15 Mart 2025

Şənbə, 00:40

"QARA QİTƏ"NİN MÜSİBƏTİ

Əslində, Darfurda nə baş verir?

Müəllif:

01.06.2007

XX əsrin 90-cı illərində, dünyanın Somalidə əslində nə baş verdiyini yeni-yeni anlamağa başladı vaxt, acından dünyasını dəyişmiş uşaqların cəsədləri ilə dolu olan palatada yatan humanitar təşkilatlardan birinin əməkdaşı deyirdi: "Siz təsəvvür edirsinizmi ki, bunlar Balkanlarda baş versə, hansı səs-küy yaranardı? Amma bura Afrikadır və heç kəs bu faciə ilə maraqlanmır".

Təəssüf ki, həmin vaxtdan bu yana dünya az dəyişib və Afrika qitəsində axan qanın dəyəri Avropa, Amerika və ya Yaxın Şərqlə müqayisədə daha azdır. 

Darfurda baş verən faciə haqda postsovet ölkələrinin mətbuatı yalnız "silah qalmaqalı" üzündən xəbər tutub: beynəlxalq hüquq müdafiə təşkilatı olan "Beynəlxalq amnistiya" Moskva və Pekini Sudan hökumətini silahla təchiz etməkdə günahlandırıb. Qurum bu məsələdə, hətta Belarus, Səudiyyə Ərəbistanı və Küveytin də adlarını çəkib.

Xatırladaq ki, 2005-ci ilin martında BMT Təhlükəsizlik Şurası 1591 saylı qətnamə qəbul edib və sənəddə hər şeydən əlavə Sudana silah satılması qadağan olunub. Qətnamədə rəsmi Xartuma yalnız BMT-nin icazəsi ilə ölkənin qərbindəki Darfur əyalətinə (burada son 4 ildə hökumətlə yerli xristian müqavimətçilər arasında yaşanan toqquşmalarda 200 mindən artıq insan həlak olub) silah-sursat göndərməyə icazə verilirdi. 

Lakin "Beynəlxalq amnistiya" bildirir ki, Sudanda BMT-nin tələblərinə əməl olunmur və "Darfurda xaricdən gətirilmiş silahlardan, hərbi təyyarələrdən, həmçinin odlu silah-sursatdan... dinc sakinlərə qarşı istifadə davam etdirilir".

Başqa sözlə, söhbət bir müddət əvvəl yaşanan "ağ vertolyotlar" məsələsindən gedir. BBC-nin məlumatına görə, Sudanın hərbi vertolyotları Birləşmiş Millətlər Təşkilatının rəmzi olan ağ rəngə boyadılır və havaya qalxan zaman onların BMT-yə məxsus olması haqda səhv təsəvvür yaranır. "Darfurda tam ağ rəngdə təyyarə və vertolyotlardan istifadə edilməsi beynəlxalq humanitar normaların hamısının pozulması deməkdir", - deyə "Beynəlxalq amnistiya"nın hesabatında qeyd olunur. Qurum məlumatlarını hazırlayarkən əsasən Darfurda baş verənlərin şahidlərinə və "gizli mənbə"lərə istinad edib.

Sudana gəlincə, o, ağrəngli hərbi vertolyotlara malik olduğunu inkar edir. Rəsmi dairələrin bildirdiyinə görə, ölkədə cəmi bir neçə ağ vertolyot var ki, onlarda da yalnız vəzifəli şəxslər uçurlar. Amma beynəlxalq qurumun məruzəsində deyilənləri sübuta yetirən fotolar da yer alıb. Belə ki, sənədlərin arasında Darfurun Nyala yaşayış məntəqəsində bu ilin yanvar-mart aylarında lentə köçürülmüş ağ rəngli "Mi-24" hərbi təyyarəsinin şəkli də var. Başqa bir şəkildə ağ rəngli, ST-ZZZ nömrəli "An-26" hərbi-nəqliyyat təyyarəsi əks olunub. Qurum ümumilikdə belə seriyalı üç təyyarəni qeydə alıb və onların Darfurun bombardman edilməsində iştirakına dair fikirlər irəli sürüb. Məhz buna görə, "Beynəlxalq amnistiya" məruzəsində açıq şəkildə qeyd edir ki, ayrı-ayrı ölkələr, həmçinin BMT TŞ-nin iki daimi üzvü Sudanda vuruşan tərəflərə silah satışını dayandırmayıb.

KİV-in məlumatına görə, bu Afrika ölkəsi müxtəlif vaxtlarda xeyli sayda Rusiya istehsalı olan silah-sursat əldə edib və silahlar həm Rusiyanın özündən birbaşa, həm də üçüncü ölkədən keçməklə buraya gəlib çıxıb. 

Moskva isə gözlənildiyi kimi, ittihamları birmənalı şəkildə rədd edir. "Rusiyanın Sudanla hərbi-texniki sahədə əməkdaşlığı beynəlxalq normalara tam uyğun şəkildə, ikitərəfli razılaşmaya əsasən həyata keçirilir. Rusiya tərəfi həmçinin BMT-nin Darfura silah verilməsinə qoyduğu embarqoya tam və şərtsiz əməl edir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kamınin Bi-Bi-Si-yə bildirib. Adının çəkilməsini istəməyən rusiyalı məmur isə "İnterfaks"a deyib: "Bir sıra başqa ölkələrdən fərqli olaraq, Rusiya heç vaxt dünyanın qaynar nöqtələrinə silah-sursat verməyib. Heç bir ölkə bizi beynəlxalq normaları pozmaqda və xarici silah satılması qaydalarına əməl etməməkdə günahlandıra bilməz. Çünki belə faktlar, sadəcə olaraq, yoxdur. "Beynəlxalq amnistiya"nın məruzəsində yer alan fikirlər dünya ictimaiyyətinin dezinformasiyasından başqa bir şey deyil".

Moskva Strategiya və Texnologiya Analizi Mərkəzinin direktoru Ruslan Puxov da oxşar fikirdədir. Rusiyanın Sudana silah verdiyini etiraf edən Puxov bununla yanaşı hesab edir ki, bu fakt Moskvanın hansısa beynəlxalq öhdəliyi pozması demək deyil: "Rusiya Sudana dörd tipdə texnikanın, həmçinin hərbi texnikanın verildiyini heç zaman gizlətməyib və bunu BMT-nin registrinə qeyd edib. Buraya MiQ-29 tipli 12 qırıcı, 30 ədəd BTR-80, 15-dən artıq Mi-17 hərbi-nəqliyyat vertolyotu, həmçinin Mi-24 və Mi-25 qırıcı vertolyotları aiddir. Sonuncudan Sudana verilənlərin sayı ikidir. Amma artıq 2006-cı ilin sonlarından Rusiya bu ölkə ilə əlaqələrini tam kəsib. Buna səbəb bizim BMT çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə əməl edilməsi, həmçinin regionda vəziyyətin həqiqətən də son dərəcə gərginləşməsidir. Rusiyanın silah ixracı onsuz da yüksək səviyyədədir. Belə deyək ki, 12 ədəd təyyarənin satışı ilə əlaqədar müqavilənin imzalanması "MiQ" şirkəti üçün o zaman son dərəcə vacib idi. İndi isə bizim Venesuela, Əlcəzair, Çin, Hindistan ilə böyük həcmli ixracı nəzərdə tutan müqavilələrimiz var, Səudiyyə Ərəbistanı ilə isə belə bir müqavilə üzərində iş gedir. Sudan bazarı Rusiya üçün o qədər də həlledici deyil və hətta BMT TŞ-nin qərarı olmasa belə, Moskva bu addımı atmazdı. Bizim üçün ad və reputasiya daha vacibdir".

Bununla yanaşı, Puxov müxtəlif tərəflərin mövqelərini nəzərə almağı da məsləhət bilib: "Hüquq müdafiəçiləri ictimaiyyəti dünyanın müxtəlif regionlarında baş verənlər haqda tam ədalətli şəkildə məlumatlandırır. Silah istehsalçıları və satıcıları isə yaxşı başa düşür ki, Rusiyadakı silah müəssisələri də işləməlidir ki, ən azından, işçilər ac qalmasın. Odur ki, biz kompromis tapmalıyıq.  O yerdə ki birbaşa qadağa və Rusiyanın beynəlxalq öhdəlikləri ilə bağlı birbaşa interferensiya yoxdur, orada ağıllı kompromis axtarmaq lazımdır. Ona görə də Rusiya hələ heç bir beynəlxalq öhdəliyin pozulması kimi hala yol verməyib". 

Ekspertin sözlərinə görə, Darfurda həlak olanların əksəriyyəti yüngül silahlardan aldığı yaralardan dünyasını dəyişib ki, Rusiya da Sudana belə növ silah satmayıb. "Bizim yüngül atıcılıq silahına cəmi iki müştərimiz var - Liviya və Venesuela", - deyə Ruslan Puxov qeyd edib.

Amma maraqlı cəhət ondan ibarətdir ki, "Beynəlxalq amnistiya" ilə Rusiya arasındakı yeni "çəkişmə" ABŞ, İsrail və digər ölkələrin Moskvanın ünvanına səsləndirdiyi oxşar ittihamlarla üst-üstə düşür. Xatırladaq ki, sözügedən dövlətlər Rusiyanı Suriya, İran və Venesuela kimi ölkələri silahla təchiz etməkdə günahlandırır. Bu məqamda dünyanın müasir tarixində ən böyük faciə və nəhəng humanitar fəlakət hesab olunan Sudan münaqişəsi ikinci planda qalır. Burada həmçinin hansısa gizli geosiyasi məsələlərdən, gizli danışıqlardan və ya hansısa "strateji xammal"a nəzarət uğrunda aparılan müharibədən danışmaq olmaz. Bu münaqişədə söhbət yalnız Afrikanın qədim problemi olan traybalizmdən və ya tayfalararası ayrıseçkilikdən gedir. Belə ki, Sudan əhalisinin əksəriyyəti islam dininə etiqad edən ərəblərdir. Ölkənin cənubunda, ilk növbədə Darfurda qeyri-ərəb əhali məskunlaşıb. Neqroid tayfalarından olan həmin əhali arasında həm xristianlar, həm də bütpərəstlər var.

Formal olaraq Darfur münaqişənin başlanma tarixi 2003-cü ilin fevralı sayılır. O zaman bu bölgədə yaşayan qeyri-ərəb tayfaları üsyan qaldıraraq, rəsmi hakimiyyəti yalnız ərəb mənşəli əhalinin maraqlarını qorumaqda ittiham etdi. Buna cavab olaraq rəsmi hakimiyyət ölkənin cənubuna qoşun yeritdi. Bu zaman hökumət yerli əhalidən təşkil olunmuş yarırəsmi və qeyri-nizami "Cancavid" silahlı birləşməsinin köməyindən də istifadə etməyə başladı.

Artıq bir tərəfdə qara dərili müqavimətçilər, digər yanda isə hökumətə tabe olan ərəblərdən ibarət "Cancavid" qeyri-nizami qoşununun dayandığı Darfur münaqişəsinin davam etdiyi 4 ildə, rəsmi məlumatlara görə, 200 mindən artıq insan həlak olub, regionun 2,4 milyondan artıq sakini qaçqın düşüb. "Bu, planetdə insan əzabının böyük göstəricisi, dünyanın mənəvi dəyərlərinin təhqir olunmasıdır", - deyə Darfura səfər etdikdən sonra Britaniyanın Oxfam şirkətinin beynəlxalq operasiyasının direktoru Penni Lourens bildirib. Amma təəssüf ki, münaqişə zonasında fəaliyyət göstərən bir çox humanitar təşkilatların fəaliyyəti də şübhə doğurur. Söhbət yalnız BMT təmsilçilərinin azyaşlı qulluqçularla cinsi əlaqəyə girməsi ilə bağlı yaranmış səs-küylü qalmaqaldan getmir.

Qeyd edək ki, məhz Sudanda müharibə ərəfəsində məşhur baronessa Kerolayn Koksun rəhbərlik etdiyi "Beynəlxalq Xristian Həmrəyliyi" təşkilatı aktiv fəaliyyətə başlamışdı. Qurumun fəalları müsəlman tayfalarının darfurlu xristianları kölə vəziyyətinə saldığını iddia edirdilər. Və hətta kölə kimi satılmış xristianları pulla alaraq azadlığa buraxırdılar. Təbii ki, azadlığa çıxan keçmiş qul dərhal telekamera qarşısında Koks və onun yoldaşlarına minnətdarlıq etməyi unutmurdu. Amma qurum fəallarının pul xərclədiyi bir vaxtda digərləri ortaya belə bir sual qoyurdu: Koks və silahdaşları beynəlxalq qul alverinə sponsorluq etmirmi? Məsələ ondadır ki, qul alverçiləri üçün onların "məhsul"larını "Xristian Həmrəyliyi"nin, yoxsa hansısa başqa alıcının almasının heç bir fərqi yoxdur.

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Mixail Marqelovun fikrincə, dünyada humanitar faciə çoxdan biznesə çevrilib: "Bu məsələ ilə bağlı mənim kifayət qədər pis təəssüratlarım var. Düşünürəm ki, nə qədər  Şərqi Timor problemi var, Yaxın Şərq münaqişəsinin həlli uzanır BMT-nin hansısa uğur tarixinə ehtiyacı olacaq. Bu məsələdə, yəqin ki, həm Qərb dövlətlərinin, həm də beynəlxalq qurumların maraqları üst-üstə düşür. Gəlin hamımız dostluq şəraitində Darfur adlı münaqişənin üzərinə gedək! Axı orada tayfalararası mübarizə və insanların oğurlanmasının uzun əsrlik  tarixi var. İndi də həmin proseslər davam edir, sadəcə ox və nizələrin əvəzinə iri çarplı silahlardan istfifadə olunur. Orada tayfaların bir ölkədən başqasına miqrasiya etməsi ilə bağlı durum müxtəlif ölkələrin rəhbərləri üçün son dərəcə əlverişlidir. Beynəlxalq məmurları çağıraraq, "baxın , bizim qaçqınlarımız var!" demək çox rahatdır. Sonradan elə həmin tayfalar başqa ölkələrə keçəcək, həmin məmurlar isə onların ardınca oraya gedəcək. Yən, bu humanitar faciədə pul qazanmağın elementi açıq görünür".

Amma istənilən halda, bu, faciənin dərəcəsini qətiyyən azaltmır.


MƏSLƏHƏT GÖR:

430