Müəllif: Alyona MOROZ Bakı
Aprelin əvvəlindən başlayaraq, "Rusiya vahid enerji sistemləri" səhmdar cəmiyyəti (RAO EES) Azərbaycana elektrik nəqlini dayandırdı. Bununla da Rusiyanın enerji monopoliyaçısı qonşu milli enerji idarəsi - "Azərenerji" SM-lə münasibətlərində "sıfır rejimi" adlandırılanı seçdi. Bu isə o deməkdir ki, tərəflər bir-birilə yalnız ölkələrdən birinin enerji sistemində qəza baş verdikdə mübadilə apara bilərlər. Nəqlin dayandırılması kifayət qədər bayağı səbəb üzündən baş verib - Azərbaycanla elektrik enerjisinin qiyməti barədə razılaşma əldə edə bilməyiblər.
Belə inək elə özümə də lazımdır
Qeyd etmək lazımdır ki, belə durumun yaranması birinci dəfə deyil. Rusiyanın Azərbaycana verdiyi elektrik enerjisi tariflərini dəyişdirmək və onun ixrac həcmini azaltmaq niyyətində olduğu hələ ötən ilin oktyabrından məlum idi. O vaxt RAO EES "Azərenerji"ni məlumatlandırmışdı ki, 2007-ci ildə ölkəmizlə enerji mübadiləsini əvvəlki səviyyədə saxlaya bilmə-yəcək, çünki "Rusiyanın təkcə cənub bölgəsində enerji çatışmazlığı 20%-dir". Azərbaycan 2007-ci ildə 700 mln-1 mlrd kv./saat elektrik enerjisi almaq istəyirdi, lakin idxalın həcmi ayda 30 mln kv./saata qədər azaldılmalı idi. 2006-cı ilin sonunadək qış vaxtı gecə və gündüz pik saatlarda Rusiyadan enerji nəqli gücü 300 mvtdan artıq idisə, bu il həmin göstərici 60 mvtdan çox olmayacaqdı. Üstəlik, RAO EES "xırdaçılıq etməyib", tarifləri 3,636 sentdən 4,1 sentə qaldırmağı qərara aldı.
Lakin Rusiyanın şərtləri Azərbaycan üçün qəbuledilməz oldu. Bundan əlavə, söz gəzirdi ki, biz "Şimal qonşumuz"dan elektrik enerjisi alınmasından tamamilə imtina edə bilərik.
Buna baxmayaraq, RAO EES və "Azərenerji"nin dekabrın 29-da Bakıda yekunlaşan danışıqlarının növbəti raundunun gedişində tərəflər elektrik enerjisinin qarşılıqlı hesablaşma ilə mübadiləsindən imtina etdilər. Həm də rusiyalı tərəfdaşları inandırmaq mümkün oldü ki, axşam və gündüz pik saatlarında enerjinin nəqlini 200-250 mvt həcmində saxlasınlar, həmçinin, tarifləri razılaşdırsınlar. Azərbaycan elektrik enerjisini əvvəl nəzərdə tutulmuş 4,1 sentdən xeyli aşağı qiymətə - 1 kvt. saatı 3,636 sentə almağa başladı. Eyni zamanda, Rusiya-ya Azərbaycandan ötürülən elektrik enerjisinin qiyməti də 1 kvt/saat üçün 1,58 sentdən 1,8 sentə qalxdı.
RAO EES -lə müqavilə 2007-ci ilboyu enerji mübadiləsini nəzərdə tuturdu, amma razılaşdırılmış tariflər yalnız birinci kvartalı əhatə edir və "tərəflərin arzusu ilə dəyişdirilə bilərdi". Belə də oldu.
Yeri gəlmişkən, əvvəllər milli enerji idarəsinin vitse-prezidenti Marlen Əsgərov KİV nümayəndələrini əmin edirdi ki, Azərbaycan "Rusiyadan alınan enerjinin həcmindən çox, RAO EES -dən 200 mvt pik gücünün alınmasında maraqlıdır". Bu fakt əvvəlkitək Azərbaycana verilən enerjinin qiymətini qaldırmaq niyyətində olan rusları az narahat edir, "Çünki bu əməliyyat Rusiya üçün mənfəətsizdir". "Azərenerji"də əmin edirlər ki, Azərbaycan Rusiyadan elektrik enerjisini 1 kv.saatı 3,636 sentdən baha almaq fikrində deyil. Bundan əlavə, Azərbaycan tərəfi ikinci rüb üçün verəcəyi enerjinin taariflərinin qaldırılmasına nail olmaq fikrindədir.
Hər bir halda, lap bu yaxınlarda RAO EES nüma-yəndələri enerji mübadiləsinin bərpasına dair danışıqları davam etdirmək üçün Bakıya gələcəklər. Bu danışıqların nə ilə nəticələnəcəyi məlum deyil. Amma bununla bağlı "İnter RAO EES" QSC-nin başçısı Yevgeni Dodun fikrini vurğulamaq yerinə düşərdi. O, "vəd edib" ki, mayın 1-dən Rusiyadan Azərbaycana enerji nəqli tam həcmdə bərpa olunacaq. "Azərbaycana elektrik enerjisi verilməsi qiymətlərinin yeni şərtləri razılaşdırılacaq və bu, hər iki tərəfin maraqları çərçivəsində həyata keçiriləcək".
Əlbəttə, bu sözlər "yuxarıların" razılığı ilə deyilib. Amma birdən c-b Dodun fərziyyəsi doğrulmasa, nə olar?
Ondan başlayaq ki, cari ilin yanvar-mart aylarının pik saatlarında Azərbaycan Rusiyadan 200-250 mvt elektrik enerjisi alıb, gecə saatlarında onun bir qismini qaytarıb. Beləliklə, qışda enerji çatışmazlığı aradan qaldırılıb. Yazda isə ölkənin enerji sistemi üçün heç bir təhlukə yoxdur. Amma artıq yarım ildən sonra 2007-2008-ci illərin növbəti qış mövsümü start götürəcək. Deməli, enerji qıtlığını hansı ehtiyatlar hesabına aradan qaldırmaq haqqında düşünmək lazım gələcək. Faktlara nəzər salaq.
Milli enerji idarəsində əmin edirlər ki, lazımi kv./saatların çatışmazlığı problemi praktiki həllini tapıb. Nə isə baş versə, enerji sistemlərinin paralel iş rejimi barədə İranla razılaşmaya gəlmək olar. Sonuncu 230 kilovoltluq İmişli-Parsabad ötürücü xətti ilə ölkəmizə 600-700 mln kv.saat elektrik enerjisi verməyə hazırdır. Azərbaycan tərəfi borcunu yayda, İranda enerji qıtlığı yarananda qaytara bilər. İmişli-Parsabad və Astara-Astara xətlərinin texniki imkanları, orta hesabla, 160-180 mvt elektrik enerjisi ötürməyə imkan verir.
Gürcüstanla elektirik mübadiləsinə dair razılaşma da var. Qonşu ölkə pik saatlarda Azərbaycana enerji mübadiləsi şərtilə 80 MBt enerji verməyə hazırdır. Belə ki, Azərbaycan artıq sutkanın işıqlı saatlarında Gürcüstana elektrik enerjisi verir, axşam pik saatlarda isə ondan enerji alır.
"Modul" əməliyyatı
"Şimal qonşudan enerji asılılığı"nın daha bir aspekti özümüzdə enerji hasilatıdır. Azərbaycanın müxtəlif bölgələrində - Bakı, Naxçıvan, Xaçmaz və Şəkidə beş modul stansiyanın tikilməsi burada mühüm rol oynayacaq. "Azərenerji" SC və " Wartsila" fin şirkəti arasında ölkəmizi 450 mvt əlavə elektrik enerjisilə təmin edəcək obyektlərin tikintisinə dair danışıqlar sürətlə davam etdirilir. "İlk qaranquş" - Astara modul stansiyası işlədiyi ilk 10 ay ərzində planlaşdırılmış 213 əvəzinə, ölkəyə 247 mln kv./saat elektrik enerjisi verib. Bu "modul" hər il 700 min kv./saat elektrik enerjisi hasil etmək gücündədir ki, bu da təkcə Astaranın deyil, həm də Lənkəran, Lerik, Yardımlı və Masallı rayonlarının elektrik enerjisinə olan ehtiyaclarını ödəməyə kifayət edir.
Öz növbəsində, 2006-cı il dekabrın 7-də istismara verilmiş 90 mvt gücündə Xaçmaz modul stansiyası Xaçmazdan əlavə, Quba, Qusar və Dəvəçi rayonlarını da enerjilə təmin edir. Burada sutkada 1,6-1,8 mln kv./saat elektrik enerjisi hasil olunur.
Bu il Bakıda 12 enerji modulundan ibarət 104 mvt güclü elektrostansiya quraşdırılıb. Hazırda Şəkidə sürətlə işlər gedir, Naxçıvanda isə lazımi hazırlıq tədbirləri kompleksi həyata keçirilir. Beləliklə, "modul" əməliyyatı artıq cari ildə müvəffəqiyyətlə yekunlaşdırılacaq.
Qeyd edək ki, beş belə stansiya tikilməsinin ümumi layihə qiyməti 300 mln avro dəyərindədir. Modul elektrik stansiyalarında yanacaq sərfi, təqribən, 270 qram şərti yanacaqdır. Qurğunun FİƏ 45,5-46 % təşkil edir. Həm də onun bütün istismar müddətində bu göstərici azalmır.
Amma məsələ modul stansiyalarının tikilməsilə məhdudlaşmır: Sanqaçalda artıq fəaliyyət göstərənlərdən fərqli olaraq, həm qaz, həm də mazutla işləyən daha bir modul stansiyası ( 300 mvt) quraşdırılır.
Bundan əlavə, 2007-ci ilin sonu - 2008-ci ilin əvvəlində Sumqayıtda 517 mvt gücündə müasir buxar-qaz qurğusu (BQQ) təhvil veriləcək. 257 mln. avro dəyəri olan bu obyektin postsovet məkanında analoqu yoxdur. Bu il həm də Şüvəlandakı "Şimal" elektrik stansiyasının 400 mvt gücündə ikinci növbəsinin (qolunun) inşasına başlanacaq.
Beləliklə, ölkədə sürətli templərlə çətin payız-qış mövsümündə enerji qıtlığını aradan qaldırmaq üçün ehtiyat toplanır. Bu artıq hamını bezdirmiş "blek-autlar" yaranması təhlükəsini xeyli dərəcədə azaldacaq. Amma burada başqa sual yaranır : ölkənin hasil olunmuş enerjini istehlakçılara ötürmə sistemi enerji təhlükəsizliyi tələblərinə hansı səviyyədə cavab verir?
Hər şey yaxşı olacaq
"Azərenerji"nin sədri Etibar Pirverdiyevin sözlərinə görə, mövcud elektrik-ötürücü xətlərinin (EÖX) böyük hissəsinin istismar müddəti başa çatıb. Məsələn, Azərbaycan İES-i Abşeron qovşağı ilə birləşdirən EÖX 70 ildir ki işləyir. Öz növbəsində, başlanğıcını Əli Bayramlı stansiyasından alan EÖX-ün də 50 yaşı var. Deməli, bu gün bizim enerji idarəmiz generator tikintisilə yanaşı, tənzimlənmiş ötürücü sistemin mövcudluğuna da böyük diqqət yetirməyə məcburdur. Hazırda bölgələrdə elektrik enerjisi paylanması funksiyasını yerinə yetirən "Azərenerji" mütəxəssislər qrupu ötürücü infrastrukturun yenidən qurulması barədə təkliflər kompleksi üzərində işləyir. Sonra müvafiq plan təsdiq edilmək üçün ölkə prezidenti İlham Əliyevə təqdim olunacaq.
Bununla yanaşı, ölkə energetikləri əhalini elektrik enerjisini qənaətlə sərf etməyə çağırırlar. Buna həm də elektrik sayğaclarının kütləvi quraşdırılması yardım edir. Məsələn, "Şəki Regional Enerjitəminat" (RET) MMC sistemini götürək. MMC başçısı Şaiq Qəribovun sözlərinə görə, Şəki, Zaqatala, Balakən, Qax və Oğuz rayon paylayıcı şəbəkələrinin daxil olduğu "Şəki RET" abonentləri üçün elektrik sayğaclarının quraşdırılması üzrə işlər 92 % yerinə yetirilib. Zaqatala və Balakən rayonlarında işlər 100 % yekunlaşıb. Sayğacların quraşdırılmasından sonra elektrik enerjisi istehlakı əhəmiyyətli dərəcədə azalıb. Cari ilin birinci kvartalında ötən ilin analoji müddəti ilə müqayisədə 50 mln kvt/saat az enerji sərf olunub".
Paytaxta gəldikdə, burada sayğac quraşdırılmasında problem yoxdur. Əvəzində, Barmek-Azərbaycandan "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə"yə həll edilməmiş xeyli problem qalıb. Doğrudur, artıq "Bakıelektrikşəbəkə" paytaxtın elektrik enerjisinə tələbatını tam ödəməyi, yeni EÖX-lərin çəkilməsini və mövcud xətlərin təmirini, həmçinin digər ötürücü infrastrukturun gücləndirilməsi və modernləşdirilməsi işlərini nəzərdə tutan fərdi inkişaf proqramı hazırlayıb. İşin bütün həcmi dörd istiqamətdə, iki mərhələdə reallaşdırılacaq. Birinci mərhələ 2007-2009, ikinci mərhələ 2010-2020-ci illəri əhatə edəcək. Əsas istiqamətlərə infrastrukturun modernləşdirilməsi, paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması, yeni qüvvə mərkəzinin yaradılması, eləcə də yeni kadr siyasəti daxildir.
Bundan əlavə, paytaxtda və şəhər ətrafında 125 yarımstansiya və iki transformator stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb. Bunlardan 45-i qışın ən qızğın çağında - 2006-cı ilin dekabrında istismara verilib. Blok tipli 80 transformator stansiyasının tikintisi yekun mərhələdədir. 2006-2007-ci illərin payız-qış mövsümündə 110 və 35 kilovattlıq 16 yarımstansiyada transformatorların daha güclülərilə əvəzlənməsi başa catdırılıb. Bu istiqamətdə işlər davam edir.
Qeyd etməyə dəyər ki, "Bakıelektrikşəbəkə"nin normal işləməsi, əhalinin tələbatının tam təmin olunması və enerjinin qənaətlə sərf edilməsi, elektrik şəbəkələrində təmir-quraşdırma işlərinin və lazımi həcmdə yenidənqurma işlərinin aparılması üçün MSC-nin nizamnamə kapitalının artırılması məqsədilə prezidentin Ehtiyat Fondundan 12 mln. manat ayrılıb.
P.S/.Rusiya qazının idxalına münasibətdə Azərbaycan qəti mövqedədir: cari ilin birinci rübünün olayları göstərdi ki, biz "Qazprom"suz da keçinə bilərik. Güman ki, Rusiyadan elektrik enerjisi alınmasından imtina Azərbaycan istehlakçılarına elektrik enerjisinin fasiləsiz verilməsinə təsir göstərməyəcək. Yeri gəlmişkən, 2006-cı ildə RF-dən elektrik enerjisi idxalı 2005-ci ildəki 1 mlrd kvt/saata qarşı, 700 mln kvt/saat olub və 2002-ci ilin idxal həcmi - 1,5 mlrd kvt/saatla müqayisədə bu çox azdır. İdxalın azalması göz önündədir.
MƏSLƏHƏT GÖR: