15 Mart 2025

Şənbə, 00:28

SON NAMƏ

V.Putinin federal məclisə müraciətini rusiya üçün uzun illərə nəzərdə tutulmuş fəaliyyət planı saymaq olar

Müəllif:

15.05.2007

Aprelin 27-də Rusiya prezidenti Vladimir Putin RF Federal Məclisinə illik müraciətlə çıxış etdi. Onun bütün dünyada diqqətlə qarşılanan çıxışı həm Rusiya, həm də xarici analitiklər tərəfindən hərtərəfli çözələndi. Səciyyəvidir ki, hər kəs Putinin çıxışında məhz eşitmək istədiyini tapır - tənqid, vədlər, təhdidlər, göstərişlər, arzular və i. a.

 

"Milli ideyalar" əvəzinə, "milli layihələr"

Artıq çıxışdan xeyli əvvəl bir çox KİV prezidentin çıxışında onun bir ildən sonra hakimiyyətdə üçüncü müddətə qalmaq istəyinin ifadəsinin əlamətlərini axtarmağa hazırlaşırdı. Hətta Putinin ikibaşlı ifadələrə əl atmaması və birmənalı şəkildə "Üzümüzə gələn 2008-ci ilin yazında mənim səlahiyyət müddətim başa çatır və FM-ə yeni müraciəti artıq yeni dövlət başçısı ünvanlayacaq", - deməsi də "şübhələrə" son qoymadı. Bir çoxlarına Putinin yalnız gələcəklə bağlı planlardan danışaraq, çıxışında görülən işləri yekunlaşdırmağa heç cəhd belə göstərməməsi son dərəcə qəribə göründü. Məgər belə davranış artıq bir ildən də az sonra istefaya getməyə hazırlaşan rəhbər üçün səciyyəvidir? Burada İnternet məkanında bu mövzu ilə bağlı artıq çoxdan dolaşan bir lətifə yada düşür: "Şayiələrə görə, prezident vəzifəsini tərk etdikdən sonra RF-in indiki prezidenti "Rusneftqazkömürmetalbalıqaviaatomtikintikəndtəsərrüfatımüdafiəidxalixrac" birgə müəssisəsinə rəhbərlik edəcək". 

Zarafat öz yerində, lakin V.Putinin Federal Məclisə müraciətində, həqiqətən, vida əhval-ruhiyyəsi duyulmurdu. Prezident planlaşdırır, tənqid və xəbərdarlıq edirdi. Putinin ən məzəli və gözlənilməz "məsləhəti" isə bütün rusiyalılara sonsuz milli ideya axtarışlarına son qoymaq xahişi oldu. Dövlət başçısı ölkənin ən dahi yazıçı və filosoflarının düşüncəsinə hakim kəsilən bu ideyanı hətta "qədim rus əyləncəsi" adlandırdı.  Əlbəttə, bu ifadədə əsas söz "əyləncə" sözüdür, axı V.Putinin nitqi başdan-başa ölkəni yaradıcı fəaliyyətə sövq etmək istəyinə bürünmüşdü. Doğrudur, bu dəfə də onun çağırışına cavab olaraq, Rusiyanın belə güclü sıçrayış etmək üçün kifayət qədər gücü olmadığını deyən tənqidçilər tapıldı. Bəzilərinin isə "artıq neçə ildir ki, dəniz limanlarını inkişaf etdirməyin zəruriliyindən" danışsa da, "durumun hələ də demək olar ki, yaxşılaşmadığı"nı deyən prezidentə hətta yazığı da gəldi...  Lakin ən ətraflı şərhlər prezidentin Rusiya "dünyanın iqtisadi baxımdan ən inkişaf etmiş ilk onluğuna daxil olub", "neft hasilatına görə dünyada birinci yeri tutub" və "istehsaldakı uzun sürən tənəzzülü tam dəf edib" ifadələrilə bağlıdır. 

Şübhə yoxdur ki, V.Putin belə bir reaksiyaya əvvəlcədən hazır idi və bu səbəbdən də çıxış zamanı prezident tamamilə inamlı görünürdü. RF qarşısında duran vəzifələrin böyük bir siyahısını açıqlayarkən o, "ölkədə elmin dirçəldilməsini", xüsusən də "nanotexnologiyalar sahəsində araşdırma və işləmələrin səmərəli sisteminin yaradılmasını" ayrıca vurğuladı. Putinin sözlərinə görə, gələcəkdə Rusiyada onların əsasında insanların həyat səviyyəsi yüksəlməli, iqtisadi artımın yüksək templəri təmin edilməli və milli təhlükəsizli-yin səmərəli sistemi qurulmalıdır. Beləliklə, RF-də özündə çoxsaylı sənaye və elmi təşkilatı birləşdirən yeni bir sahənin meydana çıxması planlaşdırılır. Yeri gəlmişkən, "nanotexnologiyalar üzrə layihənin miqyasının böyüklüyünü və unikallığını" nəzərə alaraq, RF prezidenti faktiki "bütün MDB ölkələrinə onda iştirak etməyi" təklif etdi. Putinin postsovet məkanındakı qonşularına (güman ki, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana) daha bir təklifi Volqa-Don kanalının ikinci xəttinin çəkilməsi üzrə beynəlxalq konsorsium yaradılması ilə əlaqədar oldu. Moskvanın fikrincə, "Bu yeni nəqliyyat arteriyası Xəzər və Qara dəniz arasında gəmiçiliyi əsaslı şəkildə yaxşılaşdırmağa imkan verəcək". "Əslində, bu, Xəzəryanı dövlətlərə, sadəcə, Qara və Aralıq dənizlərinə, yəni Dünya okeanına çıxmaq imkanı verməyəcək, həm də onların geosiyasi vəziyyətini dəyişəcək, onları dəniz dövlətlərinə çevirəcək. Mən Xəzərətrafı respublikalardakı həmkarlarımla artıq bu barədə ilkin söhbətlər aparmışam. Rusiya üçün isə bu daha bir möhtəşəm, iqtisadi cəhətdən əlverişli infratsruktur layihəsi olardı", - deyə Putin çıxışında bildirib.  

Prezidentin Rusiyanın inkişafına dair əsas planlarına gəldikdə, məlum olduğu kimi, onların bir çoxu Putinin hakimiyyəti dövründə həmin müəmmalı "milli ideyaları" əvəz edən "milli layihələr" çərçivəsində gerçəkləşdirilir. Onların başlamasından ilyarım sonra RF başçısı uğurları qeyd etdi və bir neçə maraqlı ideya irəli sürdü ki, bunlardan ən azı biri, çox güman ki, yeni siyasi lətifələrin yaranması üçün bəhanə olacaq. Belə ki, "Rusiya vətəndaşlarına əlverişli və rahat mənzillər" milli layihəsi çərçivəsində inşaat işlərini daha fəal aparmaq üçün prezident digər təkliflərlə yanaşı, "dövlət qarşısında borcunu ödəmək üçün "YUKOS" şirkətinin aktivlərinin satışından əldə olunan" gəlirlərdən də istifadə etmək təklifini irəli sürüb.

 

Xaric kömək etməyəcək!

Ümumiyyətlə, xaricdəki oliqarxlar Rusiya prezidentinin haqlı qəzəbinə tuş gəldilər: "90-cı illərin əvvəllərindəki dəyişikliklər milyonlarla insanda ümid yaratsa da, nə hakimiyyət, nə də biznes bu ümidləri doğrultmadı. Bu azmış kimi, bu birliklərin qanun və əxlaqın normalarına etinasızlıq göstərən bəzi üzvləri ölkəmizin tarixində görünməmiş miqyasda vətəndaşların əksəriyyətinin hesabına şəxsi zənginləşməyə üz tutdular... Açıq deyirəm: ölkəmizin sabit, irəliyə aparan inkişafı heç də hamının ürəyincə deyil. Yalançı demokratiya ibarələrindən məharətlə yararlanaraq, yaxın keçmişi qaytarmaq istəyində olanlar da var: bəziləri, əvvəllər olduğu kimi, ümummilli sərvətləri istədikləri kimi dağıtmaq, insanları və dövləti soymaq üçün, digərləri  isə  ölkəmizi iqtisadi və siyasi müstəqillikdən məhrum etmək üçün". 

Yeri gəlmişkən, Putinin "Berezovskiyə dolayısı ilə cavab" olan bu sözlərində, dərhal gözə çarpmasa da, daha bir önəmli məqam da var. Məsələ prezidentin özünü "xalq sərvətini dağıdan hakimiyyətdəkilər"dən kəskin şəkildə təcrid etməsindədir ki, bu da tarixən "məmur" sözünün sinoniminin "oğru", "xalq" sözünün antoniminin isə "hökumət" olduğu Rusiya üçün çox önəmlidir. Üstəlik, Putinin bu sözlərinin RF-nin keçmiş prezidenti Boris Yeltsinin vəfatından sonra səslənməsi də çox rəmzi səciyyə daşıyır, çünki Rusiyada "səlahiyyətli quldurların" özbaşınalıq etmələri məhz mərhum prezidentin hakimiyyəti illərinə təsadüf edir.

Rusiya prezidentinin digər önəmli təşəbbüsləri sırasında, şübhəsiz, ölkədə alkoqolizm xəstəliyinin yayılması ilə mübarizəni, Rusiya ərazisində neft, qaz və başqa əmtəələrin birja ticarətilə məşğul olan qurum yaradılmasını, demoqrafik durumun yaxşılaşdırılmasını, kənd təsərrüfatının, gəmi və təyyarə istehsalının dirçəldilməsini, həmçinin ordunun əsaslı islahatını qeyd etmək zəruridir. Əlamətdar haldır ki, Putin özündə ABŞ-ın "Rusiyanınkından, demək olar ki, 25 dəfə artıq olan" hərbi büdcəsini qeyd etməyə cəsarət tapdı. RF-nin təhlükəsizliyinin təmin edilməsinə gəldikdə, məlum oldu ki, bu proses ordunun təchizatının kökündən dəyişməsi, strateji nüvə ehtiyatlarının təchizatının yüksəldilməsi, yeni nəsil atom sualtı qayıqları, "Bulava" və "Topol-M" raket kompleksləri, həmçinin silahların sifariş və tədarükünün vahid sisteminə əsaslanacaq. 

Xarici müşahidəçilər üçün Putinin FM-ə müraciətində ən önəmli hissə, əlbəttə, prezidentin RF-in xarici siyasətindən danışdığı hissə oldu. Lakin prezident Rusiya üçün ağrılı olan "sonradan ölkənin daxili işlərinə birbaşa müdaxilə üçün istifadə olunan xaricdən pul axını" mövzusu ilə bağlı açıqlama verməyi bundan əvvəl də lazım bilmişdi. "Əvvəllər baş verənlərə nəzər salsaq, müstəmləkəçilik dövründə müstəmləkəçi dövlətlərin sivilləşdirici adlandırılan rolundan danışılırdı. İndi isə demokratikləşdirmə şüarlarından istifadə olunur. Lakin məqsəd birdir - birtərəfli üstünlük və mənfəət qazanmaq, özəl maraqları təmin etmək", - deyən Putin fikrini o qədər aşkar açıqladı ki, onun kimin "bostanına daş atdığını" heç dəqiqləşdirməyə də ehtiyac qalmadı. RF başçısı "xaricdən pul çatdırılmasını" təmin edən qeyri-hökumət təşkilatları ilə bağlı təşvişlərlə bağlı  da birmənalı danışdı. "Demokratiya şəraitində siyasi prosesi qeyri-dövlət təşkilatlarının iştirakı,  rəyi və mövqeyi nəzərə alınmadan  təsəvvür belə etmək mümkünsüzdür. Qeyd edim ki, ictimai təşkilatlara dövlət dəstəyi də artmaqdadır", - deməklə Putin, Rusiya KİV-lərindəki bəzi təhlillərə görə, nəzarətə götürülən bəzi QHT-lər arasında isterikanı bir az da qızışdırdı. 

Kreml rəhbəri Ümumdünya Ticarət Təşkilatından narazılığını da gizlətməyərək, bu təşkilata "onun fəaliyyətinə tamamilə aid olmayan məsələlərdə alver predmetinə çevrilməməyi" məsləhət gördü. 

 

Düşün, Avropa, düşün!

Lakin ən böyük əks-sədanı Putinin RF Silahlı Qüvvələrinin möhkəmləndirilməsini mümkün təhlükələrin xarakteri və beynəlxalq durumun dinamikası ilə ən sıx şəkildə uyğunlaşqdırılmağın zəruriliyi barədə sözləri doğurdu. Əlbəttə, istənilən ölkənin Ali Baş Komandanının dilində səslənə bilən bu göstərişdə qeyri-adi heç nə yoxdur. Lakin bundan dərhal sonra Putin bəyan etdi: "Bununla əlaqədar, diqqəti aşağıdakı məsələyə cəlb etmək istərdim. Bildiyiniz kimi, 1990-cı ildə Varşava müqaviləsi dövlətlərilə NATO Avropada adi silahlı qüvvələr haqqında müqavilə (AASQM) imzalayıblar". Rusiya prezidentinin fikrincə, bu sənəd Varşava müqaviləsi indi də mövcud olsa idi , müəyyən bir məna kəsb edərdi. Hazırda isə belə çıxır ki, Rusiya ordusu "elə öz ölkəsi hüdudlarında ümumi təyinatlı qüvvələrin yerləşdirilməsi məsələsində məhdudiyyətlərə məruz qalır". "Faktiki, biz cənubda və şimalda "cinah məhdudiyyətləri" adlandırılanlara malik olan yeganə ölkəyik. Hətta Çeçen Respublikasında durum kəskinləşdiyi bir şəraitdə də Rusiya bu razılaşmanın şərtlərinə əməl etməkdə davam edir, öz hərəkətlərini tərəfdaşları ilə razılaşdırırdı. Bəs onlar? Onlar nə edirlər? Onlar isə uyğunlaşdırılmış müqaviləni heç ratifikasiya da etməyiblər. Bu zaman Gürcüstan və Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasını nəzərdə tutan İstanbul razılaşmalarına istinad edilir", - deyə Putin bildirib.

Burada belə bir cəhət dərhal diqqəti cəlb edir - Varşava müqaviləsi artıq çoxdan mövcud olmasa da, Moskva  ozamankı razılaşmanın ədalətsizliyindən ancaq indi qayğılanmağa başlayıb. Bunun sirrini elə Putinin özü açır. Onun sözlərinə görə, "biçarə Qərb tərəfdaşları" "yaranan durumdan nəinki Rusiya sərhədləri yaxınlığında hərbi bazalar sistemini gücləndirmək" üçün yararlanır, həm də "Çexiya və Polşada raket əleyhinə müdafiə elementləri yerləşdirməyi də planlaşdırırlar". Bununla əlaqədar, Putin Rusiyanın AASQM-ə riayət etməsinə moratori qoymasını "məqsədəuyğun" saymış, bununla da Qərbdə çaşqınlıq yaratmışdır. Məqsədinə "Tərəfdaşlarımızın silahlanmanın məhdudlaşdırılmasına sözdə deyil, işdə töhfə vermələrinin zamanı, nəhayət, gəlib çatıb. Axı onlar yalnız artırmaqla məşğuldurlar. Silahların azaldılmasını dəstəkləməyin vaxtıdır. Heç olmasa, Avropada", - deməklə aydınlıq gətirən Putinin bu sözləri zalda oturanların alqışlarına səbəb oldu. Qeyd etməyinə də-yər ki, NATO Baş katibi Yaal de Hool Sheffer də Rusiyanın AASQM-ə moratori qoymasının ABŞ-ın Raket Əleyhinə Müdafiə Müqaviləsindən çıxmasına cavab olduğunu təxmin etmişdi.

Əlamətdardır ki, Putinin FM-ə müraciəti Avropada ABŞ-ın RHM sisteminin yerləşdirilməsi məsələsində Moskvanın Vaşinqtonla AB dövlətləri arasında ziddiyyətlərdən yararlanmağa can atması faktını bir daha təsdiqlədi. Məhz bu səbəbdən Putin bəyan etdi ki, həmin problem "Bütün Avropa dövlətlərinin, o cümlədən NATO üzvü olanların da maraqlarına toxunur". Bununla əlaqədar, Rusiya prezidenti diqqətini ATƏT-ə də yönəltdi: "Məsələ ATƏT-də bu təşkilatın hərbi-siyasi meyarları çərçivəsində müzakirə oluna bilər və mən hətta deyərdim ki, müzakirə olunması  tələb edilir. ATƏT-in fəaliyyətini real məzmunla canlandırmaq vaxtıdır. Təşkilatı təkcə postsovet məkanında "birə axtarmaqdan" ayıraraq, Avropa xalqlarını həqiqətən ilgiləndirən problemlərə istiqamətləndirmək lazımdır". Beləliklə, Moskvanın bu "şahmat meydanında" kifayət qədər maraqlı partiya oynaya biləcəyi tamamilə mümkündür. Bir sıra faktlar, məsələn, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Amerika RHM sistemi elementlərinin yerləşdirilməsi məsələsində Avropa ölkələrinin özlərinin qərar vermələrini vurğulaması da buna dəlalət edir. Bir neçə komitəsi və alt komitəsi Ağ evin Avropada ABŞ RHM bazalarının yerləşdirilməsi planlarının əleyhinə çıxış edən Amerika Konqresinin mövqeyi durumu bir qədər də qəlizləşdirir. Həqiqətən, əgər ABŞ-ı Avropanın təhlükəsizliyi qayğılandırırsa, niyə Birləşmiş Ştatlar Şimali Atlantika Müqaviləsinin iştirakçısı olan bütün dövlətlərlə deyil, yalnız Çexiya və Polşa ilə məsləhətləşir? Rusiya ilə münasibətlərə gəldikdə, bu barədə hamıdan dürüst Nümayəndələr Palatasının terrorçuluq və onun yayılmaması alt komitəsinin sədri Bred Şerman danışıb. Onun sözlərinə görə, Vaşinqtona "İran məsələsində Rusiya ilə əməkdaşlıq etmək lazımdır" və Rusiyanı "əməkdaşlığa sövq etməyin yeganə dəqiq üsulu Amerika raketlərini Moskvanın yaxın keçmişdəki müttəfiqlərinin ərazisində yerləşdirməkdir".

 

Rəqiblər, yoxsa müttəfiqlər?

Nəhayət, onu da qeyd etməyə dəyər ki, Vladimir Putinin Federal Məclisə son müraciətini dinləyənlərin arasında 2008-ci ildə prezident postuna ən çox ehtimal olunan namizədlər - Dmitri Medvedev və Sergey İvanov da vardı. İroniya ondadır ki, bir-birini müxtəlif cəhətlərdən tamamlayan bu iki nəfər FM-ə ünvanlanan müraciətdə müəyyənləşdirilən bütün vəzifələri gerçəkləşdirə biləcək siyasətçiyə, həqiqətən,  çox bənzəyirlər. Məhz bir siyasətçini - Dmitri Medvedev və Sergey İvanov ikisi bir yerdə bir nəfəri - Vladimir Putini xatırladır! Görünür, hər şey bir il ərzində hansının daha çox Putin ola biləcəyindən asılı olacaq.


MƏSLƏHƏT GÖR:

434