Müəllif: Alyona MOROZ Bakı
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyə aparan yolda olduğu indiki məqamda bəzi ekspert-iqtisadçılar ölkədə istehsal olunan əmtəələrin nə dərəcədə rəqabət qabiliyyətli olması sualını verirlər? Bizi gələcəkdə bazarımızın idxal malları ilə dolması, nəticədə, yerli istehsalçıların bərpası mümkünsüz olan itkilərə məruz qalması təhlükəsi gözləmir ki? Nəhayət, Azərbaycan xarici istehlakçılara neft və qazdan savayı nə təklif edə bilər?
Əsas məsələ keyfiyyətdir
Ölkə istehsalçılarının rəqabətə qadir olmalarından danışmazdan əvvəl, qeyd edək ki, Qərbdəki istehlakçıların böyük əksəriyyəti təkcə aldıqları məhsulların keyfiyyətinə deyil, adi diş fırçası, yaxud bahalı nootbuk olmasından asılı olmayaraq, qablaşmasına da çox vasvasılıqla yanaşırlar. Keyfiyyət nişanlarının olmasına da diqqət yetirilir. Bununla əlaqədar xatırladaq ki, Azərbaycanda lap bu yaxınlarda meydana çıxan İstehlak Mallarına Nəzarət üzrə Dövlət Xidmətinin vəziflərinə əmtəələrin keyfiyyətinə nəzarət, həmçinin, AB-yə ixrac olunan əmtəələrin ekspertizasının keçirilməsi daxildir. Gördüyümüz kimi, indi əmtəələrin keyfiyyəti məsələsi, hətta hökumətdə də gündəmdədir.
Bakıda keçirilən seminarda isə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) baş katibi Alan Brayden hazırda Azərbaycanın bu təşkilatın işinə çox zəif cəlb olunduğunu bildirib. Başqa sözlə, ölkəmizdə istehsal olunan heç də bütün əmtəələr İSO keyfiyyət nişanına malik deyil. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin direktoru Ramiz Həsənovun sözlərinə görə, Azərbaycan beynəlxalq standartların yaradıldığı, dəyişdirildiyi və i. a. İSO-nun cəmi 3 komitəsinin üzvüdür, halbuki təşkilatda... 150 belə komitə var! "Biz daha 23 komitədə müşahidəçiyik. Onlardan biri (informasiya-texnologiya) ən yeni standartların alınması və onların Azərbaycanda tətbiqilə məşğul olur. Hazırkı durum Azərbaycanın İSO proqramlarına qoşulmasını zəruri edir", - deyə R.Həsənov bildirib.
İSO ilə əməkdaşlığın çox önəmli olduğunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də qeyd edib: "Əmtəə istehsalçısı məhsulunun keyfiyyətinin yaxşılaşdırmasının və İSO ilə əməkdaşlığın onun üçün nə dərəcədə sərfəli olduğunu dərk etməlidir. Bu, dünya bazarına çıxışdır".
A.Braydenin sözlərinə görə, hazırda Azərbaycanda İSO ilə əməkdaşlıq əmtəə istehsalçısının istəyindən asılı olduğu halda, yaxın gələcəkdə bu məcburi olmalıdır, çünki Azərbaycan məhsullarının dünya bazarına dolğun ixracı beynəlxalq standartların da məcburi tətbiqini tələb edir.
Ölkədə istehsal olunan malların rəqabət qabiliyyətindən danışarkən, onu da qeyd etmək lazımdır ki, onların üzərində keyfiyyət nişanının olmaması ilə yanaşı, ixracın artırılmasına mane olan başqa problemlər də mövcuddur. İxracın və Sərmayələrin Dəstəklənməsi Fondunun (AZPROMO) sədri Emil Məcidov "R+" müxbirilə söhbətində aşağıdakıları bildirdi: "Qeyd etmək lazımdır ki, Azərbaycan kimi kiçik bir ölkə çoxlu əmtəə üzrə rəqabət qabiliyyətli ola bilməz. Odur ki, iqtisadiyyatın xaricdə istehsal olunmuş əmtəələrlə uğurla rəqabət apara bilən yüksək keyfiyyətli əmtəələr təqdim edə bilən bir neçə ən perspektivli sahəsini seçmək daha məntiqi olar". Müsahibimizin sözlərinə görə, AZPROMO artıq seçimini edib və bu, strateji yox, taktiki seçimdir: "Bu, təbii şirələr və fındıq ixracıdır. Dövlətin öz seçimi. Biznes dairələrinin isə öz seçimi ola bilər. Qeyd etmək lazımdır ki, seçimimiz heç də təsadüfi deyil. İxracın dəstəklənməsi sisteminin hələ formalaşmadığı bir şəraitdə, iş adamı ya mövcud xammal bazasına, ya da təbii-iqlim şəraitinə əsaslanmalıdır. Bizdə ixracın sabit dəstəklənməsi, sığorta və subsidiyalar sistemi yaradılarsa, yüksək intellektual məhsulların, məsələn, informasiya-kommunikasiya texnologiyalarının ixracı barədə də düşünmək olar".
Lap bu yaxınlarda AZPROMO Aktauda Qazaxıstan hökuməti və Qərbi Qazaxıstanın işgüzar dairələrilə əlaqələr yaratmalı olan təmsilçiliyini açdığını bildirib. Bu yaxınlarda Qazaxıstana yeni Azərbaycan şirkətlərinin ayaq açacağı və onların bir hissəsinin qazax tərəfdaşlarına ixrac sövdələşmələri təklif edəcəkləri də istisna deyil. AZPROMO bu formatda yalnız Qazaxıstanla işləyir, digər MDB dövlətləri və uzaq xariclə isə mütəmadi olaraq biznes-forumlar keçirilir. E.Məcidovun dediklərindən: "Qeyd etməliyəm ki, bu gün çox az şirkətimiz ABŞ-a öz məhsulları ilə üz tuta bilər. Lakin bunu faciəyə çevirməyə ehtiyac yoxdur. Sadəcə, savadlı planlaşdırmaya ehtiyac var. Dünyanın 200-dən artıq ölkəsindən 100-dən çoxu ixrac subsidiyalarından istifadə edir, çünki ixrac istənilən ölkənin iqtisadiyyatının inkişafının önəmli tərkib hissəsidir. Məsələn, Latın Amerikasında məhsullarını xaricdə satan iş adamları hər ilin sonunda büdcədən satışın ümumi həcminin 30%-i qədər nağd vəsait alırlar və bu vəsait vergiyə cəlb edilmir. Odur ki bu gün Azərbaycan şərabçısının arğentinalı həmkarı ilə rəqabət apara bilməsi ağlabatan deyil, çünki sonuncu dövlətdən xeyli vəsait alacağını bildiyindən məhsulunu maya dəyərinə satır. Bizim şərabçı isə məhsulun maya dəyərinə əsaslanaraq, satış bazarlarını müstəqil şəkildə axtarmaq məcburiyyətindədir. Odur ki ölkənin ixrac potensialının artırılmasında dövlətin dəstəyinin rolu həddən artıq böyükdür".
Hazırda təşkilat rəqabətə davamlı məhsul istehsalının dəyərinin hesablanmasının səciyyəviliyi məsələsilə məşğul olur. Yaxın vaxtlarda bu təhlilin nəticələri geniş ictimaiyyətə və Azərbaycan hökumətinə təqdim olunacaq.
Əsas diqqət?- Ənənəvi sahələrə!
E.Məcidovla iqtisad elmləri doktoru Rauf Cəbiyev də razılaşır: "İndi məhsullarımızın rəqabət qabiliyyətinin artırılması üçün dövlət tərəfindən orta və uzun müddət üçün proqramların işlənib hazırlanması prinsipial əhəmiyyətə malikdir. Diqqət kiçik və orta biznesin dəstəklənməsinə yönəldilməli, proqramlar hazırlanarkən rəqabət qabiliyyətinin ümumiləşdirilmiş indekslərindən istifadə edilməsi məqsədəuyğundur".
Öz növbəsində, Azərbaycan Marketinqi Cəmiyyətinin (AMC) beynəlxalq əlaqələr şöbəsinin başçısı Eldar Qocayev dünya ictimaiyyətinin Azərbaycan məhsulları barədə kifayət qədər məlumatlı olmaması problemini qeyd edir. Hazırda AMC ictimai əmtəə istehsalçısının potensialının təhlililə məşğul olsa da, E.Qocayevin fikrincə, bu gün Azərbaycan əsas diqqəti ixracın ənənəvi sahələrinə - qara kürü, balıq və kənd təsərrüfatı məhsullarına (məsələn, tərəvəz, meyvə, fındıq, çay, pambıq, yun və ipəyə) yönəltməlidir. "Perspektivdə süd məhsullarımız da dünya bazarında layiqli yer tuta bilər", - deyə AMC təmsilçisi bildirib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin başçısı Ramiz Həsənovun fikrincə, "Azərbaycan artıq bəzi ərzaq məhsulları növlərini, əsasən, şirələri, şərabları və s. dünya bazarlarına çıxara bilər". Lakin R.Həsənov onu da vurğuladı ki, bu gün bütün mövcud standartlar və texniki şərtlər beynəlxalq səviyyədə olanlarla əvəzlənməlidir.
Eyni zamanda, bəzi ekspertlər ciddi şəkildə güman edirlər ki, hətta məhsullarımızın əksəriyyətinin keyfiyyəti dünya səviyyəsinə yüksəldiyi halda belə, onların rəqabətə davamlı olacağını proqnozlaşdırmaq çox çətindir. Çünki başqa ölkələr də istehsal texnologiyasını daim təkmilləşdirəcəklər. Odur ki Azərbaycanın ixrac məhsullarının siyahısını genişləndirməyə can atan ölkə hökuməti sahibkarlığın inkişafını dəstəkləyir, qeyri-neft sənaye sektoru müəssisələrinin bərpası üçün güzəştli şərtlərlə avadanlıq və texnika təqdim edir. Eyni zamanda, beynəlxalq təşkilatların dəstəyi də təqdir edilir. Almaniyanın Texniki Yardım Cəmiyyəti (GTZ) Azərbaycanda özəl sektorun inkişaf etdirilməsi layihəsinin ikinci fazasının gerçəkləşdirilməsinə başlayıb. Layihənin rəhbəri Mixail Herlikin sözlərinə görə, 2010-cu ilin sentyabr ayına qədər həyata keçirilməli olan layihə üçün müxtəlif mənbələrdən 5 mln. avroya qədər vəsait cəlb etmək planlaşdırılır. İkinci fazanın əsas məqsədi Azərbaycan iş adamlarına məsləhət xidmətləri verilməsidir ki, bu da bir neçə istiqamətdə həyata keçiriləcək: "Belə ki, məsləhətlər iş adamlarının bölgələrdə istehsal etdikləri məhsulların keyfiyyətinin yüksəldilməsinə yönəldiləcək: onların rəqabətə davamlı, xaricdəki istehlakçılar üçün cəlbedici olması təmin edilsin".
İndi Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agent-liyi (USAID) tərəfindən maliyyələşdirilən "Kənd təsərrüfatı müəssisələrinin rəqabət qabiliyyəti" proqramı da gerçəkləşdirilir. Proqram Azərbaycan iş adamlarının gəlirlərinin məhsuldarlıq və kənd təsərrüfatı inkişafının dəstəklənməsilə artırılmasına yönəldilib. Azərbaycanın 6 iri şəhərində pərakəndə ticarətin auditinin gedişində isə "SIAR Consulting" şirkətinin mütəxəssisləri maraqlı faktlar aşkarlayıblar. Demə, hamımızın düşündüyümüzdən fərqli olaraq, Azərbaycan əhalisi təkcə evdə hazırlanan deyil, fabriklərdə konservləşdirilən tərəvəz və meyvələri də istehlak edirlər. Ən çox tələbat olan ərzaq məhsulları sırasında şirələr (54,4%), tomat (20,1%) və konservləşdirilmiş yaşıl noxudla (4,7%) yanaşı, artıq duza qoyulmuş xiyar da yer alıb (7,9%). Bu dördlük liderliyə sahib olaraq, birlikdə bazarın 87,1%-ni tutub. Lakin konservləşdirilmiş meyvə və tərəvəzlər (şirələr istisna olmaqla) arasında yerli istehsalçıların payı 60% təşkil edirsə, şirələr sektorunda bunun tam əksi müşahidə edilməkdədir. Burada həmin göstərici 29,3% olmaqla, Türkiyə və Ukrayna şirkətlərinin göstəricilərindən də müvafıiq olaraq 0,5 və 2% geri qalır.
Spirtsiz qazlı içkilər, çay, yağ və süd məhsulları sahəsində isə vəziyyət başqa cürdür. Bu bazarlar, əsasən, lokal istehsalçılar arasında bərabər bölüşdürülüb. Başqa sözlə, hazırda elə bir durum yaranıb ki, ərzaq məhsulları sektoruna cəlb olunan yerli şirkətlər relevnat bazarda çox yaxşı mövqelərə, həmçinin rəqabət qabiliyyətlərini artırmaq və gələcək inkişaf üçün kifayət qədər böyük potensiala malikdir. Lakin bu məqsədə səmərəli şəkildə yetişmək üçün distribüter siyasətinə yenidən baxılması, bəzi hallarda istehsal edilən əmtəələrin keyfiyyətinin yaxşılaşdırılması və hələlik xarici istehsalçıların lider olduqları yeni bazarlara çıxılması zəruridir.
P.S. İndi dövlətin qarşısında iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusən informasiya-kommunikasiya texnologiyalarının və kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məsələsi durur. Hökumətin dəyərləndirməsinə görə, prioritet sektorların dolğun inkişafı ölkəyə çoxdan arzu olunan ixraca istiqamətlənmiş məhsullar verə bilər. Lakin bu, gələcək üçün qeydlərdir. Bu gün isə kənd təsərrüfatı sahəsində çoxsaylı ekspertlər, bank, sığorta və nəqliyyat şirkətləri əməkdaşları, həmçinin sertifikatlaşdırma sahəsinin mütəxəssisləri hesab edirlər ki, ölkə bazarında dayanıqlı mövqelər əldə etmək, həmçinin əmtəələrini dünya bazarlarına çıxarmaq üçün istehsalçıların öz məhsullaının təkcə keyfiyyətinə deyil, qablaşmasına da diqqət yetirmələri zəruridir. Həmçinin, ticarət, sertifikatlaşdırma, kreditləşdirmə və nəql etmənin beynəlxalq qaydalarına yiyələnmək lazımdır. Bütün dünyada qayda belədir.
MƏSLƏHƏT GÖR: