15 Mart 2025

Şənbə, 00:35

"AZAD" İRAQIN BEŞİNCİ BAHARI

İRAQDA HƏR ŞEY ƏVVƏLKİ KİMİ QALIR

Müəllif:

15.05.2007

İraqda sayca beşinci qanlı bahar sona çatmaqdadır. Qətiyyən şişirtməyə yol vermədən söyləmək olar ki, hazırda bu ölkə dünyanın ən təhlükəli yerlərindən biridir. Buradakı situasiya ilə əlaqədar olaraq müxtəlif mövqelər səsləndirilir, vaxtaşırı yeni günahkarlar tapılır və "qorxulu sirlər", fərziyyələr açıqlanır. Amma bütün bunlar hər hansı müsbət nəticənin əldə edilməsi üçün kifayət deyil. 

Bir məqam şübhə doğurmur: İraqda ən çox əziyyət çəkən dinc və günahsız sakinlərdir. Ərzaq çatışmazlığı, demək olar ki, hər gün baş verən terror aksiyaları, normal kommunal xidmətlərin olmaması İraq sakinlərinin gündəlik üzləşdiyi reallıqlardır. 

Bütün bunların fonunda genişmiqyaslı vətəndaş müharibəsinin başlanması təhlükəsi və ölkənin parçalanması haqda söhbətlər, sadəcə gülüş doğurur. Çünki həm İraqda, həm də ondan kənarda  əksəriyyət əmindir ki, artıq bunlar çoxdan baş verib. Faktiki olaraq, hazırda üç İraq mövcuddur - Kürd İraqı və Şiə, Sünni İraqı. Sonuncu ikisinin sakinləri hətta mütəmadi olaraq bir-birini qətlə yetirirlər. 

Həmçinin nisbətən sakit hesab olunan şimalda da situasiya ideal deyil. Belə ki, burada kürdlər yerli türkmənləri məqsədli şəkildə sıxışdıraraq artıq, demək olar ki, Bağdada itaətsizlik göstərirlər. 

Bütün bunlarla yanaşı, ABŞ qüvvələrinə müqavimət də getdikcə artır. Bu qüvvələrin artıq İraqda qalması mənasını itirib, onların bu ölkəni tərk etməsi isə mümkünsüz görünür.

Ola bilər ki, beynəlxalq ekspertlər məhz bu səbəbdən ABŞ-da son zamanlar tez-tez səslənilən bir fikrə diqqət ayırmağı vacib sayır: Vaşinqtonda Yaxın Şərq probleminin aradan qaldırılması üçün prosesə mümkün qədər çox ölkənin cəlb edilməsinin vacibliyi qeyd olunur. Konqresdəki demokrat çoxluq da Ağ evə təzyiq göstərir və onlar ABŞ hərbçilərinin İraqı tərk etməsinin nəticələrinin məhz özləri tərəfdən çözülməli olacağını yaxşı anlayırlar.

Bütün bunların fonunda mayın əvvəllərində Şarm-əl-Şeyxdə (Misir) İraq böhranının aradan qaldırılması yollarının müzakirəsi məqsədi ilə beynəlxalq konfrans keçirilib. Tədbirdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin xarici işlər nazirləri, İraqla həmsərhəd olan səkkiz ölkənin təmsilçiləri, həmçinin 60 ölkə və beynəlxalq qurumun nümayəndələri iştirak ediblər. Bu qədər geniş tərkibdə keçən konfransın yekununda isə qarşıdakı beş ildə İraqın təhlükəsizliyi, siyasi sabitliyi və iqtisadi inkişafına nail olunması istiqamətində fəaliyyət göstərilməsini nəzərdə tutan Ümumi Razılaşma imzalanıb. Sənəd 36 ölkə və 12 təşkilat nümayəndəsi tərəfindən imzalanıb. Bundan başqa, tədbirdə İraqla bağlı fəaliyyətlərin koordinasiyasını həyata keçirəcək qurumun yaradılması da qərara alınıb. Konfrans iştirakçıları İraqın 30 milyard dollar həcmində xarici borcunu da siliblər (İraqın xarici borcunun 50-62 milyard dollar arasında olduğu bildirilir. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatında isə bu rəqəm 81,48 milyard dollar göstərilir).

Maraqlıdır ki, Misirdə keçirilən konfransın yekununda qəbul olunan sənəddə İraqdan beynəlxalq koalisiya qüvvələrinin çıxarılmasının son müddəti və ya onun qarşısında hər hansı tələbin qoyulması haqda heç bir fikir yer almayıb. Bu məsələ İraq hökumətinin ixtiyarına verilib ki, bu da konfransın Ağ Evdən "dirijor çubuğu" ilə idarə edildiyini göstərir. Belə ki, ərəb dövlətləri və İran İraqdan koalisiya qüvvələrinin dərhal çıxarılmasını israrla tələb etsələr də, bu fikir konfrans iştirakçıları tərəfindən geniş dəstək almayıb.

Şarm-əl-Şeyx konfransında ABŞ-ın dövlət katibi Kondoliza Rays ilə Suriyanın xarici işlər naziri Valid Muallemin görüşü xüsusi maraq doğurub. Belə ki, Vaşinqton Suriyanı həm İraq ərazisində, həm də ümumiyyətlə, terrora dəstəkdə günahlandırır. Bu səbəbdən ortaya sual çıxır: Vaşinqtonun bu qərarı verməsinə səbəb nə olub? Hər halda unutmaq olmaz ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yaxın Şərq səfəri zamanı öz istəyinə əsasən Suriyaya baş çəkməsi ABŞ administrasiyasının sərt təpkisi ilə qarşılaşmışdı. Hadisələrin belə inkişafına İraqda beş ildir ki, davam edən gərgin situasiya səbəb olubmu?

Rays ilə görüşdə Suriyanın XİN başçısı bildirib ki, onun ölkəsi İraqda sabitliyin bərpa edilməsində maraqlıdır. Bununla yanaşı, sözügedən görüşün detalları açıqlanmır. İranın xarici işlər naziri Manuçehr Mottakiyə gəlincə, onunla Rays arasında gözlənilən görüş baş tutmayıb. Şahidlərin bildirdiyinə görə, xarici siyasət idarəsinin rəhbərləri sadəcə təmkinli şəkildə salamlaşmaqla kifayətləniblər. Lap "12 stul" filmində İppolit Matveyeviç ilə Fedor atanın kasıb əyalət mehmanxanasının dəhlizində ədəblə vidalaşmaları kimi. Amma həmin hadisə sonradan dava ilə başa çatıb...

Misir konfransına qayıdaraq qeyd edək ki, tədbirin sonunda imzalanan sənəddə İraq hökuməti üzərinə milli dialoq və barışığa nail olunması, istənilən formada zorakılığın qarşısının alınması məqsədi ilə bir sıra təşəbbüslər göstərməklə bağlı öhdəlik götürüb. Bununla yanaşı, bütün bu gəlişigözəl sözlər və razılaşmalar hələ ki İraqda sabitliyin əldə edilməsinə real ümidlər yaratmır. Bu Yaxın Şərq ölkəsinin rəhbərliyi üzərinə ciddi öhdəliklər götürüb, lakin yerli hökumətin İraqda situasiyaya nə dərəcədə nəzarət etməsinin özü sual altındadır. Bu səbəbdən də hökumətin vədlərini yerinə yetirə bilib-bilməyəcəyi haqda dəqiq fikir yürütmək çətindir. Hər halda yaraqlılar heç kimlə razılığa gəlməyiblər və bu səbəbdən ölkənin küçələrində terror aksiyalarının davam edəcəyini gözləmək olar. Mayın əvvəlində Bağdadda "Efrat Radiosu"nun binasının yandırılması da buna sübut sayıla bilər. İraqın Prezident Şurasının fikrincə, terrorçular yerli KİV orqanlarına hücum etməklə əhalini ölkədə və xaricdə baş verən hadisələri izləməkdən məhrum etmək niyyəti güdürlər.

Yeri gəlmişkən, mayın 6-da Bağdadın şimal-şərqində yerləşən Diyala əyalətində törədilən partlayış nəticəsində altı amerikalı hərbçi, həmçinin rusiyalı fotojurnalist Dmitri Çebotayev həlak olublar. Bu hadisəyə görə məsuliyyəti "Əl-Qaidə" beynəlxalq terrorçu şəbəkəsi ilə sıx əlaqələrə malik olan "İraq İslam Dövləti" qruplaşması üzərinə götürüb. 

Bu siyahını uzatmaq da olar. Baş verən terror aktları nəticəsində həlak olan dinc iraqlıların sayı artıq məlum deyil. Müxtəlif mənbələrin məlumatında göstərilən rəqəmlər arasında ziddiyyət var. Lakin bir şeyi dəqiq söyləmək olar: ölənlərin sayı çoxdur və onların arasında xeyli sayda qadın və uşaq da var. Bu insanlar üçün diktator Səddam Hüseyndən xilas əsl qırğına çevrilib. 

Dini zəmində yaşanan toqquşmalarda da saysız-hesabsız iraqlının qurbana çevrildiyi heç kəsə sirr deyil. Bu kontekstdə, baş verənlərin mərkəzində duranlardan "Mehdi Ordusu"nun lideri Muktada əs-Sədr daha radikal sayılır. Onun yaraqlıları mütəmadi olaraq ölkənin sünnilər yaşayan məhəllələrində reydlər keçirir və bu zaman saysız-hesabsız dinc sakin qətlə yetirilir. Belə fikirlər də var ki, əs-Sədr İraqda hakimiyyəti ələ keçirmək üçün ABŞ qoşunlarının ölkədən çıxmasını gözləyir. 

Maraqlıdır ki, Səddam rejimi dövründə ciddi sıxıntı keçirən şiələr də itaətli deyil və onları bu zülmdən qurtaranların istəyinə uyğun hərəkət etmirlər.

Beləliklə, zaman keçdikcə nüfuzlu xarici mətbuatda belə bir fikir hakim kəsilməyə başlayır ki, ABŞ-ın gəlişilə İraq beynəlxalq terrorizmin məskəninə çevrilib və burada terrorçular asan şəkildə gizlənə, silah-sursat yığa və ən əsası, təcrübə toplaya bilirlər. Məsələn, "Tayms" yazır ki, Birləşmiş Ştatların İraqda hərbi mövcudluğu terrorizmi daha da coşdurur və sünnilərin, şiələrin və kürdlərin barışmasına imkan vermir. Bu məsələ ilə əlaqədar İraqdakı amerikalı hərbçilər arasında keçirilən sorğunun nəticələri kifayət qədər maraqlı görünür: onların 72%-dən artığı əmindir ki, Vaşinqton bu ölkədəki hərbi kontingentini 1 il ərzində oradan çıxarmalıdır.

Artıq ABŞ-ın özündə də "İraq sindromu"nun yayılmaqda olduğunu söyləmək olar. Amerikanın ordu həkimlərinin ötən ilin avqustundan etibarən apardıqları geniş tədqiqatın nəticələri göstərir ki, İraqda xidmət çəkən hərbçilər psixi və mənəvi cəhətdən problemlər yaşayırlar. Həkimlər həmin araşdırmanın nəticələrini Pentaqona bir neçə ay əvvəl göndərsə də, bu haqda ilk məlumatlar yalnız bu günlərdə KİV səhifələrinə çıxıb. Məlumata görə, amerikalı hərbçilərin təxminən 10%-i dinc iraqlılarla sərt davrandıqlarını, hətta lazım olmadıqda belə, onların əmlaklarını məhv etdiklərini boyunlarına alıblar. Bununla yanaşı, əsgərlərin yalnız 47%-i, dəniz piyadalarının isə 38%-i hesab edirlər ki, dinc sakinlərlə hörmətlə davranılmalıdır. 

Müvafiq olaraq, dəniz piyadalarının 44, əsgərlərin isə 41%-nin fikrincə, xidmət yoldaşının həyatını xilas etmək üçün zorakılıq edilməlidir. 

Əsgərlərin, təxminən, 20, dəniz piyadalarının isə 15 %-də depressiya, stress, qorxu simptomları aşkarlanıb və məlum olub ki, onların yarıdan çoxu əsgər yoldaşlarının dinc iraqlılara qarşı zorakılığı, hətta onları qətlə yetirməsi haqda belə komandirə məlumat verməyi lazım bilmirlər. 

ABŞ Quru Qoşunları Xidmətinin tibbi xidmət rəisinin səlahiyyətlərini icra edən general-mayor Qeyl Pollokun sözlərinə görə, İraqda xidmətdə olan ABŞ hərbçiləri arasında dəhşətli əməliyatlarda iştirak edənlər, həmçinin döyüşdə dostunun ölümünün şahidi olanlar daha qəzəbli və psixoloji baxımdan, qəddardırlar. Ehtimal olunur ki, həmin şəxslərin ordudan təxris olunmasından sonra da onlarda dərin aqressiya müşahidə ediləcək. 

Məlumat üçün qeyd edək ki, hazırda İraqda təxminən 145 min amerikalı hərbçi var və artıq iyunun əvvəllərində onlara əlavə olaraq daha 15 min hərbçi qoşulacaq.

Beləliklə, Ağ evin hazırkı rəhbərliyi nəinki İraqdakı hərbi kontingenti oradan çıxarmağı düşünür, əksinə, onların sayını artırmağa hazırlaşır. Yeri gəlmişkən, xatırladaq ki, mayın 1-də prezident Corc Buş demokratların İraqdakı hərbi kontingentin oradan bir il ərzində çıxarılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyub. Prezidentin fikrincə, "İraqdan ABŞ hərbçilərinin çıxarılması üçün son müddətin qoyulması məğlubiyyətlə barışmaq deməkdir". Vetonun ləğvi üçün demokratlara ən azı 290 konqresmenin səsi lazım olsa da, bu qərara cəmi 222 nəfər səs verib, 203 konqresmen isə əks mövqe tutub. Bununla yanaşı, Nüma-yəndələr Palatasının spikeri Nensi Pelosi bəyan edib ki, o və demokratlardan olan müttəfiqləri İraqda müharibənin sona çatdırılması üçün səylərini davam etdirəcəklər. Spiker hesab edir ki, "Buş Amerika xalqının istəyini qulaqardına vurur". 

Əksər analitiklər isə hesab edirlər ki, bu məsələ ilə bağlı demokratlarla Ağ Ev sonda hər iki tərəfi qane edən özünəməxsus kompromis əldə edəcəklər. Belə ki, artıq Buş öz köməkçilərinə hər iki palatanın liderləri ilə birlikdə ümumi qəbul ediləcək sənədin hazırlanmasını tapşırıb. 

Amma hər halda, demokratlar Buşa qarşı Yaxın Şərq müharibəsi kimi kozırdan istifadə etməyə bilməz. Eyni zamanda, onlar İraqın gələcəyi ilə bağlı məsuliyyətin böyük hissəsini öz üzərlərinə götürməyə də tələsmirlər. 

Görəsən, İraq altıncı qanlı baharını da yaşamalı olacaqmı?


MƏSLƏHƏT GÖR:

404