
UĞUR VARDIMI?
Rusiyanı orta asiya enerji daşıyıcıları uğrunda mübarizədə qalib elan etmək hələ tezdir
Müəllif: Samir MİRZƏYEV Bakı
Rusiya prezidenti Vladimir Putinin Qazaxıstan və Türkmənistana səs-küy doğuran səfəri başa çatdı. Bundan əvvəl Türkmənistanın yeni lideri Qurbanqulu Berdımuhəmmədovun Moskvaya səfəri baş tutdu, AB ilə Rusiya arasında Samarada növbəti danışıqlar keçirildi və artıq Rusiyanın Orta Asiya enerji daşıyıcıları uğrunda mübarizəsinin bu mərhələsinə müəyyən yekun vurmaq olar.
Rusiya liderinin kifayət qədər uzun sürən bu səfərinin məhz Polşanın Krakov şəhərində Ukrayna, Azərbaycan, Gürcüstan, Litva, Polşa və Qazaxıstan prezidentlərinin sammiti keçirilən vaxt baş tutması əlamətdar haldır. Nursultan Nazarbayev əvvəlcə prezidentlərin sammitində iştiraka razılıq versə də, Putinin Astanaya gəlməsi ilə əlaqədar, Krakov görüşündən imtina etmək məcburiyyətində qaldı və ora xüsusi təmsilçisini - energetika və təbii ehtiyatlar nazirinin müavini Ləzzət Kainovu göndərdi. Məhz bu səbəbdən bir çox ekspertlər planlaşdırılan yeni Odessa-Brodı-Plotsk-Qdansk neft borusu marşrutu üçün əsas neft tədarükçüsü kimi, Qazaxıstanın nəzərdə tutulduğuna əsaslanaraq (Azərbaycan öz neftinin böyük hissəsini artıq işə salınan Bakı-Ceyhan kəməri ilə nəql edəcək), Krakov görüşünün uğursuzluğundan danşmağa başladılar.
Elə həmin vaxt Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzəryanı qaz kəmərinin inşası barədə razılığa gəldilr. Üç ölkə liderinin Türkmənbaşı şəhərindəki danışıqların yekununda açıqlanan birgə deklarasiyasında bu barədə sazişin 1 sentyabr 2007-ci ilə qədər imzalanacağı bildirilir. Sənəd texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanmasını və tərəflərin birgə təəhhüdlərini nəzərdə tutur. Üç ölkənin liderləri öz hökumətlərinə Xəzəryanı qaz kəməri layihəsinin inşasının 2008-ci ilin II yarımilindən etibarən gerçəkləşdirilməsini tapşırdılar. Deklarasiya "həm RF ilə Türkmənistan arasında qaz sahəsində əməkdaşlıq barədə 10 aprel 2003-cü il tarixli sazişə müvafiq olaraq türkmən təbii qazının, həmçinin, Qazaxıstanın təbii qazının nəqlinin artırılması məqsədilə" imzalanıb.
Xəzəryanı qaz kəmərinin Türkmənistan və Qazaxıstan ərazilərilə Xəzərin sahili boyu irəliləyərək, Rusiya ərazisinə çıxacağı nəzərdə tutulur.
Xəzərarxasının sərvətləri
Bəzi politoloqlar Türkmənbaşıda imzalanan deklarasiyanı Transxəzər enerji arteriyaları ideyasının süqutu adlandırdılar. Lakin bu, həqiqətən, belədirmi? Xronoloji ardıcıllığa nəzər salaq.
Oxucumuzun xatırladığı kimi, 23-24 aprel tarixlərində yeni türkmən lideri ilk rəsmi səfərə Moskvaya yollandı (Berdımuhəmmədovun Məkkə ziyarətini saymasaq). Bu səfəri qabaqlayan Rusiya mətbuatı artıq türkmən qazının "Qazpromun cibində olduğunu" bəyan etməyə tələsdi. Lakin məlum oldu ki, qələbədən danışmaq hələ tezdir: Saparmurad Niyazovun xələfinin səfəri kifayət qədər uğursuz alındı. Bunun daha bir səbəbi elə həmin günlərdə Rusiyanın ilk prezidenti Boris Yeltsinin vəfat etməsi oldu. Şərqlilərə məxsus diplomatik tərzdə Rusiya ilə münasibətlərin hərtərəfli inkişafına tərəfdar olduğunu bildirən Berdımuhəmmədovun özü də elə xüsusi bir vəd vermədi. Odur ki rəsmi Aşqabad öz siyasətini müstəsna olaraq dövlət maraqları çərçivəsində quracaq: bunlar da kifayət qədər çeşidlidir. Elə oradaca türkmən prezidenti Transxəzər qaz kəməri layihəsinin digər layihələrlə yanaşı araşdırılacağını açıqlamaqla, rusiyalı təbliğatçıların ehtiraslarını bir qədər səngitdi.
Daha sonra Putinin Aşqabad-Astana-Aşqabad marşrutu ilə səfəri baş tutdu. Türkmənbaşı şəhərində Putin qazax və türkmən tərəfdaşlarını Xəzəryanı qaz kəməri üzərində işləməyə inandıra bilsə də, Transxəzər qaz kəməri layihəsindən imtinaya sövq edə bilmədi. Aydın oldu ki, "boru kəməri savaşı" ən azı sentyabrda Türkmənistanda və oktyabrda Litvada keçiriləcək sammitlərə qədər davam edəcək.
Mayın ortalarında keçirilən iki alternativ enerji sammitinin siyasi nəticələrinin yalnız 17-18 may tarixində Samarada keçirilən AB-Rusiya sammitinin nəticəsindən sonra birmənalı şəkildə aydınlaşmalı olması barədə açıqlamalar da elə məhz bu zaman səslənməyə başladı. Guya sonuncu sammitdə AB Xəzəryanı bölgədə enerji siyasətinin bu və ya digər variantını dəstəkləməli idi. Həmin görüşün nəticəsi artıq bəllidir və o, faktiki, uğursuzluqla başa çatıb. Son bir neçə ildə birinci dəfədir ki, tərəflər hər hansı bir yekun sazişi imzalamayıb. Putin isə jurnalistlərə təskinlik vermək üçün yalnız onu deyə bildi ki, "Rusiya və AB gələcək fəaliyyət xəttini müəyyənləşdirdi".
AB-nin Rusiyanın monopoliyasına münasibətini nəzərə alaraq və Rusiya təbliğatının təsirinə düşmədən elə əvvəlcədən təxmin etmək mümkün idi ki, Avropa enerji ehtiyatlarının Rusiyadan yan keçməklə alternativ çatdırılma variantlarına tərəfdar olacaq. Üstəlik, AB ilə Rusiya arasında yeni müqavilənin qarşısını alan ölkələrdən biri də elə Polşa - Samara sammitindən cəmi bir neçə gün əvvəl neft kəmərinin yeni qolu ilə bağlı qeyri-formal enerji sammitində ev sahibliyi edən ölkə olmuşdu...
Eyni zamanda, Orta Asiya danışıqlarının kommersiya tərəfi də olmuşdu ki, əsas uğursuzluqlar da sammiti elə burada gözləyirdi. Görüşün biznes-gündəliyində boru kəmərlərinə dair 3 məsələ qoyulmuşdu: Xəzəryanı və Transxəsər boru kəmərləri haqqında, həmçinin, Xəzər Boru-Kəmər Konsorsiumunun (XBK) gücünün artırılması barədə. Putin, Nazarbayev və Berdımuhəmmədov bu məsələlərdən yalnız birini bir qədər hərəkətə gətirməyə nail oldular.
Görüşün yekun sənədində qeyd edilir ki, 2007-ci ilin sentyabrında Türkmənistanda keçiriləcək növbəti görüşə qədər tərəflər Xəzəryanı boru kəməri layihəsi üzrə konsorsium yaradılması barədə hökumətlərarası saziş və kommersiya razılaşmalarının layihəsini hazırlayacaqlar. Əslində isə sentyabr ayı üçün onlar daha irimiqyaslı layihə üzrə sənədləri hazırlamalı olacaqlar. 5-7 il ərzində Xəzəryanı boru kəmərinin (indi OAM-4 - Orta Asiya-Mərkəz-4 qaz kəməri) gücünü ildə 10 mlrd kub. m qədər artırmaq (hazırda ildə 1-2 mlrd kub. m), Orta Asiya-Mərkəz-3 (OAM-3) qaz kəmərinin Türkmənistandan, Özbəkistan və Qazaxıstandan keçməklə, Rusiyaya gedən mövcud qolunun ötürücülük qabiliyyətini isə ildə 20 mlrd kub. m genişləndirmək nəzərdə tutulur. Lakin tərəflərdən heç biri Türkmənistan, Özbəkistan (prezident İslam Kərimov Türkmənbaşı sammitinin Deklarasiyasını daha əvvəl - Viktor Xristenko ilə mayın 9-dakı görüşü zamanı imzalayıb) və Qazaxıstana məxsus əlavə 30 mlrd kub. m qazı kimin satacağını demir. "Qazprom"a bu həcm üçün heç kimin zəmanət vermədiyini xüsusi vurğulamaq lazımdır. Xatırladaq ki, sammitin birinci görüşündə Putinlə Nazarbayev ildə 15 mlrd kub. m qazı (bu qaz Qazaxıstandakı Qaraçanaq yatağından Orenburq qaz emalı zavoduna çatdırılan qaz-kondensatdan emal ediləcək) Avropada "Qazprom"la "Kazmunayqaz"ın birgə müəssisəsinin - "Kazrosqaz"ın satacağı barədə razılaşıblar.
Beləliklə, güman ki, Türkmənistandakı sentyabr görüşündə Berdımuhəmmədovla Nazarbayev Putindən yeni borunun birgə operator şirkətinin yaradılmasını tələb edəcəklər. OAM-3 kəmərinin genişləndirilməsinə gəldikdə, "Qazprom" yalnız Orta Asiyanın qaz kəmərləri sisteminin yenidən qurulması planlarını bir daha təsdiq etməyə nail olub. Qeyd edək ki, 2004-cü ildə artıq belə bir layihə həm Türkmənistan, həm Özbəkistan, həm də Qazaxıstan tərəfindən imzalansa da, Türkmənistanla Özbəkistan arasında problemlər üzündən, faktiki, gerçəkləşdirilmədi. Sentyabr ayında Orta Asiya dövlətləri "Qazprom"dan açıq-aşkar onun AB-yə qaz ixracı üzərində monopoliyasını sarsıdan güzəştlər tələb edəcəklər.
Lakin ən önəmlisi odur ki, Vladimir Putin tərəfdaşlarını Transxəzər boru kəməri layihəsindən imtina etməyə inandıra bilmədi. Mayın 12-də Türkmənistan və Qazaxıstan prezidentləri birmənalı şəkildə bildirdilər ki, "Qazprom"un timsalında Rusiyanın əleyhinə çıxdığı layihə gündəmdən çıxarılmayacaq. Bu layihə AB-nin Azərbaycanın, perspektivdə isə Türkmənistan və İranın da qazını Rusiyanın nəzarətindən kənar Avropa Birliyi ölkələrinə çatdırılmasına dair Nabukko layihəsinin bir hissəsinə çevrilə bilər.
Bundan başqa, Türkmənistan sammiti XBK neft kəmərinin gücünün ildə 31 mln tondan 67 mln tona çatdırılması məsələsini həll edə bilmədi. N.Nazarbayev konsorsiumda 24% səhmə malik Rusiyanın genişləndirilməsini təklif etsə də, Putin ona dəqiq cavab vermədi. Bu zaman Qazaxıstan layihənin bəyənilməsini Rusiyanın Burqas-Aleksandrupolis neft kəmərində iştirakı üçün birmənalı şərt kimi irəli sürdü. Əks halda, qazax nefti Rusiyadan yan keçməklə, Odessa-Qdansk boru kəmərilə, yəni Azərbaycandan keçməklə nəql ediləcək.
Bununla əlaqədar, ən önəmlisi odur ki, transmilli şirkətlərin hansı layihələri dəstəkləmələri barədə danışıqlar Rusiya və Özbəkistanla deyil, Azərbaycan, Qazaxıstan və Türkmənistanla aparılacaq. Lakin aydındır ki, Nazarbayev və Berdımuhəmmədov Xəzərdə neft və qaz hasil edən Chevron, Exxon Mobil, bp, Eni şirkətlərilə sövdələşmədə daha çeşidli variantlara malik olacaqlar. Həmin şirkətlərin əksəriyyətinin Azərbaycanın enerji, o cümlədən boru-kəmər layihələrində iştirak etdiklərini nəzərə alsaq, bu dövrdə, ilk növbədə, həm Qərbin, həm də Azərbaycanın siyasi fəaliyyəti və danışıqlarla əlaqədar hərəkətləri böyük rol oynayacaq.
Bundan başqa, qeyd etmək lazımdır ki, Rusiya və Türkmənistandan Çinə paralel qaz nəqli variantı çox böyük şübhə altına alınır. Beynəlxalq Enerji Agentliyinin proqnozları göstərir ki, hətta 2020-ci ildə də Çinə qaz netto-idxalı 30-40 mlrd kubmetrdən artıq olmayacaq. Həm də bu həcmin, demək olar ki, hamısı sənayə cəhətdən inkişaf etmiş bölgələrdə istifadə olunacaq. Çin Qətər və Nigeriyadan maye təbii qaz qəbulu üçün iri tutumlar inşa etmək fikrindədir. Ölkənin şimal bölgələrində isə qaza elə böyük tələbat olmayacaq.
Xatırladaq ki, 21 mart 2006-cı ildə Putin Çində qaz sahəsində 2010-cu il üçün 30 mlrd kub. m həcmində qaz tədarükünü nəzərdə tutan saziş imzalayıb. Bundan düz 3 həftə sonra Çinə səfərə gələn mərhum Saparmurad Niyazov da elə həmin həcmdə qaz tədarükü barədə başqa bir sazişə imza atıb. Deməli, Rusiya qazı ilə birlikdə 60 mlrd kub. m alınır, halbuki bütün Çində yalnız 2015-2020-ci illərdə 30 mlrd kub. m qaz idxalına ehtiyac olacaq! Qaz alınması nəzərdə tutulsa da, Çinin ümumi enerji balansında kömürün - ölkənin əsas yanacağının payı 82%-dən yalnız 75%-ə qədər azalacaq. Lakin bu, o qədər də önəmli azalma olmadığından, deməli, qaz yenə də əvvəlki kimi, marginal rol oynayacaq. Beləliklə, qaz kəmərlərinin Çin istiqamətini Türkiyəyə çəkilən "Mavi axın"ın taleyi gözləyir - ildə 16 mlrd. kub m qaz nəql etmək imkanı olduğu halda, keçən il cəmi 4,7 mlrd kub. m (30%-dən də az) ixrac olunub.
Belə bir şəraitdə çox sadə bir sual vermək olar: ümumiyyətlə, Rusiyanın orta Asiyada hansı uğurundan danışmaq mümkündür?
Bir neçə "əmma"...
Bununla əlaqədar, bu məsələnin iqtisadi tərkib hissəsindən sonra ikinci yerdə duran (üstəlik, söhbət belə bahalı layihələrdən gedəndə) siyasi tərkib hissəsini də unutmaq olmaz.
Tezliklə Asiyada hasil olunan enerji daşıyıcı həcmlərini, həqiqətən, harasa yerləşdirmək lazım gələcək. Nəqliyyat infrastrukturuna daha az xərc çəkilməsi baxımından, Türkmənistan və Qazaxıstan üçün Rusiya istiqaməti, təbii ki, daha sərfəlidir. Lakin burada bir neçə "əmma" da var. Birincisi, Moskvaya birtərəfli istiqamətlənmə arzu olunan iqtisadi gəlirləri təmin etmir: Orta Asiyadan alınan enerjidaşıyıcılarının qiymətini artırmaq istəməyən Moskva tədarükü monopoliyalaşdırmaq arzusundadır. Rusiyaya qazı onun özünün Avropaya satdığından, demək olar ki, 3 dəfə ucuz satan Türkmənistan artıq bunun dadını lazımınca görüb. Qazaxıstan isə XBK ilə neft ixracı həcminin artırılmasına heç vəchlə nail ola bilmir ki, bunun da səbəbi müstəsna olaraq Kremlin əldə rəhbər tutduğu siyasi motivlərdir. Azərbaycan istiqaməti isə Türkmənistanla Qazaxıstan üçün Rusiyadakından önəmli dərəcədə fərqlənən yeni imkanlar yaradır və burada onlar bərabərhüquqlu tərəfdaş ola bilərlər.
İkincisi, daha əvvəldə artıq qeyd edildiyi kimi, əsas sözü bu iki Orta Asiya dövlətində işləyən Qərb şirkətləri deyəcək. Bu şirkətlərin arxasında kimin dayandığı və bunların məhz hansı şirkətlər olduğu isə heç kim üçün sirr deyil. Sizcə, son illər Rusiyanın monopoliyasından qurtulmağa can atan Qərb kimi dəstəkləyəcək?
Nəhayət, üçüncüsü: Qərbin Şərqə doğru qarşısıalınmaz şəkildə irəliləməsini nəzərə alaraq, Mərkəzi Asiyanın əsas neft-qaz dövlətləri üçün artıq indi onun əlindən tutmaq zəruridir.
Bütün bu suallara ən yaxşı cavabı Vladimir Putinlə Asiya sammiti başa çatdıqdan dərhal sonra elə Türkmənistan və Qazaxıstan prezidentlərinin özləri verdilər. Rusiya və Qazaxıstan prezidentlərilə üçtərəfli danışıqların nəticələrini şərh edən Qurbanqulu Berdımuhəmmədov deyib: "Xəzəryanı qaz kəmərinin inşası barədə razılaşmalar Türkmənistanın Xəzərin dibilə Transxəzər qaz kəmərinin çəkilməsi layihəsində iştirakı məsələsini gündəmdən çıxarmır. Bütün dünyada qazın nəqli marşrutlarının diversifikasiyası prosesi gedir". Türkmənistanın, üstəlik, Çin və İrana da ixrac etmək üçün bəs edəcək qədər qaz ehtiyatlarının olub-olmaması barədə sualı prezident: "Narahat olmayın, qaz kifayət qədərdir", - deyə cavablandırıb.
Qazaxıstan rəhbəri Nursultan Nazarbayev o qədər açıq danışmasa da, onun dediklərinin əsas mahiyyəti tamamilə aydındır: Astana yeni qaz nəqli güclərinin inşasına praqmatik yanaşır. "Qaz və neft tədarükünün diversifikasiyası bizim üçün sərfəli şərtdir. Burada heç bir siyasət yoxdur. Qazaxıstanda neft və qaz hasilatının həcminin artması belə bir diversifikasiyanı tələb edir", - deyə Nazarbayev vurğulayıb.
Eyni zamanda, rəsmi Bakı və Aşqabad siyasi təmasları və danışıqları gücləndirir. Artıq mayın 22-də Azərbaycan XİN başçısı E.Məmmədyarov Aşqabada bir günlük səfər edib. XİN mətbuat katibi Xəzər İbrahimin bildirdiyi kimi, səfərin gedişində Məmmədyarov Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovla görüşüb. İkitərəfli münasibətlərin geniş spektri müzakirə edilib. Energetika və nəqliyyat, ticarət-iqtisadi sahədə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Məmmədyarov türkmən liderinə Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu da çatdırıb. İkitərəfli əlaqələrin genişləndirilməsinə dair bir sıra təkliflərlə çıxış edən azərbaycanlı nazir, o cümlədən, əməkdaşlığın genişləndirilməsinə dair birgə hökumətlərarası komissiya yaradılmasını da təklif etdi. Komissiya yaradılması ideyasını dəstəkləyən Berdımuhəmmədov bunun bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə dəstək olacağını bildirdi. Məmmədyarov Türkmənistan XİN başçısı Rəşid Mərədovla da görüşlər keçirib.
Beləliklə, yaranmış şəraitdə rəsmi Bakı və Qərb dairələri ilə yalnız Xəzərarxası bölgədə fəallığı artırmaq zəruridir. Bu halda, müsbət nəticələri o qədər də çox gözləmək lazım gəlməyəcək...
MƏSLƏHƏT GÖR: