14 Mart 2025

Cümə, 22:35

MAHNI "AZLIQDA" QALDI

“Avrovijn-2007” müsabiqəsi daha çox geylərin dünya paradını xatırladırdı

Müəllif:

01.06.2007

Artıq 52-ci dəfə keçirilən növbəti beynəlxalq Avrovijn müsabiqəsi başa çatsa da, onunla bağlı təlatümlər hələ də davam etməkdədir. Bəziləri ölkələrinin təmsilçilərinin layiqli yer tutmamasından narazıdır, bəzilərini isə xoşlamadıqları qonşularının uğurları hiddətləndirib... Üçüncülərə isə  sadəcə bütün bunlara kənardan şərh vermək qalır. 

 

Fəxri kürsüdə sürprizlər

Dünyanın hər yerindən 150 milyona yaxın insan artıq çoxdan vokal istedadlara baxışdan (şübhəsiz, bu funk-siyanı da itirmədən), siyasi maraqların nümayişinə çevrilən bu möhtəşəm şounun iştirakçılarına səs verdi. Bu və ya digər ölkənin digər ölkəyə verdiyi ballardan, demək olar ki, həmişə "kimin kimə qarşı kiminlə dostluq etdiyini" müəyyənləşdirmək mümkündür. Burada ənənəvi, onilliklər ərzində dəyişməyən "qardaş məhəbbətinə" örnəklər də var. Bəzən bu, həqiqi, ciddi dostluğa dəlalət edir, əksər hallarda isə milli azlıqların diasporlarının fəallığının nəticəsidir. Hərçənd, bu və ya digər siyasi durum fonunda bəzən məhz Avrovijndə elə şeylər görürsən ki, lap məəttəl qalırsan...

Bu sahədə sürprizlərə ən son nümunə Rusiyanın "Serebro" qrupuna... Estoniyanın  ən yüksək bal verməsidir. Yoxsa, "Tunc əsgər"ə görə "mənəvi kontribusiya" ödəmək qərarına gəliblər? Doğrudur, sonda yenə də "Gümüş" "gümüşə" yetişə bilmədi...

Amma kollektivin tələm-tələsik məhz Avrovijndə iştirak üçün yaradıldığını nəzərə alsaq, bu qədər rəqib arasında "bürünc" də böyük nailiyyətdir.

Avrovijn-2007 tamaşaçılara bir neçə başqa "bomba" da təqdim etdi. Söhbət fəxri kürsüdəki iki digər yerdən gedir. Serbiyalı Mariya Şerifoviç Avrovijnin, şükürlər olsun, hələ tamamilə siyasi tədbirə çevrilmədiyini, ifaçının xarici görünüşünün estradadan daha çox, operaya müvafiq olmasına baxmayaraq, burada yaxşı səsin hələ də rol oynadığını göstərdi. Yeri gəlmişkən, Avrovijni "gözlərilə sevənlər"i belə bir fakt da sevindirdi ki, səhnədə "qızıl səsli" (tutduğu yerə əsaslansaq) "tompuşu" müstəsna olaraq 90x60x90 ölçülərinə malik nazəninlər müşayiət edirdi. Bəlkə, bu müsabiqədə uğur qazanmağın resepti də elə budur: həm əsl musiqisevərlərin, həm də estradanı, ilk növbədə, əyləncə, yəni hər şeydən əvvəl, baxışlara zövq verən bir şey sayanların zövqlərinə uyğun olmaq məharəti...  

Lakin Verka Serdyuçko nümunəsi bu reseptin də ideal olmadığını göstərir. Bu il Avrovijndə ikinci yer real insana yox, uydurma personaja verildi. Bu, ona bərabərdir ki, məsələn, 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı Mixail Şoloxova deyil, məsələn, Qriqori Melexova veriləydi. Amma obrazın yumoristik yönümünü nəzərə alaraq, burada Şukar baba ilə analogiya daha yerinə düşərdi... (nümunələr Azərbaycanla bağlı verilsə, daha yaxşı olar). Buna baxmayaraq - gümüş mükafat! Avrovijnə qarşı Rusiya-Ukrayna münasibətləri qoyularsa, Ukraynanın təqdim etdiyi mahnı kifayət qədər maraqlı görünər. Məlum olduğu kimi, mahnıda "Qud bay, Raşa" - "Əlvida, Rusiya" sözləri vardı. Müsabiqə başlamazdan əvvəl Rusiya tərəfi Verka Serdyuçka ilə bu sözlərin Avropa səhnəsindən səsləndirməməsi barədə razılığa gəlmişdi. Lakin bu personaj verdiyi vədə əməl etmədi. Deməli, Verka Serdyuçkanın onu ərsəyə gətirən Rusiya estradasına yolu qapandı.

Ən maraqlısı isə odur ki, bu il Avrovijn mükafatçılarının çoxu seksual azlıqarın nümayəndələridir - insan hüquqlarına əsl avropasayağı "riayət etmənin" gerçək nümunəsi. Bu gün üçün kifayət qədər aktual məsələ və özünəməxsus uğur resepti.

"Özününküləri" dəstəkləmək üçün Finlandiya paytaxtına seksual azlıqların minlərlə təmsilçisi toplaşmışdı. Helsinkidə onlar üçün xüsusi olaraq rəsmi fan-klub açılmışdı. Heç də təəccüblü deyil ki, kluba gələnlər Dima Koldun, Verka Serdyuçka, danimarkalı transvestit Piter Andersen, İsveçdən The Ark biseksual rok qrupuna (onun solistini "yeni Freddi Merküri" adlandırırlar) üstünlük verirdilər. Müsabiqədə qalib gələn mahnını - serb "Dua"sını isə hətta qeyri-ənənəvi oriyentasiyalıların himni də adlandırırdılar.

 

Qonşulara nəzər saldıqda

Müsabiqədə ilk üç yeri tutanların ən yüksək bal mənbələrini təhlil etdikdə aydın olur ki, müvəffəqiyyət qazanmağın daha bir ən gerçək resepti (həm də təkcə Avrovijndə yox) bölgədə sağlam mühit, qonşularla yaxşı qarşılıqlı münasibətlərdir. Əlamətdardır ki, həm Serbiya, həm də Ukraynaya maksimum ballarla, ilk növbədə, qonşu ölkələrin təmsilçiləri səs veriblər. Bu qayda elə Rusiyaya münasibətdə də özünü doğrultdu: ona ən yüksək bal verən hər üç ölkə - Estoniya, Belarus və Ermənistan "bir addımlıqda" yerləşir.   

Əlbəttə, "cari məqam" da önəmlidir. Hətta bu il Avrovijn fəxri kürsüsünə "slavyan həmləsi"ni nəzərə alsaq da, başqa bir məsələ də düşündürücüdür. Niyə fəxri kürsüyə epataj "lirikası" yalnız postsovet məkanı sakinləri üçün anlaşıqlı olan Verka Serdyuçko çıxa bildi, səsi və xarici görünüşü təkcə 15 yaşlı gənc qızların deyil, istənilən yaşda və istənilən ölkədən olan xanımların da ağlını başından ala bilən Dmitri Kolduna isə bu nəsib olmadı? Bəlkə ona görə ki, Ukraynadan fərqli olaraq, Belarus hazırda bir çox maraqların kəsişdiyi nöqtə deyil?

Digər tərəfdən, həmişə olduğu kimi, Avrovijn-2007 müəyyən bağlılıqların daimiliyinə dair tam bir sıra örnəklər də nümayiş etdirdi. Bunlardan biri də bu müsabiqədə erməni müğənnisi Aykoya ən yüksək bal verən ölkələrin siyahısıdır. Bu, bir çox cəhətdən ənənəvi siyahıdır... Türkiyə və Gürcüstan maksimum səviyyədə (12 bal) iştirak etdilər... Burada elə qəribə bir şey yoxdur. Qəribəsi bu baxımdan Fransa ilə Rusiyanın onlardan bir qədər geri qalmalarıdır (10 bal). Yeri gəlmişkən, daha bir ənənəvi faktı qeyd edək - şimal qonşusuna növbəti dəfə ehtiramını bildirən Ermənistan "Serebro" qrupuna 12 bal verməyi unutmadı. Kiprin Aykoya 8, Yunanıstanın isə 6 bal verməsi də təəccüblü deyil. Bu sıraya həmin "tarixi qarşılıqlı yardım" nümunəsinə uyğun gəlməyən ölkələr tərəfindən verilən yüksək ballar daxil deyil. Nəticə - Ayko birinci onluğa daxil oldu. Ermənistanda Aykonu necə qarşıladıqlarını deyə bilmərik, amma onun kimi, birinci onluğa daxil olan (həm də daha yüksək göstərici ilə - 6-cı yer) Dmitri Koldunun bircə rəsmən milli qəhrəman elan edilməsi çatmırdı: təyyarə meydanında düz trapa qədər xalça döşəndi, prezident onu şəxsən təbrik etdi.   

Bizim üçün daha bir fakt önəmlidir: bölgəmizin ölkələrindən birinin təmsilçisi (Ayko) 138 bal toplayaraq 8-ci, digərinin nümayəndəsi isə (Gürcüstandan olan Sofo Xalvaşi) 97 balla 12-ci yeri tutdular. Qonşulara nəzər salmaqda davam etsək, qanqaralığımız bir az da artar: Rusiya, "bürüncə" sahib çıxsa da, fəxri kürsüyə yüksəlib, Türkiyə isə onun bir addımlığında dayanıb - 163 bal toplayan Kənan Doğulu 4-cü yeri tutub. Bəs biz? Biz isə yalnız şərh verməklə məşğuluq...

 

Nə etməli və kimdir müqəssir?

Zəngin musiqi mədəniyyətinə malik Azərbaycanın bu beynəlxalq tədbirdən hələ də kənarda qalmasının səbəbləri barədə yalnız kədərli mülahizələr yürütmək olar. Axı bizdə artıq 2 ildir ki, bu tədbiri işıqlandıran İctimai Televiziya var (ölkənin ərizəsinin qəbulu üçün belə bir televiziyanın olması və müsabiqəni işıqlandırması şərtlərdən biridir). İştirakçı ölkələr üçün ödəniş payı isə yüksək olsa da, çətin ki, Azərbaycan kimi imkanlı bir ölkəni qorxuda bilsin.

Bəs onda səbəb nədir? Mahnılardan danışsaq, ölkəmizdə gözəl estrada bəstəkarları və mahnı yazan şair kifayət qədərdir! Görünür, məsələ ifaçılarla bağlıdır... axı vaxtilə Azərbaycan dünyaya, estrada da daxil olmaqla, çoxlu gözəl müğənnilər bəxş edib. Lakin klassik musiqi sahəsində ənənələr indi də davam etdiyi halda, Avrovijnə Azərbaycanın təmsilçisini göndərmək fikrinə düşən (əgər bu, nə vaxtsa baş tutarsa) potensial təşkilatçılar estradaya diogenvari - əldə çıraq və "Adam axtarıram!" çağırışı ilə çıxmalı olacaqlar.  

Deməli, klassik sənət müsabiqələrində qalib gəlməyə qadirik. Estradadan söz düşəndə isə sanki bizdə heç belə bir şey yerli-dibli yoxdur. Toylarda oxumaq lazım gələndə, nə qədər istəsən, cürbəcür "ulduz" peyda olur, Avrovijnə yollanmaq tələb olunduqda isə heç kim tapılmır. Halbuki bir az dərindən fikirləşsək, bir neçə layiqli ifaçının adlarını çəkmək olar. Amma biz bunu etməyəcəyik, çünki dərhal adları çəkilməyənlər peyda olacaqlar və yenə növbəti belə müsabiqəyə lap az qalana qədər növbəti qırğın düşəcək, müsabiqə ərəfəsində isə hamısı pişik görmüş siçan kimi cınqırını da çıxarmayacaq... Burada Avrovijnə münasibətdə estradamız qarşısında, onun qədər əzizlənib, toylarda çiçəklənməsə, caz-klublar və barlarda qapanıb qalsa da, görünməmiş templərlə inkişaf etməkdə olan rok musiqimizin timsalında alternativ təklif etmək istərdik! Bəlkə, belə bir variantı da nəzərdən keçirməyə dəyər? 

Hər hansı bir halda, Azərbaycanın da yaxın gələcəkdə Avrovijn iştirakçısı olacağına ümid etmək istərdik. İndiki mərhələdə bizim üçün fəxri kürsüyə yol tapmaq o qədər də önəmli deyil (birinci dəfədən bu, çətin ki, mümkün olsun!). Əsas məsələ belə önəmli tədbirdə özümüzü tanıtmaqdır. Hələ ki gec deyil, hər il keçirilən və səsləri  mükafatlandırılan, paralel olaraq, iştirakçı ölkələrin, ilk növbədə, gənclərin (ən önəmlisi!) gözündə imicini də formalaşdıran bu möhtəşəm toplantıya qoşulmaq lazımdır. Tezliklə çox şeyi məhz həmin nəslin zövqləri və dünyagörüşü formalaşdıracaq. Gecikməsək, yaxşıdır... Ən əsası, qonşularımızın bizə münasibətini Avrovijn prizmasından öyrənmək pis olmazdı.


MƏSLƏHƏT GÖR:

478