
ƏRAZİ SÖVDƏLƏŞMƏSİ HAQDA DANIŞMAQ YERSİZDİR
Azərbaycan prezidentinin bəyanatından məhz bu nəticəyə gəlmək olar
Müəllif: Samir MİRZƏYEV Bakı
Ermənistanla Azərbaycan arasında yaşanan münaqişənin "nə hərb, nə sülh" formasına keçməsindən 15 il ötür. Bu müddət ərzində Ermənistanın aqressiyası, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalından Azərbaycanın nə qədər zərər çəkməsinə dair çox yazılıb və deyilib.
Amma bu müddətdə kifayət qədər müsbət dəyişikliklər də baş verib ki, onlar Azərbaycan tərəfinin nikbin əhval-ruhiyyədə olması üçün ciddi əsaslar yaradır. Bu haqda çox danışmaq olar. Amma vəziyyəti iki formulla aydınlaşdırmaq mümkündür: Azərbaycan iqtisadi və hərbi balansı öz xeyrinə dəyişib, həmçinin Qərbin Qarabağın işğalına münasibətini xeyli müsbət məcraya yönəldə bilib. Bunu ciddi diplomatik uğur adlandırmaq mümkündür.
Ötən sayımızda biz Azərbaycanın son üç-dörd ildə dünya siyasətinin əsas oyunçusu olan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini öz xeyrinə dəyişə bildiyini qeyd etmişik. Xatırladaq ki, Bakı rəsmi Vaşinqtonun Ermənistanın Azərbaycana qarşı aqressiyasını, onun Dağlıq Qarabağ və daha yeddi rayonu işğal etməsi faktını tanımasına nail olub. Bununla yanaşı, Avropa ölkələri də birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Qarabağı işğal altında olan Azərbaycan ərazisi sayır.
Bakının xarici siyasətdəki bu böyük nailiyyətində həyata keçirilmiş uğurlu diplomatik fəaliyyətlə yanaşı, Ermənistanın və rəsmi Yerevanın "xidmətlərini" də unutmaq olmaz. Belə ki, "siyasi küləyin" onlar üçün arzuolunmaz istiqamətdə əsməyə başladığını vaxtında dərk etməyən Yerevan əsas işin artıq görüldüyünü və bundan sonra sadəcə baş verənlərin rəsmiləşdirilməsinin vacibliyini düşünərək əvvəlki siyasətini davam etdirib.
Ermənistanın öz mövqelərini nəzərəçarpacaq dərəcədə itirməyə başladığı artıq 2006-cı il fevralın 10-da İlham Əliyevlə Robert Köçəryan arasında Rambuyedə keçirilən danışıqlar zamanı aydın oldu. Xatırladaq ki, həmin vaxt erməni lideri heç bir səbəb olmadan, bayağı əsas gətirməklə (etik baxımdan həmin "bəhanəni" xatırlatmırıq), qəflətən danışıqlar masasını tərk etmişdi. Daha sonra isə dialoqu davam etdirmək niyyətində olmadığını ortaya qoyaraq, bu "uşaq hərəkəti" ilə vasitəçilərin də ciddi təəccübünə səbəb olmuşdu.
Çox güman ki, o zaman İlham Əliyev qarşısındakının hərəkətindən qətiyyən təəccüblənməyib...
Ən başlıcası isə odur ki, prezidentlərin Rambuye görüşü Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılması (ilk növbədə, Kəlbəcərin) və bölgənin gələcək statusu ilə bağlı referendumun keçirilməsinə hazırlıq məsələsində "ilişib qalıb". Qeyd edək ki, bu, Yerevanın arzuladığı həmin "paket həll variantı"dır. Lakin Azərbaycan prezidenti bu variantla razılaşmayaraq münaqişənin mərhələli həllinə israr edib və bu israrında davam edir. Söhbət mərhələli şəkildə ilk olaraq Ermənistanın heç bir şərt irəli sürmədən Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasından, daha sonra qaçqınların öz torpaqlarına qayıtmasından və nəhayət, sonda Dağlıq Qarabağın statusuna dair müzakirələrin başlanmasından gedir.
Beləliklə, Rambuye görüşü ilə vasitəçilərin münaqişə tərəfləri üçün 2006-cı ildə hazırladığı "pəncərə" (razılığın əldə edilməsi üçün əlverişli olduğu bildirilən) faktiki olaraq bağlanıb. Bununla da, Rambuye görüşündən düz 10 il əvvəl, Lissabon sammitindən sonra olduğu kimi, yenə də "pat vəziyyətindən", "dalana dirənməkdən" danışmağa başlanıb. Xatırladaq ki, məhz həmin vaxt mərhum prezident Heydər Əliyev ilk dəfə olaraq, yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağa, maksimum, Azərbaycan tərkibində yüksək muxtariyyətin verilməsinin mümkünlüyü haqda müddəaların salınmasına nail olmuşdu.
Amma 90-cı ilin ortalarındakı vəziyyəti hazırkı durumla və yuxarıda qeyd olunan situasiya ilə müqayisə etsək, vəziyyətin Azərbaycanın xeyrinə nə qədər dəyişdiyini görmək mümkündür.
Ümumiyyətlə, münaqişənin həllilə bağlı danışıqların aparıldığı bütün dövrdə ictimaiyyət yalnız təsadüfi hallarda müəyyən məlumatlar əldə edib. Belə ki ya vasitəçilər, ya da tərəflərdən biri jurnalistlərə müəyyən qədər konkret informasiya verib ki, bunun da iki səbəbi var: ya həmsədrlərin danışıqlar masası üzərinə ictimaiyyəti ciddi şəkildə həyəcanlandıra biləcək təkliflər qoyduğu zaman əhalinin ona ilkin reaksiyasını yoxlamaq istəyiblər, ya da məsələn, seçkilər ərəfəsində məsələdən daxili təbliğat vasitəsi kimi istifadə edilməsinə ehtiyac yaranıb.
Zaman-zaman belə açıqlamalar daha çox ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Metyu Brayza tərəfindən səsləndirilib. Onun həmsədr kimi mətbuata verdiyi ilk müsahibədəcə danışıqlar prosesinin detallarını açıqlaması yaddan çıxmayıb. Bundan sonra da Brayza elə eyni ahənglə açıqlamalar verməkdə davam edir. Ən maraqlısı isə odur ki, onun səsləndirdiyi fikirlər heç də həmişə prosesin mahiyyətinə uyğun gəlmir və bu səbəbdən də münaqişə tərəfləri indiyədək bir neçə dəfə həmsədrin açıqlamalarına düzəliş etməli olublar.
ABŞ dövlət katibinin son açıqlaması daha böyük marağa səbəb olub: bu dəfə onun fikirləri bilavasitə Dövlət Departamentinin özünün mövqeyilə üst-üstə düşməyib. Söhbət M.Brayzanın Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatında Azərbaycanın işğal olunmuş əraziləri haqda bəndə edilən dəyişikliyə münasibətindən gedir. Xatırladaq ki, sənəddə Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisi kimi göstərilsə də, sonradan məruzəyə dəyişiklik edilərək, Qarabağın "işğal altında olmadığı" əksini tapıb və bu zaman Brayza bu qərara haqq qazandırıb. Amma rəsmi Vaşinqton M.Brayzanın fikirlərinin "sadəcə söz olduğunu" göstərərək, məruzənin ilkin variantını bərpa edib.
Bu, məsələnin həm Azərbaycan, həm də Ermənistan üçün, yumşaq desək, qeyri-müəyyən qalan bir tərəfidir. Hər halda Bakı üçün ABŞ-ın xarici siyasət idarəsinin yüksək rütbəli nümayəndələrinin hansı səbəbdən qeyri-ciddi açıqlamalarla çıxış etməsi qaranlıq qalır. Yerevan üçün isə Ermənistan diplomatiyası və erməni lobbisinin ciddi səylərinə baxmayaraq, Vaşinqtonun ona "arxadan zərbə" vurmasının səbəblərini anlamaq daha ağrılıdır. Xüsusilə də bunun Ermənistan üçün vacib məqam - parlament seçkisi öncəsi baş verməsi Yerevanı daha çox narahat edib.
Bu məsələ ilə əlaqədar bir məqamı qeyd etmək vacibdir ki, məhz rəsmi Yerevan hazırki məqamda ölkədaxili faktora əsaslanaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin davam etdirilməsindən boyun qaçırıb. Azərbaycan isə bunu anlaşıqla qarşılayıb. Hər halda həm birincinin, həm də ikincinin bu addımı atmasına xeyli səbəb var.
Bu məqamda ortaya sual çıxır: əgər danışıqlar prosesi, həqiqətən, Ermənistana sərf edən istiqamətdə inkişaf edirsə, seçki öncəsi hakimiyyət bundan kozır kimi istifadə etmək əvəzinə, hansı səbəbdən bu məsələni kənarda saxlamağa çalışır? Məntiqsizlikdir...
Amma eyni zamanda, təbii ki, Ermənistan rəhbərliyi seçicilər qarşısında "ümumxalq məsələsi" haqqında, ümumiyyətlə, susa da bilməzdi. Bu səbəbdən də erməni rəsmiləri guya Qarabağın müstəqilliyinin artıq zaman məsələsi olduğunu bəyan ediblər. Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlara gəlincə, Ermənistan rəsmiləri iddia edib ki, söhbət sadəcə beş rayonun geri qaytarılmasından gedir və burada Laçınla Kəlbəcərin azad edilməsi nəzərdə tutulmur. Maraqlıdır ki, bu məsələdə Metyu Brayza da onlara qoşulmağa çalışıb və bunu Dövlət Departamentinin məruzəsi ilə bağlı verdiyi uğursuz müsahibədə etməyə çalışıb. Lakin sonradan Departamentin özünün fəaliyyəti həmin sözlərin mahiyyətinin nədən ibarət olduğunu göstərib.
Nəhayət, açıq ifratçılıq və Ermənistanın növbəti dəfə oyun qaydalarını pozduğunu görən Azərbaycan prezidentinin səbir kasası daşdı. İ.Əliyevin Ramana qəsəbəsində qaçqınlar üçün tikilən şəhərciyin açılışında səsləndirdiyi bəyanatlar söz-söhbətlərə nöqtə qoydu: "Danışıqlar prosesi konfidensial xarakter daşıyırdı və biz Minsk qrupunun həmsədrlərinin təklifi ilə razılaşaraq onun gedişi haqda açıqlama vermirdik. Çünki məsələyə ümumi yanaşma belə idi. Amma son zamanlar ümumi razılaşmaya baxmayaraq, son aylarda danışıqlar prosesinin gedişi haqda həqiqətə uyğun olmayan açıqlamalar verilir, iddialar səsləndirilir, guya tərəflərin hansısa prinsiplər əsasında razılığa gəldiyi bildirilir. Bu tamamilə yalan və uydurma məlumatlardır və onun mənbəyi məlumdur. Ermənistanda daxili siyasi vəziyyətin gər-ginləşməsi ilə əlaqədar olaraq, bu ölkə rəhbərliyində təmsil olunan şəxslər xalqı sakitləşdirmək üçün, yaxud parlament seçkisində qarşıya qoyulan məqsədə nail olunması məqsədi ilə həqiqətəuyğun olmayan versiyalar irəli sürürlər. Ermənilər danışıqlar prosesində müzakirə olunan məsələləri təhrif edərək, onu özlərinə sərf edən şəkildə açıqlayırlar", - deyə Azərbaycan prezidenti bildirib - "Mən artıq bir dəfə bu haqda demişəm və bir daha təkrar edirəm: əgər vəziyyət həqiqətən də belədirsə, nəyə görə Ermənistan rəhbərliyi ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində danışıqlar prosesinin dayandırılmasını istəyir? Niyə? Əgər danışıqların gedişi onlara sərf edirsə, əksinə, erməni rəhbərlər prosesin daha da sürətləndirilməsinə çalışardılar. Yəni, onların prosesin seçkidən sonrayadək dayandırılması haqda təklifi sübut edir ki, danışıqlar Azərbaycanın mövqeyinə uyğun şəkildə gedir. Bizim mövqeyimiz belədir və mən prinsipcə mövqeyimizi dəfələrlə açıqlamışam. Amma həm münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun nümayəndələrinin, həm də Ermənistan tərəfinin müxtəlif versiyalar səsləndirdiyini nəzərə alaraq, mən bizim mövqeyimizi, həmçinin danışıqların hansı prinsiplər əsasında aparıldığını bir daha sizin nəzərinizə çatdırmaq istəyirəm. Düşünürəm ki, bu fikirləri məhz burada, bu qəsəbənin açılışında səsləndirmək daha məqsədəuyğundur".
İ.Əliyev bildirib ki, Azərbaycan tərəfinin ilkin tələbi bütün işğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsidən ibarətdir. Bununla yanaşı, əvvəllər ilk olaraq beş rayonun azad olunması, Kəlbəcər və Laçının geri qaytarılması məsələsinin isə sonradan həll olunması ətrafında müzakirələr aparıldığını etiraf edən prezident sözünə belə davam edib: "Biz bununla heç vaxt razılaşa bilmərik və Kəlbəcərlə Laçının Azərbaycana hansısa şərtlərlə qaytarılmasını mümkünsüz sayırıq. Bu səbəbdən də danışıqlar prosesinin hazırkı mərhələsində yeddi rayonun Ermənistanın işğalından azad olunaraq Azərbaycana qaytarılması haqqında ümumi razılıq əldə olunub. Əlbəttə, biz bu prosesin mərhələlərlə həyata keçirilməli olduğunu bilirik. Lakin bu mərhələlər arasında fasilənin uzun olmasını da mümkünsüz hesab edirik".
İ.Əliyevin sözlərinə görə, Bakının tələbi sülh razılaşmasının imzalanmasından sonra bir neçə il ərzində yeddi rayonun tamamilə azad olunmasını tələb edir. Bundan sonra isə Dağlıq Qarabağda yaşamış azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar. Prezident sonuncunun da Azərbaycan tərəfinin qəti tələbi olduğunu nəzərə çatdırıb: "Bu məsələdə bizim mövqeyimiz kifayət qədər ciddi dəstək qazanıb. Belə ki, həm vasitəçilər, həm də erməni tərəfi danışıqlar prosesində bu tələblərlə razılaşdıqlarını açıqlayıblar. Onların öz xalqlarına nə dedikləri, hansı yalanları uydurduqları məni maraqlandırmır. Mən sizə danışıqlar prosesinin prinsipial məqamlarını açıqlayıram. Buna səbəb isə qarşı tərəfin konfidensiallığı pozmasıdır. Bizim xalqımızdan gizlədiləcək hər hansı bir işimiz olmayıb və gizli heç bir planımız yoxdur. Mən həmişə söylədiyim sözlərin üstündə dayanmışam və dayanıram".
"Bir sözlə, bir tərəfdən, yeddi rayon heç bir şərt olmadan geri qaytarılmalı, digər tərəfdən isə, qaçqınlar Dağlıq Qarabağa, həmçinin Şuşaya qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu müəyyənləşə bilər. Lakin hansı formada? Bizim razılığımız olmadan heç kim Dağlıq Qarabağa hər hansı status verə bilməz", - deyə İ.Əliyev bildirib.
Artıq hərbi-siyasi balansın da Azərbaycanın xeyrinə olduğunu deyən dövlət başçısının sözlərinə görə, sürətli iqtisadi inkişaf nəticəsində Azərbaycanın bu dominantlığı daha da güclənəcək. Prezident Azərbaycanda iqtisadi artımın artıq Ermənistanın iqtisadi artımından yeddi dəfə üstün olduğunu bəyan edib. Bakının münaqişənin dinc yolla həllinə sadiq olduğunu deyən İlham Əliyev bununla yanaşı, bir daha xatırladıb ki, xalqın səbri tükənməz deyil. "Münaqişənin həlli üzrə bizim müxtəlif istiqamətlərdə apardığımız siyasət, diplomatik səylərimiz, ikitərəfli danışıqlarda fəal mövqeyimiz, beynəlxalq təşkilatlarla effektli əməkdaşlığımız, həmçinin iqtisadi və hərbi üstünlüyümüz, hərbi potensialın ən yüksək səviyyəyə qaldırılması hər an başqa bir dövlətə qarşı aqressiya həyata keçirmədən öz torpaqlarımızda istənilən əməliyyatın keçirməsini mümkün edir", - deyə prezident qeyd edib.
Həmişə olduğu kimi, bu dəfə də Ermənistan tərəfinin bu açıqlamaya reaksiyası anlaşılmaz olub. Bundan başqa, Ermənistanın Xarici İşlər Nazirliyi danışıqların yeddi rayonun azad edilməsi ətrafında aparıldığını təkzib etməyərək, onu "törəmə" adlandırıb.
Dağlıq Qarabağın statusuna gəlincə, prezident bu haqda da konkret və açıq danışıb: "Sovet İttifaqı dönəmində Dağlıq Qarabağın muxtar vilayət olduğunu nəzərə alsaq, indi ona daha yüksək status verilə bilər. Biz artıq bəyan etmişik ki, dünyada mövcud olan istənilən muxtariyyət statusunu Dağlıq Qarabağa verməyə hazırıq və bu mövqedən bir addım da geri çəkilmirik. Sevindiricidir ki, beynəlxalq ictimaiyyət və bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu da bizim mövqeyimizi bölüşür". İ.Əliyev bir müddət əvvəl ABŞ Dövlət Departamentinin illik hesabatında Dağlıq Qarabağa dair hissəyə də münasibət bildirib. "Bu gün biz erməni lobbisi ilə mübarizə aparırıq və onu kifayət qədər uğurla həyata keçiririk. Bu günlərdə biz erməni lobbisinin bütün səylərini heçə endirdik və Azərbaycanın ərazi bütövlüyünün tanındığı bir daha təsdiqləndi. Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasəti növbəti dəfə məzəmmət olundu. Bir daha bəyan edildi ki, Ermənistan Azərbayanın yalnız yeddi rayonunu deyil, həm də Dağlıq Qarabağı işğal edib. Bu bizim böyük siyasi qələbəmizdir. Çünki bundan əvvəlki illərdə bu məsələ ilə bilavasitə məşğul olan çox vacib təşkilatlar və strukturlar belə açıq fikir ortaya qoymurdu. İlk illərdə hətta belə fikir açıqlanırdı ki, guya Azərbaycan torpaqlarını hansısa müəmmalı erməni silahlı qruplaşmaları işğal edib. Lakin sonradan biz beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin məhz Ermənistan tərəfindən etnik təmizləmə siyasəti nəticəsində işğal olunmasına dair fikirlərin salınmasına nail olduq". Artıq həqiqətin tam bərpa olunduğunu deyən İ.Əliyev hər kəsin Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu qəbul etdiyini bildirib. "Bütün bunlar mümkün razılaşmanın çərçivəsini müəyyənləşdirir və bu baxımdan bizim üçün çox vacibdir. Yəni, bu çərçivədən kənar heç bir razılaşma mümkün deyil və olmayacaq. Azərbaycanın birmənalı siyasəti də bundan ibarətdir", - deyə dövlət başçısı bildirib.
Beləliklə, bu gün Ermənistanın beynəlxalq arenada məğlub olduğu tam aydın şəkildə görünür. Yerevanın dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinə münasibətdə keçmiş mövqeyinə yenidən qaytarmaq cəhdləri isə daha da əks reaksiya verir. Çünki Oskar Uayldın dediyi kimi, "İnsan mümkün olmayana inana bilər, yalana isə heç vaxt inanmaz"...
MƏSLƏHƏT GÖR: