
HƏMİŞƏ İŞIQLIQDA!
Azərbaycan elektrik enerjisi istehsalı sahəsində köklü dəyişikliklərə rəvac verib
Müəllif: Alyona MOROZ Bakı
Dünyanın bir çox ölkəsində enerji güclərinin kəskin qıtlığı müşahidə olunduğu indiki dövrdə Azərbaycanda ökənin enerji təhlükəsizliyini təmin etməli olan kifayət qədər bahalı yeni modul elektrik stansiyalarının inşası tam sürətlə davam etməkdədir. Söhbət təkcə elektrik enerjisinin istehlakının ən çox olduğu payız-qış aylarında onun çatışmazlığının aradan qaldırılmasından getmir. Gündəlikdə çoxsaylı müəssisələrin fəaliyyətini, bütövlükdə iqtisadiyyatın inkişafını təmin edən elektrik enerjisi sahəsinin özünün inkişaf etdirilməsi məsələsi durur. Üstəlik, ölkədə çoxlu yeni müəssisə, kommersiya strukturu, ticarət və ictimai iaşə obyektləri yaranır, həm də əhalinin sayı durmadan artır. Bütün bunlar istər-istəməz elektrik enerjisi istehlakının səviyyəsini yüksəldir.
Ən başlıcası sağlam rəqabətdir
Bəzi məlumatlara görə, Azərbaycanda elektrik enerjisinin istehlak göstəricisi hər il 7-8% artır. Odur ki bir çox "ekspert"lərin rəyinə rəğmən, dövlət yeni enerji güclərinin inşasına yüz milyonlarla dollar xərcləyir. Həm də bu qədildən olan xərclərin xeyli hissəsi xaricdən borc alınır. Belə ki, bu gün üçün Azərbaycanın xarici borcunun əsas hissəsini (80,9%) məhz investisiya layihələri üçün alınan borclar təşkil edir. Cari ilin 1 may tarixi üçün bu məbləğ ilin əvvəlindəki $1577,9 mln. qarşı $1599,6 mln. olub ki, bunun da demək olar ki, yarısı - $749,2 mln. (ümumi borcda -37,9%) elektroenergetika sahəsinin payına düşür.
Hazırda ölkədə elektrik enerjisi hasilatı ilə milli energetika idarəsi -"Azərenerji" SC məşğul olur. Bütün - həm hidro, həm də istilik elektrik stansiyaları onun sərəncamındadır. Qurumun səhmləri dövlətə məxsusdur. Elektrik enerjisi sahəsində qüvvədə olan qanunvericiliyə görə isə elektrik enerjisi hasilatı, onun nəqli və paylaşdırılması ilə özəl şirkətlər də məşğul ola bilər. Lakin Bakı, Sumqayıt və Azərbaycanın şimal bölgələrinin elektrik paylaşdırma şəbəkələrinin özəl sərmayədarın sərəncamına verilməsinin dövlət üçün heç bir müsbət nəticəsi olmadı. Söhbət bundan getmir. Məsələ ondadır ki, müstəqil Azərbaycanın bütün tarixi ərzində elektrik enerjisi hasilatı sahəsi toxunulmaz qalıb (yeni enerji güclərinin xarici kapitalın qismən iştirakı ilə inşası sayılmır). Odur ki bu gün "Azərenerji" SC bu sahədə monopoliyaya malikdir ki, bu da bazar qanunlarına hər halda ziddir. Bu səbəbdən, bir qədər düşündükdən sonra, ölkə hökuməti, nəhayət, əcnəbilərə elektrik enerjisi hasilatını da etibar etmək qərarına gəldi. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin təmsilçilərinin məlumatına görə, artıq bu ilin sonuna qədər ölkədə 100% xarici kapitalla, minimum, iki özəl elektrik stansiyasının inşasını təşkil etmək planlaşdırılır. Bunlar hər biri 500 MVt gücündə iki istilik-elektrik stansiyası olacaq. Nazirlikdə qeyd etdilər ki, "Azərbaycan hökuməti artıq Koreyanın KEPKO/STX şirkətlərilə yeni elektrik stansiyalarının inşası haqqında (layihənin ilkin texniki-iqtisadi əsaslandırması ilə) qarşılıqlı anlaşma memorandumu imzalayıb. Yeni obyektlər Bakıda yerləşəcək".
Özəl elektrik stansiyalarının inşasında məqsəd təkcə enerji güclərinin artırılması yox, həm də nazirlikdə vurğulandığı kimi, "elektrik enerjisi hasilatı və satışı sahəsində rəqabət mühitinin yaradılmasıdır".
Əlbəttə, belə bir istəyi qiymətləndirməmək olmaz. Lakin yeni İES-lər əcnəbilər üçün rentabelli olacaqmı? Bəli. Cari ilin yanvar ayında Tarif Şurasının 1 kvt/saata görə yeni (3 dəfə artımla) topdansatış qiymətini 0,043 manat səviyyəsində müəyyənləşdirməsilə artıq sərmayədarlar elektrik enerjisi hasilatı və satışı işində iştirak etmək imkanı əldə etdilər. Xatırladaq ki, istehlakçıların bütün qrupları üçün pərakəndə satış qiyməti 0,06 manat (artım əhali üçün 3, büdcə və sənaye obyektləri üçün - 2,3 dəfə, kommersiya obyektləri üçün isə 20% təşkil edib) kimi müəyyənləşdirilib.
Qeyd etmək lazımdır ki, hökumətdə də Azərbaycanın elektroenergetika bazarının sərmayədarlar üçün cəlbedici olduğuna əmindirlər. O da vurğulanır ki, rentabelli işləmək üçün hər cür şərait yaradılıb. Deməli, belə də olacaq.
Ekspertlər "lehinədir"
Rəylərini öyrəndiyimiz ekspertlərin fikrincə, Azərbaycanda elektroenerji sektorunun monopoliyadan çıxarılmasının vaxtı artıq çoxdan yetişdiyindən, hökumətin ölkədə yeni enerji gücləri inşa etmək barədə qərarı yalnız müsbət emosiyalar doğurur. Ekspertlər yeni sərmayədarlara əlavə imtiyazlar verilməsinə də tərəfdardır.
"Lehinə" olan daha bir fakt. Son illər payız-qış dövründə ölkədə elektrik enerjisi çatışmazlığı müşahidə edilməsinə baxmayaraq, keçən il onun hasilatı rekord səviyyəyə - demək olar ki, 24 mlrd kvt/saata çatıb. Müqayisə üçün: hələ 2002-ci ildə "Azərenerji"nin il ərzində hasil etdiyi elektrik enerjisinin həcmi 22 mlrd kvt/saat idi. Hökumət isə 2010-cu ildə artıq 30 mlrd kvt/saat həddini də aşmaq fikrindədir, çünki inkişaf etməkdə olan Azərbaycanın həmin vaxt illik tələbatı bu səviyyədə olacaq. Lakin ekspertlər ölkədə elektrik enerjisi hasilatı üçün əməliyyat xərclərinin son dərəcə böyük olduğunu da bildirirlər. Deməli, xarici istehsalçılara əsaslanmağın əsl məqamıdır.
Bir çoxları hesab edirlər ki, xarici kapital təkcə yeni obyektlərin inşasında və mövcud olanların yenidən qurulmasında deyil, çoxsaylı elektrik stansiyalarının özəlləşdirilməsində, yəni onların səhmləşdirilməsində də iştirak edə bilərdi. Lakin bu hələlik gələcək üçün qeydlərdir.
Beləliklə, hökumət ölkədə bir yox, iki "əcnəbi" İES inşası üçün razılıq verib. Ortaya məntiqi sual çıxır: Azərbaycanın elektroenerji bazarında bu layiqli pilləni məhz hansı xarici şirkət tuta bilər?
Qeyd edək ki, Gəncə və Əli Bayramlı enerji-paylaşdırma şəbəkələrinin idarə olunması barədə "Bayva Energy" şirkətilə muqaviləyə xitam verildikdən sonra çoxları ciddi şəkildə düşünürdülər ki, onun yerini Almaniyanın Siemens şirkəti tuta bilər. Üstəlik, belə bir ideya alman iqtisadiyyatının Şərq Komitəsinin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan hökumətilə danışıqlarında da səsləndirilmişdi. Əslində, bu təxminlərin məntiqi əsası da vardı - şirkət Azərbaycanın enerji obyektlərinin bir hissəsinin yenidən qurulması və inşasında, məsələn, Sumqayıtda 506 mvt gücündə müasir buxar-qaz qurğusunun tikintisində fəal iştirak edib və etməkdədir. Türkiyənin Barmek şirkətilə yanaşı, Bakı, Sumqayıt və Azərbaycanın şimal bölgələrinin paylaşdırıcı şəbəkələrinin sərmayədarının müəyyənləşdirilməsi üçün keçirilən tenderdə almanlar da iştirak etmişdilər. Onu da demək lazımdır ki, alman şirkətinin mövqeləri daha üstün görünsə də, nəticədə, Barmek qalib gəldi. Bu sonuncunun enerji-paylaşdırma bazarını biabırçı şəkildə tərk etməsindən sonra, almanlara yeni səlahiyyətlər verilməsinin mümkünlüyü məsələsi yenə də aktuallaşdı. Bununla yanaşı, RAO "EES Rossii"nin namizədliyi də istisna edilmirdi. Lakin bir məsələ var. Heç kimə sirr deyil ki, Siemens enerji hasilatı, onun nəqli və paylaşdırılması ilə yox, yüksək keyfiyyətli avadanlıq (o cümlədən enerji sektoru üçün də) istehsal edən və bütün dünyada məhz bu sahədə məşhur olan şirkətdir. Deməli, enerji hasilatçısı qismində, onun namizədliyi istisna edilir.
Rusiyanın enerji monopoliyaçısı barədə də konkret bir şey demək olmaz. Yeri gəlmişkən, Rusiya Federasiyasının Azərbaycanın enerji sahəsinə sərmayə yatırması barədə söhbətlər artıq 5 ildir ki, davam etsə də, indiyədək konkret əməli iş görülməyib. Bu isə çox şeyə dəlalət edir. Görünür, indi, hökumət ölkədə 100% xarici sərmayəli iki İES inşasının mümkünlüyü barədə təzəcə söz açdığı bir məqamda Azərbaycanın enerji sahəsini mənimsəməyə məhz hansı xarici sərmayədarın üz tutacağını proqnozlaşdırmaq kifayət qədər çətindir. Ən əsası, bu sahədə azacıq da olsa, irəliləməkdir. Biz isə, öz növbəmizdə, hər şeyə hazırıq.
MƏSLƏHƏT GÖR: