
HƏR ŞEY İNDİ BAŞLAYIR
Azərbaycanda lizinqin gələcəyi var
Müəllif: Nurlana Quliyeva Bakı
Dünyada mövcud olan çoxsaylı maliyyə vasitələrindən Azərbaycanda hamısı da olmasa, hər halda, ən əsasları yer alıb. Artıq əhali bankları maliyyə piramidaları ilə eyniləşdirmir, onların xidmətlərindən həvəslə istifadə edir; orta sinif isə inkişaf etmiş bütün ölkələrdə geniş yayıldığı kimi, "kreditlə" yaşamağı öyrənməkdədir. Həm də söhbət təkcə şəhər sakinlərindən getmir, indi Azərbaycanın əyalətlərində də tədricən maliyyə bazarının imkanlarından yararlanmağa başlayırlar, lakin bu imkanlar hələlik əsasən kənd yerlərindəki iş adamlarını maraqlandırır. Dövlətin, həmçinin beynəlxalq təşkilatların və maliyyə institutlarının respublikada lizinq kimi maliyyə vasitəsini tətbiq və inkişaf etdirmək cəhdləri də lap əvvəldən elə məhz onlara istiqamətlənmişdi. Lizinqin müəyyən növlərinin şəhər iş adamları üçün də faydalı olmasına baxmayaraq, hələlik ölkəmizdə borcun bu növü əsasən aqrar sektorla bağlıdır.
Hökumətin himayəsində
Qeyd etmək lazımdır ki, hələlik bu sahə dövlət tərəfindən birmənalı şəkildə dəstəklənir. Belə ki, Azərbaycanda 100% dövlət kapitallı lizinq şirkəti - "Aqrolizinq" fəaliyyət göstərir. Birillik fəaliyyətdən sonra, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə "Aqrolizinq" ASC xətti ilə alınan texnikanın verilmə şərtlərinin yumşaldılması təklifilə çıxış etdi. Nazir İsmət Abbasovun sözlərinə görə, bölgələrdən bu ASC-ın satdığı kənd təsərrüfatı texnikasına yüksək rüsumlarla bağlı narazılıqların arası kəsilmək bilmirdi. Fermerlərin maliyyə durumu nəzərə alınarsa, texnikanın alışı, yaxud icarəyə götürülməsi onlara, həqiqətən, çox baha başa gəlirdi. "Bununla əlaqədar, biz ölkə hökumətinə konkret təkliflərlə müraciət etdik və müsbət cavab aldıq - texnika alışı zamanı kredit müddəti 5 ildən 10 ilə qədər uzadıldı. Həmçinin ipoteka razılaşması olduğu halda, girov təminatı texnikanın qiymətinin 50%-i həcmində təqdim edlir", - deyə nazir vurğuladı.
İ.Abbasovun "R+" müxbirinə müsahibəsində dediyi kimi, "Aqrolizinq"ə dövlət dəstəyinin üstünlükləri özünü cari ilin əvvəlində yanacağın bəzi növlərinin qiymətinin artırılmasından sonra əyani şəkildə üzə çıxdı: "O zaman özəl aqrotexservislər təqdim etdikləri xidmətlərin qiymətlərini qaldırsalar da, ASC-ın balansında olan obyektlər onları əvvəlki səviyyədə saxladılar".
Nazirin sözlərinə görə, kənd təsərrüfatı maşınları parkının təzələnməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycanda lizinq geniş perspektivlərə malikdir. Nazirliyin araşdırmalarına əsasən, kolxoz və sovxozların yenidən qurulmasından sonra özəlləşdirilən texnikanın 90%-i hazırda həm fiziki, həm də mənəvi aşınmaya məruz qalıb. Hesablamalar göstərir ki, 2015-ci ilədək ölkənin 30 min traktor, 25 min yük avtomobili, 4 min taxılyığan, 1,5 min yemyığan və 2,1 min pambıqyığan kombayna ehtiyacı var. Bütün bu texnikanın təzələnməsi üçün, təxminən, $500 mln tələb olunur. Fermer təsərrüfatlarının maliyyə imkanlarının zəif olması nəzərə alınarsa, onda yeni maşınlar almağın yeganə çıxış yolu lizinqdir.
Məsələ ondadır ki, digər maliyyə vasitələrilə müqayisədə lizinq şübhə doğurmayan bir üstünlüyə malikdir - uzun müddət üçün aşağı faizlə bağlanan razılaşmalar, müştərilərin geniş çevrəsinin yararlanmasının mümkünlüyü. Müəssisəyə bank krediti verilməməsi heç də o demək deyil ki, lizinq şirkətində də onu rədd cavabı gözləyir. Eyni bir potensial borcalana xidmət göstərərkən lizinq şirkəti kredit təşkilatından xeyli az risq edir, çünki müştəri tam hesablaşmayana qədər lizinq şirkəti əmlakın sahibi olaraq qalır.
80% faiz artım heç də son hədd deyil
Bu maliyyə alətinin belə aşkar üstünlüklərinə baxmayaraq, onun özəl strukturlar tərəfindən ölkəmizdə tətbiqi və inkişaf etdirilməsi son dərəcə passiv şəkildə həyata keçirilirdi. Lakin 4 il bundan əvvəl Beynəlxalq Maliyyə Korporasiyası (Dünya Bankının bir qurumu) Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün lizinq fəaliyyətinin inkişaf etdirilməsinə texniki yardım layihəsinin (ALDP) gerçəkləşdirilməsinə başladıqdan sonra hər şey dəyişdi. Layihə İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) tərəfindən təqdim olunan $1,324 mln həcmində yardım əsasında həyata keçirilirdi. Əvvəlcə, layihə 2003-cü ilin may ayından 2006-cı ilin may ayına qədər nəzərdə tutulsa da, sonradan onun müddəti 2007-ci ilin may ayına qədər uzadıldı.
Bu yaxınlarda layihənin bağlandığı bildirilsə də, bununla əlaqədar açıqlanan statistik məlumatlar həmin maliyyə alətinin ölkəmizdə uğur qazanacağına ümid yaradır.
Məsələn, BMK-nın Bakı təmsilçiliyinin rəhbəri Aliyə Əzimovanın sözlərinə görə, 2003-cü illə müqayisədə Azərbaycanda lizinq portfeli 80 dəfə, lizinq şirkətlərinin sayı isə 3-dən 25-ə qədər artıb. Bunlardan 12-si, məsələn, Ata Lizinq, Azərilizinq, AG Lizinq, Azərlizinq, Günaylizinq, Uluxanlı, Texnika Lizinq, Parex Lizinq və Uni Lizinq artıq fəal işləməkdədir. "ALDP-nin fəaliyyəti dövründə ölkədə lizinq portfeli artaraq, $0,9 milyondan 1 aprel 2007-ci il üçün $80 mln. səviyyəsinə çatıb. Lizinq layihələrinin sayı isə 787 olub ki, bu da 2006-cı ilin əvvəlindəkindən 2,1 dəfə çoxdur", - deyə ALDP sədri Elçin Əhmədov bildirib. Hazırda ölkədə lizinq portfeli 90 mln manata çatıb, üstəlik, 11 mln manat məbləğində daha 33 potensial layihə də var. Lizinq üzrə faiz dərəcələri illik 16-24% arasındadır. Əməliyyatların 90%-i Abşeron iqtisadi zonasında həyata keçirilir. 500 mln manat həcmində qiymətləndirilən potensial portfel artıq 2010-cu ildə 797 mln manat ($1122,5 mln) təşkil edəcək (Fineko informasiya və analitik agentliyi).
E.Əhmədovun fikrincə, layihənin qarşısına qoyulan vəzifələr - qanunvericiliyin təkmilləşdirilməsi, lizinq bazarında keyfiyyət və kəmiyyət göstəricilərinin yaxşılaşdırılması, lizinq assosiasiyasının yaradılması, maliyyə sektoru, iş adamları, dövlət orqanlarının təmsilçiləri üçün ixtisaslaşmış treninqlərin keçirilməsi, demək olar ki, yerinə yetirilib. Bundan başqa, ALDP bu sektora $11 mln cəlb edilməsinə yardımçı olub. Bu zaman lizinq şirkətləri həm beynəlxalq maliyyə institutlarının, həm də özəl sərmayədarların vəsaitlərini cəlb edə biliblər. E.Əhmədovun dediklərindən: "Beynəlxalq Maliyyə Korporasiyası $6 mln (UniLeasing üçün $5 mln və AG Leasing üçün $1 mln), Avropa Yenidənqurma və İnkişaf Bankı isə UniLeasing üçün $3 mln təqdim edib. Lizinq şirkətləri özəl sərmayədarlardan isə, təxminən, daha $2 mln kapitalda iştirak şəklində cəlb ediblər".
Problemlər həllini gözləyir
Lakin belə bir dəstəyə baxmayaraq, Azərbaycanda lizinq şirkətlərinin problemləri hələ də kifayət qədərdir. Bunların sırasına müsahibat qeydiyyatının mükəmməl olmaması, sürətli amortizasiyanın ləğvi, fəaliyyətdəki məhdudiyyətlər və əlbəttə, maliyyə ehtiyatlarının çatışmazlığı aiddir. Bununla əlaqədar, şirkətlər kredit almaq üçün beynəlxalq maliyyə institutlarına, məsələn, BMK-ya müraciət etmək məcburiyyətində qalırlar. Doğrudur, onu da qeyd etmək lazımdır ki, problemlərin bir çoxu həll mərhələsindədir. Məsələn, lizinq mühasibat qeydiyyatı standartlarının hazırlanması sahəsində real irəliləyişlər əldə edilib. E.Əhmədovun sözlərinə görə, artıq hazır olan və Azərbaycan Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən standartlar 1 yanvar 2008-ci ildən tətbiq ediləcək.
Bundan başqa, 2003-cü ilin may ayından indiyədək Azərbaycanın Mülki Məcəlləsinə 18 düzəliş edilib. Buna qədər isə Azərbaycanda lizinq fəaliyyətini tənzimləyən hüquqi əsaslar 1994-cü ildən fəaliyyət göstərən "Lizinq xidməti haqqında" Qanunla müəyyənləşirdi. MDB məkanında Azərbaycan lizinq fəaliyyəti üçün əsasların olduğu qanunun qəbul edildiyi yeganə ölkə idi. Lakin Vergi Kodeksi qüvvəyə mindikdən sonra onlar ləğv edildi və nəticədə, lizinq şirkətlərinin bank kreditlərinə tələbatı artdı. 2003-cü ildə Kodeksdən lizinq predmeti olan avadanlığın idxalının vergidən azad edilməsini nəzərdə tutan bənd də çıxarıldı. Lakin layihəni gerçəkləşdirənlər parlamentə, hökumət strukturlarına müraciətlər sayəsində, tədricən lizinq şirkətləri üçün ƏDV-dən azad lizinq ödənişlərinin tətbiqinə, vergiyə cəlbolunma mənbəyinin vergidən azad edilməsinə, əmtəələrin müəyyən qrupuna daxil edilən lizinq obyektlərinin idxalı zamanı ƏDV və gömrük rüsumlarından azad edilməsinə nail oldular. Bu zaman ALDP ekspertləri lizinq predmetinin idxalı zamanı hələik yalnız kənd təsərrüfatı maşın və avadanlıqlarına tətbiq olunan ƏDV-dən imtina praktikasının genişləndirilməsi perspektivini yüksək qiymətləndirirlər. "Biz ƏDV və gömrük rüsumlarından azad edilməsi məsləhət görülən lizinq obyektlərinin genişləndirilmiş siyahısını təqdim etmişik. Təkliflər İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə, parlamentə ünvanlanıb. Hazırda müzakirə prosesi gedir", - deyə E.Əhmədov bildirdi. Məsələnin həllinə Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası (ALCA) da qoşulacaq. E.Əhmədovun dediklərindən (Fineko): "Fikrimcə, bu layihələrin qəbulu üçün yaxşı perspektivlərimiz var, çünki hökumət tərəfindən mənfi münasibət olmayıb və onlar bizim təşəbbüsləri dəstəkləyirlər. Aydındır ki, proses onda iştiraka cəlb olunan bütün tərəflərlə müzakirə edilməlidir. Biz prosesin uğurla başa çatacağına ümid edirik".
Belə aşkar uğurlara baxmayaraq, ekspertlər hazırda lizinqin Azərbaycanda ÜDM-in cəmi 0,2%-dən bir az çox hissəsini təşkil etdiyini və bunun çox aşağı göstərici olduğunu qeyd edirlər. Lakin Unileasing ASC sədri Xalid Əsgərov 1news.az-a bildirib ki, şirkət yaxın gələcəkdə ÜDM-də lizinqin payının önəmli dərəcədə artacağını gözləyir. Ekspert hesab edir ki, "Azərbaycanın gur iqtisadi inkişafı özəl sahibkarlığı şərtləndirir, bu isə əsas vasitələrin lizinq vasitəsilə daim təzələnməsinə dəstək olur".
Gözləyək və ümid edək...
MƏSLƏHƏT GÖR: