15 Mart 2025

Şənbə, 00:44

"BİZİMKİLƏRİ DÖYÜRLƏR!"

Avropa ittifaqı ölkələrinin həmrəyliyi Rusiya üçün gözlənilməz sürpriz oldu

Müəllif:

01.06.2007

Samarada keçirilən Rusiya-Avropa İttifaqı sammiti əksər analitiklərin proqnozlaşdırdığı kimi, əsas sənəd - Aİ ilə Rusiya arasında razılaşmanın imzalanmaması ilə yadda qaldı. Və bu heç kəsi təəccübləndirmədi. Çünki danışıqlardan əvvəlki durum müşahidəçilərin sözügedən sənədin imzalanacağına inanmasına imkan vermirdi.

Sammitin gündəliyində "qarşılıqlı komplimentlər" səsləndiriləcəyi də gözlənilmirdi. Çünki toplantıda müzakirəsi planlaşdırılan məsələlər kifayət qədər gərginlik vəd edən məsələlər idi: İranın nüvə proqramı, Kosovonun statusunun müəyyənləşdirilməsi ilə bağlı vəziyyət, ABŞ-a məxsus hava hücumundan müdafiə sistemlərinin Şərqi Avropada yerləşdirilməsi və Rusiyanın Avropada silahlı qüvvələrin məhdudlaşdırılmasına dair müqavilədən çıxması. 

Bundan başqa, Polşadan Rusiyaya ət ixracı ilə bağlı yaşanan problem hələ də aradan qaldırılmadığından, Polşanın xarici işlər naziri Anna Fotıqa sammitə qatılmaqdan imtina etmişdi. Bu azmış kimi, görüş ərəfəsində Estoniya və Litva Polşanın vetosuna qoşula biləcəklərini bəyan etdi. Qeyd edək ki, danışıqlar ərəfəsində Estoniyanın bu mövqeyi tutmasına səbəb Tallinlə Moskvanın münasibətlərinin gərginləşməsi, həmçinin, "Dostluq" neft boru kəmərində təmir işlərinin müvəqqəti dayandırılması idi. Bundan başqa, Varşava Aİ üzvlərnin enerji təchizatı məsələsində bütün üzvlərin həmrəyliyinə dair bəyannamənin qəbulunu tələb edirdi. Nəticədə Avropa Komissiyası belə bir xəbərdarlıqla çıxış etmək məcburiyyətində qalmışdı: "Samarada keçirilən sammitin yekununda hər hansı sənədin imzalanması gözlənilmir". 

Bu xəbərdarlıq artıq iflasın qaçılmaz olduğunu göstərdi. Baxmayaraq ki sammit ərəfəsində keçirilmiş mətbuat konfransında Sergey Yastrjembski bir qədər nikbin görünməyə çalışaraq jurnalistləri "hər şeyin o qədər də pis olmadığına" inandırmağa cəhd göstərirdi. 

Tərəflərin münasibətlərindəki "ağrılı nöqtələr"ə gəlincə, bunlar hamıya məlumdur. Avropa İttifaqı Rusiyanı  insan haqlarının pozulmasında dəfələrlə günahlandırıb. Bir müddət əvvəl "Narazıların marşı"nın dağıdılması zamanı baş verənlər isə vəziyyəti daha da gərginləşdirib. 

Bundan başqa, Avropa enerji təhlükəsizliyi məsələsi haqda narahatlığını da dəfələrlə ortaya qoyub. Nəhayət, sammit ərəfəsində Brüssel Moskvanın gözləmədiyi halda, Estoniyaya Rusiya ilə qarşıdurmada açıq dəstək verib.

Açıq danışsaq, bütün bunlardan Moskvada çoxdan xərədar idilər. Amma buna baxmayaraq, Rusiya strateji resurs olan neftdən istifadə etməklə vəziyyətin bir qədər düzəldilməsinə ümid edirdi. Rusiya siyasətçilərinin Moskva ilə Aİ-nin əməkdaşlığa məhkum olması, bir-birindən qaçmağa yerlərinin olmaması haqda bəyanatlarında isə açıq şəkildə belə bir fikir hiss edilirdi: neft nəqli "Narazıların marşı"nın dağıdılmasının müzakirəsinə imkan verməyəcək arqumentdir. Amma Samara sammitinin yekunlarına dair keçirilən mətbuat konfransı başqa bir məqam haqda da şübhə yeri qoymadı: Rusiya ilə Aİ qarşılıqlı münasibətlərinin tarixi ərzində heç də ən yaxşı dövrü yaşamır. "Biz, demək olar ki, bütün məsələlərdə razılığa gəldik. Amma çətin, əlavə tədqiqat və işlər tələb edən məsələlər istisnadır. Söhbət birinci, ikinci və ya üçüncü Avropa ölkəsinin iqtisadi eqoistlik etdiyi məqamlardan gedir", - deyə Rusiya prezidenti Vladimir Putin bildirib.

Analitiklər əmindirlər ki, Kreml sahibi "birinci, ikinci və ya üçüncü Avropa ölkəsi" dedikdə Rusiya ilə Aİ arasında razılaşmanın imzalanmasına veto qoyan Polşanı, Rusiyanı Tallindəki aksiyaların təşkilində günahlandıran Estoniyanı nəzərdə tutur. Ola bilsin ki, Putin Rusiya neftinin nəqlinin bərpasını tələb edən Litvanı da nəzərdə tutub. "Biz gömrük əməkdaşlığı, cinayətkarlıqla, həmçinin narkotiklərə qarşı mübarizə sahələrində əməkdaşlığa dair razılığa gəlmişik", - deyə Putin qeyd edib.

Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozunun açıqlaması isə göstərib ki, "birinci, ikinci və ya üçüncü Avropa ölkəsi" problemi göründüyündən daha qəlizdir. Borrozu açıq şəkildə bildirib ki, Polşanın ət ixracı və Estoniya ilə bağlı vəziyyət artıq Ümumavropa səviyyəsinə çıxıb və bunlar yalnız Rusiya ilə sözügedən iki ölkənin problemi deyil. "Biz rusiyalı tərəfdaşlarımıza çatdıra bildik ki, Avropa İttifaqının üzvü olan hansısa ölkənin çətinlikləri bütünlükdə birliyin problemidir. Aİ həmrəylik prinsipinə sadiqdir. Bizim artıq 27 üzvümüz var və Polşanın da problemi Ümumavropa problemidir", - deyə Avropa Komissiyasının sədri bildirib. - "Litva və ya Estoniyanın da üzləşdiyi çətinliklər bütünlükdə Avropanın problemidir". 

Bir sözlə, Avropa İttifaqı məşhur "Bizimkiləri döyürlər" prinsipi əsasında çıxış edib.

Eyni zamanda başqa bir məqam da aydındır. Son illər dünya KİV-ində Avropa siyasətinin ciddi dəyişikliklərə məruz qalmasına, bunun əsasən ikinci İraq müharibəsinin başlamasından sonra nəzərə çarpmasına dair geniş fikirlər yer alıb. "Köhnə Avropa"nın liderləri ABŞ-ın İraqa zərbələr endirməsinə qarşı çıxmaqla "yeni" - ABŞ-ı dəstəkləyən Avropadan əməlli-başlı inciyiblər. İş Jak Şirakın bu ölkələrin susmaq üçün yaxşı imkanı əldən vermələri haqda bəyanatınadək gəlib çıxdı ki, bu fikirlər Polşa, Macarıstan və digər dövlətlərdə ciddi narazılıq doğurmuşdu. 

Daha sonra Avropa İttifaqının vahid konstitusiya ilə bağlı bir-birini əvəz edən iflaslar, qurumun genişləndirilməsinə dair fikir ayrılıqları da əksər analitiklərin "köhnə" və "yeni" Avropa arasında parçalanmadan danışmasına səbəb oldu. 

Şimali Avropa Qaz Kəmərinə də Berlinlə Varşavanın baxışları fərqlidir. 

İstənilən halda, Rusiya hadisələrin bu həddə qədər gərginləşəcəyini gözləmirdi. Moskva, sammit ərəfəsində Rusiya televiziyasında təşkil olunan diskussiyada Estoniyanın bu ölkədəki səfiri Marina Kalyurandın "Siz Avropanın baş verənlərə nədən müdaxilə etmədiyini soruşduğunuz zaman unutmayın ki, Avropa elə bizik" - replikasını da ciddi qəbul etməmişdi. Estoniya həm Avropa İttifaqının, həm də NATO-nun üzvü olsa da, Rusiya əmin idi ki, Şimali Avropa Qaz Kəməri "köhnə Avropanın" susmasına səbəb olacaq ki, o da öz növbəsində "yeni Avropa"nı sakitləşməyə məcbur edəcək. Amma situasiya tam fərqli olduğundan, Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijkov kifayət qədər sərt bəyanatla çıxış etdi: "Bu situasiyada Aİ ikiüzlü mövqe nümayiş etdirdi, Tallində baş verənlərə ciddi reaksiya vermədi, daha sonra isə Moskvanın buna cavabına kəskin münasibət bildirdi". 

Bütün bunlar azmış kimi, NATO da münaqişəyə de-fakto müdaxilə etdi: alyansın ekspertləri Estoniyanın müdafiə naziri Yak Aaviksoonun xakerlərin NATO üzvü olan ölkələrin serverlərinə hücumunun hərbi aqressiyaya bərabər tutulması haqda təklifini araşdırır. Bununla əlaqədar, yaxın zamanlarda Estoniya ərazisində NATO-nun xüsusi mərkəzi yaradılacaq və mərkəz əsasən Rusiyaya qarşı kibermüharibədə Tallinə yardım edəcək. Xatırladaq ki, məsələni yüksək səviyyədə Estoniyanın müdafiə naziri Brüsseldə, Aİ üzvlərinin müdafiə nazirlərinin toplantısında qaldırıb. O, sözügedən aksiyaları "düşmən qüvvələrin hücumları" adlandırıb. "Artıq bu sadəcə dələduzluq yox, dövlətçiliyə qarşı zərbədir. Əgər yad ölkə öz gəmiləri ilə bizim limanlarımızı və ya qırıcıları ilə hava məkanımızı mühasirəyə alsaydı, bu, birmənalı qəbul olunardı. Mən düşmən qüvvələrin dövlətin informasiya kanallarını blokadaya salması ilə qeyd etdiyim məqamlar arasında prinsipial fərq görmürəm", - deyə Aaviksoo bildirib.

Bununla eyni zamanda Estoniyanın xarici işlər naziri Urmas Paet kiberhücumlar haqda məsələnin ayrıca olaraq mayın 18-də keçirilən Rusiya-Aİ sammitində qaldırılmasını tələb etdi. Analitiklərin fikrincə, kənar ziddiyyətlər əsasında oynamaq siyasətdə standart gedişdir. Amma görünür, Moskva "köhnə" və "yeni" Avropa arasındakı ziddiyyəti düzgün qiymətləndirə bilmədi. Onlar nəzərə almadılar ki, Vyana Konvensiyasının tələblərini pozaraq, "Bizimkilər", "Gənc Rusiya" və digər qrupların Estoniya səfirliy qarşısında aksiyalar keçirməsinə Avropa siyasətçilərinin reaksiyası Moskvanın gözlədiyindən fərqli ola bilər. 

Artıq Rusiyanın özündə dərc olunan liberal mətbuat orqanları Moskvanın xarici siyasətində ciddi böhran yaşandığına işarə edir və bunun obyektiv səbəblərinin olduğunu bildirir. "Novıye izvestiya" qəzeti bildirir ki, zaman keçdikcə Rusiya dost olmayan ölkələrin daha sıx dairəsinə düşür.

Qeyd edək ki, Estoniyada bir müddət əvvəl "Bürünc əsgər"in sökülməsi ilə əlaqədar yaşananlar Rusiyanın "pis qonşu"larının sıralarını daha da genişləndirib. Artıq Rusiyanın sərhəd olduğu 17 ölkədən 11-i ilə münasibətlərini "pis" adlandırmaq olar. Onlardan cəmi üçü - Yaponiya, Çin və Norveç ilə "pis" münasibətlər hansısa tarixi hadisələrlə əlaqədardır. Məsələn, Moskva dörd mübahisəli adanı Yaponiyaya verməyi düşünmür, Tokio isə öz növbəsində həmin adaları özünün şimal əraziləri sayır. Rusiya ilə Norveç arasında da anoloji problem var. Burada tərəflər Barens dənizinin su akvatoriyasını bölə bilmirlər. Çinlə yaşanan ərazi problemini isə Moskva son illər ərzində həll edə bilib. Lakin bunu öz xeyrinə deyil, Amur çayındakı bir adanı, digərinin isə yarısını sözügedən ölkəyə verməklə çözüb. Burada münaqişənin mənbəyi iki ölkənin sərhəd ərazilərində əhalinin qeyri-bərabərliyidir. Belə ki, Rusiya tərəfdən sərhəddə 10 milyon, əks tərəfdən isə 100 milyondan artıq insan yaşayır. Üstəlik Çinin əhalisi ilbəil artırsa, Rusiyada əks tendensiya müşahidə edilməkdədir.

Rusiyanın yerdə qalan "mübahisəli qonşuları" keçmiş SSRİ-nin üzvü olmuş respublikalar və vaxtı ilə Varşava Razılaşması Təşkilatındakı müttəfiqi Polşadır. Qəzet ötən il Moskvanın Gürcüstanla, daha sonra isə Ukrayna və Belarusla münasibətlərində ciddi problemlərin yarandığını xatırladır. Ukrayna ilə bağlı vəziyyətdə ilk ziddiyyətlər Qara dəniz Donanmasının bölüşdürülməsində üzə çıxmışdısa, Rusiyanın Kiyevdə hakimiyyətin Viktor Yuşşenko ilə Viktor Yanukoviç arasında bölüşdürülməsinə müdaxiləsi vəziyyəti bir qədər də pisləşdirib. Nəticədə Rusiya Ukraynaya satdığı qazın qiymətini qaldırmağa qərar verib və bu, Kiyevin NATO-ya qəbulu özünün prioritetlərindən biri elan etməsinə gətirib çıxarıb. 

Minsklə münasibətlərə gəlincə, Rusiya bu ölkə ilə formal olaraq 1994-cü ildən etibarən ittifaq dövləti yaradılması üzərində işləyir. Reallıqda isə artıq iki ölkənin iqtisadi inteqrasiyası iflasa uğrayıb. Ölkələrin vahid valyutası və vergi qanunları yoxdur, bu azmış kimi, bu ildən etibarən ölkələr bir-birinə yeni vergi tətbiq edib. Söhbət avtomobilçilərdən ölkə ərazisindən istifadəyə görə tutulan vergidən gedir. Sonuncu qış fəslində Moskvanın Belarusa verdiyi "mavi yanacağ"ın qiymətini qaldırması isə qarşı tərəfin Rusiya qazının öz ərazisindən keçməsinə görə ödədiyi məbləği yüksəltməsi ilə nəticələnib və bu, Avropaya neft nəqlinin bir müddət dayanmasına səbəb olub. İndi Rusiya vaxtı ilə ən sadiq müttəfiqi sayılan Şimal qonşusundan yan keçməklə gedən neft kəməri inşa etmək məcburiyyəti ilə üz-üzədir.

Nəhayət, Moskvanın ənənəvi olaraq Baltikyanı ölkələrlə münasibətlərinin yüksək səviyyədə olmadığı məlumdur. Politoloq Dmitri Oreşkinin fikrincə, Moskvanın hazırkı ideologiyası revanş almağa və nəhəng derjavanın bərpa edilməsinə cəhddir. "Amma Rusiya güclü iqtisadiyyata malik geosiyasi nüfuza, cazibə mərkəzinə çevrilmək iqtidarında deyil", - deyə politoloq bildirib. - "Keçmiş SSRİ-nin vətəndaşları Smolensk vilayətindəki kimi deyil, Almaniyadakı kimi yaşamaq istəyirlər və bu səbəbdən də hamı Qərbə inteqrasiyaya üstünlük verir. Rusiyaya isə yalnız yerli istehsal olan məhsulların idxalını məhdudlaşdırmaq və enerjidaşıyıcılarının qiymətini artırmaq qalır". 

Oreşkinin fikrincə, Moskvanın postsovet ölkələrindən yalnız Ermənistanla münasibətlərini "yaxşı" adlandırmaq olar: "Ermənistan da Rusiya enerji daşıyıcılarından, Gümrüdəki hərbi bazalardan, həmçinin Mərkəzi Asiya ölkələrindən asılı vəziyyətdədir". Politoloqun sözlərinə görə, bu, "Avropa cəbhəsində uğur yoxdur, Şərqin Türkmənbaşı rejiminə oxşar rejimləri ilə isə hər şey qaydasındadır" fikirli Rusiya üçün səciyyəvidir: "Həmin ölkələrin Rusiyaya tərəf can atmasının səbəbi isə onların inkişafdan qalmalarıdır".

MDB Dövlətləri İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin isə tamam fərqli fikirdədir. O, hesab edir ki, Moskva "qonşuları arasında dost axtarmamalıdır". "Bu ölkələr müstəqilliklərinin qurulması mərhələsini yaşayırlar və onların arasında dostluq yox, qənimət axtarılması daha məntiqidir", - deyə o, qeyd edib. Rusiya hakimiyyətinin fəaliyyətini şərh edən Zatulin bildirib ki, "son zamanlar etinasızlıqdan öz maraqlarına və onların qorunmasına" keçid edilib: "Postsovet respublikalarının müstəqilliyi isə artıq bizim xeyrimizə olmayan amildir".

Göründüyü kimi, eyni məsələyə iki tamamilə fərqli yanaşma... Və hadisələrin inkişafını proqnozlaşdırmaq üçün güclü politoloq olmağa ehtiyac yoxdur: Rusiyanın düşmən münasibətdə olanların əhatəsində qalacağı, yoxsa sərhədlərində etibarlı və sabit tərəfdaş axtaracağı Kremldə "oreşkinlər", yoxsa "zatulinlər"in ideyalarının əsas götürüləcə-yindən asılı olacaq...


MƏSLƏHƏT GÖR:

341