Müəllif: Anar ƏZİZOV Bakı
Azərbaycanın sığorta bazarı keçən ilin böyük bir hissəsi ərzində müşahidə olunan böhrandan, deyəsən, birdəfəlik qurtulub. Birinci rübün nəticələri göstərir ki, bu il keçənilki durumun təkrarlanması gözlənilmir. Başqa sözlə, sığortaçıların mükafatları artacaq.
Beləliklə, cari ilin birinci rübü ərzində sığortaçıların mükafatlarının ümumi həcmi 36,8 mln manat təşkil edərək, keçən ilin yanvar-mart ayları ilə müqayisədə 29,49% artıb. Son 2-3 ildə sığorta bazarında belə yüksək artım templəri müşahidə olunmayıb, keçən ilin böyük bir hissəsi ərzindəki 7-10 faizlik enmə fonunda isə bu irəliləyiş, ümumiyyətlə, təəccüblü görünür. Lakin bununla belə, aparıcı sığorta şirkətləri ilin birinci rübündə işlərini fəallaşdıra biliblər ki, bu da sonda özünü əldə olunan nəticələrdə büruzə verdi. Həm də mükafatların artmasının təməlini həcmi 21,1% artaraq, 32,83 mln manata çatan könüllü sığortalar təşkil etdi. Doğrudur, sığortanın məcburi növləri üzrə artım bundan da çox - 3 dəfə olaraq, 3,97 mln manat təşkil etsə də, onların həcmi mükafatların artımını təmin etmək üçün kifayət edəcək qədər önəmli deyil.
Sığortanın məcburi növləri üzrə belə artım dövlət hakimiyyəti sistemində sığortanın inkişafı ilə əlaqədardır. Bu, hərbi qulluqçuların, həmçinin, dövlət qulluqçularının sığortalanmasına aiddir. Odur ki sığortanın məcburi növləri üzrə daxilolmanın artması 2007-ci ilin birinci rübünün nəticələrinə görə, 3 mln manat əldə edən "Azərsığorta" Dövlət Sığorta Şirkətində müşahidə olunub.
Odur ki belə şəraitdə ən önəmlisi könüllü sığorta bazarında durumu dəyərləndirməkdir. Diqqəti həyatın sığortalanması ilə bağlı növlər üzərində cəmləşdirməsək, bu il hələlik artım tibbi (2,2 mln manatdan 3,5 mln manata), bədbəxt hadisələrdən (0,7 - 0,9 mln manat) sığortalanmada, həmçinin sığortanın qəzalardan sığortalanma qrupuna aid növlərində müşahidə edilir.
Təbii ki, sığorta mükafatlarının artmasına ölkədə iqtisadi durum, o cümlədən inflyasiya meylləri də təsir göstərib. Belə şəraitdə, məsələn, şirkətlərin əksəriyyətində tibbi sığorta xidmətləri bahalaşıb.
Lakin birinci rübdə ödənişlər üzrə bunun əksi müşahidə edilib. Cari ilin yanvar-mart aylarında onların həcmi 6,81 mln manat olub və keçən ilin analoji dövrü ilə müqayisədə 43,33% azalıb.
Artım üçün şərait yaranıb: zamana və işləməyə ehtiyac var
Hazırda sığorta bazarındakı durum fırtına ərəfəsindəki sakitliyi xatırladır. Sığorta sektoru çox ciddi dəyişikliklər ərəfəsindədir. Həm də bu dəyişikliklər, əsasən, keyfiyyət səciyyəli olsa da, kəmiyyət dəyişikliklərinə də gətirib çıxara bilər.
Bazarda əsas keyfiyyət dəyişikliklərindən biri "Sığorta fəaliyyəti haqqında" və "Sığortanın məcburi növləri haqqında" iki yeni qanunun qəbul edilməsidir. Sığorta bazarının sonrakı inkişafı üçün təməl rolunu oynayacaq bu iki sənədin hazırlanması son mərhələdədir. Şərait əlverişli olacağı halda, hər iki sənəd cari ilin sonuna qədər qəbul ediləcək. Lakin "Sığorta fəaliyyəti haqqında" qanunun 2007, "Sığortanın məcburi növləri haqqında" qanunun isə 2008-ci ildə qəbul edilməsi variantı daha inandırıcı görünür.
"Sığorta fəaliyyəti haqqında" qanunun qəbulu ilə sığortaçılar adi iş rejimlərini dəyişmək məcburiyyətində qalacaqlar.
Məsələn, yeni qanunun qəbulundan sonra, bir neçə il bundan əvvəl banklar kimi, sığorta şirkətləri də mülkiyyət formasını dəyişməli olacaqlar. İndi banklar bazarda yalnız açıq səhmdar cəmiyyətlər şəklində fəaliyyət göstərə bilər. Hələlik, sığortaçılara münasibətdə belə tələb tətbiq edilmədiyindən, bir çox şirkət qapalı səhmdar cəmiyyət, məhdud məsuliyyətli müəssisə kimi fəaliyyət göstərir. Lakin qanun qəbul edildikdən sonra, bütün sığorta şirkətləri açıq səhmdar cəmiyyətlər şəklində fəaliyyət göstərməli olacaq. Gözlənildiyi kimi, hazırda ASC şəklində olmayan şirkətlərə mülkiyyət formalarını dəyişmək üçün azı 6 ay vaxt veriləcək. "Yeni qanunun qəbulundan sonra, demək olar ki, bütün sığorta şirkətləri mülkiyyət formasını dəyişməli olacaq. Maliyyə Nazirliyinin bu istiqamətdə planları onların hamısının diqqətinə çatdırılıb. Odur ki artıq indidən açıq səhmdar cəmiyyətlərə çevrilməklə məşğul ola bilərlər", - deyə Maliyyə Nazirliyində bildiriblər. İndi artıq biz bu prosesi izləyə bilirik, çünki səhmdar cəmiyyətlər getdikcə daha açıq səciyyə kəsb edirlər.
Hesab edilir ki, ASC forması şirkətdə şəffaflığın ən yüksək səviyyəsini təmin edir, korporativ idarəetmənin səviyyəsini yüksəldir, həmçinin zərurət yarandığı halda, ən qısa müddətdə şirkətə əlavə sərmayə cəlb olunmasına imkan verir.
Sığorta haqqında yeni qanun sığorta şirkətlərinin filial və təmsilçiliklər açmalarının sadələşdirilməsini də nəzərdə tutur. Hazırda qanunvericilik sığorta şirkətlərinin filial və təmsilçiliklər açmaları üçün Maliyyə Nazirliyindən icazə almalarını tələb edir. Nazirlikdə isə bu yönümdə siyasətlərinə yenidən baxmağı və proseduru önəmli dərəcədə sadələşdirməyi planlaşdırırlar. Yeni qaydalara görə, filial açmaq üçün sığorta şirkətlərinin icazə almalarına ehtiyac olmayacaq və onların bu barədə nazirliyi sadəcə məlumatlandırmaları kifayət edəcək. İndi Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir. Onlardan yalnız 7 şirkətin filial və təmsilçilikləri var, bunların ümumi sayı isə 40-a çatır. Lakin problem heç də yeni deyil, çünki sığortaçıların əksəriyyəti kənd ərazilərində özləri üçün elə böyük potensial görmür. Bölgələrdə sı-ğortanın inkişafı, ilk növbədə, rayonların özünün inkişafından asılıdır. Böl-gələrdə sahibkarlıq fəaliyyətini, elə həmin ipotekanı, istehlak kreditləşdirməsi sistemini inkişaf etdirmədən sığorta şirkətlərini orada filiallar açmaqda maraqlandırmaq çox çətin olacaq. Lakin ehtimal etmək olar ki, sığortaçıların ölkənin iri şəhərlərində filialları olmalıdır.
Qanunvericilikdə daha bir yenilik həyatın sığortalanması üzrə xidmətlər təklif edən sığorta şirkətlərinin lisenziyalaşdırılması sisteminin dəyişdirilməsi olacaq. Yeni qaydalara görə, sığortanın bu növü ixtisaslaşdırılmış olacaq ki, nəticədə, həm həyatın sığortalanması, həm də sığortanın başqa növləri ilə məşğul olmaq istəyən sığorta şirkətləri iki ayrıca şirkət yaratmaq məcburiyyətində qalacaqlar. Burada qəribə heç nə yoxdur, çünki bütün dünyada qəbul olunmuş qaydaya görə, həyatın sığortalanması sığortanın digər növlərindən köklü şəkildə fərqlənir. Bu fərqlər həm sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və sığorta daxilolmalarının qeydiyyatının aparılması qaydaları, həm də risqlərin yerləşdirilməsi və bir sıra başqa təfərrüatlarla bağlıdır. Üstəlik, dünyanın ən iri şirkətləri sığortalamanın müxtəlif növləri üzrə ixtisaslaşmış ayrıca şirkətlərə malik olmağa üstünlük verirlər. Məsələn, Amerikanın AİG şirkətində həyatın, enerji risklərinin və s. sığortalanması ilə məşğul olan ayrıca şirkət var. Keçmiş SSRİ məkanı ölkələrindən bu təcrübədən Qazaxıstanda ən fəal şəkildə istifadə edilir: burada həyatın sığortalanması üzrə fəaliyyət üçün ayrıca lisenziya tələb olunur.
Bu halda, ortaya belə bir sual çıxır - həyatın sığortalanması və sığortanın digər növlərilə məşğul olan şirkətlərimiz nə etməlidirlər? Prinsipcə, bununla bağlı elə bir xüsusi problem meydana çıxmır. Məsələ ondadır ki, hazırda Azərbaycanda həyatın sığortalanması, xüsusən də yığımşəkilli sığorta o qədər də inkişaf etməyib və bununla cəmi bir neçə şirkət məşğul olur. Bu növ üzrə mükafatların həcmi də bir o qədər çox deyil. Bununla belə, həmin sığorta şirkətlərinə seçim etmək üçün aralıq müddəti veriləcək. Onlar həyatın sığortalanması üzrə fəaliyyətlərini davam etdirmək istədikləri halda, ixtisaslaşmış yeni şirkət təsis etməli olacaqlar. Bundan başqa, aralıq dövrdə həmin şirkətlər qarşısında müəyyən sərt tələblər qoyulacaq. Bura kapitalın həyatın sığortalanması və sığortanın digər növləri üzrə bölüşdürülməsi şərti də daxildir. Həm də hər iki halda, kapitalın səviyyəsi sığorta şirkətlərinin kapitallaşdırılmasına verilən minimal tələblərə müvafiq olmalıdır. Bundan başqa, onlar həyatın sığortalanması və digər sığortalar üzrə əməliyyatların qeydiyyatını ayrı-ayrılıqda aparılmalıdır.
Bununla ynaşı, ekspertlər güman edirlər ki, hazırda sığortanın həyatın sığortasına daxil olan yığım növlərinin inkişafını süurətləndirməyə ehtiyac yoxdur. "Bu, sığortaçılar üçün böyük məsuliyyət və nəhəng riskdir. Sığortanın bu növlərinin tətbiqi üçün sığorta şirkətləri hazır infrastruktura malik olmalıdır. İndi müəyyən yubanmalar sığorta şirkətlərinin xeyrinə olacaq", - deyə ekspertlər düşünürlər.
Həyatın sığortası yaxşı kapitallaşmış sığorta şirkətləri üçün cazibədardır. Nəzərə almaq lazımdır ki, sığortanın uzunmüddətli növləri dərhal gəlir gətirmir. Bunlar üzrə gəlir səviyyəsinə 4-5 ildən sonra yetişmək olur. Lakin eyni zamanda, yığım sığortası həm də əhalinin vəsaitlərilə əməliyyatlardır. Odur ki sığorta şirkətləri kifayət qədər lazımi kapitala malik olmalıdır.
Bir çox ekspertlər Azərbaycanın sığorta bazarının ən böyük gizli imkanlarından biri kimi məhz həyatın sığortalanmasını görürlər. İnkişaf etmiş ölkələrdə sığortaçıların bütün mükafatlarının 60%-ə qədərini məhz həyatın yığım sığortası sxemləri təmin edir. Bizdə durum bir qədər başqadır. Hazırda bir çox sığorta şirkəti fiziki şəxslərlə işləmək istəmir, yaxud bunu sadəcə istəmir. Digər tərəfdən, vətəndaşlar da özlərinin və ya ailə üzvlərinin həyatının sığorta polisinə malik olmağına o qədər də can atmırlar. Odur ki bunlar bir-birilə qarşılıqlı əlaqəli amildir.
İlk onluğa necə düşməli?
Bütövlükdə, 2007-ci ildə sığortaçıların işinin keçən ildəkinə nisbətən daha uğurlu olacağını gözləmək olar. Onların əksəriyyəti cari ildə mükafatlarının həcminin artacağını proqnozlaşdırır. Üstəlik, birinci rübün nəticələrinə görə də belə proqnozlar üçün əsas var və onlar realdır.
Bu il bir çox sığortaçı avtomobillərin sığortalanmasına ümid bəsləyir. Bu, avtomobillərin kreditlə alqı-satqısı əməliyyatlarının artması ilə bağlıdır. Hazırda avtomobilin bank vasitəsilə kreditlə alınması barədə sövdələşmə mütləq sığorta olunmasını tələb edir. Avtomobil idxalçılarının və dilerlərin indi banklarla birlikdə bazara yeni-yeni kredit məhsulları çıxardıqlarını nəzərə alsaq, sığortanın bu növü kulminasiya nöqtəsinə çatmaqdadır.
Sığortanın potensial baxımdan daha bir maraqlı növü ipoteka sığortasıdır. İpoteka kreditlərinin şərtlərində bəzi dəyişikliklər və həyatın məcburi sığortalanması praktikasından imtina edilib. Lakin istənilən halda, ipoteka kreditlərinin sayının artması (artıq 1000-dən çoxdur) əmlakın sığortalanmasını tələb edəcək. Odur ki yaxın 1-2 ildə sığortaçıların ipoteka kreditləşdirməsi üzrə mükafatlarının həcminin 1 mln manatı ötəcəyini gözləmək olar.
Şirkətlər və insanların öz əmlaklarının sığortasına marağı da artmaqdadır. Doğrudur, sığortanın bu növü üzrə möhtəşəm bir potensial mövcud olsa da, iş adamlarımız buna, sadəcə, hazır deyillər. Onlar hansısa obyektin - ticarət mərkəzinin, yaxud indi dəbdə olan şadlıq evinin inşasına bir neçə milyon xərcləməyə hazır olsalar da, onun sığortası üçün bir neçə min ödəməyə əlləri gəlmir. Bu, necə deyərlər, azərbaycansayağı biznesin özəllikləridir. Odur ki sığorta şirkətləri bunlara nail olmaq üçün öz təbliğatlarını getdikcə daha da fəallaşdırmalıdırlar.
Hazırda bir çox iri sığorta şirkəti öz sığorta mükafatlarının strukturuna yenidən baxmalı olur. Məsələn, "Atəşgah" və AİG-Caspian Insurance şirkətlərində uzun müddət daxilolmaların əsasını enerji sığortalaması ilə bağlı risklər təşkil edirdi. Lakin hazırda sığortanın bu sektorunda durum o qədər də əlverişli deyil. Potensial risklərin həcmi azalır və bu, təbii ki, sığortaçıların mükafatlarının azalmasına gətirib çıxarır. İki il bundan əvvəl yenidənqurma prosesinə başlayan "Atəşgah"da enerji sığortası portfelinin payı 40%-ə qədər azalıb və bundan sonra da azalacaq. Şirkətin mükafatları ilbəil azaldığından və bu, məhz enerji riskləri ilə bağlı olduğundan, AIG-Caspian Insurance artıq bu ildən sığortanın digər növlərinə diqqət yetirməyə başlayıb.
Məsələn, hesab edilir ki, yaxın illərdə yüklərin sığortasından mükafatların artması üçün yaxşı perspektiv var. İdxal-ixrac əməliyyatlarının sayının, həmçinin tranzit yüklərin həcminin artması yüklərin sığortası üzrə əməliyyatların həcminin artmasına gətirib çıxaracaq. Odur ki lider mövqelərində bərqərar olmaq istəyən bəzi şirkətlər hazırda bu bazarda fəallıq nümayiş etdirməkdədir.
Daha əvvəldə artıq qeyd edildiyi kimi, ölkənin aparıcı sığorta şirkətləri 2007-ci ildə sığorta mükafatlarının artacağını gözləyirlər. Həm də bəzi şirkətlərdə artımın əhəmiyyətsiz, bəzilərində isə sürətli olacağı proqnozlaşdırılır. Məsələn, "Azal-sığorta" bu il artımın ən azı 10-12% olacağını proqnozdaşdırır ki, bu da şirkətə 15 mln manatdan az olmayaraq gəlir gətirəcək. Bu, real həcmdir, çünki şirkət təkcə birinci rübdə bağladığı müqavilələr çərçivəsində 12 mln manatdan artıq gəlir əldə edəcək. Odur ki qalan müddət ərzində 15 mln manata çatmaq o qədər də çətin olmaz.
Standard Insurance şirkətinin 2007-ci ilin yanvar-mart ayları ərzindəki uğurlu işi onun 2007-ci il ərzində azı 11-12 mln manat məbləğində mükafat yığa biləcəyini göstərir. Bu, şirkətə sığorta şirkətləri arasında mövqeyini möhkəmlətməyə imkan verəcək. Üstəlik, Standard Insurance müxtəlif, o cümlədən iri tenderlərdə tez-tez qalib gəlir.
2007-ci ildə "Atəşgah" da 14-15 mln manat səviyyəsində mükafat əldə edəcək. Ənənəvi olaraq, bu şirkət əvvəldə bir qədər ləng olsa da, ikinci yarıda, adətən, geriliyi aradan qaldırır. Odur ki bu il də "Atəşgah" bazarda toplanan mükafatlar baxımından 2001-ci ildən davam edən liderliyini qoruyub saxlamağa can atacaq. Lakin liderliyi qorumaq şirkət üçün ildən-ilə çətinləşməkdədir.
Daha iki şirkət qarşısına illik mükafatları 10 mln manat səviyyəsinə çatdırmağı məqsəd qoyub. Bunlar Beynəlxalq Sığorta Şirkəti (BSŞ) və Mbask-dır. Məsələn, BSŞ-də hesab edirlər ki, şirkət hər il nizamnamə kapitalından daha çox mükafat toplamalıdır. Hazırda BSŞ-nin nizamnamə kapitalı 8,8 mln manat olduğundan, onun istiqamətləndiyi mükafat məbləği 10 mln manat olacaq.
Mbask-a gəldikdə, bu il şirkət əmlakın sığortalanması, avto-KASKO, turistlərin sığortası üzrə yeni məhsulların "tətbiqinə" başlayır və əhaliyə göstərilən xidmətlərin həcminin artırılması hesabına sığorta portfelini 50 000 müqaviləyə çatdırmaq niyyətindədir.
Sığorta bazarının liderləri sırasındakı 4-5 şirkət 5-7 mln manat səviyyəsində mükafat əldə etməyi planlaşdırır. Bunların arasında "Azərsığorta", Ata-Sigorta, Xalq-Sigorta, A-GROUP, "Paşa-sığorta"dan həmin həcmdə mükafat gözləmək olar. Beləliklə, 2007-ci ilin nəticələrinə görə 10 aparıcı sığorta şirkətinin arasında olmaq üçün sığorta şirkətləri azı 4,5 mln manat mükafata malik olmalıdır. 2006-cı ildə onuncu yeri tutan AIG-Caspian Insurance şirkəti 3,5 mln manatdan çox mükafat toplamışdı. Güman ki, bu il həmin məbləğ birinci onluqda yer almaq üçün kifayət etməyəcək. Odur ki ilin nəticələrinə görə ilk onluqda olmaq istəyən sığorta şirkətlərinin hesabında azı 4,5-5 mln manat olmalıdır.
MƏSLƏHƏT GÖR: