarts bundan əvvəl bildirib ki, mayın 29-da onlara Əliyevin toxunulmazlığının ləğvi haqda qərar daxil olub. Xartsın sözlərinə görə, bu, "Qazaxıstan hakimiyyətinin istəyi ilə həyata keçirilib və rəsmi Astana ictimaiyyəti Əliyevin vəzifədən uzaqlaşdırılması haqda xəbərdar edib". Son məlumatlara görə, hazırda Avstriya prokurorluğu Qazaxıstanın Əliyevin vətənə ekstradisiyası və onun mümkün həbsi haqda sorğusunu araşdırır.
Lakin artıq iyunun 4-də məlum olub ki, Rahat Əliyev 1 milyon avro və ölkə ərazisini tərk etməmək haqda iltizam müqabilində azadlığa buraxılıb. Bu haqda Avstriya Baş Prokurorluğunun nümayəndəsi Gerhard Yaroş məlumat verib və o, Əliyevin ekstradisiyasının mümkün olduğunu söyləyib. Prokurorluq nümayəndəsinin sözlərinə görə, Əliyevin girov müqabilində azad edilməsi haqda qərar onun cümə günü gətirildiyi Vyana torpaq məhkəməsinin növbətçi hakimi tərəfindən qəbul edilib. Bu qərar məhkəmə prosesinin uzana biləcəyi və onun nəticəsinin indidən proqnozlaşdırılmasının mümkünsüzlüyü ilə əsaslandırılıb. Bununla yanaşı, polis Əliyevin ölkədən qaça biləcəyini düşünərək müəyyən qabaqlayıcı tədbirlərə də əl atıb.
Lakin Rahat Əliyevin "özbaşınalığın qurbanı" olması haqda fikirlər də özünü çox gözlətməyib. Belə ki, KİV Əliyevin guya 2012-ci ildə prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşması və cinayət işinin sadəcə namizədə "hücum" olmasına dair məlumatlar yayıb. "Bu şərtlər daxilində yalnız intihara meylli insan Qazaxıstana dönə bilər", - deyə "İzvestiya" qəzetinin yazdığına görə, Əliyev bildirib: "Artıq Qazaxıstanda mənə məxsus media biznesi dağıdılıb, şirkətlərim əlimdən alınıb".
Avstriyanın "Profil" jurnalının saytında isə Əliyevin həbsindən bir qədər əvvəl verdiyi müsahibə yer alıb və orada Əliyev deyir: "Mənim yeganə cinayətim prezidentin fikrindən bir qədər fərqlənən fikir söyləməyimdir. Mən sadəcə bildirmişəm ki, Qazaxıstan prezidentliyinə namizədliyimi irəli sürməyi düşünürəm və islahatlar tərəfdarıyam". Əliyevin iddiasına görə, artıq ona sövdələşməyə getmək təklifi də edilib: ondan, bankirin oğurlanmasında şübhəli bilinən cangüdənlərini təslim etmək tələb olunub. "Amma mən öz dostlarımı satmıram", - deyə Qazaxıstan prezidentinin kürəkəni həbsi ərəfəsində bildirib. Rahat Əliyev hesab edir ki, Nazarbayev və prezidentin ətrafı onun ailəsini dağıtmaq istəyir. 7 yaşlı qızı və 22 yaşlı oğlunun "Qazaxıstanda əsir qaldıqlarını" deyən Əliyev özünün 16 yaşlı digər oğlu ilə Vyanada eyni vəziyyətdə olduğunu bildirib.
Rahat Əliyevin Nazarbayevin xüsusi xidmət orqanlarının "keçmiş SSRİ üslubunda işlədiyini" söylədiyi zaman isə jurnalın əməkdaşı ona vaxtilə özünün Qazaxıstan xüsusi xidmət orqanlarının rəhbərlərindən biri olduğunu xatırladıb. Əliyevin "Mən həmin sistemi dəyişdirməyə və idarəolunan etməyə çalışırdım" cavabı isə inandırıcı səslənmir.
Daha maraqlı cəhət ondan ibarətdir ki, elə sözügedən müsahibə zamanı Rahat Əliyev onun müxalifət lideri kimi qəbul edilməməsini istəyib. Bunun ardınca isə özünün əsas bəyanatını səsləndirib: Əliyev Avstriya qarşısındakı xidmətlərini qeyd edərək, bu ölkədən vətəndaşlıq istəyəcəyini bildirib. O, Qazaxıstana verilməyəcəyinə ümid etdiyini, Astanaya ekstradisiya olunacağı halda orada həyatına təhlükə yaranacağını söyləyib.
Bir sözlə, biz Avropa ölkələrinin indiyədək dəfələrlə üzləşdiyi "sığınacaq axtaranlar" serialının növbəti seriyasını izləyirik.
Bu yerdə Qazaxıstanın postsovet məkanında daim xüsusi yerinin olduğunu qeyd etmək lazımdır. Ərazisinə görə, Rusiyadan sonra ikinci yeri tutan, zəngin yeraltı sərvətlərə, "Baykonur" kosmodromuna, həmçinin Xəzər dənizi və Çinlə sərhədlərə malik olan bu ölkənin böyük siyasi, iqtisadi və geostrateji potensialı var və onun qiymətləndirilməməsi mümkün deyil. Bununla yanaşı, regiondakı qonşularının əksəriyyətindən fərqli olaraq, SSRİ-nin dağılmasından sonra "sıçrayış"sız, "sərt dəyişiklik"siz, "istiqamətini dəyişmədən" yaşayan Qazaxıstan kifayət qədər stabil və yüksək inkişaf templərinə malikdir. Aydındır ki, bütün bunların fonunda Astanada situasiyaya nəzarət uğrunda sərt mübarizə artıq təmin olunmuş məsələdir. Bu ölkədə real və bacarıqlı müxalifət də yoxdur və bu səbəbdən Rahat Əliyev kimi şəxslərə də siyasi dəstək verəcək "ovçu"ların tapılacağına şübhə yoxdür.
MƏSLƏHƏT GÖR: