
AZƏRBAYCANDA AİZ FORMALAŞMASI MƏSƏLƏLƏRİ
Xaricdəki təcrübədən azərbaycanda azad iqtisadi zonalar yaratmaq üçün necə bəhrələnməli
Müəllif: Rüfət QULİYEV, millət vəkili, prof., i.e.d.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonalar yaradılması haqqında" fərmanı milli iqtisadiyyata həm yerli, həm də xarici sərmayələrin fəal cəlb olunması prosesinin ölkəmiz üçün yeni alət - azad iqtisadi zonalar (AİZ) vasitəsilə davam etdiriləcəyini göstərir.
Azərbaycanda AİZ-lərin yaradılması tarixindən
Azərbaycanın müasir iqtisadi tarixində azad iqtisadi zonalar yaradılması cəhdləri əvvəllər də olub. Lakin bu məsələ indiyə qədər ardıcıl şəkildə həllini tapmayıb: zəruri hüquqi baza yox idi, dünyada cərəyan edən qloballaşma prosesləri və onlarda ölkəmizin yeri sona qədər dərk edilmirdi və i. a.
1995-ci ildə BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı təmsilçisi c.-b P.Lembo Sumqayıtda "xüsusi iqtisadi zona" yaradılması ideyasını kifayət qədər fəal şəkildə dəstəkləsə də, bu layihə gerçəkləşdirilmədi. Sonralar Lənkəranda, Naxçıvanda AİZ, Xızı rayonunda texnopark yaradılmasından danışıldı...
2002-ci ildə hökumətlə Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) arasında Azərbaycanda azad iqtisadi zonalar yaradılması barədə razılaşma əldə edildi. BVF və DB onları azad ixrac zonaları şəklində yaratmağı təklif edirdilər. BVF və DB ekspertlərinin məntiqi ondan ibarət idi ki, sözün ənənəvi anlamında azad iqtisadi zonaların yaradılması ölkənin maraqlarına xidmət etməyəcək, çünki bu, vergi siyasətinin zəifləməsinə və idarəetmə xassəli problemlərin meydana çıxmasına gətirib çıxara bilər. Ekspertlər bir və ya iki azad ixrac zonası yaratmağı, yəni bəzi əmtəələrin idxalı zamanı onların sonradan ixracı üçün həmin zonalarda emalının təşkilini təklif etdilər (istehsal xarakterli zonalar). Bu zaman həmin əmtəələrin idxal rüsumlarından azad edilməsi də mümkündür. Hazırda belə zonaların mümkün yerləşmə əraziləri ətrafında müzakirələr aparılır və onların ölkənin şimalında yerləşdiriləcəyi təxmin edilir. Onu da qeyd etmək lazımdır ki, AİZ yaradılması və onun səmərəli fəaliyyət göstərməsi üçün bu bölgədə infrastruktur - yollar, elektrik xətləri, dəniz limanı və digər şərait də olmalıdır.
Hazırda İqtisadi İnkişaf Nazirliyi "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihəsi üzərində işləyir.
Xarici ölkələrin müsbət və mənfi təcrübəsi
Onu da qeyd etmək zəruridir ki, dünyada AİZ-lərin fəaliyyətinin müsbət təcrübəsilə yanaşı, mənfi hallar da var. Məsələn, Şimal qonşumuz - Rusiya başqa ölkələrdən AİZ-lərin yaradılması təcrübəsini götürsə də, təəssüf ki, zona güzəştləri iqtisadiyyatın modernləşdirilməsi və ölkəyə xarici sərmayələrin cəlb olunması alətindən, ayrı-ayrı lobbiçi qruplaşmaların gizli maliyyələşdirilməsi və sonradan xaricə axıb-gedən ilkin kapital yığımı üçün vasitəyə çevrildi.
Ölkədə istehsalın diversifikasiyası proseslərinin fəallaşdırılması və Azərbaycan iqtisadiyyatında ehtiyatlar yükünün sabit meylə çevrilməsi təzahürünün qarşısının alınması məqsədilə ölkədə AİZ yaradılması ilə bağlı məsələlər kompleksinin həm qanunvericilik, həm də ekspertlər səviyyəsində müzakirəsinə başlamaq çox önəmlidir.
Bununla yanaşı, AİZ-ə sərmayə cəlb edərkən, bu məsələdə seçim etmək lazımdır: sərmayələr haradandır, sahə və texnoloji strukturu necədir; sərmayə yatırılan müəssisələrdə hansı əmtəələr istehsal olunacaq və onlar yüksək keyfiyyət standartlarına cavab verirmi?
Bu halda, mövcud xarici təcrübədən istifadə edilməsi çox önəmlidir. Bu təcrübə isə göstərir ki, transmilli şirkətlər (TMŞ) heç də həmişə bu və ya digər ölkəyə sərmayələrlə yanaşı, müasir texnologiyalar da gətirmirlər, tikilən müəssisələr ekoloji tələblərə cavab vermir, onlarda istehsal edilən məhsullar isə heç də həmişə keyfiyyətli olmur. Məsələn, Cənubi Koreyanın təcrübəsindən məlumdur ki, bu ölkəyə ABŞ, Yaponiya və Qərbi Avropadan gətirilən texnologiyalar həm keyfiyyət, həm də elmi-texniki səviyyə baxımından fərqlənirdi. Qonşuluqda rəqibin olmasını istəməyən Yaponiya Cənubi Koreyaya müasir texnologiyalar ixrac etmirdi. Cənubi Koreyanın Milli Elm və Texnologiya İnstitutunun dəyərləndirməsinə görə, belə çıxırdı ki, ABŞ və Qərbi Avropadan gətirilən know how yalnız 30% qabaqcıl texnologiyalara aid edilə bilərdi, Yaponiyadan idxal olunan qalan 70% isə geridə qalmış və köhnəlmişlər idi. Yapon şirkətlərinin avadanlığı yüksək qiymətə satması hallarına da rast gəlinirdi, halbuki onlar vasitəsilə istehsal olunan məhsullar qəbul edilmiş standartlara cavab vermirdi. Başqa sözlə, Cənubi Koreyanı potensial rəqib saymayan ABŞ və Qərbi Avropa ora ən müasir, qonşunun sürətli artım templərindən narahat olan Yaponiya isə o qədər də müasir olmayan avadanlıq göndərirdi.
Mövcud faktlar təhlil edildikdən sonra Cənubi Koreyada Texnologiyaların Cəlb Edilməsi Üzrə Məsləhət Mərkəzi yaradıldı və o, neqativ amillərin aradan qaldırılması məqsədilə know how-lara ilkin qiymət verməyə başladı (xarici mütəxəssislərin köməyilə).
Bundan əlavə, belə bir durumla üzləşən Koreya hakim dairələri xarici texnologiyaların cəlb edilməsi qaydalarına düzəlişlər etməyə başladı. Yeni qaydalar onların aşağıdakı hallarda alınmasını qadağan edirdi:
-müqavilə ilə köhnəlmiş, qeyri-mükəmməl və ya normadan hansısa yayınması olan texnologiya təklif edildikdə;
-müqavilələr elm və texnika nazirinin sözlərinə görə, "müstəqil inkişafın maraqlarına cavab verməyən" xüsusi texnologiyalara aid olduqda;
-müqavilədə ticarət markasından sadəcə istifadə nəzərdə tutulduqda;
-müqavilə nəzərdə tutulan məhsul üçün yalnız xammal və ya ayrı-ayrı komponentlərin, detal və ya qovşaqların satışını nəzərdə tutursa;
-müqavilə istehsal ediləcək məmulatların ixracına dair məhdudlaşdırıcı şərtlər nəzərdə tutduqda;
-iqtisadi planlaşdırma naziri bu və ya digər müqaviləni həyati baxımdan zəruri saymadıqda.
Gördüyümüz kimi, müqavilədə Cənubi Koreya şirkətlərinin xarici ticarət nişanlarından sadəcə istifadə etmələri nəzərdə tutulduqda, bu qaydalara əsasən hakimiyyət orqanları müqaviləni rədd etmək hüququna malik idi. Bu halda, Cənubi Koreya şirkətləri üçün şirnikləndirici motiv xarici ticarət nişanlı əmtəələrin alınması idi, çünki daxili bazar üçün buraxılan məmulatların keyfiyyəti o qədər də yüksək deyildi. Bundan başqa, Cənubi Koreya şirkətləri bu yolla - üstündə hansısa məşhur xarici nişan olan məhsullarını satmaqla xarici bazarlarını genişləndirməyə can atırdılar. Lakin Koreya şirkətləri istehlakçıların bu cür qeyri-vətənpərvərliyinə və iş adamlarının o qədər də düzgün olmayan istəklərinə kifayət qədər tənqidi yanaşdı.
Gətirdiyimiz nümunə bazar iqtisadi şəraitində Koreya hökumətinin inzibati üsullar vasitəsilə nə dərəcədə sərt hərəkət etdiyinə nümunədir.
Azərbaycanda AİZ yaradıldığı halda, ölkə iqtisadiyyatı qlobal iqtisadiyyata daha da inteqrasiya edəcəyindən, bu təcrübədən yararlanmaq və texnologi-yalar cəlb edərkən onların ekspertizasını keçirmək səmərəli olar. Hesab edirik ki, Azərbaycan İxracın və İnvestisiyaların Dəstəklənməsi Fonduna ölkəyə gətirilən texnologiyalar və istehsalatların ekoloji və elmi-texniki ekspertizasını, Metrologiya, Standartlar və Patent Agentliyinə isə istehsal edilən məhsulların espertizasını həvalə etmək olar. İxrac edilən, yəni ölkə hüdudlarından kənara göndərilən məhsulların ekspertizadan keçirilməsi arzuolunandır. "Azərbaycanda hazırlanıb" nişanlı keyfiyyətsiz məhsullar xaricdə ölkənin imicinə zərbə vurur və məhsullarımızın xarici bazarlara yolunu qapayır.
Qloballaşma şəraitində məhsulların keyfiyyətinin yüksəldilməsi və müasir texnologiyaların tətbiqi dünyada məşhur istehsalçılarla rəqabət aparmağa imkan verir. Bununla əlaqədar, ölkədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsini və istehsal standartlarını stimullaşdıran qanunvericilik işləyib-hazırlamaq, dünyadakı keyfiyyət və təhlükəsizlik parametrlərinə cavab verən bütöv standartlaşdırma sistemi yaradılmasını sürətləndirmək zəruridir.
Beləliklə, azad iqtisadi zonalar yaradılması üzrə dünya təcrübəsi aşağıdakı naticələrə gəlməyə imkan verir:
-Dünya təcrübəsi göstərir ki, AİZ yaradılması ayrı-ayrı ərazi və bölgələrin iqtisadiyyatının kifayət qədər təsirli inkişaf istiqamətidir. Azad iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsi, əsasən, konkret prioritet iqtisadi vəzifələrin həllinə, strateji proqram və layihələrin gerçəkləşdirilməsinə istiqamətlənib.
-AİZ yerləşdirilməsi üçün ən əlverişli ərazilər, bir qayda olaraq, sərhədyanı ərazilərdir, həmçinin onlar inkişaf etmiş nəqliyyat, istehsal və sosial infrastruktura malik olurlar. Ayrı-ayrı hallarda, göstərilən üstünlüklərə malik olmayan, təsərrüfat baxımından yeni mənimsənilən, lakin mühüm uzunmüddətli dövlət vəzifələrini həll etməyə imkan verən qiymətli təbii ehtiyatların yüksək konsentrasiyasına malik bölgələrdə də AİZ yaradılması məqsədəuyğun olur.
Fikrimizcə, AİZ-dən iqtisadiyyata yeni sərmayələr cəlb olunmasının mümkün mexanizmi kimi istifadə etməklə, elə bir şərait yaradılması önəmlidir ki, preferensial AİZ rejimləri müəyyən müəssisələr, sahələr və ya ərazilərə güzəştlər paylanması üçün deyil, təsərrüfatçılığın yeni formalarının, sənaye istehsalının stimullaşdırılması, texnoloji sıçrayışı təmin edən xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün istifadə olunsun.
Strateji baxımdan özünü doğruldan digər bir istiqamət ölkənin nəqliyyat-coğrafi yerləşməsinin üstünlüklərinin və onun limanyanı ərazilərinin potensialının gerçəkləşdirilməsidir. Bir neçə rayonda azad iqtisadi zona yaradılması Azərbaycanın dünya təsərrüfat əlaqələrinə inteqrasiyasını sürətləndirər, həmçinin hələ ki analoji xarici zonalara istiqamətlənən əmtəələr və kapitalların nəhəng axınlarını bura cəlb edərdi.
MƏSLƏHƏT GÖR: