
QAZ PRİORİTETLƏRİ VƏ QEYRİ-QAZ PERSPEKTİVLƏRİ
Bakı və budapeşt ikitərəfli və regional əməkdaşlıq sahələrini genişləndirmək haqda razılığa gəlib
Müəllif: Roma NEYMAN Bakı
Mayın ortalarında Macarıstanın xarici işlər naziri Kinqa Qents Bakıya ilk dəfə səfər etdi. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun dəvətilə baş tutmuş bu səfər zamanı hər iki tərəf üçün vacib olan Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı məsələsi müzakirə edildi.
Qeyd etmək lazımdır ki, iki ölkənin müasir əməkdaşlıq sahəsi kifayət qədər genişdir. Buraya iqtisadi-ticari və investisiya sahələrində əməkdaşlıq, siyasi dialoq və parlamentlərarası əlaqə, humanitar məsələlər, xüsusilə Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs cəzası alan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun taleyi, həmçinin, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq məsələləri aiddir.
Amma iki ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyəti daha əsas prioritet sahə sayılır.
Macarıstan Azərbaycana daim özünün Mərkəzi Avropadakı vacib tərəfdaşı kimi baxıb. Bu əməkdaşlığın əhəmiyyəti 2002-ci il oktyabrın 11-dən sonra daha da artıb. Xatırladaq ki, məhz həmin tarixdə beş Avropa ölkəsi - Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya və Türkiyə arasında Xəzəryanı ölkələrdə hasil olunan qazın Avropaya nəqli üçün boru xəttinin tikintisinin mümkünlüyünün öyrənilməsi ilə əlaqədar razılaşma imzalanıb. 2006-cı il iyunun 26-da isə adıçəkilən dövlətlər arasında öz ərazilərindən keçən qaz borusunun inşasına razılıq bəyanatı imzalanıb. Bunu Nabucco adlanan layihəyə siyasi dəstək hesab etmək olar (borunun uzunluğu 3300 km, dəyəri isə 5 milyard avrodur). Boru xəttinin ən tezi 2011-ci ildə istifadəyə veriləcəyi və onun illik nəql gücünün minimum 30 milyard kub metr olacağı gözlənilir.
Qeyd edək ki, hazırda Avropa İttifaqına üzv olan ölkələrin gündəlik istifadə etdiyi "mavi yanacaq"ın dörddə birindən artığı (150 milyard kubmetr) Rusiyadan ixrac olunur. Azərbaycan da Avropa İttifaqı kimi, Macarıstanın bu layihəyə qoşulmasında maraqlıdır və ona siyasi dəstək verməyə hazırdır.
Lakin Ferents Dyurçanın rəhbərlik etdiyi Macarıstan hökuməti bu layihənin perspektivinə xeyli ehtiyatla yanaşaraq, Rusiya prezidenti Vladimir Putinlə sıx əməkdaşlığa üstünlük verir. Bununla da o, faktiki olaraq, "Qazprom"un Mərkəzi və Cənub-Şərqi Avropada təsirini artırmaq strategiyasını dəstəkləyir. Bununla yanaşı, Macarıstanın İqtisadiyyat Nazirliyi hesab edir ki, ölkənin Mərkəzi Avropanın nəhəng enerji mərkəzi olmaq iddiası var, böyük həcmdə Rusiya qazına yol açan "mavi axın" isə bu hədəfi daha da yaxınlaşdırır.
Xatırladaq ki, Dyurçan bir müddət əvvəl verdiyi müsahibələrinin birində bildirmişdi ki, Avropanın Nabucco layihəsi qrafikidən xeyli geri qalır və bu səbəbdən yeni problemlərlə üzləşə bilər. Baş nazirin qiymətləndirməsinə görə, Rusiyanın planı daha realdır: "mavi axın" artıq Qara dənizin dibi ilə Türkiyəyə gedir. Nabucco çoxdankı arzu və köhnə plandır. Bizə isə arzular yox, layihələr lazımdır... Nabucconun yeganə problemi ondan ibarətdir ki, biz ondan nə zaman qaz alacağımızı bilmirik. Kimsə mənə konkret şəkildə desə ki, "qaz filan vaxtı gələcək", bu yaxşı olar. Amma mənzilləri arzularla deyil, "mavi yanacaq"la qızdırırlar. Bizim təchizatlarımızı diversifikasiya edə bilsək, mən bundan məmnun olaram. Mən Macarıstan üçün təhlükəli olan riski xeyli artıra bilərəm. Baş nazirin bunu istəməyərək, yalnız bir mənbə ilə kifayətlənməsi axmaqlıq olardı. Amma arzuların ardınca qaçmaq və real olandan istifadə etməmək də axmaqlıqdan başqa bir şey deyil".
O, sözarası Macarıstanın Nabucco konsersiumunun üzvü olmasına baxmayaraq, Rusiyanın "mavi axın"ın Mərkəzi Avropayadək uzadılması planını dəstəklədiyini də bəyan edib. ""Mavi axın" çox güclü istək və böyük təşkilati qüvvə ilə möhkəmlənib. Onun arxasında qüvvə dayanır", - deyə hökumət başçısı qeyd edib. Macarıstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, "mavi axın"ın bu ölkəyədək uzanması 5 milyard avroya başa gəlir. Hökumətin digər üzvü - iqtisadiyyat naziri Yanoş Koka isə müsahibələrindən birində bildirib ki, Macarıstanın fəaliyyətində qeyri-ardıcıllıq yoxdur və onun mövqeyi rəqabətə əsaslanır: "Biz də enerji təchizatlarımızı diversifikasiya etmək istəyirik. Bizim aldığımız qazın 80%-dən artığı Rusiyadan gəlir. Bir-birinə rəqib olan iki layihə var. Amma Nabucco reallığa yaxın deyil və bir qədər xəyalidir. Mən Nabucconun güclü olmasını istərdim".
ABŞ və Avropa İttifaqının Nabucco layihəsinin reallaşdırılmasını sürətləndirmək üçün çalışmasına, Budapeşti isə bu layihəyə prioritet kimi yanaşmağa çağırmasına baxmayaraq, Macarıstan kifayət qədər praqmatik siyasətini dəyişmək fikrində deyil. Macarıstan hökumətinin arqumentləri sözügedən layihənin əlavə maneələrlə üzləşməsi ilə daha da güclənib. Bu maneələrdən biri və ən güclüsü ABŞ-ın layihəyə İranın qoşulması və ya buna hansısa formada cəhd edilməsinin qəti əleyhinə çıxmasıdır. Boru xəttinin maliyyələşdirilməsi ilə bağlı problemlər də var. Bu azmış kimi, bir müddət əvvəl Xəzərətrafı qaz ehtiyatlarına malik Rusiya, Qazaxıstan və Türkmənistanın Xəzəryanı qaz nəqli sisteminin yaradılması haqda razılığa gəlməsi, həmçinin bu üç ölkə və Özbəkistanın köhnə Mərkəzi Asiya-Mərkəz xəttini müasirləşdirmək qərarı vəziyyəti bir qədər də çətinləşdirib.
Beləliklə, bütün qeyd olunanlar Macarıstanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya necə ziddiyyətli hadisələr fonunda baş tutduğunu üzə çıxarır. Yeri gəlmişkən, qeyd edək ki, XİN başçısı Kinqo Qents Macarıstanın hakim Sosialist Partiyasının nümayəndəsidir və baş nazir Dyurçanın mövqeyini birmənalı şəkildə dəstəkləyir. Bununla əlaqədar bir məqamı da qeyd etmək lazımdır ki, Bakı danışıqları zamanı bu məsələdə Macarıstanın praqmatik mövqeyini bir daha təsdiqləyən xanım Qents bildirib ki, qaz ixracından asılı olan Budapeşt həm enerji mənbələrinin, həm də boru kəmərlərinin diversifikasiyasında maraqlıdır. Bu və ya digər boru xəttinin necə adlanacağının onlar üçün əhəmiyyət daşımadığını deyən nazirin sözlərinə görə, vacib olanı diversifikasiya və Azərbaycanla Macarıstanın birgə iştirakı ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsidir.
İlk baxışdan belə düşünmək olar ki, bu mövqe iki ölkənin enerji sahəsində əməkdaşlığı üçün yaxşı şərait yaradır.
Qeyd edək ki, Macarıstanın nümayəndə heyətinin Bakı səfərinin proqramı kifayət qədər zəngin oldu. Orada ən yüksək səviyyələrdə 6 görüş nəzərdə tutulmuşdu (prezident, baş nazir, dörd nazirlik rəhbərləri və ARDNŞ-in prezidenti). Görüşlər nəticəsində bir gün ərzində iki razılaşmanın imzalanması da proqrama daxil idi. İnvestisiyaların qarşılıqlı qorunması və təşviqi haqda (hökümətlərarası) razılaşma, həmçinin Macarıstanın İqtisadiyyat və Nəqliyyat Nazirliyi ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığı nəzərdə tutan razılaşmanın imzalanmasına gəlincə, hər iki tərəf bu sənədlərə böyük əhəmiyyət verir. Budapeşt və Bakı hesab edir ki, bu iki sənəd iqtisadi-ticari və investisiya əməkdaşlığı üçün hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edir.
Yeri gəlmişkən, qeyd edək ki, bu sahədə hazırki vəziyyət lazımi səviyyədən uzaqdır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi cəmi 35 milyon dollara yaxındır ki, bu da Azərbaycan və Macarıstanın inkişafda olan iqtisadiyyatının yaratdığı potensialı özündə əks etdirmir.
Azərbaycan XİN-də keçirilən mətbuat konfransında Macarıstan tərəfi Azərbaycana aqrar sənaye və ərzaq sənayesi sektorlarında, informasiya texnologiyaları və əczaçılıq sahələrində, həmçinin nəqliyyat infrastrukturunun inkişafında, Budapeştin təcrübəsi və investisiya imkanları olan digər sahələrdə əməkdaşlığı gücləndirməyi təklif edib.
Göründüyü kimi, Azərbaycan hökuməti və şəxsi şirkətlərin bu təşəbbüslərə pozitiv münasibəti iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsini artıra, Macarıstan investisiyasının Azərbaycan iqtisadiyyatına axınını gücləndirə bilər.
Macarıstanlı nümayəndə heyətinin Bakı səfərinin yekunları və aparılan danışıqlar göstərib ki, Bakı-Budapeşt münasibətlərinin böyük potensialı və perspektivləri var. Bu potensialın, sadəcə, energetika sahəsinə, xüsusilə də Nabucco layihəsinin reallaşdırılmasına yönəldilməsi səhv olardı. Bu mövzu, şübhəsiz ki, vacibdir və diqqətdə saxlanılır. Amma eyni zamanda, onun digər sahələrdə əməkdaşlığa mane olmasına imkan verilməməlidir. Çünki qarşılıqlı münasibətlər kifayət qədər yaxşıdır və hər iki tərəfin marağında olan elementləri özündə birləşdirir. Bakıda keçirilən görüşlər və aparılan danışıqlar bu faktı bir daha təsdiqləyib, iki ölkənin energetika sahəsində olduğu kimi, digər istiqamətlərdə də əməkdaşlığı dərinləşdirməsi üçün şərait yaranıb.
MƏSLƏHƏT GÖR: