
AMERİKA "QAMÇI"SI İLƏ AVROPA "KÖKƏ"Sİ ARASINDA
İran ətrafında gedən geosiyasi "oyunlar" daha da qızışır
Müəllif: Samir MİRZƏYEV Bakı
Mayın son, iyunun isə ilk günü Avropa İttifaqı ilə İran arasındakı müzakirələrlə yadda qaldı. Tərəflər arasında aparılan dialoqda Brüsseli Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana, İslam Respublikasının maraqlarını isə İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani qoruyurdu. Lakin əsas olan odur ki, İranın nüvə fəaliyyətinə dair aparılan həmin danışıqlardan hansısa irəliləyiş gözləməyə dəyərdimi? Açıq şəkildə demək lazımdır ki, dialoq ərəfəsində nikbinliyə heç bir əsas yox idi.
İspaniyanın "El Pais" qəzetinin yazdığına görə, danışıqlar ərəfəsində cənab Solana özü Laricani ilə arasında yaxşı münasibətlərin olmasına baxmayaraq, müzakirələrin müsbət sonluqla bitəcəyinə şübhə ilə yanaşırdı. Buna səbəb isə həmin ərəfədə Laricaninin Tehranın nüvə proqramı ilə bağlı mövqeyindən geri çəkilməyəcəyini, uranın zənginləşdirilməsini dayandırmaycağını bəyan etməsi idi.
Bununla yanaşı, Təhlükəsizlik Şurasının katibi Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını, nüvə proqramının dinc xarakterliliyinə zəmanət verməyə hazır olduqlarını da bəyan edirdi. "Biz kütləvi qırğın silahı əldə edilməsi istiqamətində heç bir addım atmayacağımıza dair qəti zəmanət verə bilərik", - deyə Solana ilə görüş ərəfəsində Laricani bildirdi.
Əldən verilən şans
Qeyd etmək lazımdır ki, bir ay əvvəl Laricani ilə Solana arasında Ankarada daha bir görüş keçirilmişdi. Lakin bu iki görüş arasındakı müddətdə İranın nüvə proqramı ətrafında vəziyyəti daha da gərginləşdirən hadisə yaşanıb: BMT Təhlükəsizlik Şurasının İrana uranın zənginləşdirilməsini dayandırmaq üçün 1747 saylı qətnamə ilə verdiyi 60 günlük müddət başa çatıb. Bununla əlaqədar MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) bildirib ki, qeyd olunan müddət ərzində İran nəinki BMT-nin tələblərinə məhəl qoymayıb, hətta uranın zənginləşdirilməsi istiqamətində fəaliyyətini daha da genişləndirib. BMT-nin sözügedən qətnaməsi isə, belə olan halda, İrana daha sərt siyasi və iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutur. Lakin böhranın aradan qaldırılması ilə məşğul olan "altılıq" (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) Tehrana daha bir şans vermək qərarına gələrək Solananı Laricani ilə danışıqlar aparmaq üçün İspaniya paytaxtına göndərdi.
Xatırladaq ki, görüş ərəfəsində Aİ rəsmisi maraqlı açıqlama ilə çıxış etmişdi. O bildirmişdi ki, Madriddə aparılacaq danışıqlar zamanı Tehrana elə təklif irəli sürüləcək ki, "ondan imtina edilməsi mümkün deyil". "Avropa İttifaqı İrana atomun istifadəsi ilə bağlı dünya texnologiyası ilə kömək etməyə hazırdır və bu, başqa heç bir ölkə üçün edilmir", - deyə Solana Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində qeyd edib. Onun sözlərinə görə, "altılıq" bunun əvəzində İranın sadəcə nüvə proqramının hərbi məqsədlər güdmədiyini təsdiqləməsini istəyir.
Bu bəyanata dərhal reaksiya verən ABŞ, dövlət katibi Kondaliza Raysın dili ilə bildirib ki, Vaşinqton Madrid görüşü haqda Solananın fikirlərini eşitmək istəyir və "yalnız bundan sonra qüvvədə olan sanksiyaların daha da artırılması və ya yeni metodların müəyyənləşdirilməsi haqda qərar veriləcək".
Rays ölkəsinin bu mövqeyini "Böyük səkkizlik" ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün ABŞ-dan Potsdama uçarkən təyyarədə açıqlayıb.
Həmin açıqlamasında Rays bir sıra digər vacib etiraflar da səsləndirib. Vaşinqtonun İrana qarşı "BMT TŞ çərçivəsindən kənar" sanksiyalar da tətbiq edə biləcəyini gizlətməyən dövlət katibi eyni zamanda həmkarlarını İrana təzyiqləri zəiflətməməyə çağırıb. Bundan başqa, o bildirib ki, İslam Respublikasının nüvə proqramı ilə bağlı yaşanan böhranın həlli ilə MAQATE yox, BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Bununla da Rays MAQATE rəhbəri Məhəmməd əl-Baradeyinin bir müddət əvvəl "New York Times" qəzetinə müsahibəsindəki fikirlərə ABŞ-ın neqativ münasibətini bir daha xatırladıb. Qeyd edək ki, həmin müsahibədə əl-Baradeyi İranın məhdud miqyasda uran zənginləşdirməsinin mümkünlüyünü söyləmişdi.
Amma Birləşmiş Ştatların İrana qarşı təzyiqləri artırmaq çağırışı Moskva tərəfindən qəbul edilməyib. Rusiyada nəşr olunan "Kommersant" qəzetinin məlumatına görə, XİN başçılarının Podstam görüşündə Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov həmkarlarını Tehranın nüvə haqqının tanınmasının vacibliyinə inandırmağa çağırıb. Onun fikrincə, İran bu sahədə müəyyən elmi fəaliyyət göstərə, MAQATE-nin mümkün saydığı həcmdə uranın zənginləşdirilməsi üçün texnikanı sınaqdan keçirə bilər. Kreml hesab edir ki, BMT TŞ-nin İrana qarşı yeni sanksiyalar paketini qəbul etməsinə tələsmək lazım deyil. "Tehranı sadəcə danışıqların davam etdirilməsinin vacibliyinə inandırmaq lazımdır", - deyə S.Lavrov qeyd edib. Moskvanın fikrincə, "altılıq" tərəfindən hazırlanmış "The Way Forward to Negotiations" ("Danışıqlar yolu") sənədi Tehrana yaxşı şans verir. Yeri gəlmişkən, Solana Laricani ilə görüşdə həmin sənəd İran rəsmisinə təqdim edilib.
Tehran isə bu "şans"dan yararlanmaq fikrində deyil. "Görüşdə bir çox ideyalar ətrafında söhbətləşdik. Düşünürəm ki, hər hansı prinsipial dəyişiklikdən danışmaq olmaz. Lakin biz bəzi vacib məqamlarla bağlı irəliləyişlərə nail olduq", - deyə görüşdən sonra jurnalistlərlə söhbəti zamanı Solana bildirib. - "Biz razılıq əldə edəcəyimizə ümidliyik".
Solana Laricani ilə iki həftədən sonra, yəni iyunun ortalarında daha bir görüş keçirəcəklərini də əlavə edib.
Danışıqlar pərdəsi arxasında
Təbii ki, siyasətçilər müəyyən addımlar atarkən, bunun nəyə gətirib çıxara biləcəyini əvvəlcədən təxmin edirlər. O da məlumdur ki, Ayın görünməyən tərəfi də var.
Avropa inadkar İranla, xüsusilə də müzakirələrin nəticəsiz olacağını bilə-bilə danışıqlar aparmaqla nəyə nail olub? Bu sualın bir neçə cavabı var.
Birincisi, təbii ki, ümid sonda ölür. Havyer Solana bütün dünyada kifayət qədər sərt elçi kimi tanınıb və güman ki, o, İranın Avropanın təklifləri ilə razılaşmasının ilk növbədə Tehran üçün əlverişli olduğuna inandırmağa çalışıb. Belə ki, İslam Respublikasının buna getməsi ilə yalnız onun üzləşə biləcəyi hərbi müdaxilə ehtimalı azalmır, həm də hazırda Amerika və bir sıra Avropa ölkələrinin israr etdiyi daha sərt sanksiyaların tətbiqi ehtimalları aradan qalxır.
İkincisi, bu, Aİ üçün öz ictimaiyyəti qarşısında Tehranın inadkarlığının mümkün nəticələri ilə bağlı siyasi məsuliyyəti öz üzərindən atması deməkdir.
Üçüncüsu, bu danışıqların aparılması hansısa səviyyədə bir sıra Avropa (həmçinin digər) ölkələrinin mövqeyinə aydınlıq gətirilməsi istəyindən irəli gəlir. Söhbət Tehrana qarşı sərt tədbirlərin görülməsinə qarşı çıxan və böhranın siyasi yolla aradan qaldırılması imkanlarının tükənmədiyini düşünən dövlətlərdən gedir (bir daha qeyd edək ki, Solana sərt praqmatik siyasətin tərəfdarı kimi tanınır. O həmişə, həmçinin, NATO-nun baş katibi olarkən məhz bu mövqeyinə görə Vaşinqtonun inamını qazanıb. Məhz Solana bu tip məsələlərdə Amerika ilə Avropa dövlətlərinin mövqelərinin yaxınlaşmasına nail olub). Bir məqama da diqqət yetirmək lazımdır ki, Aİ-İran danışıqları "Böyük səkkizlik" ölkələri başçılarının İran problemini də müzakirə etdikləri Xayliqendamm sammitindən düz bir həftə əvvəl baş tutub. İranın gözlənilmədən güzəştə getməsi də bununla əsaslandırılır və Tehran bu addımla özünə qarşı "G8"in sərt addımlarının qarşısını almağa çalışıb.
Dördüncüsü, tərəflərin daha bir görüş haqda razılığa gəlməsi onların İrana qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar vaxtı uzatmaq istəyindən xəbər verir. Unutmaq olmaz ki, BMT TŞ-nin Tehrana verdiyi 60 günlük müddətin sona çatması ilə əlaqədar olaraq, hazırda yeni sanksiyalar haqda qərarın qəbulu ehtimalı daha böyükdür.
Yuxarıda qeyd olunan bütün arqumentləri nəzərə alsaq, iki əsas nəticəyə gəlmək orlar: Avropa öz vicdanını maksimum "təmizləmək" istəyir (bunun üçün əllərindən gələni etdilər) və İranla bağlı ortaq məxrəcə gəlinməsinə çalışır, həmçinin ABŞ-ın İslam Respublikasına zərbə endirmək qərarı qəbul edəcəyi halda prosesdən "təmiz vicdanla çıxmaq" istəyir. Hadisələrin məhz bu cür inkişaf etmə ehtimalı isə yüksəkdir. Lakin bu haqda bir qədər sonra...
Putin İranı necə satdı?
Xayliqendamm sammitinin ən böyük sensasiyası Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Corc Buş ilə görüşündə yaşanıb. Söhbət Putinin ABŞ-a Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadə təklifindən gedir. Xatırladaq ki, Moskva bu stansiyanı 2002-ci ildən Azərbaycandan icarəyə götürüb və onun icarə müddəti 2012-ci ildə sona çatacaq. Kreml sahibi bu haqda Azərbaycan prezidenti İlham Əliyevlə danışdığını və onun razılığını aldığını da qeyd edib. Buş isə öz növbəsində faktiki olaraq Putinin bu təklifini qəbul edib və prezidentlər öz hərbi ekspertlərinə, həmçinin xarici siyasət idarələrinə bu istiqamətdə birgə məsləhətləşmələrə başlamağı tapşırıblar. Putin Buşla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib: "Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı mövcud müqavilə bizə bu addımı atmağa imkan verir. Dünən mən Azərbaycan prezidenti İlham Əliyevlə söhbətləşmişəm və cənab Əliyev bundan şad olacağını söyləyib... Biz bunu muxtar şəkildə edəcəyik və sistem yalnız Avropanın bir hissəsini deyil (Çexiyada qurulması nəzərdə tutulan radar kimi - red.), bütünlükdə Avropanı əhatə edəcək... Bu, Avropa ölkələrinə mümkün raket hücumlarını birmənalı olaraq istisna edəcək... Bu, ehtiyacı aradan qaldıracaq... Daha doğrusu, bizim raketlərimizi Avropaya yönəltməməklə bağlı mövqeyimizin dəyişməməsinə səbəb olacaq... Raket komplekslərimizin Avropa sərhədləri yaxınlığında... və kosmosda... yerləşdirilməsi zərurəti aradan qalxacaq. Lakin biz ümid edirik ki, bu danışıqlar birtərəfli fəaliyyətə başlanması üçün örtük kimi istifadə olunmayacaq. Çünki İran kimi hər hansı ölkə nüvə silahını sınaqdan keçirmək qərarına gələrsə, bizim ümumi qurğumuz bunu qeydə alacaq... Sınaqdan sonra əsl belə növ silahın əldə edilməsinə ən azı 3-5 il tələb olunur ki, bu müddət Hava Hücumundan Müdafiə Sisteminin qurulması üçün kifayətdir... Yəni, danışıqlarımız nə qədər uzun çəksə də gecikməyəcəyik".
Beləliklə, Rusiya prezidenti Azərbaycan ərazisində yerləşən və Moskva üçün böyük əhəmiyyət kəsb edən obyektdən hətta İrana qarşı da ABŞ-la birgə istifadə etməyə razılıq verib! Bununla o, Amerika hərbçilərinin Rusiyanın cənubunda yerləşməsinə faktiki olaraq razılaşıb. Buraya gələcəkdə havaya buraxılan raketlərin qarşısının alınması üçün HHM sistemlərinin yerləşdirilməsinə dair bəyanatları da əlavə etsək, məlum olur ki, Rusiya hətta ABŞ hərbi bazalarının Azərbaycan və ya Gürcüstanda yerləşdirilməsinə də razıdır. Bunu Putinin digər bir fikri də təsdiqləyir: "...Bu, Avropa ölkələrinə raket hissələrinin düşməsi ehtimalını da aradan qaldırır və onların hamısı dənizlərə və ya okeana düşəcək".
Təbii ki, İran Rusiya prezidenti tərəfindən atılan bu addımı heç cür "dost münasibəti" kimi qəbul edə bilməz. Hətta ABŞ-ın Rusiya sərhədlərində HHM sistemləri yerləşdirməməsi üçün Moskvanın yaxın gələcəkdə könüllü şəkildə İrana qarşı yeni və daha sərt sanksiyaların qəbuluna razılıq verəcəyi də istisna edilmir.
Müharibəyə hazır olanlar!
Almaniyada keçirilən "Böyük səkkizlik" ölkələri sammitindən cəmi bir neçə gün qabaq, iyunun 6-da CNN telekanalının efirində ABŞ prezidentliyinə respublikaçı namizədlər arasında teledebat keçirilib. Müzakirələr zamanı əsas diqqət İranın nüvə proqramı ətrafındakı vəziyyət və Yaxın Şərq münaqişəsinə yönəlib. Son sorğulara əsasən respublikaçı prezidentliyə namizədlər arasında lider olan Nyu-Yorkun sabiq meri Rudolf Culiani bəyan edib ki, İranın nüvə silahına malik olmasının qarşısını adi silah vasitəsi ilə almaq mümkündür. Eyni zamanda o, İran obyektlərinə qarşı taktiki nüvə silahından istifadənin mümkünlüyünü də qeyd edib. "İran yaxşı bilir ki, onun nüvə silahına malik olması Birləşmiş Ştatlar üçün yolverilməzdir", - deyə Culiani bildirib. - "İran yalnız raketlərinə nüvə başlıqları keçirə biləcəyi üçün nüvə təhlükəsi deyil. Tehran həm də ona görə nüvə təhlükəsi sayılır ki, o, terrorizmə sponsorluq edən böyük bir dövlətdir və hər an terrorçuları nüvə materialları ilə təchiz edə bilər".
Qeyd edək ki, Amerika respublikaçılarından prezidentliyə namizədlərin, demək olar ki, hamısı İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məqsədi ilə bu ölkəyə hərbi müdaxilənin vacibliyini bildirir. Hətta qarşıdan gələn seçkidə Buşun İraq və Əfqanıstan müharibələrini sərt şəkildə tənqid edən demokratların namizədinin qələbə çalacağını güman etsək, bu zaman da Tehran üçün heç də yaxşı perspektivlər görünmür. Demokrat namizədlər bu məsələ ilə bağlı daha ehtiyatlı mövqe nümayiş etdirsələr də, onlar bütün istiqamətlərdə yekdilliklə İsraili dəstəkləyirlər. Sorğulara əsasən, demokratlardan olan prezidentliyə namizədlər arasında liderliyi əldə saxlayan senator Hillari Klinton da "son vasitə kimi" İrana hərbi zərbələrin endirilməsinin istisna edilmədiyini açıqlayıb. O, eyni zamanda hesab edir ki, Amerikanın Yaxın Şərq siyasətində əsas şərt İsraillə möhkəm və yaxın münasibətlər olmalıdır. İsrailin İranla münasibətlərinin necə olduğu isə məlumdur. İran rejiminin hansı ölkəyə qarşı təxribatçı siyasət yürütdüyü də heç kimə sirr deyil. İsrailin İranın simasında üz-üzə qaldığı hərbi və raket təhlükəsi haqda isə nəsə demək artıq olar...
MƏSLƏHƏT GÖR: