
PARLAMENT SEÇKİLƏRİ, YOXSA KLANLARARASI MÜBARİZƏ?
Ermənistan ictimaiyyəti "casus ehtirasları" və müxalifətin mitinqlərindən narahatlıq keçirir
Müəllif: NURANİ Bakı
Ermənistanda parlament seçkiləri başa çatsa da, onun nəticələrinin dəqiqliklə analizi hələ qarşıdadır. Amma seçkiqabağı kampaniya dövrü bu ölkədə hakimiyyət uğrunda mübarizənin hansı üsullarla aparıldığını üzə çıxarıb. Burada ötəri analiz belə, maraqlı nəticələrə gəlməyə əsas verir.
Hələ parlament seçkisi ərəfəsində Ermənistanda qalmaqallı vəziyyət hökm sürürdü: yerli hakimiyyət Təhlükəsizlik və Əməkdaşlıq üzrə Avropa Qrupu missiyasının (AGİT) tərkibində türkiyəli müşahidəçilərin Ermənistana gəlməsinə və seçkinin gedişini izləməsinə şərait yaratmaqdan imtina etdi. ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) mətbuat katibi Urdur Qunnarsdottirin sözlərinə görə, Ermənistanda seçkini izləmək üçün 44 ölkədən olan müşahidəçilərə müraciət ünvanlanmışdı və onların sırasında Türkiyə də var idi. "Lakin Ermənistan rəhbərliyi türkiyəli müşahidəçilərin ölkəyə gəlməsinə icazə verməyib. Üstəlik, Yerevan hələ də bu qərarına rəsmi aydınlıq gətirməyib", - deyə o bildirib.
Bir qədər sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi səlahiyyətlərini icra edən Vladimir Karapetyan da 12 may seçkisini müşahidə edənlərin sırasında türkiyəli müşahidəçilərin olmaycağını təstiqlədi. O, bunun rəsmi səbəbini də açıqladı: "Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulmayıb və bu səbəbdən də həmin ölkədən olan müşahidəçilər seçki prosesini izləməyəcək".
Bəlkə də, ölkədə ultramillətçi əhval-ruhiyyə son dərəcə yüksək olmasaydı, bu mövqeyi qəbul etmək olardı. Üstəlik, seçki ərəfəsində Ermənistanın siyasi meydanında "sülh partiyası" məqsədli şəkildə sıxışdırılırdı. Seçkiyə az qalmış ölkədə 1990-1998-ci illərdə hakimiyyətdə olmuş Ermənistan ümummilli hərəkatı (EÜH) partiyası seçki yarışından çıxdığını bəyan etdi. Məlumata görə, bu qərarın verilməsinə səbəb siyasi situasiyanın gərgin olması idi. Partiya əmin idi ki, müxalifətin seçkidə pərakəndə şəkildə iştirakı hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Parlamentdə sadəcə yer qazanmaq isə EÜH üçün əsas məqsəd deyildi - hər halda, partiya rəhbərliyi belə iddia edir. "Partiya proporsional siyahı ilə seçki yarışından çıxdığını bəyan edir və burada məqsəd müxalifətin elektoratının birləşməsinə nail olmaqdır", - deyə təşkilatın rəsmi açıqlamasında bildirilirdi.
Ekspertlərin sözlərinə görə, sözügedən partiyanın qeydiyyatında heç bir problem yaşanmayıb. Qurum parlament seçkisində iştirakla bağlı qeydiyyatdan keçilməsi üçün nəzərdə tutulan son tarixdə - martın 3-də proporsional və mojaritar namizədlər siyahısını Mərkəzi Seçki Komissiya-sına (MSK) təqdim edib və qurum onu qeydiyyata alıb. Yeri gəlmişkən, partiyanın proporsional siyahısına onun sədri Ararat Zurabyan rəhbərlik edirdi. Onun ardınca sədrin müavini Aram Manukyan gəlirdi və ümumilikdə siyahıda 17%-i qadın olmaqla 70 namizədin adı var idi.
Qeyd edək ki, Zurabyan 2008-ci ildə keçiriləcək prezident seçkisində ölkənin sabiq rəhbəri Levon Ter-Petrosyanın iştirak edəcəyinə əmindir. Onun fikrincə, Ter-Petrosyanın yarışa qatılması ölkədə situasiyanı tamamilə dəyişəcək, "siyasi arenası iflic olan ölkədə yeni reallıqlar yaradacaq".
Bununla yanaşı, Zurabyan qeyd etmişdi ki, parlament seçkisində sabiq prezidentdən hər hansı formada fəaliyyət gözləmək yersizdir, onun gələcək addımları isə zaman keçdikcə aydınlaşacaq.
Əksər analitiklərin fikrincə, parlament seçkisi erməni müxalifəti üçün klassik şansdır. Çünki prezident seçkisində mütləq üstünlük əldə edilməlidirsə, parlamentdə bir neçə yer həmin qüvvənin böyük siyasətə atılması üçün kifayətdir. Odur ki, EÜH parlament yarışından kənarlaşmağa qərar veribsə, demək, onun bu addım üçün ciddi səbəbləri var. Ola bilsin ki, təşkilat real imkanlarını dəyərləndirərək bu yarışda ciddi nailiyyət əldə edə bilməyəcəyini anlayıb. Bəlkə də, qurumun liderləri bu qədər fasilədən sonra xalq qarşısına çıxaraq onun dəstəyini qazana biləcəyinə özləri də şübhə ilə yanaşıblar.
Analitiklər isə artıq nəticə çıxarmağa macal tapıblar: EÜH Ermənistanda "sülh partiyası" sayılan nadir siyasi təşkilatlardandır. Məhz bu hərəkatın lideri Levon Ter-Petrosyan 10 il əvvəl Ermənistan prezidenti olarkən xalqa belə bir müraciət etmişdi: "Müharibə, yoxsa sülh? Fikirləşmək vaxtıdır". Bununla Ter-Petrosyan birbaşa Azərbaycanla kompromisə gedilməsinə çağırış etmişdi. Sonrakı hadisələr isə məlumdur: çevriliş, prezidentin istefası və Robert Köçəryanın qələbəsi ilə başa çatan seçki.
İndi bütün bunlar azmış kimi, EÜH son parlament seçkisində iştirakdan imtina etdi. Maraqlıdır ki, bu, ölkənin aparıcı müxalifət partiyalarından olan "Orinats Yerkir"in lideri Artur Baqdasaryanın, KİV-in yazdığı kimi, "casus qalmaqalı"na düşməsindən sonra baş verdi. Xatırladaq ki, aprelin 21-də "Ermənistanın səsi" qəzeti Baqdasaryanın Böyük Britaniyanın Yerevandakı səfirliyinin əməkdaşı Riçard Haydla söhbətinin stenoqramını yayıb. Həmin audioyazıda müxalifət lideri açıq şəkildə soruşur: "Necə düşünürsünüz, seçkiyədək Avropa İttifaqı tərəfindən hansısa həyəcan siqnalı səsləndiriləcəkmi?". Britaniyalının cavabını isə müxalifət lideri üçün müsbət saymaq olmaz: "Məni dilə tutmayın. Belə bəyanatların səsləndirilməsi üçün bizə konkret nümunə lazımdır. Digər 26 ölkənin belə bəyanatla çıxış etməsi üçün onları razı salmağa çalışın. Onlardan cəmi 8-i Ermənistanda təmsil olunur və bu səkkiz ölkəni belə addımın atılmasının vacibliyinə inandırmaq çox çətindir".
"Ermənistanın səsi" baş verənlərdən hiddətini də gizlətməyib: "Hər iki tərəf parlament seçkisinin Ermənistanı nüfuzdan salmasında çox maraqlıdır. Bu satqın bir vaxtlar bizim parlamentimizə rəhbərlik edib, indi isə təkrarən oraya seçilmək istəyir!".
Bütün bu kampaniyaya baxmayaraq, "Orinats Yerkir" səs baryerini minimal səslə də olsa, keçərək, yeni parlamentə düşə bildi.
"Gizli danışığa" qayıdaraq qeyd edək ki, aprelin 26-da Böyük Britaniyanın Ermənistandakı səfirliyi məsələ ilə əlaqədar xüsusi bəyanatla çıxış etmişdi. "Səfirlik Ermənistan müxalifətinin liderlərindən biri ilə diplomatik nümayəndəliyin əməkdaşı arasında aparılan müzakirələrdən və onun müəyyən hissələrinin KİV-də yer almasından son dərəcə narahatdır. Böyük Britaniya ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq qurumlarla birlikdə 12 may seçkisinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini istəyir. Bununla yanaşı, səfirlik Ermənistanın siyasi arenasında mövcud olan bütün siyasi qüvvələrlə sıx əlaqələr saxlayır və burada məqsəd mövcud siyasi fikrin tam şəkildə öyrənilməsidir. Bu, bizə ölkədə baş verən siyasi proseslər haqda obyektiv və tam fikir formalaşdırmağa imkan verir və bütün dünya ölkələrindəki səfirliklər analoji fəaliyyətlə məşğuldur", - deyə sənəddə qeyd olunurdu.
Maraqlıdır ki, bütün bu qalmaqal fonunda Ermənistanda heç kəs xarici ölkə diplomatının dinlənilməsinin yolverilməzliyi haqda bir kəlmə də kəsmədi.. Ölkə prezidenti Robert Köçəryan isə hadisəyə münasibət bildirərək belə dedi: "Mən "Ermənistanın səsi" qəzetində yer alan xəbəri eşidəndə, ilk olaraq, düşündüm ki, bu mümkün deyil. Ona görə də dərhal təhlükəsizlik xidmətinə lent yazısının araşdırılmasını tapşırdım. Ürək ağrısı ilə deyə bilərəm ki, nümayiş olunan söhbət həqiqətən olub və bu fakt heç bir şübhə doğurmur".
A.Baqdasaryanın fəaliyyətinə münasibət bildirən prezident fikirlərini belə davam etdirib: "Hüquqi terminlərdən istifadə etmək istəmirəm. Bu, mənim üçün sadəcə satqınlıqdır və onun bu addımı şəxsi təşəbbüsü ilə atması daha da pisdir. O, şəxsi təşəbbüsü ilə əcnəbi diplomatı dilə tutur və seçkiyə mənfi qiymət verilməsini istəyir".
Eyni zamanda, sərt tədbirlərə əl atılmasını düzgün saymayan Köçəryanın fikrincə, baş verənlərdən sonra hər bir seçici özü üçün nəticə çıxarmalıdır. Bu zaman dövlət başçısı seçiciləri Qarabağ və "erməni soyqırımı"nı da yaddan çıxarmamağa çağırıb: "Kim ki bir dəfə satqınlıq edib, o, bu addımı yenə atacaq. Satqınlıq həmin insanların xarakteridir", - deyə Köçəryan bildirdi.
Bununla yanaşı, analitiklərin fikrincə, son parlament seçkisində ölkənin hakim partiyasının formal qələbəsi və qərbpərəst müxalifətin azlıqda qalması hələ hakimiyyətin özünü tam rahat və inamlı hiss etməsi üçün kifayət deyil. Çünki küçələrə seçkilərə çox az vaxt qalmış çıxsa da, onun seçkilərdəki çıxışı təsirli olub: bu qədər təzyiqlərdən sonra belə "Orinats Yerkir"in mitinqi kifayət qədər güclü alınıb.
Bundan bir neçə gün əvvəl isə Yerevanda "Prezident və onun rejiminə impiçment" şüarı altında daha əzəmətli bir etiraz aksiyası keçirilib. Aksiya "İmpiçment" müxalifət bloku, "Yeni zaman" və "Respublika" partiyaları tərəfindən təşkil olunub. Qeyd edək ki, sonuncu, proporsional siyahıların qeydiyyatı üçün qanunla nəzərdə tutulan son gündə müxalifət partiyaları ilə blok yaratmaqdan imtina etdiyini açıqlayıb. Amma bu, partiyanın lideri, Ermənistanın sabiq baş naziri Aram Sarkisyanın mitinq iştirakçıları qarşısında belə bir çıxış etməsinə mane olmayıb: "Biz parlamentə bir məqsədlə daxil olacağıq: prezident və onun rejiminə impiçment elan edilməsi və ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi". Sarkisyan onu da deyib ki, seçki saxtalaşdırılmasa, müxalifətçilər parlamentdə çoxluğu əldə edəcək. "Amma saxtakarlığa yol verilərsə, seçkinin səhərisi gün biz buraya toplaşaraq cinayətkarları cəzalandırmağa gedəcəyik", - deyə o, bəyan edib.
"Yeni zaman" partiyasının lideri Aram Karapetyan isə müxalifətin sonadək mübarizə aparacağını və geri çəkilmək fikrində olmadıqlarını bildirib. Mitinqdə çıxış edənlərin sözləri aksiya iştiraksılarının "İmpiçment! İmpiçment!" şüarları ilə müşayiət olunub.
Analitiklərin sözlərinə görə, hələ mitinqdən bir neçə gün əvvəl Ermənistanda yenidən "rəngli inqilab" söhbətləri aktuallaşmışdı. "Nəzəri cəhətdən Ermənistanda "rəngli inqilab" mümkün olsa da, praktik baxımdan bu, mümkün deyil. Araşdırmalar göstərir ki, seçkinin gedişindən narazı olan insanların 50%-nin fikirləri seçkidə iştirakla bağlı şəxsi təcrübələrinə əsasən, 10%-nin məğlub qüvvələr və partiyaların, 15%-nin fikri isə müşahidəçilərin təsiri ilə formalaşır. Beləliklə, ədalətli və azad seçki keçirilərsə, stabilliyi pozmaq istəyən qüvvələrin buna nail olmaq üçün sosial bazaları yetmə-yəcək", - deyə seçkidən əvvəl baş nazir Serj Sarkisyan bildirmişdi. Seçkinin saxtalaşdırılacağını bəyan edən ayrı-ayrı qruplara gəlincə, hökumət başçısı bundan o qədər də narahat olmadığını nümayiş etdirmişdi: "Mən həmin insanların nəyə əsaslanaraq belə fikir söylədiklərini anlaya bilmirəm. Hər halda, ATƏT-in daimi missiyası indiyədək seçkiqabağı vəziyyətlə bağlı iki məruzə ilə çıxış edib və orada vəziyyət heç də neqativ qiymətləndirilməyib. 50 və ya 1000 nəfərin narazılığı bizim üçün həlledici foktor sayıla bilməz. İctimaiyyət var, hüquq-mühafizə orqanları var və hər kəs öz missiyasını yerinə yetirəcək".
Prezident R.Köçəryan öz növbəsində Yerevan Dövlət Universitetində tələbələrlə keçirdiyi görüşdə bildirmişdi ki, "Bu gün ictimaiyyət "rəngli inqilab"la bağlı aqressiv çağırışları qəbul etmir": "Aparılan sorğular da göstərir ki, əhalinin cəmi 2%-i Ermənistanda aqressiv əməlləri və ya "rəngli inqilab"ı mümkün sayır. Artıq xalq şəxslərin və ya hakimiyyətlə müxalifətin qarşıdurmasına yox, sivil proqramların mübarizəsinə üstünlük verir".
Bununla yanaşı, ölkədə "Prezidentə istefa!" şüarı ilə keçirilən çoxminlik mitinqlər xarici müşahidəçilərdə Ermənistanla bağlı ciddi təəssürat yaradıb. Həm də ona görə ki, "İmpiçment" hərəkatı heç zaman Ermənistanın "ciddi" müxalifət qurumu sayılmayıb. Amma bir məqam da aydındır ki, siyasi texnologiyanın bütün qaydalarına əsasən, hər hansı ciddi siyasət "Prezidentə istefa" şüarı əsasında qurulmur.
Ən maraqlısı isə odur ki, Ermənistanda müxalifət ritorkasının arxasında, əslində, klanlararası qarşıdurma dayana bilər. Daha dəqiqi, söhbət "yerevanlılar"la "qarabağlılar"ın mübarizəsindən gedir. Məsələ ondadır ki, Köçəryanın prezidentliyi dönəmində ölkənin siyasi və iqtisadi sahələrində bütün yüksək postlar "yerevanlılar"ın yox, məhz "qarabağlılar"ın əlindədir.
Birincilərin daim ikinciləri "gəlmələr" və s. saydığı sirr deyil.
Amma o da məlumdur ki, klanlararası mübarizə heç də həmişə seçki yolu ilə həll edilmir...
MƏSLƏHƏT GÖR: