15 Mart 2025

Şənbə, 00:30

"...MƏN HƏR ŞEYİ XALQIN İXTİYARINA BURAXIRAM"

Türkiyəni növbədənkənar parlament seçkiləri və konstitusiyada dəyişikliklər gözləyir

Müəllif:

15.05.2007

Türkiyə parlamenti mayın 6-da növbəti dəfə hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Abdulla Gülü ölkə prezidenti seçə bilmədi. Parlamentin toplantısına prezident seçkisinin keçirilməsi üçün tələb olunan minimum sayda deputat gəlmədiyindən, səsvermə bu dəfə də baş tutmadı. Bundan sonra Gül namizədliyini geri götürdüyünü və prezidentlik uğrunda mübarizə aparmayacağını bəyan edib. Bu səbəbdən də prezident seçkisilə əlaqədar parlamentin mayın 9-na təyin edilmiş toplantısı mənasını itirib - Gülün geri çəkilməsilə prezidenliyə namizəd qalmayıb.

Beləliklə, Türkiyənin yeni prezidentinin müəyyənləşdirilməsi prosesi, sözün əsl mənasında, ölkədə siyasi böhranın yaranmasına səbəb olub. Yaranmış durumdan konstitusion və demokratik çıxış yolu tapılmazsa, hadisələr gözlənilməz məcraya yönələ və dövlətçilik ciddi risk qarşısında qala bilər. Baş verənlərlə əlaqədar həm ictimaiyyətdə, həm də Türkiyənin siyasi qüvvələri arasında dərin polyarizasiya müşahidə olunur. Artıq həm səlahiyyət müddəti mayın 16-da başa çatacaq prezident, həm ordu, həm həmkarlar ittifaqları, həmçinin, dövlət universitetlərinin rektorları, aparıcı müxalifət partiyaları və işgüzar dairələr qarşıdurmaya cəlb olunublar. Onlara qarşı əks cəbhədə isə 2002-ci ilin parlament seçkisində inamlı qələbə qazanan, daha sonra isə yerli orqanlara seçkilərdə mövqeyini daha da möhkəmləndirən, hazırda hökuməti təkbaşına formalaşdıran Ədalət və İnkişaf Partiyası dayanır.

Prezident Əhməd Nejdət Sezərin fikrincə, xarici qüvvələr (ABŞ, daha geniş anlamda isə Qərb nəzərdə tutulur) dünyəvi Türkiyə dövlətinin "liberal islam dövlətinə" çevrilməsinə dair plan ətrafında düşünərək, onu müsəlman dövlətləri üçün nümunə göstərmək istəyir: "Lakin Türkiyə onu əhatə edən region üçün yalnız dünyəvi, demokratik və hüquqi dövlət kimi nümunə ola bilər və Türkiyə bu sahədə özdövlətçilik təcrübəsini digərləri ilə bölüşməyə hazırdır".

Xatırladaq ki, prezident seçkisinin ilk turundan sonra Konstitusiya Məhkəməsinə müraciət edən ölkə müxalifəti səsvermə üçün parlamentdə yetərsayın olmadığını (minimum 367 deputat) və bu səbəbdən də seçkinin qeyri-qanuni sayılmasının vacibliyini bildirib. Xalq Cümhuriyyət Partiyasının (XCP) lideri Dəniz Baykal bəyan edib ki, "Türkiyə Konstitusiyası prezidentin yalnız partiyalar arasında razılıq əsasında seçilməsini mümkün sayır". Yəni, hakim partiya prezidentliyə namizədi irəli sürən zaman parlamentdəki azlığın, həmçinin ictimaiyyətin reaksiyasını nəzərə almalıdır.

İctimaiyyətin reaksiyasından söz düşmüşkən: hələ aprelin sonlarında Ədalət və İnkişaf Partiyasının opponentləri Türkiyənin dünyəvi dövlətçilik prinsipilə idarə edilməsinin tərəfdarı kimi çıxış edərək İstanbulda mitinqlərə başlayıb və müxtəlif məlumatlara görə, son nümayişdə bir milyonadək insan iştirak edib. Hər halda, həm Türkiyədə, həm də ölkədən kənarda əmindirlər ki, hakim partiyanın namizədinin prezident seçilməsinə əsas müqavimət gös-tərən qüvvə ölkənin nüfuzlu hərbi dairələridir. Son illərdə Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı çoxdankı məqsədini ortaya qoyması ilə hərbçilərin ictimai həyatdakı rolunun ciddi şəkildə azaldığı da sirr deyil. Artıq onlar silahlı qüvvələr üzərində vətəndaş nəzarətinin güclənməsini nəzərdə tutan islahatlar prosesilə, faktiki olaraq, razılaşıb və avrointeqrasiya ilə əlaqəli islahatlardan narazı olduqlarını açıq şəkildə ortaya qoymaqdan çəkinib. Lakin görünür, prezident seçkisinin yaxınlaşması və seçkidə dini baxışlı siyasətçinin qalib gəlməsi ehtimalı sonda türk generallarını sükutu pozmağa vadar edib. Ötən ay Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bir neçə yüksək rütbəli nümayəndəsi bəyanatla çıxış edərək, Ədalət və İnkişaf Partiyasının ölkənin dünyəvi dövlət kimi idarə edilməsinə sadiqliyinə şübhə etdiklərini açıqlayıblar. Türkiyə reallıqlarını və tarixini nəzərə alsaq, bunu sözün əsl mənasında, ultimativ açıqlama kimi qəbul etmək olar.

Rəcəb Teyyub Ərdoğanın praqmatik şəkildə prezientliyə namizədliyini irəli sürməkdən imtina edərək, bu işi Abdulla Gülə həvalə etməsi ilk baxışdan ölkədə islamçı qüvvələrin təsirinin artmasından ehtiyatlanan ictimaiyyət və siyasi qüvvələri üçün qəbul edilən sayıla bilərdi. Hətta rəsmi qəzet olan "Referans"ın əməkdaşı Çengiz Çandar da Gülü prezident vəzifəsinə "optimal namizəd" adlandırmışdı. Bundan başqa, əsasən dünyəvi idarəçilik sisteminə üstünlük verən partiyaları dəstəkləyən "Hürriyyət" qəzetinin yazarı Ərtuqrul Özkok da Gül tərif edərək, ona qəzetdə iki kalon ayırıb, eyni zamanda dünyavi partiyaları yenilik edə bilməməkdə günahlandırıb.

Ədalət və İnkişaf Partiyasının namizədi Abdulla Gülə gəlincə, o, iqtisadi sahədə təhsil alsa da, xaraktercə diplomatdır. Hazırda Türkiyənin xarici işlər naziri postunda çalışan Gül eyni zamanda baş nazirin müavini vəzifəsini tutur, həm ölkə daxilində, həm də xaricində böyük nüfuza malikdir.

Amma istənilən halda, hadisələr hərbçilərin və müxalifətin istədiyi məcrada davam etdi. Məsələyə obyektiv yanaşılsa, hərbçilərlə müxalifət ölkədə inflyasiyanın qarşısını alan, rekord iqtisadi artıma nail olan, hökumətdə bürokratizm və korrupsiyanı minimuma endirən ƏİP-ə qarşı hər hansı bir tutarlı arqument tapmaqda çətinlik çəkirdi. Buna görə də onlar mübarizəni iki siyasi qüvvənin rəqabəti yox, "dünyəvilik" və "islam" prinsiplərinin qarşıdurması kimi təqdim edərək, növbədənkənar parlament seçkilərinə nail ola bildilər. Güman olunur ki, hadisələrin belə inkişaf edəcəyi halda Ədalət və İnkişaf Partiyası parlamentdəki hazırki çoxluqdan məhrum ola, müxalifət isə prezident postunda daha qəbuledilən şəxsin oturmasına nail olu bilər.

Müxalifət eyni zamanda öz arasında birləşməyə də qərar verib. Sirr deyil ki, məhz dünyəvi idarəçilik üsuluna üstünlük verən partiyalar arasında pərakəndəlik və çəkişmə seçicilərin onlardan üz döndərməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, son seçkidə əhalinin cəmi üçdə ikisinin səsini qazanan Ədalət və İnkişaf Partiyası parlamentdə çoxluq əldə edib. Bu dəfə də ayrı-ayrılıqda hədəfə çata bilməyəcəklərindən ehtiyatlanan sağçı "Ana Vətən" və "Doğru Yol" partiyaları birləşdiklərini bəyan ediblər. Eyni zamanda Türkiyənin siyasi spektrinin sol qanadında da inteqrasiya meylləri müşahidə olunur. 

Odur ki, seçki pasyansının uğurlu qurulacağı halda hazırkı hakim partiyanın rəqibləri məmnuniyyətlə özlərinə məxsus koalision hökuməti formalaşdırmağa çalışacaq.

Məlum olduğu kimi, mayın 1-də Türkiyənin Konstitusiya Məhkəməsi ölkədə prezident seçkisinin aprelin 27-də keçirilən ilk turunun nəticələrini ləğv edib və bu qərara qurumun 9 hakimi "hə", 2-si isə "yox" deyib. Bu qərar özü-özlüyündə müxalifətin planının düzgün olduğunu göstərir. Hər halda, bu, Türkiyə tarixində ilk analoji hadisədir. Məhkəmənin qərarını onun sədr müavini Haşim Kılıç açıqlayıb. O bildirib ki, qanunvericiliyə görə, prezident seçkisinin ilk iki turunda ən azı 367 deputatın iştirakı vacib olduğundan, 27 aprel seçkisi etibarsız sayılır. Məhkəmə belə qərara gəlib ki, ilk turun gedişində yaşanan situasiya parlamentin daxili nizamnaməsinin pozulmasına cəhddir. Beləliklə, Konstitusiya Məhkəməsinin qərarı prezident seçkisi prosesinin davam etdirilməsini xeyli çətinləşdirib, hətta bir sıra ekspertlərin fikrincə, mümkünsüz edib. Nəticədə, ölkədə növbədənkənar parlament seçkisinə hazırlıq məsələsi gündəmə gəlib və mayın 6-da prezidentin müəyyənləşdirilməsinə daha bir cəhdin uğursuzluqla nəticələnməsi deyilənləri bir daha təsdiq edib.

Baş verənlərlə bağlı parlamentdə çıxış edən baş nazir Rəcəb Teyyub Ərdoğan Konstitusiya Məhkəməsinin qərarını "demokratiyaya zərbə" adlandıraraq deyib ki, "azlığın qəbul etdiyi bu qərar xalqın iradəsinə ziddir": "Biz məhkəmənin qərarına hörmətlə yanaşırıq. Amma bu qərar parlamentdə prezident seçkisinin keçirilməsini əngəlləyib. Biz xalqın istəyinə daha böyük hörmətlə yanaşırıq və bu səbəbdən hamını seçkiyə çağırırıq. Onda sözün əsl mənasında xalqın iradəsi ortaya qoyulacaq". 

Ərdoğan Konstitusiyaya dəyişiklik edilməsini, bununla da prezidentin parlament yox, xalq tərəfindən seçilməsinin təmin olunmasını istəyib. Baş nazirin fikrincə, demokratik parlament sisteminin fəaliyyətinə maneə yaradıldığı üçün prezidenti bundan sonra xalq seçməlidir. 

Ərdoğanın daha bir təklifi parlamentin 5 yox, 4 ilə, prezidentin isə 7 deyil, 5 il müddətinə seçilməsilə bağlı olub. Bununla yanaşı, o hesab edir ki, dövlət başçısı bu posta bir dəfə yox, iki dəfə seçilmək hüququna malik olmalıdır.

Türkiyənin Konstitusiya Məhkəməsinin rəhbəri Tələt Tuqcu öz növbəsində Ərdoğanın fikirlərini "məsuliyyətsizlik" adlandırıb. Bu azmış kimi, Ankara prokurorluğu məsələ ilə bağlı cinayət işi qaldırıb. Lakin bütün bu qarşılıqlı ittihamlara və jestlərə artıq yaxınlaşmaqda olan seçkiöncəsi təbliğat vasitəsi kimi baxılmalıdır. Belə ki, ölkə parlamenti iyulun 22-də Türkiyədə növbədənkənar parlament seçkisinin keçirilməsinə dair Mərkəzi Seçki Komissiyasının (MSK) təklifini təsdiqləyib və qərar sonradan Böyük Millət Məclisinin konstitusiya məsələləri üzrə komissiyası tərəfindən də təsdiq olunub. 

Eyni zamanda, Ədalət və İnkişaf Partiyasının parlament seçkisində iştirak etmək hüququna malik şəxslərin minimal yaş həddinin 30-dan 25-ə endirilməsi haqda təklifinin də müzakirə və təsdiq ediləcəyi gözlənilir.

Hər halda, qarşıda Türkiyədə amansız seçki mübarizəsinin başlanacağı gözlənilir. Seçki kampaniyasının gedişində prezidentyönümlü məhkəmələrin (Sezər yeni prezidentin seçilməsinədək, öz fəaliyyətini davam etdirəcəyini bildirib) və ordunun özünü necə aparacağından çox şey asılıdır. Sonuncuların siyasi simpatiyası və antipatiyasının nədən ibarət olduğu aydındır. Amma ordu rəhbərliyinin siyasi proseslərə kobud müdaxiləsinin və seçki kampaniyasına təsirinin istisna edilməsi vacibdir. Çünki, bu baş verərsə, Ankara hələ uzun müddət Avropa İttifaqına üzvlük məsələsini yaddan çıxarmalı olacaq. 

Qurumun genişlənmə məsələləri üzrə ali komissarı Olli Renin jurnalistlərə bu haqda söylədiyi fikirlər özü-özlüyündə çox şeydən xəbər verir. Qarşıdakı günlərdə "...Türkiyə Silahlı Qüvvələrinin demokratik və dünyəvi dövlətə və demokratik dəyərlərə hörmət edib-etmədiyinin məlum olacağını" deyən Olli hesab edir ki, Ankaranın Avropa İttifaqına qəbulu yolunda bu, son dərəcə vacib amildir. "...Ordunun demokratik şəkildə seçilmiş hökumətin sarsılmaz demokratik düzəninin qorunmasının qeydinə qalmaq siyasətindən əl çəkməsi vacibdir", - deyə komissar qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Terri Devis də oxşar açıqlama ilə çıxış edib: "Demokratik ölkələrdə ordu demokratik şəkildə seçkilmiş hakimiyyətin nəzarəti altında olur. Ordu siyasətdən kənarda dayanmalıdır. Mən Avropa Şurasının üzvü olan bir ölkədə prezident seçkisi kimi demokratik və konstitusion prosesdə ordunun davranışından xəcalət çəkirəm. Mən Türkiyənin bütün siyasi qüvvələrini ordunun siyasi proseslərə müdaxiləsinin qarşısını almaq üçün dəqiq mövqe nümayiş etdirməyə çağırıram. Bu, ciddi siqnaldır və düşünürəm ki, o, Türkiyə hərbçiləri və siyasi elitası tərəfindən eşidiləcək".

Türkiyə Böyük Millət Məclisində isə növbədənkənar parlament seçkisinə hazırlıqla yanaşı, prezidentin xalq tərəfindən seçilməsi məsələsinin də müzakirəsi davam etdirilir. Qeyd edək ki, konstitusiyaya sözügedən dəyişikliyin ediləcəyi halda seçki artıq payızda baş tuta bilər. Bu halda Ədalət və İnkişaf Partiyasının prezidentliyə namizədinin yenidən Abdulla Gül olacağı istisna deyil. Parlamentdə prezidentlik uğrunda yarışdan geri çəkildiyini bəyan edən Gül deyib: "...Mən hər şeyi xalqın ixtiyarına buraxıram. Sonda xalq özü düzgün olan qərarı qəbul edəcək".

Bu arada Ərdoğan üçün vacib olanı partiyasında həmrəyliyi qorumaq və onun növbədənkənar parlament seçkisində qələbəsini təmin etməkdir. Praqmatik siyasətçi olaraq, o, yəqin ki, ölkədəki bir sıra partiyaların keçmiş taleyindən nəticə çıxarıb. Unutmaq olmaz ki, indiyədək bir sıra partiyaların liderlərinin prezident seçilərək təşkilatın rəhbərliyindən getməsi qurumda sonradan daxili çəkişmələrin və parçalanmaların yaranması ilə nəticələnib. Məsələn, vaxtilə "Ana vətən" və "Doğru Yol" partiyalarının liderləri Turqut Özal və Süleyman Dəmirəlin Türkiyənin 9-cu və 10-cu prezidenti seçilməsilə sözügedən təşkilatların belə tale yaşadığını xatırlatmaq olar.

Türkiyədə baş verənlər dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Ankara ilə Bakı arasında strateji tərəfdaşlıq və iki xalqın qardaş münasibətlərini nəzərə alsaq, Azərbaycanın baş verənləri daha diqqətlə izlədiyini qeyd etmək olar. Əlbəttə ki, bizim üçün Türkiyədə hökuməti hansı partiyanın formalaşdıracağı və ya prezidentliyə namizədin hansı cəbhədən olacağı əsas əhəmiyyət kəsb edən məsələ deyil. Çünki Türkiyədə hakimiyyətə hansı qüvvənin gələcəyindən asılı olmayaraq, iki ölkə arasında münasibətlərə zərrə qədər də təhlükənin olmadığı şübhəsizdir. 

Biz sadəcə, qardaş Türkiyədə siyasi böhranın qısa vaxtda konstitusion və demokratik əsaslarla aradan qaldırılması, onun müasir inkişaf yolunu davam etdirməsində maraqlıyıq.


MƏSLƏHƏT GÖR:

338