
DOĞMA ABİDƏLƏRİN ÜSTÜNDƏ YABANÇI DAMĞALAR
Mədəniyyət və turizm nazirliyinin nəşriyyat planına Rasim Əfəndinin bu gün üzərində işlədiyi "Azərbaycan incəsənət abidələri dünya muzeylərində" kitabı daxil edilib
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Məşhur Azərbaycan sənətşünası, akademik, professor, AMEA İncəsənət və Memarlıq İnstitutunun direktoru Rasim Əfəndi milli sənətşünaslıq məktəbimizin yaradıcılarından biridir. O, Azərbaycan incəsənətinin, mübaliğəsiz, bütün problem və mövzularını əhatə edən 200-dən artıq elmi əsərin müəllifidir. Və onun tədqiqatlarından birinin mövzusu xarici ölkə muzeylərində saxlanılan Azərbaycan incəsənət nümunələridir. İndi bu, günün ən aktual mövzularındandır.
Rasim Əfəndinin xarici muzeylərdəki incəsənət nümunələrimizə xüsusi marağı 1960-cı ildə Misirə səfərindən başlayıb. O zaman alim rəssam Lətif Kərimov və Politexnik İnstitutunun rektoru Ənvər Qasımzadə ilə müxtəlif muzeylərdə olub. Hər yerdə də bələdcilərin məlumatlarında əsas yeri Fransa və Türkiyə tarixi tutub. Sonra bu Azərbaycan alimləri İsgəndəriyyədə mənşəcə türk olmuş Məhəmməd Əlinin X1X əsrdə əsasını qoyduğu muzeyə tamaşa ediblər. Bu, Qafqaz muzeyi idi - orada Cənubi Qafqazın hər üç respublikasından ( o zaman SSRİ-nin Zaqafqaziya respublikaları) eksponatlar nümayiş olunurmuş. Xəncər kolleksiyası Rasim Əfəndinin yaddaşında xüsusi iz buraxıb - alim onlardan birinin üstündə şəkili ustanın imzasını oxuyub.
Bu, Azərbaycan atribusiyasıdır
O səfərdən sonra, vətənpərvər alim Rəsim Əfəndi 40 ildən artıqdır ki, səyahət etdiyi müxtəlif ölkələrdə (onların sayı çoxdur) sənətşünas həmkarlarına artefakt-larımızın slayd və şəkillərini nümayiş etdirir, özü bütün muzeylərdə onları lentə alır, bu mövzuda geniş yazışma aparır. Qeyd etmək lazımdır ki, xaricdə dövlət və şəxsi kolleksiyalarda əsl Azərbaycan mənşəli istənilən digər sənət əsəri tapılanda, demək olar ki, bütün hallarda problem eyni olur - yanlış atribusiya. Sirr deyil ki, Azərbaycan mədəniyyət abidələri, əsasən, xarici kolleksiyalarda dəqiq atribusiya edilmir, özü də mədəni mənsubiyyət parametri əksər hallarda qəsdən təhrif olunur - onu coğrafi mənsubiyyətlə əvəzləyirlər (hamıya məlum tipik nümunə - birdən-birə "fars" mənşəli elan edilmiş "Şeyx Səfi" xalçası). "Ya da 1279-cu ildə Məhəmməd Müvəyyid əl-Urudinin yaratdığı, indi Drezden muzeyinin fizika-riyaziyyat salonunda nümayiş olunan məşhur ulduz qlobusunu ərəb dünyasına aid edirlər. Əslində, bu qlobus dahi Azərbaycan alimi Nəsirəddin Tusinin Marağa rəsədxanası üçün düzəldilmişdi. Bəzi tədqiqatçıların rəyincə, yaşına görə o, dünyada ikinci qlobusdur" - bu, akademikin dedikləridir.
Azərbaycan mənşəli eksponatların belə atribusiya dəyişmələrində çox tez-tez "erməni əli" hiss olunur. Bəzən söhbət bütöv artefakt qrupundan, xüsusən xalçalardan gedir. R.Əfəndinin dediyinə görə, xaricdə kolleksiyaları olan erməniləri bütün Azərbaycan incəsənət nümunələri içərisində, hər şeydən əvvəl, məhz xalçalar maraqlandırır. Və onlar təkcə Qarabağ xalçalarını yox, Azərbaycanın başqa bölgələrinin xalçaçılıq nümunələrini də kütləvi şəkildə "erməniləşdirirlər". Məsələn, Berdi M. Abacanın (ABŞ) Yeni Dünyada ən yaxşılardan sayılan şəxsi kolleksiyasında 1802-ci ildə toxunmuş Qarabağ xalçası var. Familiyasından göründüyü kimi, Abacan etnik ermənidir və bu, diqqətəlayiq faktdır. Kolleksiyada həmin xalçanın erməni əl işi kimi atribusiya edildiyini vurğulamağa ehtiyac yoxdur...
Qeyd etmək lazımdır ki, ötən əsrin birinci yarısında ermənilərin bu sahədə çox ciddi iddialarına layiqli cavab verilmişdi. Belə ki, məşhur həmyerlimiz Məhəmməd Ağaoğlu sübut etməyə müvəffəq olmuşdu ki, erməni kolleksiyaçıların Köhnə və Yeni Dünyada erməni əl işləri kimi təqdim etdikləri "Əjdahalı" xalçalar əsl Azərbaycan xalçalarıdır, vaxtilə onları Şamaxı, Quba, Qarabağ və Təbrizdə toxuyurdular. Məhəmməd Ağaoğlu özü elə irimiqyaslı şəxsiyyət olub ki, onun haqqında xüsusi danışmaq lazımdır. Yalnız onu qeyd edək ki, bu şərqşünas alim Harvardda professor olub, Birləşmiş Ştatlarda "Art İslam" jurnalını nəşr etdirib və bir müddət Nyu-Yorkdakı Metropoliten-muzeyə rəhbərlik edib.
Abidə üçün nə daha pisdir - başqa xalqın mədəniyyətinə aid olunmaq, ya tamam məhv edilmək? Əfsus ki, Ra-sim Əfəndiyə belə məqamlar da tanışdır... Onlardan təkcə birinə baxaq. Alim Luvrun Şərq zalında qoyun şəklində qəbirüstü abidələrə rast gəlib. "Qədim Azərbaycan totemləri - qoyun, at formalı bu abidələr ölkəmizin Qərb və Cənub bölgələrində geniş yayılıb. Misal üçün, Naxçıvanda və Lerikdə onlara indi də rast gəlmək olar, amma ermənilərin işğal etdiyi torpaqlardakı nümunələr, çətin ki, salamat qalsın... Xülasə, Şərq zalının bələdçisi bizə izah etməyə başladı ki, bu abidələr qədim Ermənistan (?!) ərazisində tapılıb. Mən etiraz etdim. Sonrakı söhbətimizin gedişində aydınlaşanda ki bələdçi etnik ermənidir, mənə hər şey məlum oldu... SSRİ-də bu abidələrə o qədər də əhəmiyyət verilmirdi. Amma belə abidələrə Orta Asiyada da rast gəlinir ki, bu onların türk mənşəliliyinə daha bir sübutdur. Şimali İspaniyada, basklar diyarında da həmin totemlər var. Yeri gəlmişkən, tanınmış rus alimləri A.Belenitski və A.Bernştam vaxtilə bu abidələr haqqında belə deyirdilər: "Harada bu heykəllər varsa, orada türklər yaşayıb". Deməli, bu fiqurlar bask və Azərbaycan mədəniyyətlərinin qohumluq əlaqələrinə aydınlıq gətirə bilər. Özü də baskların dili qismən bizimkinə bənzəyir. Məsələn, "saat" sözü həm bizim, həm baskların, yeri gəlmişkən, həm də gürcülərin dilində eyni mənada işlənir (məlum olduğu kimi, gürcülər çoxdan basklarla qohumluq versiyasını araşdırırlar)".
Qeyd etmək lazımdır ki, belə qəbirüstü abidələrin çoxsaylı gözəl nümunələri keçmiş Ermənistan SSR-in Sisian rayonunun Urud kəndi yaxınlığında böyuk qədim qəbiristanlıqda da var idi. Sisian rayonu - keçmiş Zəngəzur - ötən əsrin birinci yarısında - sovet hakimiyyəti illərində Ermənistana verilmiş Azərbaycan mahalıdır. Amma bu haqda susmağı üstün tutan ermənilər həmin əraziləri əzəli erməni torpaqları kimi qələmə verirlər. Rasim Əfəndi sovet dövründə dəfələrlə orada olub, fotoşəkillər çəkib, zarisovkalar edib.
Alim xatırlayır: "Bu qəbiristanlıqda gözəlliyinə və elmi əhəmiyyətinə görə çox heyrətamiz bir qoyun fiquru var idi. Üstündə "1578" tarixi həkk olunmuşdu, yazı isə ərəb şrifti ilə, amma... Azərbaycan dilində yazılmışdı! O vaxt Luvrun Şərq şöbəsinin rəhbəri, indi isə Fransa mədəniyyət nazirinin müavini madam Teylor bu qəbirüstü abidənin şəklini görüb mənə dedi ki, "Bu, Luvr kolleksiyasında ən gözəl abidə olardı!".
Artefaktlar haqqında xatirə
Bu muzey-qəbiristanlığın Rasim Əfəndi tərəfindən çəkilmiş son şəkilləri 1985-ci ilə aiddir. "O il Sisian rayonunun rəhbərliyi "rayon ərazisinin abadlaşdırılması" adı ılə qədim qəbiristanlığı söküb yerində yol salmaq haqqında əmr verdi. Qeyd etməliyəm ki, yerli azərbaycanlılar - o yerlərin faktik əhalisi Qarabağ münaqişəsi başlamazdan xeyli əvvəl də rayon hakimiyyətinin təzyiqini hiss edirdilər. Həm də təzyiq elə güclü idi ki, bəziləri artıq 80-ci illərin ortalarında lap yaxında- 30 kilometr aralı dağ aşırımı arxasında yerləşən Naxçıvan MSSR-ə köçməyə üstünlük vermişdilər.
Amma qəbiristanlığın məhv edilməsi, hətta ozamankı erməni hakimiyyətinin siyasəti üçün də qəbulolunmaz idi. Sisian azərbaycanlıları üsyan etdlilər: "Bu bizim əcdadlarımızın qəbirləridir!". Kişilər təmkinli davransalar da, qadınlar əllərinə keçəni götürüb, yolçəkənlərin üzərinə getdilər. Amma gözlənildiyi kimi, bu üsyan nəticəsiz qaldı, yol çəkildi. Düzdür, bəzi fiqurları xilas etmək mümkün oldu -indi onlar Naxçıvan dövlət muzeyində saxlanılır. İki analoji abidə Bakıdakı Xalça muzeyini bəzəyir. Qalan fiqurlar məhv edilib: sonralar, SSRİ-nin süqutundan xeyli vaxt keçəndə mənə dedilər ki, Sisian rayonunda bu daş fiqurları görən olub. Onlar parça-parça edilib çaya atılıbmış..."
İndi əcdadlarımızın bu qiymətsiz yaradıcılığı ancaq R.Əfəndinin "Daş plastika" kitabının səhifələrində qalıb. Kitabda qədim Azərbaycanın həmin qəbirüstü daş abidələrinin tədqiqinə ən fəxri yer ayrılıb. Yalnız artefaktlar haqqında xatirəni xilas etmək mümkün olub... Amma qonşularımızın təcavüzkar məramlarını nəzərə alsaq, bu da qənimətdir. 80-ci illərdə "isti izlərlə" yazılmış bu kitab akademik R.Əfəndinin çoxsaylı əsərlərindən yalnız biridir. Alim elə indi də yorulmadan yeni nəşrlər üzərində işləyir. Lap bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Qərbi Azərbaycanın mədəniyyət tarixinə həsr olunmuş bukletlər seriyası Azərbaycan və ingilis dillərində çapdan çıxıb. Bu seriyadan iki bukletin - "Qərbi Azərbaycanın daş plastikası" və "Qərbi Azərbaycan xalçaları" mətnlərini Rasim Əfəndi yazıb. Bu günlərdə Muzey Mərkəzinin qalereyasında həmin bölgənin incəsənətinə həsr olunmuş sərgidə seriyanın təqdimatı keçirilib. İndi isə R.Əfəndi "Azərbaycanın incəsənət abidələri dünya muzeylərində" kitabı üzərində işləyir. Kitab artıq Mədəniyyət və Turizm Nazirliyinin tematik planına daxil edilib və yəqin ki, bu ilin payızında işıq üzü görəcək.
MƏSLƏHƏT GÖR: