15 Mart 2025

Şənbə, 00:34

RAKET ALVERİ

ABŞ-ın RHM, Rusiyanın isə AASQM-dən çıxması bütün dünyada qüvvələr nisbətini dəyişə bilər

Müəllif:

15.05.2007

Gözlənildiyi kimi, "soyuq müharibə" ifadəsi bütün dünyada sabit mənfi çalarlı ifadə səciyyəsi kəsb edib. Bu xoşagəlməz  ifadəni "əsas düşmənə" istiqamətlənən hərbi bazalar, raket cəbbəxanaları, bunkerlər, qərargah və kəşfiyyat strukturlarına ünvanlayırdılar. Bəlkə də bu zaman ardınca "gərginliyin azaldılması"nın, daha sonra isə Qorbaçovun "yeni düşüncə"sinin gəldiyi  "soyuq müharibə" dövründən ABŞ ilə SSRİ arasında bağlanan və qüvvələr nisbətini müəyyən qədər tarazlaşdıran, yaxud "oyun qaydaları"na azacıq da olsa, riayət edilməsinə zəmanət verən müqavilələr sisteminin miras qaldığı o qədər də yada düşmür.

Raket Hücumundan Müdafiə (RHM) üzrə, daha doğrusu, onun qadağan edilməsinə dair müqavilə hələ 1972-ci ildə imzalanıb. Onun mahiyyəti elə həmin "TQM"in, yəni təmin olunmuş qarşılıqlı məhvetmənin yaradılmasından ibarət idi: tərəflərdən heç birinin nüvə savaşında salamat qalmaq üçün hətta nəzəri baxımdan da şansı olmazsa, bu müharibəyə, çox güman ki, rəvac verilməyəcək. Avropada Adi Silahların Qadağan Olunması Haqqında Müqavilə (AASQM) isə 1990-cı ildə meydana çıxdı.

İndi isə bir çox analitiklərin təxmininə görə, Moskva ilə Vaşinqtonun qarşıdurması dövründən qalan bütün müqavilələr sistemi yaxın zamanda, sadəcə, süquta uğraya bilər.  ABŞ RHM-dən, Rusiya isə AASQM-dən çıxdığını açıqlayıb. Formal baxımdan, Moskva AASQM-dən çıxmasını RHM-lə heç cür əlaqələndirməsə də, Rumıniyanın keçmiş prezidenti, hazırda senator İon İliesku Bakıda keçirdiyi mətbuat toplantısında birmənalı şəkildə bildirib ki, Rusiyanın addımını ABŞ-ın Avropada RHM elementlərini yerləşdirməsinə cavab kimi başa düşmək lazımdır.

RHM problemi heç də yaxın dövrlərdə meydana çıxmayıb. ABŞ-da bu müqavilədən çıxmaq barədə hələ bir neçə il bundan əvvəl danışmağa başlayıblar.  Həm də bu zaman sanballı dəlillər də gətirirlər: müqavilə bağlanarkən, bir-birinin ərazisinə çata bilən raketlərə yalnız ABŞ və SSRİ malik idi. İndi isə ballistik raketlər çoxlarında var. İranın "Şəhab"ları, Şimali Koreyanın "Nodon" və "Tepxodon"ları kifayət qədər real təhlükədir və bunlardan müdafiə zəruridir. O vaxt Rusiya o qədər də fəal etiraz etmirdi, lakin Vaşinqtonda RHM elementlərini əvvəllər Varşava müqaviləsinə daxil olan ölkələrdə yerləşdirməkdən danışmağa başlayan kimi, Moskva bunu özünə qarşı yönəlmiş addım kimi qiymətləndirdi. Həm də Amerika raketlərinin Avropada yerləşdirilməsi birinci dəfə deyil ki, Moskva ilə Vaşinqton arasında gərginliyin katalizatoru rolunda çıxış edir. 

İndi Rusiyada kifayət qədər sərt şəkildə bildirirlər ki, ABŞ-ın Çexiya və Polşada yerləşən RHM elementləri Rusiyanın təhlükəsizliyinə təhdiddir. Hər halda, RF Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yuri Valuyevski "Rossiyskaya qazeta"nın səhifələrində çap etdirdiyi geniş məqaləsində yenə də ABŞ-ın RHM elementlərini Avropada yerləşdirmək planlarını tarmar edib.

Valuyevskinin vurğuladığı kimi, Ağ evin rəsmi təmsilçilərinin açıqlamalarında söhbət yalnız "mənfur ölkələr"in raket təhdidindən müdafiədən gedirdi. Lakin indi artıq ABŞ üçün təhlükələr sırasında Rusiya da var ki, Pentaqonun rəhbəri Robert Geyts bunu, demək olar ki, açıq bildirib. Baş qərargah rəisi Kondoliza Raysın hələ 6 il bundan əvvəl fpansız mətbuatına müsahibəsində dediyi sözləri də xatırlayıb: "Mən indi dünyanın başının üstünü almış əsas təhlükənin küncə sıxılmış Rusiya tərəfdən gəldiyini təkrarlamaqdan yorulmuram. O mənada ki onun nüvə cəbbəxanasının pis əllərə, yəni "mənfur ölkələr"in, yaxud terrorçu təşkilatların əlinə keçməsi təhlükəsi var. Mən onu da bilirəm ki, müəyyən məqamda bu ölkənin maraqları bizim maraqlara zidd olacaq". 

Valuyevski güman edir ki, ABŞ RHM elementlərinin Avropada yerləşdirilməsi sürətlə silahlanmanın nəzarətdən kənar yeni mərhələsinin başlanğıcıdır. Bu mərhələ tərki-silah və silahlar üzərində nəzarət sahəsində "soyuq müharibə"dən sonrakı uzun illər ərzində yaradılan beynəlxalq mexanizmin elə ABŞ-ın özü tərəfindən, həm də birtərəfli şəkildə dağıdılması üzündən yaranıb. Valuyevski "Silahlar üzərində qlobal və regional nəzarət rejimlərinin aşılanması baş verir", - deyə bəyan edib. Generalın fikrincə, buna inandırıcı nümunələr də var: ABŞ-ın RHM Müqaviləsindən çıxması və Amerikanın nüvə silahının tətbiqinin mümkünlüyü həddini aşağı salmaqla yanaşı, onu "siyasi səngitmə vasitəsindən, döyüş meydanı silahına çevirmişdir". 

Rus generalı əmindir ki, indi İran, yaxın keçmişdə isə Şimali Koreya sistemin real təyinatını - strateji nüvə silahlarının daha səmərəli tətbiqi üçün şərait yaratmaqla strateji tarazlığı öz xeyrinə dəyişmək istəyini pərdələmək üçün bəhanədən başqa bir şey deyil. Valuyevski Avropadakı RHM-in əsas hədəfinin Rusiya olduğunu da bildirir.  

Vaşinqtonun təmsilçiləri isə elə adət halını almış qaydada etiraz edirlər: 80-ci illərin əvvəllərindəki "Perşinq"lərdən fərqli olaraq, indiki RHM raketləri şaxtalarda yerləşir, radarlardan isə heç danışmağa dəyməz - onlar müdafiə silahıdır. Ən azı, elə Moskvanın Suriyaya satdığı HHM kompleksləri kimi. Həm də amerikalılar hesab edirlər ki, onların öz ölkələrini İran və ya Şimali Koreya ərazisindən buraxılan raketlərdən müdafiə etmək hüququ var. Bu səbəbdən də, radarların yerləşdirilməsi üçün Praqa və Varşavanın razılığını alan  Vaşinqtonun  Moskvanın razılığını gözləməsinə ehtiyac yoxdur. Üstəlik, bu gün İranın Aropaya çata bilən raketlərinin olmaması heç də onların sabah meydana çıxmayacağı demək deyil. 

"8 il ərzində İran Avropada, hətta Amerika qitəsində yerləşən hədəfləri vura bilən raketlər əldə edəcək". Bir qədər əvvəl bu məlumatı ABŞ dövlət katibinin beynəlxalq məsələlər üzrə yardımçısı Con Rud açıqlayıb. Onun fikrincə, İran artıq ona ballistik raketlər verən Şimali Koreyadan zəruri raket texnologiyalarını istənilən vaxt ala bilər.

Öz növbəsində ABŞ xüsusi xidmət orqanları xəbərdarlıq edirlər ki, 2015-ci il üçün iranlılar Avropa və ABŞ-a çatan bilən öz ballistik raketlərini də işləyib hazırlamağa qadirdirlər. "Təxminlərimiz xarici ölkələrin azacıq dəstəyilə İranda raket hazırlanmasının ehtimal olunan müddətlərinə əsaslanır. Müddət isə xarici iştirakın həcmindən daha çox asılıdır", - deyə Rud bildirib. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid isə xatırladıb ki, yüzlərlə orta mənzilli "Şəhab-3" raketinə malik olan İran yeni silahlar üzərində işləyir. Bundan başqa, İslam Respublikasının peykdaşıyan raketlər yaratmaq istəyi də ABŞ-da narahatlıq doğurur, çünki bu texnologiya uzaq mənzilli raket istehsalı üçün zəruri olan texnologiya ilə oxşardır.

Frid qeyd edib ki, İranın silahlarının inkişafı Avropada raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsini zəruri edir. "Biz ABŞ-ı raket təhlükəsindən müdafiə etməklə bərabər, eyni zamanda, Avropanı da qoruyan mühafizə üsulunu tapmalıyıq", - deyə o bildirib. Dövlət katibinin köməkçisinin sözlərinə görə, sınaqlarda 35 hədəfdən 27-ni sıradan çıxaran RHM sistemi özünün səmərəli olduğunu təsdiq edib. Beləliklə, İranın raket proqramının uğurları barədə yeni məlumatlar ABŞ-ın yüksək vəzifəli məmurlarının Çexiya və Polşada şaxtalarda yerləşdirilən raketlərin və radarların, həqiqətən, Avropanın İran raketlərindən müdafiəsi üçün lazım olması barədə iddialarını bir daha təsdiq edir.  

Lakin ABŞ-da RHM-dən çıxmaq haqqında hələ bir neçə il bundan əvvəl danışılmağa başlandığı halda, Rusiyanın AASQM-dən çıxması ilk dəfə bu ilin fevral ayında rəsmi şəkildə bildirildi. O vaxt RF XİN təhlükəsizlik və tərk-silah departamentinin direktoru Anatoli Antonov jurnalistlərə aşağıdakıları demişdi: "NATO üzvlərinin sözlərinə deyil, əməllərinə əsaslansaq, güman ki, onlar AASQM-in təzələnməsi və səmərəli işləməsində hərbi sahədə dəqiq, indiki gerçəkliklərə cavab verən "oyun qaydaları"nın olmasında maraqlı deyillər".  Antonovun fikrincə, "Alyansın genişlənməsi nəticəsində, 1990-cı il AASQM-in bəzi həlledici məhdudiyyətləri əhəmiyyətli dərəcədə pozulub. Beləliklə, NATO ölkələrinin hərəkətləri adi silahlara nəzarət üzrə bütün Avropa rejiminin mövcud olmasını sual altına alır". AASQM-in uyğunlaşdırılmış variantının qüvvəyə minməsi ləngidildiyi halda, Rusiyanın ondan çıxmasının mümkünlüyü haqqında sualı şərh edərkən Antonov deyib: "AAQSM-də onun iştirakçısına öz mənafelərini müdafiə etməyə imkan verən vasitələr toplusu var - narahatlıq doğuran problemlərin birgə məsləhət qrupunda qaldırılmasından və fövqəladə konfransın çağırılmasından, iştirakçının ali maraqlarını təhlükə altına alan müstəsna şərait yarandığı halda, müqavilədən çıxmağa qədər. Nəhayət, beynəlxalq hüququn bu duruma tətbiq edilə bilən digər normaları da mövcuddur".

Rusiya diplomatının bəyan etdiyi kimi, "bu vasitələrdən hansını və nə zaman istifadə etməyi isə Rusiya öz maraqlarını, konkret durumu və müqavilənin digər iştirakçılarının hərəkətlərini nəzərə alaraq müəyyənləşdirəcək". Antonov onu da aydınlaşdırıb ki, Rusiya uyğunlaşdırılmış AASQM-i 2004-cü ildə imzalasa da, NATO ölkələri bunu hələ də etməyiblər və ratifikasiyanı Rusiya qoşunlarının və hərbi əmlakının Gürcüstan və Moldovadan çıxarılması ilə əlaqələndirirlər. NATO-da Rusiyanın İstanbulda götürdüyü öhdəliklərə istinad etsələr də, Moskva Antonov vasitəsilə inandırır ki, demə, "İstanbulda uyğunlaşdırılmış AASQM-in ratifikasiyasının Rusiyanın Gürcüstan və Moldova  ilə ikitərəfli razılaşmaları arasında heç bir əlaqələndirmə olmayıb". Sonda diplomat bildirib: "Biz özümüzü elə göstərə bilmərik ki, guya 1990-cı ilə aid AASQM normal fəaliyyət göstərir və bizi qane edir. Müvafiq məsələni tərəfdaşlarımız qarşısında kəskin şəkildə qaldırırıq. Müqavilənin gələcək taleyinə görə məsuliyyət məhz onların üzərinə düşür". NATO-nun genişlənməsi "əvvəlki kvotaları poz-duğundan", Rusiyanın AASQM-in növbəti dəfə "uyğunlaşdırılması" məsələsini qaldırmasının mümkünlüyü barədə ilk söz-söhbətlər hələ 2006-cı ilin iyun ayında meydana çıxmışdı.     

Daha sonra elə həmin dəlilləri məşhur Münhen nitqində Vladimir Putin də təkrarladı: "Avropada adi silahlar haqqında uyğunlaşdırılmış Müqavilə 1999-cu ildə imzalanıb. O, geosiyasi gerçəkliyi - Varşava müqaviləsinin ləğvini nəzərə alırdı. NATO ölkələri açıq bildirdilər ki, cinah məhdudiyyətləri haqqında müddəalar da (cinahlarda müəyyən miqdarda silahlı qüvvə yerləşdirilməsi barədə) daxil olmaqla,  müqaviləni Rusiya Gürcüstan və Moldovadan öz bazalarını çıxarmayana qədər ratifikasiya etməyəcəklər. Qoşunlarımız Gürcüstandan çıxarılır, üstəlik, sürətlə. Biz bu problemi gürcü həmkarlarımızla artıq həll etmişik və bu, hamıya bəllidir. Moldovada sülhməramlı missiya yerinə yetirən və SSRi dövründən qalan döyüş sursatları anbarlarını mühafizə edən 1 500 hərbi qulluqçumuz qalmaqdadır". Sonra isə prezident, məlum olduğu kimi, ittihamlara keçdi: "Bəs, bunlarla yanaşı, nələr baş verir? Rumıniya və Bolqarıstanda hər birində 5 000 nəfər olmaqla, Amerikanın yüngül adlandırılan ön bazaları peyda olur. Belə çıxır ki, NATO ön sıra qüvvələrini bizim dövlət sərhədlərimizə yaxınlaşdırır, bizsə Müqaviləyə ciddi əməl edərək, bu hərəkətlərə heç bir reaksiya vermirik".  Bu yaxınlarda Putin Federal Məclisə müraciətində də bu məsələyə toxunub. Bu dəfə o artıq AASQM-ə riayət edliməsinə moratori qoyulmasından danışıb.  Daha sonra isə Sergey İvanov məhz AASQM-dəki məhdudiyyətlər üzündən Rusiyanın Çeçenistanda vaxtilə kifayət qədər hərbi qüvvə təmərküzləşdirə bilməməsindən söz açıb. 

Təbiidir ki, NATO-da Rusiyanın bəyanatları təəssüflə qarşılanıb. Güman ki,  AASQM-dən çıxmasını bəyan etməklə Moskva Vaşinqtonla RHM üzrə danışıqlarda "alver üçün material" əldə edib. O da aydındır ki, yaxın vaxtlarda Atlantik okeanın hər iki sahilində Moskvanı AASQM-i dağıtmaqda, Vaşinqtonu isə "raket əleyhinə" yarışmaya rəvac verməkdə suçlamaq həvəsinə düşənlər çox olacaq.

Lakin fövqəldövlətlərin "soyuq müharibə" dövründən qalan iki müqavilənin məhvində nə dərəcədə günahkar olmaları ayrıca bir söhbətin mövzusudur. Məsələ ondadır ki, diqqəti cəlb etməyən başqa bir şey gözdən qaçır: raket proqramları və nüvə hazırlıqları RHM Müqaviləsini, sözün əsl mənasında, dağıdan  "mənfur ölkələr"in siyasi məsuliyyətinin dərəcəsi. İstər Çeçenistanda, istərsə də Dağlıq Qarabağda təcavüzkar separtçılığın liderləri isə, ümumiyyətlə, heç kimin yadına düşmür. Halbuki onların fəaliyyəti də AASQM-ə zərbə oldu. Bu gün regional problemlər həll edilmədən qlobal təhlükəsizliyin qurulmasının mümkünsüzlüyü isə hamıya aydındır.


MƏSLƏHƏT GÖR:

435