
NƏTİCƏSİZ SƏS-KÜY
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti səs-küylü fəallığı yenə də nəticə vermədi
Müəllif: NURANİ Bakı
Qarabağ münaqişəsinin həllinə dair 10 ildən artıq aparılan danışıqlar prosesinə dair Azərbaycandakı nikbinlik, çox güman ki, heç zaman indiki qədər məyusluqla əvəzlənməmişdi. ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov və Bernar Fasiyenin Bakıda həmsədrlərin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi saymaları, həmçinin ilk olaraq işğal altında olan 7 rayonun boşaldılmasının vacibliyi haqda bəyanatları gözlənildiyi kimi, vasitəçilərin "pişik Leopoldun diplomatiyası"ndan imtana etmələri haqda rəy yaratdı. Sanki onlar bununla, nəhayət, dəqiq və aydın mövqe nümayiş etdirməyə başladılar. Məhz bu səbəbdən Azərbaycanda belə bir ümid yarandı ki, həmsədrlər təmsil etdiyi ölkələrin münaqişənin həllinə dair konkret planını açıqlayır və yaxın zamanlarda yeddi rayonun boşaldılması və qaçqınların öz torpaqlarına qayıtmaları reallığa çevriləcək.
Lakin bundan sonra Yerevana gələn həmsədrlər orada başqa bəyanatlar səsləndirməyə üstünlük verdilər. Ermənistanda keçirdikləri mətbuat konfransıda Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov ölkəsinin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını desə də, bildirdi ki, bu, Moskvanın həmin ərazini Azərbaycanın tərkib hissəsi hesab etməsi anlamına gəlmir. Daha sonra o, Qarabağın de-yure statusunun müəyyən olmadığını, münaqişəyədək isə onun Azərbaycan SSR-in muxtar vilayəti kimi yadda qaldığını söylədi. O, Qarabağ münaqişəsinin əvvəlcə dövlətdaxili problem olduğunu, sonradan isə beynəlxalq münaqişəyə çevrildiyini, Qarabağın münaqişə subyektindən obyektinə çevrildiyini bəyan etdi. "Bu gün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Bizim ölkəmiz də onu müstəqil qurum kimi qəbul etmir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin bu, Rusiyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etməsi demək deyil. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi idi, ona qədər isə Rusiya imperiyasının tərkibində olub", - deyə KİV-in məlumatına görə, rusiyalı diplomat qeyd edib.
Bakı dərhal məsələyə reaksiya verərək, Ermənistan mətbuatında yer alan bu fikirlərin həqiqətən Merzlyakovun dilindən səslənib-səslənmədiyinin araşdırılacağını bildirib. "Biz hələ ki bunun erməni mətbuatının yazdığı kimi olub-olmadığını bilmirik. Vəziyyəti araşdırırıq. Əgər Merzlyakov belə bəyanat səsləndiribsə, bu, beynəlxalq hüquq və normalara tam ziddir. Belə fikir həmçinin Rusiyanın və Minsk qrupunun mövqeyi ilə də ziddiyyət təşkil edir. Bir sözlə, bu gün açıqlama vasitəçi funksiyası ilə bir araya sığmır", - deyə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Bununla yanaşı, Əzimov bir daha qeyd edib ki, "Cənab Merzlyakovun belə fikir işlətməsinə inanmaq çətindir... Əgər bu açıqlama verilibsə, biz onun cavab verməsi və məsuliyyətsizliyi məsələsini qoyacağıq. Çünki bu, vasitəçi funksiyası və normalarının tam şəkildə pozulmasıdır. Bundan başqa, biz bu açıqlamaya Azərbaycan və Ermənistan prezidentlərinin görüşü öncəsi atılan məsuliyyətsiz və provakasion addım kimi baxırıq".
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov isə sanki vəziyyəti düzəltməyə çalışıb: "Rusiyalı həmsədrin belə fikirlər səsləndirmədiyini təsdiqləyə bilərəm. Moskvanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi aydındır və o, Rusiya-Azərbaycan ikitərəfli sənədləri də daxil olmaqla, bir çox sənədlərdə öz əksini tapıb. Bu dəqiq mövqe dəyişməz olaraq qalır".
Bir sözlə, ya Merzlyakovun dili "dolaşıb", ya bütün jurnalistlər "səhv başa düşüb", ya da vasitəçilər hər ölkədə orada eşitmək istənilən fikirləri səsləndirirlər.
Fransalı həmsədr Berna Fasiye isə bildirib ki, Dağlıq Qarabağın müstəqilliyi nəinki Minsk qrupunun həmsədri olan ölkələr, həmçinin Ermənistanın özü tərəfindən də tanınmayıb. "Hesab edirəm ki, bu, beynəlxalq hüquq məsələsidir", - deyə fransalı diplomat qeyd edib.
Minsk qrupunun Amerikadan olan həmsədri Metyu Brayza isə daha da irəli gedərək, KİV-də ona istinadən Qarabağ ermənilərinin nəzarətində olan 7 rayonun Azərbaycanın nəzarətinə verilməsi və həmin ərazilərdən köçkün düşmüş insanların geri qaytarılması məsələsinin həll olunduğuna dair məlumatları təkzib edib. "Biz ərazilərin qaytarılmasının ümumi prinsiplərini müzakirə etmişik və bu zaman həmin torpaqların nə vaxt qaytarılacağı haqda söhbət olmayıb", - deyən diplomat danışıqlar prosesində ümumi fundamental prinsiplərin müzakirə edildiyini və onun təfərrüatlarını açıqlamaq istəmədiyini söyləyib.
Beləliklə, iki ölkə prezidenti İlham Əliyev və Robert Köçəryanın iyunun 9-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində görüşü ərəfəsində hər iki tərəfdə vasitəçilərin müxtəlif paytaxtlarda səsləndirdiyi bəyanatlar və təkziblər bol idi. Bu isə özü-özlüyündə artıq görüşdə hansısa uğurun əldə edilməsi ehtimalını azaldırdı və belə də oldu.
Əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri Konstantinovsk Sarayında təkbətək, daha sonra isə iki ölkənin xarici işlər nazirləri və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşdülər. Ümumilikdə üç saat davam edən müzakirələrin yekununda prezidentlər mətbuat üçün heç bir açıqlama vermədilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə jurnalistlərə bildirdi ki, tərəflər "regionda uzunmüddətli sülhün əldə edilməsinə hesablanan əsas prinsipləri" müzakirə ediblər. Onun sözlərinə görə, danışıqlar davam edəcək.
E.Məmmədyarov Ermənistan rəsmilərinin danışıqlar prosesində ilk olaraq Dağlıq Qarabağın statusunu müəyyənləşdirilməli olması haqda bəyanatlarına da toxunaraq, bunu qeyri-konstruktiv mövqe adlandırdı: "Əgər erməni tərəfi yenə köhnə mövqelərinə qayıdaraq ilk olaraq Dağlıq Qarabağın statusu məsələsini qoyurlarsa, bu nə Praqa prosesinə, nə də münaqişənin mərhələli həlli prinsipinə uyğundur". Nazir xatırlatdı ki, indiyədək həm Azərbaycan, həm Ermənistan, həm də Minsk qrupunun həmsədrləri ilk olaraq erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu bildiriblər. "Daha sonra orada sülhməramlı kontingent yerləşdirilməli, ərazi (Dağlıq Qarabağ) bərpa olunmalı, infrastruktur yenidən qurulmalı, həmin torpaqlardan çıxarılmış azərbaycanlı qaçqınlar öz yurdlarına qayıtmalı və yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır. Əgər Ermənistan yenidən ilk olaraq status məsələsinin, daha sonra digərlərinin həlli haqda danışırsa, bu, qeyri-konstruktiv mövqenin nümayişindən başqa bir şey deyil. Bu, uzun müddətdir aparılan danışıqlar prosesinin ləğvi deməkdir", - deyə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirdi.
Bütün bunların fonunda həm Azərbaycan, həm də Ermənistan siyasətçiləri bir məqamda yekdil fikrə malikdirlər: vasitəçilər istənilən işlə məşğuldurlar, yalnız real nizamlamadan başqa. "Çətinləşən situasiya bir daha göstərdi ki, vasitəçilər, xüsusilə də Qərbi təmsil edən həmsədrlər regiondakı real vəziyyəti düzgün təsəvvür etmirlər və Yerevanla Bakının mövqeyi də onlara tam aydın deyil", - deyə Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan bildirib.
Azərbaycan Vətəndaş Cəmiyyəti İnkişafına Yardım Assosiasiyası Analitik Mərkəzinin rəhbəri, politoloq Fikrət Sadıqov isə deyir: "Minsk Qrupunun həmsədrlərinin regiona səfərləri tamaşaya, protokol mərasiminə çevrilib. Son zamanlar bu səfərlər böyük vədlər verilməsi, münaqişənin, demək olar ki, həll edildiyi, bir-iki mərhələ qaldığı haqda bəyanatların səsləndirilməsi ilə keçmişdəkilərdən fərqlənir. Amma realist olmaq lazımdır və mən onların görüşləri haqda o qədər də nikbin deyiləm" ("Exo").
Baş verənlərin fonunda daha təhlükəli görünən məqam var ki, bu da mütəmadi olaraq Dağlıq Qarabağ separatçılarının liderlərinin kifayət qədər sərt bəyanatlarla çıxış etməsidir. Xüsusilə vasitəçilərlə görüşdən sonra "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Arkadi Qukasyan "Qarabağın səbrinin ümidləri doğrultmadığını", Ermənistandan, ümumiyyətlə, danışıqlar prosesindən kənara çəkilməsinin istənilə biləcəyini və s. iddia edib. Üstəlik, həmsədrlərin işğal olunmuş torpaqların boşaldılmasına dair açıqlamasından sonra separatçılar hətta hədələyici bəyanatlar səsləndirməkdən belə çəkinməyiblər. Əvvəlcə "Qarabağ parlamenti"nin "Xarici Əlaqələr Komitəsi"nin rəhbəri Vaqram Atanesyan bəyan edib ki, "Dağlıq Qarabağ Respublikasının statusu və keçmiş DQMV ətrafındakı ərazilərin taleyini yalnız Dağlıq Qarabağ xalqı həll etməlidir və yalnız onların buna səlahiyyətləri çatır".
Daha sonra separatçı rejimin "xarici işlər nazirinin müavini" Masis Mailyan da fikrini bildirmək qərarına gəlib. O, daha da irəli gedərək iddia edib ki, "Bu gün "DQR"in 15 faiz ərazisi hələ də Azərbaycanın işğalı altında qalmaqdadır". "Rəsmi Bakı daim əsassız olaraq özünün interpetasiya etdiyi sərhədlərin beynəlxalq aləm tərəfindən tanınmasından danışır. Bu, həqiqətə uyğun deyil", - deyə Mailyan qeyd edib.
Sən demə, Qarabağ "diplomat"larının fikrincə, dövlətin dünya ictimaiyyəti tərəfindən tanınması avtomatik olaraq onun sərhədlərinin tanınması anlamına gəlmirmiş. Mailyan deyib: "Təbii ki, bizim ölkəmiz hazırda keçmiş DQMV-nin əzəli qeyri-legitim sərhədləri çərçivəsində özbaşına hərbi və ərzaq təhlükəsizliyini təmin etmək gücündə deyil. Ərazi və sərhəd məsələlərini müzakirə edərkən biz daim bir məqamı xatırlamalıyıq ki, Dağlıq Qarabağ Respublikasının elan edildiyi ərazilərin 15 faizi hələ də Azərbaycanın işğalı altındadır". "Nazir müavini" onu da deyib ki, "Azərbaycanla Dağlıq Qarabağ arasında əldə edilmiş atəşkəs yalnız tərəflər arasında mövcud olan hərbi-siyasi balans hesabına saxlanılır. Müharibə zamanı azad edilmiş ərazilər isə strateji funksiya daşıyır".
Artıq bir çox analitiklər əmindirlər ki, Yerevan sadəcə Qarabağdakı əlaltılarının arxasında gizlənmək üçün zəmin hazırlayır: yəni "qarabağlıları" ya qonşuları ərazilərdən çıxarmaqdan nümayişkarcasına imtina edəcək, ya da hərbi əməliyyatları bərpa edərək, nizamlanma məsələsinin Yerevanla deyil, Xankəndi ilə həll edilməli olduğunu önə çəkəcəklər.
İstənilən halda, Qarabağ separatçılarının yalnız regional mentalitetləri baxımından belə sərt bəyanatlar səsləndirməsi inandırıcı görünmür.
MƏSLƏHƏT GÖR: