15 Mart 2025

Şənbə, 00:45

NİFAQ ƏSGƏRİ

Sovet əsgəri abidəsinin sökülməsi rusiya-estoniya münasibətlərində ciddi böhrana səbəb olub

Müəllif:

15.05.2007

Estoniya hakimiyyətinin aprelin 28-nə keçən gecə Tallinin mərkəzindəki Sovet İttifaqından qalma "Xilaskar döyüşçü" abidəsini sökməsi bu Baltikyanı ölkənin müstəqillik əldə etməsindən sonra, onunla Rusiya arasındakı münasibətlərdə ən ciddi böhranın yaranmasına səbəb olub. Qeyd edək ki, sözügedən abidənin ləğvinə dair qərar Estoniyanın Müdafiə Nazirliyi və Tallin meriyası tərəfindən hələ xeyli vaxt əvvəl verilmişdi. 2007-ci il yanvarın 10-da isə ölkə parlamenti "Hərbi məzarların qorunması haqqında" qanun qəbul edib. Sənəddə bildirilir ki, əgər əsgər qəbirləri "məqsədəuyğun yerdə deyilsə və ya ictimai maraqlar baxımından onun yerinin dəyişdirilməsi lazım bilinərsə", buna icazə verilir. Məhz bu qanuna əsasən, martın 9-da xüsusi komissiya Müdafiə Nazirliyinə şəhərin məkrəzində yerləşən hərbi qəbiristanlığın köçürülməsini tövsiyə edib. 

Lakin nizamlı şəkildə aparılan köçürmə prosesi Tallinin rusdilli əhalisi tərəfindən pozulub. Aprelin 26-sı axşam Estoniyada yaşayan ruslardan təxminən 1500 nəfər baş verənlərə etiraz olaraq, paytaxtdakı abidənin qarşısına toplaşıblar. Hakimiyyət dairələrinin məlumatına görə, onların bir hissəsi aqressiv hərəkətlərə yol verib. Nəticədə Tallinin küçələrində qarşıdurma yaranıb, gənclər avtomobilləri aşırmaqdan belə çəkinməyib, mağazaların şüşələri sındırılıb və içəridəki mallar küçələrə səpələnib. Bəzi hallarda spirtli içkilərin satıldığı dükanlar qarət olunub. 

Rusiya mətbuatının bildirdiyinə görə, insident zamanı ümumilikdə Estoniya paytaxtında 149 mağaza və köşk qarət edilib. Tallin meriyasına ümumi dəyəri 40-50 milyon kron (3,5-4,4 milyon dollar) həcmində zərərin vurulması haqda 224 məlumat daxil olub. 

Dörd gün davam edən etiraz aksiyaları və qarışıqlıq zamanı Estoniya polisi təxminən 1100 nəfəri həbs edib ki, onlardan 80%-i etnik ruslardır. 46 nəfər barəsində altı ay azadlıqdan məhrumetmə cəzası haqda qərar çıxarılıb (onlardan 21-i Estoniya vətəndaşı, 21-i vətəndaşlığı olmayan şəxs, bir nəfər Litva, bir nəfər Rusiya vətəndaşıdır. Daha iki nəfərin vətəndaşlığı dəqiqləşdirilməyib). Bundan başqa, baş verənlərlə əlaqədar 14 cinayət işi açılıb, 210 nəfər şübhəli şəxs qismində dindirilib. Ümumilkdə 156 nəfər xəsarət alıb və onların arasında 20 polis əməkdaşı da var. Üstəlik, 20 yaşlı Rusiya vətəndaşı, daimi qaydada Estoniyada yaşayan Dmitri Qanin insident zamanı həlak olub.

Estoniya hakimiyyətinin addımları Moskvada hiddətlə qarşılanıb. "Rusiya baş verənlərə isterikadan kənar reaksiya verməli, lakin Tallindəki sovet əsgərinin abidəsinin dağıdılması ilə əlaqədar olaraq, Estoniya ilə münasibətlərdə ciddi addımlar atmalıdır", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın əvvəlində Norveçdə səfərdə olarkən bildirib. 

Xatırladaq ki, hələ abidə sökülməmişdən əvvəl Lavrov jurnalistlərə bildirmişdi ki, Tallində yaşananlar yalnız Estoniya ilə Rusiyanın münasibətlərinə deyil, həmçinin Moskva-Avropa İttifaqı əlaqələrinə təsir göstərə bilər. "Məncə, baş verənlər son dərəcə pis hadisələrdir. Mən kadrları görməsəm də, orada nələrin baş verdiyini eşitmişəm", - deyə S.Lavrov qeyd edib. - "Hesab edirəm ki, Tallində yaşananlara haqq qazandırmaq mümkün deyil və son olaylar Moskva ilə Estoniya arasındakı münasibətlərə ciddi təsir göstərəcək. Fikrimcə, bu, sonda bizim NATO və Avropa İttifaqı, həmçinin sonuncunun istinad etdiyi dəyərlərə, ümumiyyətlə, Avropa mədəniyyətinin, demokratiyasının əsaslandığı dəyərlərə hörmət etməyən bir ölkəni sıralarında saxlayan qurumlarla münasibətlərimizə mənfi təsir göstərə bilər".

Rusiya parlamentarilərinin hadisəyə münasibəti daha kəskin, hətta sərt olub. Dövlət Duması baş verənlərlə əlaqədar xüsusi bəyanatla çıxış edib. Aprelin 30-da isə Dumanın nümayəndə heyəti situasiya ilə yerində tanış olmaq məqsədilə Estoniyaya yollanıb. Deputatlar Estoniya rəhbərliyinin sovet abidələri ilə bağlı bundan sonra atmağı planlaşdırdığı addımları da müəyyənləşdirməyə çalışıb. 

Səfər ərəfəsində isə nümayəndə heyətinin rəhbəri Nikolay Kovalyov Tallində "Xilaskar əsgər" abidəsinin sökülməsini populist aksiya adlandırıb. Onun fikrincə, bu addımla hakimiyyət eston millətçiləri arasında nüfuzunu yüksəkltmək məqsədi güdür. Məsələ ilə əlaqədar Estoniyada xalqın parçalandığını deyən rus deputat abidənin sökülməsi haqda qanunun parlamentdə cəmi iki səs üstünlüyü ilə qəbul edildiyini də xatırladıb.

Həmişə olduğu kimi, Moskva meri Yuri Lujkov hadisələrə fəal şəkildə müdaxilə edib. "Biz Estoniyada nələrin baş verdiyini, Polşada hansı qərarların qəbul olunduğunu, digər dövlətlərdə necə addımlar atıldığını gördüyümüz zaman yalnız etiraz etməklə kifayətlənməli deyilik" - deyən merin fikrincə, "Estoniyanın adı ilə bağlı olan hər bir şeyə boykot elan olunmalıdır". Lujkov bəyan edib ki, Rusiyanın biznes strukturları eston tərəfdaşları ilə bütün qarşılıqlı əlaqələri və münasibətləri kəsməlidir: "Biznes sahəsinə tapşırılmalıdır ki, Estoniya ilə əlaqələri dayandırsınlar. Estoniya özünün ən neqativ, hətta deyərdim ki, faşist simasını göstərdi".

Baş verənlərə Estoniya tərəfinin motiv və arqumentlərinə gəlincə, onlar daha inandırıcı görünür. Tallin rəhbərliyi hesab edir ki, 1947-ci ilin sentyabrında Tınismyaqi parkındakı təpədə ucaldılmış abidə ictimaiyyətin təhlükəsizliyinə problem yaradır. Məsələ ondadır ki, burada dəfələrlə eston və rus millətindən olan insanlar arasında toqquşmalar baş verib. Ən başlıcası isə, Tallinin mərkəzində yerləşdirilən sovet əsgərinin abidəsi əksər estonlara sovet işğalını xatırladır. "Təəssüf ki, bu abidə ikili məna daşıyır", - deyə Estoniyanın müdafiə naziri Yaaka Aaviksoo bildirib: "Bir tərəfdən, o, faşist Almaniyasına qarşı vuruşaraq canını qurban vermiş insanları xatırladır. Digər yandan isə, o, sovet işğalını, insanlığa qarşı nasist Almaniyası ilə müqayisə ediləcək vəhşiliyin törədildiyini yada salır". 

Qeyd edək ki, Müdafiə Nazirliyi sökülmüş tunc heykəlin Siselinna qəbiristanlığında quraşdırılmasında, daha sonra onun digər detallarının yaradılmasında iştirak edib və Estoniyada İkinci Dünya müharibəsinin başa çatdığı gün kimi qeyd olunan mayın 8-də abidənin rəsmi açılış mərasimi keçirilib. Əvvəlcədən mərasimə antihitler koalisiyasında iştirak etmiş dövlətlərin nümayəndələrinin dəvət olunacağı da planlaşdırılmışdı.

Hadisənin Rusiya-Estoniya münasibətlərinə təsirinə qayıdaraq qeyd edək ki, Tallində baş verənlər sadəcə Kreml rəsmilərinin sərt bəyanatları ilə yadda qalmayıb. Moskva baş verənləri vandalizm aktı kimi qiymətləndirərək Estoniyanı iqtisadi sanksiyalarla hədələməkdən belə çəkinməyib. Xüsusilə rusiyalı deputatlar hökumətdən "iqtisadi-ticari sahədə təxirəsalınmaz tədbirlərin görülməsini, nəqliyyat, energetika və maliyyə sahələrində də sanksiyaların diqqətdən kənarda qalmamasını" tələb edib. "Məhz bu sahələrdə əməkdaşlıqla xeyli Estoniya şirkəti böyük gəlir əldə edir", - deyə Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçov bildirib. Konkret sanksiyaların qəbulunu isə o, hökumətin öhdəsinə buraxmağa üstünlük verib.

Lakin Rusiyanın "Vedomosti" və "Kommersant" qəzetlərinin yazdığına görə, fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə Tallin arasında bu ilin ilk aylarında iqtisadi-ticari əlaqələrin intensiv şəkildə davam etdirildiyini söyləmək olar. Məsələn, bu ilin ilk rübündə Estoniyaya mal ixracının həcminə görə, Rusiya dünya ölkələri arasında ilk yeri tutub. "İnterfaks"ın məlumatına görə, 2006-cı ilin yanvar-noyabr ayları arasında Rusiya ilə Estoniya arasında xarici ticarət dövriyyəsi 2,746 milyard dollara çatıb (qeyd edək ki, bu göstərici Azərbaycanla Rusiya arasındakı analoji göstəricini xeyli üstələyir). Göstərilən müddətdə Rusiya mallarının ixracı 2,452 milyard, idxal isə 294,3 milyon dollar təşkil edib. Rusiyadan Estoniyaya ixrac olunan əsas mal kütləsi neft və neft məhsulları, güb-rə, kauçuk, rezin və onlardan hazırlanan məhsullar, ağac materialları və kömür, həmçinin qara metaldır. Rusiya ixracının dörddəüçünü isə benzin və mazut təşkil edir: Rusiya öz benzin ixracının 66%-ni (əsasən Avropa İttifaqına) Estoniya limanları vasitəsilə həyata keçirir (ildə 3,9 milyon ton). Buraya dizel yanacağının 5%-lik ümumi ixracını (ildə 2 milyon ton) nəzərə almadan, 18,5 milyon ton mazutu (53%) da əlavə etmək olar. Ümumilikdə Estoniya iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiya iqtisadiyyatına inteqrasiya olunub ki, Moskvanın hər hansı sanksiyaları və ya proteksionizm tədbirləri həyata keçirməsi Tallinin ciddi təşəbbüslərinin reallaşmasını çətinləşdirir. Eyni zamanda böyük dəmiryolu şəbəkəsi və neft trafikinə də Rusiya biznesi nəzarət edir. Məhz onun fəal iştirakı ilə inşaat sahəsində qarşılıqlı nəhəng layihələr reallaşır, Rusiya biznesmenləri Estoniyanın bir çox obyektlərinə nəzarət edir. 

Bütün bu faktorlar yekunda Estoniya iqtisadiyyatını, bir tərəfdən, Moskvanın mümkün sanksiyaları qarşısında zəif duruma salır, digər yandan isə, Estoniya bazarlarının, həmçinin ümumilikdə ticarət əlaqələrinin Rusiya şirkətləri və biznesmenləri üçün əhəmiyyətini daha da artırır. Bu amillərə Estoniya əhalisinin təxminən 30%-ni təşkil edən rusdilli sakinləri də əlavə etsək, Moskvanın Tallinə qarşı hər hansı iqtisadi sanksiyalar tətbiq etməsinə ehtimalın az olduğunu görərik.

Qeyd edək ki, hələ sözügedən abidənin sökülməsindən əvvəl Rusiya diplomatları MDB-dən olan müttəfiqlərini bu məsələdə öz tərəflərinə çəkməyə cəhd göstərib. Belə ki, aprelin sonunda qurumun Xarici İşlər Nazirləri Şurasının Astanada keçirilən toplantısında Rusiyanın nümayəndə heyəti Şura tərəfindən bəyanat layihəsinin imzalanmasına çalışırdı. Sənəddə Tallinin sovet abidəsinin sökülməsi istəyindən dərin təəssüf əks olunur, bu ölkənin tarixi, ümumi mənəvi normalara hörmətlə yanaşacağına ümid edildiyi bildirilirdi. Lakin GUAM ölkələri və Türkmənistanın bu bəyanatı imzalamaqdan imtina etməsi ilə əlaqədar olaraq, sənəd yalnız toplantının digər yeddi üzvü tərəfindən imzalanıb və bir neçə dövlətin bəyanatı statusunu qazanıb. 

Qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycanın nümayəndə heyəti Astanada antiestoniya layihəsini dəstəkləməməklə, kifayət qədər ölçülüb-biçilmiş mövqe nümayiş etdirib.

Bununla əlaqədar olaraq, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Tallindəki abidəni, bununla da Rusiyanın mövqeyini müdafiə edən açıq bəyanatı Bakıda təəccüblə qarşılanıb. "Əlbəttə, biz suveren dövlət olan Estoniyanın daxili işlərinə qarışa bilmərik. Amma mənim şəxsi mövqeyim ondan ibarətdir ki, belə abidələrə qətiyyən toxunmaq olmaz. Yəqin ki, o abidə heç kəsə mane olmur", - deyə P.Bülbüloğlu qeyd edib. 

Görünür, səfir unudub ki, xüsusilə belə incə məsələyə hazırkı gərgin situasiyada şəxsi mövqeyini bildirmək səlahiyyətlərinə malik deyil. Eyni zamanda, yəqin o, Estoniyada Rusiyanın deyil, Rusiyada Azərbaycanın maraqlarını təmsil etdiyini yaddan çıxarıb.

Sözügedən gərginlik zamanı ən təhlükəli presedent Estoniyanın Moskvadakı səfirliyinin görünməmiş təzyiqlə üzləşməsi və mühasirəyə alınması olub. Yaşanan böhran göstərib ki, Rusiya paytaxtında yalnız əcnəbi vətəndaşlar deyil, xarici ölkələrin diplomatik missiyaları da köməksiz və arxasızdır. Bununla əlaqədar Estoniyanın Xarici İşlər Nazirliyi ən ciddi etirazla çıxış edib. Rusiyanın xarici siyasət idarəsinə təqdim olunan notada Moskvada diplomatik nümayəndəliklərin müdafiəsi ilə əlaqədar Vyana konvensiyasının tələblərinin pozulduğu bəyan edilib. Estoniya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Tallin Rusiyadan Vyana konvensiyasında diplomatik münasibətlərlə bağlı əksini tapan bəndlərə əməl olunmasını, səfirlikdə akreditə edilmiş eston diplomatlarının təhlükəsizliyinin təmin edilməsini istəyib.

Bütün baş verənlər Rusiya-Estoniya münasibətlərinin nizamlanmasına Avropa İttifaqının qoşulmasına gətirib çıxarıb. Qurum əvvəlcə tərəflərdən hər hansına dəstək verməməyi və hadisələri kənardan izləməyi üstün tutsa da, sonra fikrini dəyişib. Estoniyada baş verənləri telefon vasitəsilə Rusiya prezidenti Vladimir Putin ilə müzakirə edən Almaniya kansleri, Aİ-nin hazırkı sədri Angela Merkel Moskva ilə Tallin arasında parlamentlər səviyyəsində birbaşa əlaqənin yaradılmasını, situasiyanın normallaşması üçün tədbirlər görülməsini, hər iki tərəfin mülayimlik nümayiş etdirməsini təklif edib. Bir qədər sonra Avropa İttifaqının "diplomatik üçlüyü" Rusiyanın Xarici İşlər Nazirliyinə müraciət edərək Moskvanı Vyana konvensiyasına əsasən üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə çağırıb. Avropa Komissiyasının rəsmisi Kristina Xomanın bildirdiyinə görə, Aİ-nin Rusiya XİN-ə ünvanladığı müraciətdə qurum bu ölkədəki Estoniya səfirliyinin təhlükəsizliyinin tam təmin olunmasını, onun heyətinin fiziki müdafiəsinin təşkilini tələb edib. Tallinin bu mövqeyi ABŞ və NATO tərəfindən də dəstəklənib.

Tallində abidənin sökülməsi ilə bağlı yaranan gərginlik yalnız "Xilaskar əsgər" abidəsinə deyil, ümumiyyətlə, müasir dövlətlərarası münasibətin hansı əsaslarla qurulmalı olması məsələsinə ikili yanaşmanı meydana çıxarıb. Estoniya əsgərlərin qalıqlarının yerini dəyişməklə, abidənin ideoloji əhəmiyyətinin aradan qaldırılmasına və buranın yalnız həlak olanların xatirəsinin yad edilməsi məkanına çevrilməsinə nail olub. Başqa sözlə, Siselinna qəbiristanlığı bu abidənin ucaldılması üçün kifayət qədər layiqli yerdir. Burada ondan siyasi məqsədlər üçün istifadə yox, həqiqətən, istəyənlərin ziyarət etməsi üçün normal şərait var. Həmçinin,  unutmaq olmaz ki, 1940-1941-ci il hadisələri eston xalqının əksər hissəsi üçün qəbuledilməzdir və onu təhqir kimi qəbul edənlərin sayı həddindən artıq çoxdur. Xalqın bu mövqeyinə isə hörmətlə yanaşılmalıdır.

Onu da qeyd etmək lazımdır ki, həm əsgər qalıqları, həm də abidənin özünün yerinin dəyişdirilməsi beynəlxalq qaydaların, hüquqların pozulmasına yol verilmədən, hamı tərəfindən qəbul olunan ümumbəşəri norma və prinsipləri əsasında həyata keçirilib. 

Rusiyanın baş verənlərə reaksiyasına gəlincə, Moskva növbəti dəfə məhz bu prinsip və normaları ən kobud şəkildə pozub. Səfirliyin binasının və səfirin avtomobilinin mühasirəyə alınması, diplomatik missiyanın daşqalaq edilməsi, Estoniya bayrağının təhqir olunması, siyasətçilər, deputatlar, ictimai təşkilatlar və gənclər hərəkatlarının liderləri tərəfindən Estoniya və onun diplomatlarının hədələnməsi, qonşu ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə çağırışlar bir daha göstərdi ki, kritik anlarda Rusiyanın siyasəti sivil çərçivədən çıxa, özünü küçələrə çıxmış kütlə kimi apara bilər. Artıq rusiyalı siyasətçilərin beynəlxalq hüquqlara, diplomatik əlaqələr haqqında Vyana konvensiyasına hörmət etməsinin vaxtıdır. Eyni zamanda, onlar digər xalqların hüquqlarına, öz tarixlərinə istədikləri kimi baxmaq hüquqlarına da hörmətlə yanaşmağı bacarmalıdırlar.

Nəhayət, ən başlıcası: Estoniyanı faşizmdə, neonasizmdə və humanizm  və mənəvi prinsiplərə saymazlıq göstərməkdə ittiham edən Rusiya Moskva, Sankt-Peterburq və digər şəhərlərdə metrolarda, bazarlarda, küçələrdə, dalanlarda və digər yerlərdə rus gənclərin Qafqazdan olan insanlarla necə davrandığını unutmamalıdır. Bu cür biabırçı faktları şərh etməkdən daim yayınan Rusiya siyasətçiləri və hakimiyyət strukturlarına onların öz ölkələrində neonasizmin və milli zəmində aqressiyanın aradan qaldırılması yollarını axtarmağı məsləhət görərdik. Çünki bu biabırçı hallar Rusiya üçün qonşu ölkədəki "Xilaskar əsgər" abidəsinin qeydinə qalmaqla müqayisədə daha ciddi problemdir. Rusiya məhz bu yolla faşizmə qarşı mübarizə aparanların Moskva üçün nə dərəcədə müqəddəs olduğunu dünyaya nümayiş etdirmiş olardı.


MƏSLƏHƏT GÖR:

421