15 Mart 2025

Şənbə, 00:41

CİBLƏRİNİ AÇIQ SAXLA

Azərbaycanın dövlət büdcəsi daha yarım milyard artdı

Müəllif:

01.06.2007

Azərbaycanın dövlət büdcəsinin ilin ortasında artırılması prezident, parlament və hökumət tərəfindən fəal dəstəklənən ənənə şəklini alıb. Artıq neçənci ildir ki, Milli Məclis cari büdcənin gəlir və xərclərinin artırılması barədə qanun qəbul edir. Bu il də istisna olmadı. Yanvar-aprel aylarında ölkədə hökm sürən əlverişli makroiqtisadi proseslər nəticəsində büdcə daxilolmaları təsdiq olunan planı aşmağa başladı. Bunu əsas götürən hökumət 2007-ci il üçün büdcə gəlirlərini 435,2 mln manat, xərclərini isə 600,2 mln manat artırmağı qərara aldı. Büdcə kəsiri üzrə proqnoz 544 mln manat və ya Ümumi Daxili Məhsulun (ÜDM) 2,4%-i qədər oldu. Beləliklə, edilən dürüstləşmə də nəzərə alınmaqla, Azərbaycanın 2007-ci il üçün dövlət büdcəsinin gəlirləri 5 mlrd 770,9 mln manat, xərcləri isə 6 mlrd 314,9 mln manata çatdırılacaq. 

 

Neft bütün sərvətlərin başıdır

 

Belə bir tərəqqinin başıbəlalı neft faktorunun hesabına nail olunduğunu hökumət nümayəndələri də gizlətmir. Hətta maliyyə naziri Samir Şərifov yaxın perspektivdə neft gəlirlərinin büdcə daxilolmalarındakı payının bir qədər də artacağını proqnozlaşdırır. "Azərbaycan iqtisadiyyatı neft faktoruna sıx bağlıdır və hökumət bunu inkar etmir. Mən bütün məsuliyyəti ilə bəyan edirəm ki, 2008-2009-cu illərdə bu asılılıq artacaq", - deyə nazir bildirib. Onun sözlərinə görə, neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq 2009-cu ildə Azərbaycanın mənfəət neftinin satışından Dövlət Neft Fonduna daxil olan vəsaitlər $4 mlrd-a çata bilər. 

Hazırda büdcə gəlirlərinin 42%-nin neft sektorunun hesabına formalaşdığını deyən nazir yaxın illərdə hasilatın bir az da artacağını vurğulayıb: "Dövlət Neft Şirkəti stabil olaraq sutkada 200 min barel, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti isə 600 min barel neft hasil edir. Biz gözləyirik ki, "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi layihəsi çərçivəsində sutkalıq hasilat həcmi 1,2 mln barelə çatacaq. Buna görə də qısamüddətli perspektivdə büdcənin neftdən asılılığı əhəmiyyətli səviyyədə qalacaq".

Lakin bu asılılığın azaldılması ilə bağlı planlar da qüvvədə qalır. Hərçənd ölkənin baş maliyyə idarəsinin rəhbəri bunun o qədər də asan olmadığını deyir: "Buna qısa müddət ərzində nail olmaq çətindir. Bu məqsədlə hökumət qeyri-neft sektorunu inkişaf etdirmək, infrastrukturu yaxşılaşdırmaq fikrindədir". 

Parlamentin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə isə qeyri-neft sektorunda nəzərəçarpacaq inkişafın olduğunu bildirir. "Neft gəlirlərinin artması fonunda büdcənin bu faktordan asılılığı obyektiv xarakter daşıyır. Bununla belə, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin hesablamalarına görə, artıq 2011-ci il üçün Azərbaycanda ÜDM-in 1,2 mlrd manat ümumi artımı gözlənildiyi halda, qeyri- neft sektorunda artım 2,5 mlrd manat təşkil edəcək", - deyə millət vəkili bildirib. Bununla bağlı, o, bəzi mallara idxal rüsumlarının artırılmasını tamamilə ədalətli sayır: "Ölkə özünün ərzaq təhlükəsizliyini təmin etməlidir. Bunun üçün isə aqrar sənaye kompleksini inkişaf etdirmək lazımdır. Razıyam ki, bu sahədə kifayət qədər problem var. Lakin fikrimcə, radikal islahatlardan sonra bu problemləri də həll etmək mümkün olacaq". 

 

Kim daha çox yığacaq?

 

Əlbəttə ki, büdcəni artırarkən hökumət ilk növbədə vergi gəlirlərinə güvənir. Bu dəfə də belə oldu. Ölkənin vergi orqanları əlavə daxilolmaların 260 mln manatını, gömrükçülər isə 140 mln manatını təmin etməli olacaqlar. Daha 12 mln manat sərbəst xəzinə vəsaitlərinin idarə olunmasından, 15,9 mln manat büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətindən, 7,3 mln manat isə sair mənbələrdən əldə ediləcək ("İnterfaks-Azərbaycan").

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, dürüstləşmə nəticəsində Vergilər Nazirliyinin planı 4,34 mlrd manata, Dövlət Gömrük Komitəsinin büdcə qarşısında öhdəliyi isə 770 mln manata çatdırılıb. "Vergi və gömrük orqanlarının xətti ilə əlavə gəlirlər vergiyə cəlb olunan bazanın və birbaşa ver-gilər üzrə daxilolmaların artırılması, aksiz postlarının fəaliyyətinin gücləndirilməsi, neft gəlirlərnin artması hesabına təmin olunacaq", - deyə nazir bildirib. Artım da nəzərə alınmaqla bu il büdcə gəlirlərinin ÜDM-in 25,5%-i qədər olacağı gözlənilir. 

O ki qaldı artan gəlirlərin haraya xərclənəcəyinə, onun 409,5 mln manatı əsaslı xərclərə, 190,7 mln manatı isə büdcənin cari xərclərinə sərf olunacaq. Əlavə gəlirlərin 129,5 mln manatı sosial tədbirlərin maliyyələşdirilməsinə, 137,5 mln manat aqrar sənayenin, nəqliyyat və rabitənin inkişafına, 44,7 mln manat müdafiə və hüquq-mühafizə orqanlarına, 11,3 mln manat ümumi dövlət xərclərinə, 369 mln manat isə əsaslı xərclərə yönəldiləcək. Əlavə maliyyələşmə də nəzərə alınmaqla dövlətin əsaslı xərcləri 1,915 mlrd manata və ya büdcə xərclərinin 30,3%-nə çatdırılacaq. Bu zaman əsaslı xərclərin 34,5%-i energetika və infrastruktur layihələrinə, 17,6%-i nazirlik və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsinə, 5,5%-i təhsil, səhiyyə və mədəniyyət sahələrinə, 27,1%-i sosial obyektlərin tikintisinə və dövlət orqanları üçün avadanlıqların alınmasına, 6,6%-i isə bir sıra dövlət müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının artırılmasına sərf olunacaq. Bu vəsaitlərin daha 2,7%-i Bakı şəhərinin abadlaşdırılmasına xərclənəcək.

Göründüyü kimi, büdcə xərclərini artıran hökumət bunun inflyasiyaya təsirini də unutmayıb. Xəzinənin əlavə xərcləri elə bölüşdürülüb ki, onlar iqtisadiyyata sosial ödənişlər və ya digər birbaşa pul axını şəklində deyil, özünəməxsus bufer mexanizmləri, yəni əsaslı xərclər, xaricdən avadanlıq alınması, dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması yolu ilə daxil olsun. Bu isə pul kütləsinin iqtisadiyyata təzyiqini azaldır. 


MƏSLƏHƏT GÖR:

416