15 Mart 2025

Şənbə, 00:28

MSTİSLAV ROSTROPOVİÇƏ İTHAF

Bakıda anadan olan və onu ürəkdən sevən dahi musiqiçi bu məqalənin bəzi sətirlərini ölümündən bir qədər əvvəl oxumuşdu

Müəllif:

15.05.2007

Bu dəhşətli xəbərə inanmaq olmur.  Nə üzücü xəstəlik, nə də  bu yaxında 80 illik yubileyindəki əzgin görkəmi bu fikirlə barışmağa haqq qazandırmır. Bilirdik ki, sağalmaz xəstəliyə tutulub, amma inanmırdıq. Görürdük ki...  Amma gözlərimizə inanmırdıq: axı Maestro təəccübləndirməyi bacarırdı. Yenidən qayıtmağı da ...  Axı o qayıdıb hər şeyi təzədən başlamağı da bacarırdı. 47 yaşında, acı mühacirətdə olduğu kimi...

O, dünyanın ən tanınmış teatrlarında tamaşalar səhnələşdirir, genişmiqyaslı  vaksinasiyalar keçirir, Şostakoviçin muzeyini yaradır, Azərbaycan bəstəkarlarının  əsərləri də daxil olmaqla,  festival və müsabiqələr təşkil edərək  onlara rəhbərlik  edirdi ...

O, hər şeyə və hamıya həmdərd olur, tarixin ən möhtəşəm olaylarında iştirak etməyi bacarırdı. Berlin divarının dağıntıları üstündə  Baxı ifa edir (xanımının təbirincə, "divarın dağıdıldığını gördü və yola düşüb getdi"), Rusiyada çevriliş zamanı həyatını təhlükəyə atıb, üç gün mühasirədə qalır, - sonralar qələbəni əbəs yerə "Rostropoviç simalı inqilab" adlandırmamışdılar ki... Vizasız, violonçelsiz, ölümüylə barışıb uçmuşdu. "Qalyaya vida məktubu yazıb, çarpayının üstünə qoydum : "Bağışla, bilirəm ki, məni daha görməyəcəksən"... Bir də o, dostluq edə bilirdi - "etibarlı olmayanlarla", bu gün qiymətləndirilməyənlərlə; təqib olunan Soljenitsinə ilk qapı açan məhz o olmuşdu. Soljenitsin və Rostropoviçin dostluğunu "yüksək əyarlı dostluq" adlandırmışdılar.

O, öz violonçeli ilə Arktikaya və Sibir kəndlərinə səfər edir, xam torpaqda ağlasığmaz konsertlər verirdi... Nəyisə çatdırmamaqdan qorxurdu. Dayanmağa ehtiyat edirdi. "Motorlu adam" deyirdilər onun haqqında. Mübaliğə yox idi bu sözlərdə: mövsüm ərzində 200-ə yaxın konsert vermək başqa heç kimə müyəssər olmayıb! Və əgər tamaşaçılar ürəyinə yatsaydı, "Gəlin sizinçün bir az da çalım" - deyib, daha bir konsert çala bilərdi! Rostropoviçlə ünsiyyətdən sonra  xaricdə çoxları SSRİ-yə münasibətlərini dəyişmişdi...

İstedadlı musiqiçi heç də həmişə qeyri-adi insan olmur. Şostakoviç festivalını keçirmək üçün Bakıda olan Maestro ilə görüşümüzü heç vaxt unutmaram. Elə onda da görkəmi yaxşı deyildi,  yadımdadır, gözlədiyimi görməyəndə ürəyim sıxılmışdı. Rəngi çox solğun idi və  dalbadal  kiçik armududa  lap rəngsiz  acı çay içir, vaxtaşırı onu isitməyi xahiş edirdi. Günahkar təbəssümlə "Hələlik mənə başqa heç nə icazə vermirlər", - dedi və yaman sevindi: "Bəxtim nə yaxşı gətirib, həm jurnalistsiniz, həm musiqiçi.  Həmişə belə olmur. Yaxşı söhbətimiz alınacaq!" Bu heç müsahibə də deyil, iki bakılının söhbəti idi. Özümüzünkü, doğma, yüz ilin tanışı kimi... Sanki ona əl vursan, qərinələr üzərinə səpələnəcək, yox, gələcəkdi - Çaplin və Heminquey, Prokofyev və Pikasso...  Bir də onun portretlərini çəkmiş Salvador Dali və Mark Şaqal... Və bununla birlikdə - korifeylikdən əsər-əlamət yox idi. Onun statusuna uyğun keçilməz arakəsməni görmədim aramızda!

...Sonra isə yerli mətbuatda elə həmin gün çap  edilmiş  müsahibə oldu, - Rostropoviçlə yarımsaatlıq söhbət ürəyəyatan nəşrə çevrildi.

Və həyatımın ən xoşbəxt günlərindən biri - böyük, birsəhifəlik məqaləni yellədərək, filarmoniya direktorunun kabinetinə, Maestronun yanına qaçıram. Səhnəyə çıxmasına yeddi dəqiqə qalıb. Bilirəm ki, haqqım yoxdur,  konsert ərəfəsində onu narahat etmək olmaz, bu, ən ali konsentrasiya  məqamıdır və  ustadın rahatlığını pozmaq  günaha bərabərdir! Katibənin gözləri  girdələnir: "Siz axı bunu etməzsiniz?!". Günahkaram... 

O, mülayim işıqlı zalın uzaq küncündə stol arxasında oturub qarşısındakı partiturada nəsə cızır.  Adət etmədiyim ağ geyim, mum rəngli sima, həyatıboyu hamını bağışlamış həlim baxış...

Halə...  Ay Allah, o kimi xatırladırdı mənə?  Bənzəyiş o dərəcədə idi ki, kabinetin astanasından keçməyə cəsarət etməyib, geri çəkildim. Sonralar anladım ki, yanılmamışam: Roma  papası İohann Pavelə bənzəyirdi. Məni gördü.  Daha Roma papası yox idi.  Əvəzində balaca oğlan sevinci var idi - hər ikimizin yerinə. Elə bil mən onu daha çox sevindirmişdim, nəinki o məqalə...

On dəqiqədən sonra o, bütün dəbdəbəsi ilə səhnəyə çıxdı. Qarşıda Şostakoviçin Doqquzuncu simfoniyasının fəthi dururdu. "Rəssama  təqdir   skripka yayına sürtkü kimi  vacibdir".  Bəlkə də, bu aforizmi yaratmış almanlar haqlıdırlar. Hərçənd "təqdir"  kəlməsi  bu halda...  Gülməlidir. Və təəssüf doğurur. Onun  tərcümeyi-halında, heç olmasa, kiçik bir vergül olmağı elə istərdim ki... 

Deyirlər, Maestro təyyarədə mənim hələ çap olunmamış "İthaf"ımı oxuyub ağlayırmış. Cəmi bir neçə vərəqi...  Firəngiz Əlizadə danışırdı, məqaləni də o çatdırıbmış.

Təzəcə əməliyyatdan çıxıb, D.D.Şostakoviçə həsr olunmuş yubiley şənliklərini keçirmək üçün Bakıya  gəlmişdi. "Festivalı,  Şostakoviçə söz verdiyim kimi, burada, Bakıda keçirmək mənim üçün çox vacib idi.  Sonra bütün dünyada. Amma o, buradan başlamalı  idi... Bu mənim  borcumdur..." Tələsirdi, elə bil borclarını qaytarırdı... Və borcsuz getdi.  Bizi qoyub getdi - müddətsiz borcla. Və müddətsiz peşmançılıqla.

O, Beslan uşaqları ilə görüşə gedirdi, qaçqınlarımızın çadır şəhərciklərinə baş çəkirdi - gördüyü mənzərə qarşısında göz yaşlarını saxlaya bilməyən Maestronu   lentə almış  dəhşətli kadrları hamımız xatırlayırıq... Kədər və ədalətsizlik uçurumu!  Firavan və dünyanın əzizlədiyi Maestronu  ən təsirli həyat dramında cəlb edən nə idi, görəsən?

O, Bakıya gəlməyi çox sevirdi. Səbəbli və səbəbsiz. "Mən Bakıya, öz sevimli vətənimə gəlmişəm. Yenidən bu torpaqda olduğum üçün xoşbəxtəm" - Rostropoviç səfərini bu sözlərlə başlayardı. 18 sentyabr Musiqi günündə iştirak edərdi. Azərbaycanlı uşaqlar üçün vaksin gətirərdi. Və sevincini bölüşərdi: "Səfərimin budəfəki səbəbi - 750 min uşağın vaksinasiyasını keçirmişik, xoşbəxtəm ki, gözəl diyara - Azərbaycana sevgi və minnətdarlığımı bu cür ifadə edə bildim". Bəli, səbəb həmişə tapılırdı, necə ki "Yorulmaz Slavanın" dillər əzbəri olan qastrol qrafikində vaxt ayırmaq da mümkün olurdu.

 Qəmli səfərlər də olurdu. Baxın 2 №-li süitasından  Maestronun çaldığı "Sarabanda" hamının yadındadır. Onun sadiq dostu, mənə etiraf etdiyi  kimi, "mənə vətənimi qaytarmış adam"ın - Heydər Əliyevin xatirəsinə ithaf etdiyi ifa...

Keçmiş Kolodeznı küçəsindəki Rostropoviçlər muzeyinə getməyi çox sevirəm. Otaqların sərinliyində  xüsusi - görünən - xatirə  dolaşır. Elə bil diqqətli  gözlərlə baxan oğlanı "görür", bərkiməmiş əllərin çaldığı violonçelin  bir az qarışıq səsini "eşidirəm"...

"Çikaqo tribun" onun haqqında yazırdı: "Rostropoviçin əllərində musiqi mənəvi gücə, hər konsert isə transsendent hadisəyə çevrilir". Və müvəffəqiyyətlərə baxmayaraq, özü ilə bağlı heç bir pafosu yoxdur. Dahilik - istedadın faciəvi tərəfidir. O bunu artıqlaması ilə dərk etmişdi. Bir də onda təqibolunma və əzabkeşlik yox idi. Zarafatı çox sevirdi, özü mənə deyirdi ki, musiqiçilər haqqında bu lətifələri, lətifə bloklarını, gülməcələri  qoşmağı yaman xoşlayır - onları danışan ifaçının tükənməz şuxluğu ilə birləşmiş bu rəvayətləri unutmaq artıq mümkün olmayacaq. Zarafatcıl və  məzəli. Ölümünü də Maestronun növbəti zarafatı kimi qavrayırsan.

Bizim o görüşümüzdə də zarafat edir, təbəssüm üçün səbəb axtarır və tapırdı, amma görkəmində nəsə faciəvi qığılcım vardı. Və tədricən mənə tamam başqa süjetin detalları əyan olurdu...

"O hər şeyi görürdü" - çox az adam haqqında əminliklə belə demək olar. Arzuları çin oldumu, görəsən?  Sözsüz  təsdiq etmək istəyirsən, amma... Dahilərin meyarları tamam fərqlidir.  Arzuları da bizim meşşan anlamımızda yuva salmış istəklərdən çox seçilir.  O nəyə isə  nail olmadı. Məsələn, pərəstiş etdiyi Raxmaninovun royalını göldən çıxara bilmədi... Raxmaninov əslən ivanovkalı imiş, rəvayətə görə, inqilabın coşdurduğu əyalət kəndliləri  onun royalını göldə batırmışdılar. Rostropoviç bir dəfə demişdi ki, "Onu göldən çıxarmaq üçün həyatımı verərdim".

Həqiqətən, təəccübləndirməyi bacaran adamlara çox az rast gələrsən. Bu, insan-kataklizmdir, onun incəsənəti qeyri-adi, katarsis güclü potensiala malikdir, mən onun insanlara emosional təsir gücündən  danışıram. Belə adamlarla görüşəndən sonra, qeyri-iradi onların dünyaduyumları və prinsiplərinin, yaratdıqları durum və qanunların  qəfil -  nizamlı sisteminə cəlb olunursan. Və onları uzun müddət, yəqin ki, ömürlük rəhbər tutacaqsan. Özümdən bilirəm... 

O, tarixin yaddaşında təkcə fenomenal ifaçı ustalığı ilə yox, nadir  comərdliyi ilə də yaşayacaq - şöhrətin zirvəsində səhnədən getmək çox az adama xas xüsusiyyətdir. Solist-violonçelçi kimi getmək... O, son konsertini Vyanada - karyerasının zirvəsində olanda verdi. "Vyanadan sonra  öz-özümə dedim: "Slavka, violonçeli bağla, bəsdir. Başa düşdüm ki, daha heç vaxt bundan yaxşı çalmayacağam". Bu onun sonuncu solo-konserti idi...

O çox şeyi dəyişdirdi. Məsələn, dahilərin qapalı həyat tərzi haqqında postulatı. Axı o, həmişə insanlar arasında idi - sənətkarların həmişə ehtiyac duyduqları  tənhalıqsız... Və yenə - təəccüb...

Düzdür, tamam başqa  çeşidli təəccüblər də üzə çıxır. Məsələn, necə olub ki, qürbətdə "Amerikanın şöhrəti - Rostropoviç" şüarı irəli sürüləndə, hətta yenidənqurmanın ən qızğın çağında belə Mixail Qorbaçov onu 60 illiyi münasibətilə  təbrik etməyib... 

Onu "gəlmə", "özünə qəsd edən", "kosmik siklon" adlandırırdılar... Deyirlər, epitetlər süni olmasın deyə, ölmək lazımdır.  Nə qədər ki dahi aramızda yaşayır, onun dühasına inanmaq çətindir. Rostropoviç bu həqiqəti də yalanladı. Düşmənlərini cılğınlıq və bədxahlıq quyusunda boğulmağa məcbur etməklə. O vaxt  mənə dedi ki, "Onların hamısını bağışladım. Və həqiqətən, xoşbəxt oldum!". 

Bir də yadımdadır,  mənə atasının dostu və məsləkdaşı Üzeyir bəylə görüşündən  danışanda gözləri necə parıldayırdı.  Uzaq uşaqlıq illərindən...

Onun  lirik haşiyələrlə süslənmiş, fəlsəfi düşüncələr və sakral axtarışlarla, çoxhədli sətiraltı mənalarla zəngin monoloqlarını dinləmək sonsuz dərəcədə maraqlı idi. Hələ ciddi simasını  nurlandıran zarafatlar - şarjdan qüssəyə, hətta faciəvi  əhvala doğru ani  gəzişmələr. Və əksinə... Yəqin yaşının ucalığından həyata başqa nəzərlərlə baxırdı: uzaqdan hər şey məzəli görünür, amma o vaxt bu,  əsl faciə idi...  Hamı kimi olmamağın mənfilikləri - onlar öldürücüdür...

Bəli, o çox az adamın gördüyü  tale burulğanlarından və hücumlardan keçmişdi. Dəhşətli  zaman boşluğunda vətəni tərk edəndə... Onu qovdular, o da çıxıb getdi. Dünyanın qoynuna atıldı. Onun "Vətəndaşı" oldu! Amma bu, məşhurluğun fərqli səviyyəsi idi - fanatların qollarından yapışıb düymələrini qoparmağa çalışandakı kimi  yox. O, sübut etdi ki,  dünyanı epataj və bahalı geyimsiz də fəth etmək olar. Onun əllərində musiqi bütün incəsənətlərin Panteonuna çevrilirdi. Dünyaya belə geniş baxışı,  bəşər mədəniyyətini, həqiqətən, "intibahi"  əhatələməsi Rostropoviçi violonçel ifaçılığından daha yüksəyə - musiqi müəllimliyinə ucaltdı. Bu o zaman baş verir ki, konsert, sözün normal anlamında, konsert olmaqdan çox,  ilahi qüvvəyə  ibadət ayininə çevrilir. London "Tayms"ı onu əbəs yerə  "həyatdakı musiqiçilərin ən nəhəngi" adlandırmamışdı ki.

Meqa-hisslər, meqa-intellekt, meqa-istedad. Biz tədricən yox olan abidələr diyarında yaşayırıq. Bunu ağrı və daxili müqavimətlə tələffüz edirəm. Təəssüf ki, Rostropoviç müasirliyin sonuncu mogikanlarından idi...

İnsanların  yol göstərən mayaklara ehtiyacı var. Nəyəsə ruhən can atmaq üçün.  Ulduzlu səmamızı dar etmiş kumirlər və allahcıqları nəzərdə tutmuram. Bu gün oxuyan da, bəstələyən də, yazan da çoxdur, amma istedadlarını ölkə sərhədlərindən kənarda tanıtmağa nail ola bilmirlər. Sadəcə miqyas o miqyas deyil...

Rostropoviç XX əsrin monumental  fiquru, zəmanəsinin azsaylı mənəvi liderlərindən biri idi.  Bununla belə, onda mədəni təbiiliyin  bitib, imicin başladığı sərhəd yox idi, çünki birinci heç bitmir, ikinci isə heç başlamırdı da. O həmişə özü olaraq, anturaja laqeyd  yanaşırdı. Özünəvurğunluqdan uzaq olan Maestro ağılsızlıq və müştəbehliyə,  təkəbbür və təşəxxüsə, qorxaqlıq və xəyanətkarlığa gülür, özünün əvəzolunmazlığını dünyaya sübut etməyə çalışanları anlamırdı. Tanınmaqdan çox, məşhur olanları da. Onun  incəsənəti  - özü ilə və dünyayla  mükalimələr idi, burada isə, aydındır ki, xaric ifa qəbulolunmazdır.

Dahinin dünyaya gəlməsi  nə şəraitlə, nə zamanla, nə də mühitlə şərtlənir. Bu, ayrı strukturların, ayrı sferaların işidir - sadəcə, Tanrı nuru hansısa  ruhu işıqlandırır...

Bir adam dünyanı dəyişməyə qadir ola bilər? Əgər o, Mstislav Rostropoviçdirsə, şübhəsiz...


MƏSLƏHƏT GÖR:

482