14 Mart 2025

Cümə, 23:32

İRAN URAN TOPLAYARSA…

Tehranın nüvə proqramı ətrafında yeni gərginlik burulğanı başlayıb

Müəllif:

01.06.2007

Mayın ortalarında MAQATE-nin rəhbəri Məhəmməd əl-Baradeyi bəyan edib ki, İran artıq texniki problemləri həll edib və "uranın zənginləşdirilməsinin yollarını yaxşı bilir". O, dünya ictimaiyyətinin bu prosesin qarşısını almaqda gecikdiyini də etiraf edib. "Bundan sonra söhbət sadəcə texnologiyanın təkmilləşdirilməsindən gedir. Bu faktdır", - deyə Baradeyi "New York Times" qəzetinə müsahibəsində bildirib. Onun fikrincə, artıq əsas məqsəd Tehranın nüvə silahının istehsalını sənaye miqyasına çatdırmasının qarşısını almaqdır. MAQATE rəhbəri hesab edir ki, bu baş verməzsə, kütləvi qırğın silahlarının yayılmasına nəzarət mümkün olmayacaq və atom bombasının isthesalı artıq sadəcə zaman məsələsinə çevirələcək.

Qeyd edək ki, Əl-Baradeyi MAQATE müfəttişlərinin İranın ən böyük nüvə mərkəzində, Kaşan şəhərinin 80 kilometrliyində yerləşən Natanzada apardıqları araşdırmaların nəticələrinə dair hazırladığı hesabata əsasən bu fikrə gəlib. 2004-cü ildə həmin ərazidə atom enerjisinin istehsalında istifadə olunan bütün avadanlıqlar yerin altına köçürülüb və ciddi şəkildə mühafizə olunur. Ekspertlərin qiymətləndirməsinə görə, artıq bu il İran 3 min sentrafuqa əldə edə bilər. Bu isə ildə bir ədəd nüvə başlığının istehsalı üçün kifayətdir. Eyni zamanda, bu ilin sonunda İranın daha 5 min sentrafuqa əldə etmək imkanında olduğu bildirilir. 

Hazırda Tehran reaktor yanacağı cəmi 5 % zənginləşdirilib. Lakin uranı toplaya və dörd-beş ay ərzində onu sentrafuqadan keçirə bilərsə, bu rəqəm 90%-ə çatacaq ki, bu da nüvə silahının istehsal edilməsi üçün kifayətdir (The New York Times). 

Məlum olduğu kimi, İran rəhbərliyi indiyədək dəfələrlə bəyan edib ki, sentrafuqaların sayının 50 minə çatdırılması qarşıya məqsəd kimi qoyulub. Məhz bundan sonra ölkənin xaricdən nüvə yanacağı alınmasına ehtiyacı olmayacaq.

Tehranın nüvə ölkəsi olmaq məqsədini qarşıya qoyduğunu açıqlamasından sonra bu ölkə haqda səsləndirilən çoxsaylı bəyanatlar və proqnozları, yəqin ki, xatırlatmağa ehtiyac yoxdur. Hələ aprelin 9-da şəxsən İran prezidenti Mahmud Əhmədinejat Natanzada keçirilən təntənəli mərasimdə bəyan etmişdi ki, onun ölkəsi uranın zənginləşdirilməsi prosesini sənaye miqyasına çatdırıb. O zaman bir çox Qərb analitikləri hesab edirdi ki, bu açıqlama yalnız Əhmədinejatın ölkə daxilində mövqelərini möhkəmləndirmək məqsədi ilə atılmış təbliğat xarakterli addımdır. Lakin MAQATE rəhbərinin son açıqlamaları vəziyyətin kökündən dəyişməsinə səbəb olub. Əl-Baradeyi faktiki olaraq etiraf edib ki, Tehranın uranın zənginləşdirilməsinin dayandırılmasının vacibliyinə inandırılması istiqamətində Qərbin apardığı siyasət iflasa uğrayıb.

Baradeyinin açıqladığı məlumatlar ,yəqin ki, Qərbin İrana qarşı daha sərt mövqe tutmasına səbəb olacaq. Məsələn, ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi, vitse-prezident Dik Çeyninin yaxın dostu Con Boltonun fikrincə, bundan sonra İran "daha ağrılı" iqtisadi sanksiyalarla üzləşməyə hazır olmalıdır. Diplomat bunun nəticə verməyəcəyi halda Tehrana hərbi müdaxilənin qaçılmaz olduğunu da düşünür. "The Daily Telegraph"a müsahibəsində o deyib: "İranın nüvə proqramından imtina etməyə hazırlaşmadığı dəfələrlə sübut olunub. Bu səbəbdən də Tehranın bu istiqamətdəki fəaliyyətinin qarşısını almaq üçün biz təzyiqləri son dərəcə gücləndirməliyik. Əgər kifayət qədər ölkənin bu məsələdə bizi dəstəkləməsinə nail ola bilməsək, İranda rejimin dəyişdirilməsinə çalışmalı, ölkə müxalifətini və buna bənzər qrupları dəstəkləməliyik. İrana nüvə silahı əldə etmək imkanının verilməsi və ya hərbi müdaxilə arasında seçim edilməli olarsa, ikinciyə üstünlük verməliyik. Tehranın nüvə silahı əldə edəcəyi təqdirdə nələrin baş verəcəyini təsəvvür edin. Bu halda onun regionda hansı təsirə malik olacağını düşünmək çətin deyil. Unutmaq olmaz ki, Tehran artıq indi HƏMAS və "Hizbullah" kimi terrorçu qruplaşmalara dəstək verməklə İraqdakı situasiyaya təsir edir". 

Analitiklərin fikrincə, Boltonun bu mövqeyi ilə Ağ evdəki bir sıra yüksək rütbəli şəxslər də razıdır və bu səbəbdən də onun söylədikləri ciddi qəbul edilməlidir. Həqiqətən, İran nüvə silahı əldə etməklə köhnə arzusu olan regionun liderinə çevrilmək istəyini reallaşdırmaq üçün şanslarını kifayət qədər artıracaq. Kütləvi qırğın silahından başqa, Tehranın zəngin karbohidrogen ehtiyatlarına, güclü orduya və lazımi insan resurslarına malik olduğunu da unutmaq olmaz. Nə qədər paradoksal səslənsə də, ABŞ-ın Tehranın əsas rəqibi olan Səddam Hüseyn rejimini devirməsi də İranın regionun liderinə çevrilmək şanslarını xeyli artırıb. Yəni, hazırda İraqda mövcud olan xaos müəyyən dərəcədə İrana dünya ictimaiyyətinə qarşı mübarizədə kömək edir. Bu azmış kimi, Qərb Yaxın Şərqin digər ölkələrinin İranla "nüvə yarışına" girə biləcəyindən ehtiyatlanır. Aydındır ki, ən azı üç ölkənin terrorçu təşkilatlara "himayədarlıq" etdiyi bir regionda hadisələrin bu cür inkişafı qətiyyən yolverilməzdir.

Beləliklə, yayda İran ətrafında gərginliyin yeni burulğanı başlayır. ABŞ dövlət katibinin müavini Nikolsa Börns "New York Times" qəzetinə müsahibəsində bildirib ki, Tehran "Böyük səkkizlik" ölkələrinin iyun sammitinədək nüvə proqramı ətrafında işləri dayandırmağa razılıq verməsə, Birləşmiş Ştatlar bu ölkəyə qarşı yeni sanksiyaların qəbuluna israr edəcək.

Yeri gəlmişkən, xatırladaq ki, BMT TŞ-nin Tehrana uranın zənginləşdirilməsini dayandırması üçün verdiyi 60 günlük müddət mayın 23-də sona çatıb. Bu tələb qurumun 1747 saylı qətnaməsinin əsasını təşkil edir. Tehran isə hələ mayın 23-dən bir neçə gün əvvəl hökumətin rəsmisi Qulamhüseyn Elhamın dililə bildirib ki, Təhlükəsizlik Şurasının İrana qarşı yeni sanksiya tətbiq edə bilmə ehtimalı onu "narahat etmir". Xatırladaq ki, martda qəbul olunan sanksiyada İrandan silah alışına qadağa qoyulub, eyni zamanda Tehrana ağır tipli silahların satılmamasına çağırış edilib. Bundan başqa, sənədə əsasən, İranın nüvə proqramı və raket istehsalına aidiyyəti olan 13 şirkətin və 15 fiziki şəxsin hesablarına həbs qoyulub. Amma bu sanksiya həmin müddətədək əldə olunan razılaşmalara şamil edilmir.

İran prezidenti Mahmud Əhmədinejat isə MAQATE-nin BMT TŞ-yə hesabat təqdim etməsindən bir neçə gün əvvəl Belarusa səfər edib. Qeyd etmək lazımdır ki, o, səfər üçün ölkəni kifayət qədər uğurla seçib. Belə ki, beynəlxalq ictimaiyyətin Minskə də münasibəti məlumdur və Belarus da iqtisadi sanksiyaların nə demək olduğunu yaxşı bilir. İki liderin danışıqları zamanı "ziddiyyətli dünya" anlayışı haqda fikirlər kifayət qədər çox səsləndirilib. "Mən əminəm ki, İran özünün zəngin mədəniyyəti və tarixi ilə, güclü iqtisadi potensialı ilə dünya ictimaiyyətinin mərkəzində duran ölkələrdən birinə çevrilməyə qadirdir", - deyə Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib. 

Bütün bunlar ,əlbəttə ki, pis deyil. Amma burada bir "əmma" var: dünya ictimaiyyəti İranın "nüfuzlu mərkəzə" məhz nüvə silahı əldə etmək yolu çevrilməyə çalışmasından narahatdır.

Bunun fonunda "The New York Times" qəzetində İrandakı situasiyanın analiz edildiyi məqalə kifayət qədər intriqalı təsir bağışlayır. Qəzet hesab edir ki, hesablamalarda yol verilə biləcək səhvlər, avadanlıqlarda yaşana biləcək nasazlıq və ya diversiya nüvə texnologiyası sahəsində Tehranın əldə etdiyi irəliləyişə mane ola bilər... Odur ki hərbi müdaxiləyə ehtiyac qalmaya da bilər.

Bir məqamı da qeyd etmək lazımdır ki, İranda heç də hamı hazırki hökumətin baxışları ilə razı deyil. Bir müddət əvvəl bu sətirlərin müəllifi əcnəbilərin "İçəri Şəhər"ə münasibətinin öyrənilməsi ilə məşğul olan sorğu təşkilatı ilə əlaqə yaratmışdı. Çoxsaylı həmsöhbətlərimiz arasında İrandan olan turist təşkilatı da var idi. Ölkəsini ilk dəfə tərk edən iranlı azadlıqda olmasından əməlli-başlı məst idi. İngilis dilində danışmağı bacaran yoldaşının köməyi ilə o, məhdudiyyətsiz, həyatın bütün sahələrində azad yaşamağın nə qədər gözəl olduğunu etiraf edirdi. Həmsöhbətimin sözlərinə görə, hazırda İran əhalisinin, uzağı, 10 faizi hakimiyyəti dəstəkləyir. "Yerdə qalanları isə ikili həyat tərzi keçirir və  sadəcə dəyişikliklər istəyir. Onlar Tehranın nüvə enerjisi və silahlanma sahəsində əldə etdiyi uğurlarla az maraqlanırlar", - deyə ölkəsində göz həkimi işləyən Masud bildirib. 

Əlbəttə ki, məsələni analiz edərkən, Masudun fikrinə əsaslanmaq və Bakıya gəlmiş dörd turistin sözlərini bütünlükdə İran ictimaiyyətinin mövqeyi kimi qəbul etmək çətindir. Amma hər halda, səslənən fikirlər göstərir ki, İranda Əhmədinejatın "qələbələrinə" məhz bu cür yanaşanlar da az deyil. Odur ki, İranda "beşinci kalon" haqda söhbətlərin müəyyən qədər əsası var.

Beləliklə, regionda yayın "qızğın" keçəcəyini söyləmək olar. İranın nüvə proqramı ətrafında qalmaqal hər gün daha da böyüyür. Hazırkı situasiyanı ötənilki  ilə müqayisə etsək, onun daha ciddi olduğunu görərik. 

Bir məsələyə də diqqət yetirin ki, İran haqda danışarkən bir sıra Yaxın Şərq ölkələrində, ilk növbədə isə İraqdakı mövcud vəziyyəti yaddan çıxartmaq olmaz. Məsələn, Britaniyanın "The Guardian" qəzeti ABŞ-ın adını açıqlamayan yüksək rütbəli nümayəndəsinə istinadən yazır ki, İran da İraqla bağlı xüsusi plan üzərində işləyir və yayda reallaşdırılması nəzərdə tutulan planın əsas məqsədi bu ölkədəki koalisiya qüvvələrinin oradan çıxarılmasına nail olmaqdır. Qəzetin məlumatına görə, planda İraqdakı ABŞ və Britaniya qoşunlarının bazalarına hücumlar nəzərdə tutulub və onların icrasında İranpərəst şiə qruplaşmaları ilə yanaşı "Əl-Qaidə" terrorçuları, sünnilərdən ibarət ərəb bölükləri, hətta kürd qruplaşmaları da iştirak edə bilər. Hazırlanan planda Suriyanın da adı çəkilir. 

Bununla yanaşı, Tehranın Əfqanıstanda "Taliban" hərəkatına dəstək verdiyi də bildirilir.

"ABC News"un Amerikanın xüsusi xdmət orqanlarındakı mənbəyə istinadən yaydığı məlumatda isə bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran rejimi daxilində stabilliyi pozmaqla bağlı planı ölkə prezidenti Corc Buş tərəfindən gizli şəkildə imzalanıb. Məlumata görə, plan əhali arasında dezinformasiya yayılması ilə təbliğatın aparılmasını, İran valyutası və beynəlxalq maliyyə tranzaksiyaları ilə manipulyasiyanı nəzərdə tutur. Agentliyin mənbəsinin bildirdiyinə görə, MKİ əməkdaşları planı bir il ərzində işləyib hazırlayıb və o, Ağ ev rəhbərliyi ilə yanaşı, kəşfiyyat ictimaiyyətinin yüksək rütbəli nümayəndələri tərəfindən də bəyənilib.

Əgər Qərb KİV-nin bu məlumatları dəqiqdirsə, yaxın zamanlarda Yaxın Şərqin genişmiqyaslı hərbi toqquşmalara səhnə olacağını guman etmək çətin deyil. Regionda müxtəlif qüvvələrin və maraqların fəaliyyəti daha da güclənir və onun "partlayacağı" vaxtın gələcəyinə şübhə yoxdur. Bu "zərbə"nin gücü münaqişə zonasının bilavasitə qonşuluğunda yerləşən Azərbaycan üçün də əhəmiyyətsiz deyil. Son zamanlar həyəcanverici məlumatlar da ortaya çıxmaqdadır. "Turan" informasiya agentliyinin mayın son dekadasında yaydığı məlumata görə, yarımhərbi qruplaşma olan "İran fidainləri"nin rəhbəri Məhəmməd Abdxudai rəsmi Tehranı İranın Xəzərdəki maraqlarını qorumağa çağırıb. Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosunun məlumatına görə, Abdxudai, ümumiyyətlə ,Xəzər adlı dənizin mövcud olmadığını bildirib. O, iddia edib ki, söhbət Mazandaran gölündən gedir və bu göl güclü orduya malik, Bakını və Naxçıvanı işğal etmək gücündə olan İrana məxsusdur.

Necə deyərlər, şərhə ehtiyac yoxdur...


MƏSLƏHƏT GÖR:

429