25 Noyabr 2024

Bazar ertəsi, 01:32

STRES - BÖYÜK ŞƏHƏRLƏRİN XƏSTƏLİYİ

Aramsız qaçhaqaç və vurnuxmanın xas olduğu meqapolislər öz sakinlərinə, bircə an da olsun, dinclik vermirlər

Müəllif:

15.05.2007

Heç kim sivilizasiyanın bəşəriyyətə indiyədək  fəal şəkildə faydalanmaqda olduğumuz çoxlu nemətləri bəxş etdiyini inkar etməz. Lakin "ağıllı" maşınlar müasir insanların həyatını əhəmiyyətli dərəcədə yüngülləşdirsə də, elmi nailiyyətlərə və həyatın bütün sahələrində tərəqqiyə əlavə kimi, yeni xəstəliklər də qazanmışıq. Sivil dünyanın xəstəliklərinə əminliklə stresi, xroniki yorğunluq sindromunu və belə durumda olmağın nəticəsi kimi - depressiyanı da aid edə bilərik.

Axı aramsız qaçhaqaç, vurnuxmanın səciyyəvi olduğu meqapolislər,  yaxud bu "titula" iddialı olan böyük  şəhərlər öz sakinlərinə, bircə an da olsun, dinclik vermirlər.

Əyalət sakinləri, yaxud kənd əhalisi müəyyən qədər əlverişli ekoloji şəraitdə yaşadıqları, sakitlikdən həzz aldıqları halda (əslində, onların da öz problemləri var), tüstünün bürüdüyü şəhərdə oksigen çatışmazlığı şəraitində yaşayan şəhər sakini hər tərəfdən onu bürüyən informasiya axınında başını itirir.

Nəqliyyatın ara verməyən uğultusu, çoxsaylı əyləncə müəssisələri, bərq vuran reklamlar - bütün bunlar sensor yüklənməsi adlananı doğurur və şəhərlilər bir an da olsun "informasiya dincliyi" yaşamaqdan məhrum olur. Nəticədə, beyin və bütün orqanizm həddən artıq yüklənir. Bura işdəki problemlər, layiqli ömür sürmək üçün vəsait çatışmazlığını, o qədər də möhkəm olmayan sağlamlıq kimi permanent çətinlikləri də əlavə etsək, stres durumunun meydana çıxması formulunu əldə etmək olar.

 

"Müsbət" və "mənfi" işarəli stres

Sosial statusu və yaş qrupundan asılı olmayaraq, bütün insanlar streslə tanışdır. Biz müasir həyat tərzilə əlaqədar meydana çıxan onlarca problemlə üzləşirik və bizə daim elə gəlir ki, daim vaxtımız çatışmır. İşdə, evdə, televizora baxarkən, səyahət zamanı minlərlə stres durumuna düşürük. Yatırsan və sabah başına nə gələcəyini bilmirsən - həyatımızın sərt gerçəkliyi belədir. Biz yaşamırıq, əsəb savaşında mövcud olmaq hüququnu zor gücünə əldə edirik. Kimsə bu dəhşətli həmlələrə duruş gətirir, başqaları isə bunu bacarmır və həyatın axarından kənara çıxır. Məhz bu zaman psixoloqların qısa, lakin sərt ad verdikləri durum - stres meydana çıxır. 

Tibb işçiləri stresi (ingiliscə  stress - gərginlik sözündəndir) orqanizmin istər fiziki, istər psixoloji olsun, çox güclü təsirə səciyyəvi olmayan, ümumi reaksiyası, həmçinin, əsəb sisteminin müvafiq durumu kimi müəyyənləşdirirlər.

"Stres" terminini ilk dəfə məşhur psixoloq Hans Selye özünün "Distresiz stres" kitabında işlədib. İlkin mənada, Selye stresi müstəsna olaraq dağıdıcı, neqativ hadisə kimi nəzərdən keçirirdi. Lakin sonradan psixoloq "müsbət stres" - eustres və "mənfi stres" - distres kimi anlayışları da dövriyyəyə daxil etdi.

Selyeyə görə, "eustres" anlayışının iki mənası var: birincisi, bu, müsbət emosiyaların doğurduğu stresdir və ikincisi, orqanizmi səfərbər edən o qədər də güclü olmayan stresdir. 

Distresə gəldikdə, bu, stres durumunun mənfi tipidir ki, orqanizm onun öhdəsindən öz gücü ilə gəlməyə, sadəcə, qadir deyil. O, insanın mənəvi sağlamlığını dağıdır və ciddi psixi xəstəliklərə, hətta şizofreniyaya da gətirib çıxara bilir.

Psixoloqlar qeyd edirlər ki, stresin təsiri altında qanda adrenalinin miqdarı artır, tənəffüs və ürək döyüntüləri sürətlənir, maddələr mübadiləsi daha sürətlə gedir. Xoşagəlməz hadisələr bir-birinin ardınca baş verdikdə, insan öz üzərində nəzarəti itirir və əksər hallarda, "qara zolağı" adlamaq üçün heç nə etmir. Belə məqamlarda stres daxilimizdə yuva qurur, bizi səhvlərə yol verməyə, əsəbi və daim yorğun, mənfi enerjisi aşıb-daşan adamlara çevrilməyə məcbur edir.  

Çətin ki, stres haqqında nəzəriyyənin banisi bu problemin üçüncü minillikdə belə aktual olacağını təxmin edirdi. Təəssüf ki, həyatda bizi uzun müddətə "kələfin ucunu itirməyə" məcbur edən çoxlu sarsıntı və yaşamlar yer alır. Elə bircə gündəlik yorucu həyatımız nəyə desən, dəyər!

Son araşdırmaların nəticələri göstərir ki, hazırda rəhbər işçilərin, orta hesabla, yarısı işdə bir neçə il bundan əvvəlkindən daha böyük stres yaşayır. Yeri gəlmişkən, dünyanın 30 ölkəsindən 7 mindən artıq aparıcı iş adamının iştirakı ilə keçirdiyi araşdırmasının nəticələrini açıqlayan Grant Thornton konsaltinq şirkətinin ekspertləri də analoji nəticələrə gəliblər. Ən yüksək stres səviyyəli ölkələr siyahısında birinci yeri tutan Tayvanda biznes-liderlərin 89%-i bildirib ki, keçən illə müqayisədə, keçirdikləri stresin səviyyəsi yüksəlib. İkinci, üçüncü yerləri 87% və 76% göstəricilərlə Çin və Filippin tutur. 5-7-ci yerlər Honkonq, Sinqapur və Malayziyaya nəsib olub. Bu siyahıda ilk yeddi yeri tutanlar arasında Asiyadan olmayan yeganə ölkə - Botsvana 4-cü yerdədir. 12-ci sırada duran Rusiya (60%) Yaponiya (60%) və Meksika ilə qonşudur (58%). İş adamları üçün ən "sakit" ölkə isə İsveçdir.

 

Ən yaxşı mübarizə vasitəsi - profilaktika

Həkim, stres durumları sahəsində mütəxəssis Təhminə Nəcəfovanın sözlərinə görə, indi tibbi yardım üçün müraciət edən insanların əksəriyyətinin problemləri məhz stresdən başlayır. Statistika göstərir ki, bütün xəstəliklərin 90%-i bu və ya digər dərəcədə, əsəbiliklə, həmçinin, streslərlə bağlıdır. Müsahibimizin qeyd etdiyi kimi, hər il Avropada 1,5 milyon adam streslərin doğurduğu xəstəliklərdən dünyasını dəyişir. Belə xəstəliklərə beyin iflici, miokard infarktı aiddir. 

Müsahibimiz aşağıdakıları da vurğuladı: "Ürək-damar, həzm və cinsiyyət sistemləri xəstəlikləri çox vaxt əsəbilikdən və tez-tez yaşanan streslərdən doğur. Artıq çoxdan müəyyənləşdirilib ki, xoranın meydana çıxması, əsasən, əsəb sistemi xəstəliklərilə bağlıdır. Odur ki xəstələrinin həzm sistemini müalicə etməzdən əvvə, qastroenteroloqlar onlara sakitləşdirici dərmanlar yazırlar, çünki antidepressantlarsız müalicə müsbət nəticələr verməyəcək.  

Təəssüf ki, stresdən qorxmaması ilə öyünə bilən adam yoxdur, çünki onu doğuran səbəblər həm xarici mühitdə, həm də bizim daxilimizdədir. Hər gün üzləşdiyimiz problemlər - yollardakı tıxaclar, bizi qane etməyən əmək haqqı, işdə və ya evdəki münaqişələr, bütün bunlar xarici amillərdir. Stres durumlarının daxili katalizatorları yüksək özünütənqid, özünə qarşı tələbkarlıq, həddən artıq şişirdilmiş məsuliyyət hissidir ki, müəyyən məqamlarda bunlar əsəb sisteminə mənfi təsir göstərməyə başlayır. Kişilər streslərdən qadınlardan daha çox əziyyət çəkdiklərindən, infarkt və beyinə qan sızmadan da elə kişilər daha çox ölürlər. Bu, kişilərin emosiyalara qapılmamaları, problemlərini daxildə saxlayaraq, üzə vurmamaqlarından irəli gəlir. Qadınlar isə əksinə, mənfi emosiyaları xaric edirlər və bu çox kömək edir.

Qərbdə bu problemə artıq çoxdan daha yüksək diqqət yetirirlər, bəzi Avropa ölkələrində isə streslərin profilaktikası üçün ofislərdə "stres-menecment"dən - fiziki hərəkətlərdən, ofisdə müəyyən dizayndan, sakitləşdirici musiqidən istifadə edilir. Stresin öhdəsindən gəlmək üçün daha çox hərəkət etmək, idmanla məşğul olmaq, bitkiəsaslı antidepressantlar qəbul etmək lazımdır. Ölkəmizdə stres probleminə hələlik lazımi diqqət yetirilmir, çünki biz bu problemin nə dərəcədə təhlükəli olduğunu hələ dərk etməmişik. Lakin artıq bunun vaxtı çatıb".

 

Heç kimin sığortalanmadığı vəziyyət

Biz stresdən tez-tez danışır, lakin onun insanda ən zəif müqavimət gücünə malik yeri taparaq, məhz ora zərbə endirmək kimi qeyri-adi "bacarığını" unuduruq. Psixiatr, tibb elmləri namizədi Svetlana Əsgərovanın sözlərinə görə, nə qədər qəribə olsa da, stres durumları sənaye baxımdan inkişaf etmiş ölkələrin əhalisi üçün xasdır. Azərbaycan da bu sıradadır. Ölkəmizdə stresə məruz qalan insanların sayı durmadan artmaqdadır. Həm də bir qayda olaraq, ona məhz paytaxt sakinləri meyllidir. 

"Həkimlik təcrübəm göstərir ki, stres uşaqdan başlayaraq, ən yaşlı adamlara qədər hər bir insanı əhatə edə bilsə də, risk qrupuna, adətən, 30-50 yaş arasında olanları aid edirlər. Təəssüf ki, ölkəmizin əhalisinin neçə faizinin stresə məruz qalması barədə statistik məlumat yoxdur, çünki bu istiqamətdə ciddi sosioloji araşdırmalar aparılmayıb. Kimsə sadəlövhcəsinə güman edə bilər ki, stres müstəsna olaraq, yalnız bir tikə çörəkpulunu necə qazanmağı düşünənlərin nəsibidir. Lakin bu heç də həmişə belə deyil. 

Mənə dəfələrlə kifayət qədər imkanlı insanlar müraciət edib və onlarla iş təcrübəmdən əminliklə deyə bilərəm ki, belələri streslərə ölkəmizin ortastatistik vətəndaşlarından az yox, hətta çox məruz qalırlar. Axı çoxlu pul səylərin təmərküzləşdirilməsi və olanı itirmək qorxusundan doğan stres deməkdir. Belə adamlar üçün var-dövlətin itirilməsi böyük bir psixoloji stresə çevrilə, həmin stres isə müxtəlif, o cümlədən çətin sağaldılan xəstəliklər doğura bilər. Streslərə mövsümiliyin xas olduğunu demək olmaz, onlar həyati durumlar, insanın üzləşdiyi problemlərdən asılı olaraq meydana çıxır", - deyə ekspert fikrini yekunlaşdırdı.

Stres emosional yüksəlişdən sonra insanda yaşamaq həvəsinin itdiyi, onun ətrafa qarşı biganələşdiyi, yaxud kədər, çıxılmazlıq hissi yaşadığı bir durumdur. stres durumlarında özünüqiymətləndirmənin aşağı olması və özünə inamsızlıq, gələcəyə pessimist baxış, yuxunun pozulması, iştahanın pisləşməsi tez-tez rast gəlinən hallardır.

Psixoloqlar və psixiatrlar qeyd edirlər ki, indiyədək insan övladlarından heç biri stresdən yayına bilməsə də, əsas məsələ öz stresini idarə etməklə, böhran həddinə çatmadan yaşamağı öyrənməkdir. Gərginliyi vaxtında aradan götürmək bacarığı insana öz fiziki və psixi durumuna nəzarət etmək, ruhunu gənc saxlamaq imkanı verir. Stresdən qurtulmağın çoxlu yolları var. Onların hər birini sadalamağa və təsvir etməyə ehtiyac yoxdur. Mənfi emosiyalardan xilas olmaqda kiməsə boks əlcəkləri, kiməsə  qızıl balıqların üzdüyü akvariumu seyr etmək, bir başqa birisinə isə hovuzda üzmək yardımçı olur. Stres probleminin həlli yollarının sayı elə insanların sayı qədərdir. Təki həvəs olsun, onda dənizi də üzüb-keçmək, dağları da yerindən oynatmaq mümkündür...


MƏSLƏHƏT GÖR:

473