15 Mart 2025

Şənbə, 00:34

"CİDDİ TƏRƏFDAŞLIĞA BAŞLAYIRIQ"

Belarusun dövlət başçısı Azərbaycana səfərinin yekunlarını məhz belə qiymətləndirib

Müəllif:

15.05.2007

Mayın əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko rəsmi səfərlə Azərbaycana gəldi və artıq  bəzi analitiklər bunu tarixi səfər adlandırırlar. Özü də belə qiymətləndirmə yalnız səfər çərçivəsində imzalanan sənədlərin çoxluğu ilə deyil (onların sayı 10-dur), həm də ikitərəfli münasibətlərdə maksimum xoş atmosferin hökm sürməsilə əlaqədardır. Beləliklə, bu səfərə hansı qiymətin verilməsindən asılı olmayaraq, bir məqam şübhəsizdir: Son zamanlar Azərbaycan-Belarus münasibətlərində ciddi müsbət irəliləyiş yaşanır. Bakı ilə Minsk arasında intensiv şəkildə çoxtərəfli əlaqələr qurulur, ticarət dövriyyəsinin həcmi artır, nəhəng layihələr reallaşdırılır, siyasi dialoq inkişaf edir, mühüm beynəlxalq və regional problemlərlə əlaqədar mövqelər yaxınlaşır.

İki ölkə arasında əlaqələrin belə inkişafına səbəb olan amillərdən danışarkən, öncə, Minskin xarici siyasi və xarici iqtisadi prioritetlərində dəyişiklik etməsini göstərmək olar. Moskvanın iqtisadi millətçilik siyasəti ilə üzləşən Belarusun lideri təcrübəli təsərrüfatçı və siyasətçi olaraq anlayıb ki, onun qeyd-şərtsiz Moskvaya üstünlük verməsi ölkəsinin iqtisadi və siyasi təhlükəsizliyinə tam zəmanət vermir. Moskvanın "qardaş ağuşu" o qədər möhkəm olub ki, Belarus iqtisadiyyatı boğulmağa başlayıb, ölkənin siyasi elitası isə müstəqil fəaliyyətin ciddi təhlükə qarşısında qaldığını görüb. Təsadüfi deyil ki, Azərbaycana səfəri zamanı Lukaşenko  Minsk ilə Bakı arasındakı münasibətlərin "vicdansız siyasət" elementlərindən uzaq olduğunu dönə-dönə  vurğulamaqla, əslində, Belarusa təzyiqləri artıran "qonşu"ya işarə edirdi.

Beləliklə, Minsk çoxistiqamətli xarici siyasət kursuna start verib. Bu isə Bakının maraqları ilə də üst-üstə düşür. Çünki Azərbaycan bu ölkə ilə həm siyasi, həm  də  iqtisadi sahələrdə çoxtərəfli əməkdaşlıq qurmaqda maraqlıdır.

Məlum olduğu kimi, Lukaşenkonun bu səfəri Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı ilin payızında Belarusa etdiyi səfərə cavab xarakteri daşıyırdı. Məhz həmin səfər zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri və prinsipləri müəyyənləşdirilmişdi. Lukaşenkonun Bakı səfərilə isə energetika, maşınqayırma və digər sahələrdə nəzərdə tutulan əməkdaşlığın konkret təcrübədə reallaşması mərhələsi başlayıb. 

Qeyd edək ki, diplomatik təcrübədə belə cavab xarakterli səfərlərə yalnız o zaman rast gəlinir ki, ya iki ölkə arasında son dərəcə sıx münasibətlər olsun, ya da həmin dövlətlərin rəhbərləri yüksək səviyyədə əlaqələr qurmağa ciddi cəhd göstərsin. May səfərinin nəticələri də bu yanaşmanı bir daha təsdiqləyib: Lukaşenkonun Bakıya səfəri nəticəsində iki ölkə arasında 10 sənəd imzalanıb və onların sırasında  hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edən, qarşılıqlı münasibətlərin yeni keyfiyyətini özündə əks etdirən Dostluq və Əməkdaşlıq Müqaviləsi də var. 

Qeyd edək ki, Azərbaycanla bu sənədə imza atmış ölkələrin sayı o qədər də çox deyil. Onun fundamental fərqi (digər ölkələrlə imzalanan analoji sənədlə müqayisədə) burada  daha geniş sahələrin əhatə edilməsidir. Sözügedən müqavilədə hər iki ölkənin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət etməsilə yanaşı, daha bir məqam əks olunub: "Hər iki dövlət BMT Nizamnaməsi və ATƏT-in sənədləri əsasında bir-birinin ərazisində mövcud olan münaqişələrin həmin dövlətin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında sülh yolu ilə həllinə çalışacaq". Beləliklə, Dağlıq Qarabağ münaqişəsinə dair yekun sülh sazişinin imzalanacağı məkan olan Minsklə (ATƏT-in Minsk qrupunun adı da məhz buradan götürülüb) münasibətlərdə nəinki ümumi şəkildə qəbul edilmiş dövlətlərarası münasibətlərin prinsipləri razılaşdırılıb, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllilə əlaqədar Bakının maraqlarına cavab verən hüquqi platforma yaradılıb.

Bakıda imzalanan sənədlərlə birlikdə (iqtisadi, humanitar və digər sahələrdə) iki ölkə arasında mövcud olan razılaşmaların ümumi sayı 60-a çatdı. Bu rəqəm dövlətlərarası əməkdaşlığın hüquqi-normativ bazasının kifayət qədər inkişaf etdiyini göstərir.

Azərbaycan paytaxtında yalnız sənədlər imzalanmayıb, həm də kifayət qədər konkret siyasi və iqtisadi məsələlər öz həllini tapıb. Xatırladaq ki, hələ Bakıya səfəri ərəfəsində Belarus xalqına müraciətində Aleksandr Lukaşenko Azərbaycana xüsusi diqqət ayırmışdı. Azərbaycanın regionda lider mövqeyini inamla qoruduğunu vurğulayan prezident Bakı ilə Minsk arasında sıx münasibətlərin qurulmasının vacibliyini bəyan etmişdi. O bildirmişdi ki, iki ölkə arasında yalnız energetika deyil, həmçinin sənaye, kənd təsərrüfatı, xidmət, yüsək texnologiyalar və digər sahələrdə də qarşılıqlı səmərəli müasir layihələrin həyata keçirilməsi vacibdir. 

Lukaşenko Azərbaycanın idxal etdiyi bir çox məhsulların Belarusda istehsal edildiyini vurğulayaraq bildirib ki, iki ölkənin qarşılıqlı fəaliyyəti Belarus iqtisadiyyatının möhkəmlənməsinə gətirib çıxara bilər.

Həqiqətən də, iqtisadi əməkdaşlıq artıq Azərbaycan-Belarus münasibətlərinin möhkəm özülünü təşkil edir. Bakıda sənədlərin imzalanmasından sonra keçirilən mətbuat konfransında Lukaşenko iki ölkə arasında əməkdaşlıq tempinin tarixi səviyyəyə yüksəldiyini heç də təsadüfən qeyd etməyib. Ticarət dövriyyəsinin artım səviyyəsi göz qabağındadır: 5 il ərzində (2002-2006-cı illər) bu göstərici beş dəfə yüksələrək 25 milyon dollara çatıb. İkitərəfli əməkdaşlığın lekomotivi rolunu Minsk Traktor Zavodu və "BelavtoMAZ"ın oynadığını nəzərə alsaq, növbəti illərdə bu göstəricinin bir neçə dəfə yüksələcəyini söyləmək olar. 

Xatırladaq ki, 2006-cı il noyabrın 24-də Minskdə imzalanmış müqaviləyə əsasən, bu il Gəncə Avtomobil Zavodunda 390 traktor və yük maşını, 2008-ci ildə 600-dən artıq, növbəti illərdə isə hər il 1000 maşın yığılacaq. Bu sahədə əməkdaşlıq Azərbaycanda təxminən 4 min iş yerinin açılması deməkdir.

İki ölkə arasında yanacaq-energetika sahəsində əməkdaşlıq da az əhəmiyyət kəsb etmir. Aydındır ki, enerji daşıyıcılarının nəqlinin diversifikasiyasında maraqlı olan Minsk məhz bu sahədə konkret uğurlar əldə etmək, Azərbaycanın dəstəyi ilə real layihələrdə iştirak etmək fikrindədir. Onu yalnız xam neftin nəqli deyil, həmçinin bununun Belarusdan keçməklə Avropaya (Odessa-Brodı layihəsi) tranziti, Minskin Azərbaycan ərazisindəki neft layihələrində iştirakı maraqlandırır. Azərbaycanın Odessa-Brodı layihəsi ilə bağlı mövqeyinə gəlincə, İlham Əliyev mayın 2-də sənədlərin imzalanmasından sonra keçirilən mətbuat konfransında bu haqda fikrini dəqiq şəkildə açıqlayıb: "Biz bu layihəyə lazımi siyasi dəstəyi vermişik və hazırda onun kommersiya tərəflərini öyrənirik. Əgər bu bizim iqtisadiyyatımız üçün sərfəli olarsa, Azərbaycan layihənin reallaşdırılması üzərində işləyəcək".

Bununla yanaşı, qeyd edək ki, iqtisadi və yanacaq-energetika sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərlə bağlı gündəmdə olan yeganə məsələlər deyil. İntensiv şəkildə formalaşan münasibətlərin əsasında iqtisadi maraqlar dayansa da, bu gün tərəflər humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, iki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin qurulması, müxtəlif səviyyələrdə və beynəlxalq qurumlarda diplomatiyaların fəaliyyətinin koordinasiya edilməsi, həmçinin əməkdaşlığın hüquqi-normativ bazasının daha da gücləndirilməsinin təmin edilməsi istiqamətlərində çalışırlar.

Bakıda çıxış edərkən A.Lukaşenko üzünü İ.Əliyevə tutaraq bildirib ki, "Siz Avropanın mərkəzində, biz isə Qafqazda özümüzə dost və tərəfdaş tapmışıq". Bu ifadədə Lukaşenko ölkəsini Mərkəzi Avropa dövləti saydığını, bununla da Belarusun dünya xəritəsində yeni - daha çox qərbpərəst mövqeyini açıqlayır. 

Amma onun səsləndirdiyi fikirlərdə daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan Belarusun simasında, həqiqətən də, son dərəcə vacib geosiyasi regionda yeni tərəfdaş qazanıb. Rusiya və Ukrayna, Baltikyanı və Şərqi Avropa ölkələri ilə sərhəd olan Belarusun strateji vəziyyətini, həmçinin onun tranzit imkanlarını nəzərə alaraq söyləmək olar ki, belə tərəfdaşla dostluq və əməkdaşlıq Azərbaycanın regionda və dünyadakı mövqeyini daha da möhkəmləndirməyə imkan yaradacaq. Azərbaycan artıq Gürcüstan, Moldova, Polşa və Baltikyanı dövlətlərlə dostluq münasibətləri qurub. Bu siyahıya Belarusu da qatmaqla, Bakının Qara dənizlə Baltik dənizi arasında Azərbaycanın təhlükəsizliyi və firavanlığında maraqlı olan dost ölkələr qurşağını yaratmaq kimi vəzifənin öhdəsindən gəldiyini söyləmək olar.


MƏSLƏHƏT GÖR:

418