
"SƏS"in QİYMƏTİ
Ermənistan parlamentinin yeni heyəti rüşvət və saxtalaşdırma yolu ilə müəyyənləşdirildi
Müəllif: Stepan QRİQORYAN, Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarə Heyətinin rəhbəri
Ermənistanda parlament seçkisi sona çatdı və onun ədalətsiz və demokratik prinsiplərdən uzaq şəkildə keçirildiyini söyləmək olar. Ölkənin hakimiyyətyönlü partiyalarının rəsmi seçki kampaniyasına hələ xeyli müddət qalmış öz təbliğatlarına başlaması, Ermənistanın bütün telekanallarının istisnasız olaraq müxalifət təmsilçilərinin üzünə qapalı olması kimi hallar bu fikri bir daha təsdiq edir. Hətta seçkiqabağı kampaniyanın rəsmən keçirildiyi dövrdə də (aprelin 8-dən mayın 10-dək) partiyalar üçün bərabər şəraitlər yaradılmadı və bütün efir müddəti hakimiyyətyönlü partiyaların təmsilçilərinə verildi.
Bu seçkidə mojaritar dairələrdən seçkiyə qatılanların təbliğatına rekord məbləğdə pullar xərcləndi. Birdəqiqəlik rolikin qiyməti 280-500 dollar arasında idi və minimum əməkhaqqının 40 dollar olduğu Ermənistan reallığı üçün bu, həddindən artıq yüksək məbləğdir. Bundan başqa, ölkənin, demək olar ki, bütün şəhər və rayonlarında şəxsi regional telekanallara müxalifətdən olan namizədlərin reklam çarxlarını yayınlamaq qadağan olunmuşdu və müxalifətçilər xalqla söhbətləşmək imkanlarından məhrum edilmişdilər.
Seçki günü - mayın 12-də isə seçicilərin səslərini hakim partiyaya vermələri üçün onlara pul paylanıldı. Bu prosesin miqyası o dərəcədə geniş idi ki, hətta onu müşahidəçilər də görə bildilər.
Seçki kampaniyası zamanı seçicilər müxalifətin tədbirlərində olduğu kimi, hakimiyyət partiyalarının mərasimlərinə də qatılırdılar. Fərq sadəcə ondan ibarətdir ki, insanlar müxalifətin mitinqlərinə könüllü şəkildə qatılır, hakimiyyət tədbirlərinə isə məcburi qaydada gətirilirdi (bu mərasimə qatılmaqdan imtina edən şəxs işini itirə, tələbə isə ali məktəbdən qovula bilərdi).
Müxalifətin mitinqlərinin miqyasının genişlənməsi hətta hakimiyyətlə konfrantasiyanın baş vermə riskini də ortaya çıxarmışdı. Mayın 9-da hətta toqquşma da baş verdi və milis Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına yığışmış müxalifət tərəfdarlarına qarşı zor tətbiq etdi.
Lakin daha böyük qarşıdurma hakimiyyətyönlü partiyaların qarşılıqlı münasibətlərində yarandı. İndiyədək Ermənistanda ümumxalq seçkisi heç zaman belə zorakılıq və bu səviyyədə ağır cinayətlər fonunda keçməmişdi. Bu dəfə hadisələr hətta müxtəlif kriminal avtoritetlərin qətlinə, insanların döyülməsinə, siyasi partiyaların qərargahlarının partladılmasına, həbslərə, güllələnmə və digər formada ağır cinayətlərədək gəlib çıxdı.
Qeyd edək ki, Ermənistanda seçkiqabağı vəziyyətə ATƏT və Avropa Şurasının müşahidəçiləri nəzarət edirdi və onlar da proses boyunca çoxlu sayda qanun pozuntusu müəyyənləşdirdilər. Lakin sonda həmin müşahidəçilər seçkini demokratiyaya tərəf atılmış daha bir addım kimi dəyərləndirdilər. Görünür, onlar əsas diqqətlərini yalnız seçki günü məntəqələrdə baş verənlərə yönəltmişdilər.
Həqiqətən də mayın 12-də seçki məntəqələrində qanun pozuntuları, məsələn, 2003-cü il seçkisindəki qədər çox deyildi. Bu dəfə əsas pozuntular məntəqələrdən kənarda həyata keçirilir, insanlara rüşvət verilir və onlar avtobuslara doldurularaq məntəqələri gəzdirilirdi. Ölkənin bütün ərazisində baş verən seçici səsinin rüşvətlə alınması təcrübəsini Ermənistanda yenilik saymaq olar.
Seçkinin gedişini müşahidə edən MDB-dən olan müşahidəçilər onun ədalətli, azad və demokratik keçdiyini bildiriblər. Erməni ictimaiyyətində isə belə bir fikir var ki, MDB-dən olan müşahidəçilər seçkini izləməyə əvvəlcədən hazırlanmış mətnlə gəlir və bu səbəbdən də onların rəyi əhali arasında ciddi qəbul olunmur. Vətəndaşlar belə fikirdədirlər ki, siyasətçilərdən birinin obrazlı şəkildə dediyi kimi, "MDB-dən, həmçinin ATƏT və Avropa Şurasından olan müşahidəçilər sadəcə restoranlarda oturub yeyib-içiblər və müşahidə aparmayıblar".
Maraqlıdır ki, Qərbdən gələnlərdən fərqli olaraq, yerli müşahidəçilər Ermənistanda keçirilən parlament seçkisinin nəticəsini daha sərt tənqid ediblər. Belə ki, ölkənin 18 məşhur qeyri-hökumət təşkilatı birgə bəyanat qəbul edərək seçkinin gedişində hakimiyyətin yol verdiyi qanun pozuntularını açıqlayıblar. Buraya rüşvət, şantaj, PR kampaniyanın aparılması qaydalarının pozulması, seçicilərə təzyiqlər göstərilməsi, səsvermə üçün kabinələrin olmaması, açıq səsvermə, eyni vaxtda 15-dən artıq seçicinin seçki məntəqəsində olması, bir neçə bülletenin qutulara birdən atılması, ölü şəxslərin "səs verməsi", seçici siyahılarında çatışmazlıqlar və s. kimi hallar daxildir.
Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının müxalifətdən olan üç üzvü - Feliks Xaçatryan ("Ermənistan Xalq Partiyası"), Zaven Pluzyan ("Milli Birlik") və Sona Sarkisyan ("Orinas Yerkir") parlament seçkisinin yekunlarına dair protokola imza atmayıblar. Feliks Xaçatryan seçkinin nəticələrinin tanınmamasına çağıraraq bildirib ki, səsvermənin gedişində hakimiyyət ciddi qanun pozuntularına yol verib.
Səsvermədə seçici aktivliyinə gəlincə, onun yüksək olduğunu söyləmək mümkündür. MSK-nın məlumatına görə, ümumən səs verənlərin sayı 1.389.521 nəfər olub ki, bu da seçici hüququ olan vətəndaşların 59,9%-i deməkdir. Müxalifətin bildirdiyinə görə isə bu, şişirdilmiş rəqəmdir və seçkinin saxtalaşdırıldığını göstərir. Müxalifət hesab edir ki, hakimiyyət saxtakarlıq etmək üçün Ermənistandan kənarda yaşayan onlarla şəxsin adına saxta pasportlar dərc edib və onlara vurulan yalançı şəkillərdəki vətəndaşlar məntəqələrə gələrək hakimiyyət partiyalarına səs veriblər. Aydındır ki, belə vəziyyətdə beynəlxalq müşahidəçilərin hansısa saxtakarlıq hallarını müəyyənləşdirməsi mümkün deyil - onların pasportlarının saxta olub-olmadığını yoxlamaq səlahiyyətləri yoxdur.
Beləliklə, mayın 12-də keçirilən seçkinin ilkin nəticələrinə görə, Ermənistan Respublika Partiyası (rəhbəri baş nazir Serj Sarkisyandır) seçicilərin 32,8%-nin səsini qazanaraq qalib gəlib. "Çiçəklənən Ermənistan" (oliqarx deputat Qaqik Sarukyanın partiyası) 14,7, "Daşnaksütyun" 12,7, müxalifətçi "Oritas Yerkir" (sədri Ermənistan parlamentinin sabiq spikeri Artur Baqdasaryandır) 6,8, "İrs" partiyası isə (partiyanın lideri sabiq daxili işlər naziri Raffi Ovanesyandır) 5,8% səs toplayıb. Qeyd edək ki, Ermənistanın seçki qanunvericiliyinə əsasən, partiyaların parlamentə düşməsi üçün onların ən azı 5% səs qazanmaları tələb olunur.
Son nəticələrə əsasən, hakim Respublika Partiyası parlamentdə 61 mandat qazanacaq (41 yer proporsional, 20 yer isə mojaritar qaydada). "Çiçəklənən Ermənistan" 26 (18 + 8), "Daşnaksütyun" 16 (16 + 0), "Orinas Yerkir" və "İrs" isə müvafiq olaraq, 10 (8 plyus 2) və 7 (7+0) mandat əldə edəcək.
Bundan başqa, mojaritar qaydada bir yeri "Daşnik" birliyi, 11 mandatı isə bitərəf şəxslər qazanıb.
Məlumatlar göstərir ki, hakim respublikaçılar, "Çəçiklənən Ermənistan" və "Daşnaksütyun" birlikdə Ermənistan parlamentində əsas çoxluğu əldə ediblər. Müxalifətçi "İrs" partiyası ali qanunverici orqandakı 131 yerdən cəmi yeddisini əldə edə bilib. Bütün bunlar göstərir ki, Yerevanın daxili və xarici siyasət kursunda hansısa ciddi dəyişikliklərin baş verəcəyi gözlənilmir. Yəni Ermənistan hakimiyyəti son seçkidə bütün qanuni və qeyri-qanuni yollardan istifadə etməklə hakimiyyəti əlində saxlaya bilib. Bundan başqa, hakimiyyətin əsas diqqəti yalnız 2008-ci ilin yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulan prezident seçkisinə, daha dəqiqi, prezidentliyin hazırki baş nazir Serj Sarkisyana ötürülməsinə yönəldəcəyi məlumdur. Lakin Ermənistan vətəndaşları arasında narazılığın səviyyəsini nəzərə alsaq, bunun asan məsələ olmadığı üzə çıxır. Əhalinin isə hazırkı hakimiyyətin daxili siyasətindən, korrupsiyanın səviyyəsindən, ağır sosial vəziyyətdən narazı olduğu sirr deyil.
Qeyd edək ki, Ermənistanın radikal müxalifəti sayılan "İmpiçment" bloku (lideri Nikol Paşinyan), "Demokratik Yol" Partiyası (sədri Manuk Qasparyan), "Yeni Zaman" Partiyası (rəhbəri Aram Karapetyan) və "Respublika" Partiyası (lideri Ermənistanın sabiq baş naziri Aram Sarkisyan) alternativ fəaliyyət proqramına malik idilər və bu səbəbdən hakimiyyət bütün inzibati və maliyyə resurslarından istifadə etməklə, bu siyasi təşkilatların parlamentə düşməsinin qarşısını alıb.
Ermənistanın siyasi müxalifətinə gəlincə, köhnə parlamentdə bu cəbhəni "Ədalət" Bloku və "Milli Birlik" Partiyası təmsil edirdi. Onlarda Rusiyapərəst baxışlar, Türkiyəni düşmən kimi qəbul etmək xətləri üstünlük təşkil edirdi. Həmin qurumlar hesab edir ki, Rusiyanın nəzarəti altında olan Ermənistan üçün heç bir təhlükə yoxdur. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, bu məsələdə həmin müxalifətçilərin baxışları ilə hazırki hakimiyyətin yanaşması arasında heç bir fərq yoxdür.
Yeni parlamentdə isə müxalifətçiliyə iki partiya - "Orinas Yerkir" və "İrs" iddia edir. Qeyd edək ki, parlament seçkisinin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra Ermənistan parlamentindəki yeni müxalifətin qərbpərəst olması haqda fikirlər yayılmağa başlayıb. Bu bəyanatların mübahisəli tərəflərinə toxunmadan deyə bilərik ki, müxalifətin əldə edə bildiyi mandatların azlığı üzündən onların prezident Robert Köçəryanın daxili və xarici siyasi kursuna təsir imkanları yoxdur.
Hakimiyyətin parlamentdə təmsil olunmayan alternativi kimi isə "İmpiçment" Bloku, "Demokratik Yol" Partiyası, "Ermənistan Ümummilli Hərəkatı" (lideri Ararat Zurabyan) və "Pespublika" partiyaları qəbul edilir. Bu qüvvələr hesab edir ki, erməni xalqının yeri Avropa ailəsinin tərkibindədir və NATO-ya, Avropa İttifaqına inteqrasiya Yerevanın xarici siyasətinin əsas prioriteti olmalıdır. Parlamentə düşməyən digər partiyalar, həmçinin müxalifət qüvvələri hakimiyyətin hazırki kursundan fərqil hər hansı proqrama malik deyillər. Yəni onlar hazırki hakimiyyətpərəst partiyalar kimi, Ermənistanın Rusiyameyilli siyasətini düzgün sayır, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla kompromisə gedilməsini qəbul etmir, ilkin şərtlər olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazır deyillər və s.
MƏSLƏHƏT GÖR: