
AZAD İQTİSADİ ZONALAR DÜNYA TƏCRÜBƏSİNDƏ
Aiz sərmayələrin cəlb edilməsinin təsirli mexanizmi kimi
Müəllif: Rüfət Quliyev, Milli Məclisin deputatı, professor, i.e.d. Bakı
Hazırda müasir cəmiyyətin və iqtisadiyyatın inkişafının yeni təmayülləri təzahür etməkdədir: artıq heç bir ölkə dünya birliyindən, ilk növbədə, iqtisadi birlikdən kənarda yaşaya və uğurla inkişaf edə bilmir. Bu gün qloballaşma dünya bazarlarının və bölgə iqtisadiyyatlarının, insan fəaliyyətinin bütün sahələrinin sistemli inteqrasiyası ilə səciyyələnir ki, nəticədə, yüksək iqtisadi artım, müasir texnologiyaların və idarəetmə üsullarının tətbiqinin sürətlənməsi müşahidə edilir.
Qloballaşma daxili (milli) iqtisadiyyatı xarici iqtisadiyyatla nəinki sıx bağlı, həm də asılı edib. E.Lüttvakın (Amerika eksperti) təbirincə, "turbokapitalizm" iqtisadi sistemdə struktur çevrilişi etdi. Siyasət bu sistemə münasibətdə müəyyən qədər gücsüzdür, çünki belə bir iqtisadi sistem siyasətin nəzarətindən kənar olan bazarla müəyyənləşir. Artıq iqtisadi məkan və bazar hansısa dövlətin ərazisilə üst-üstə düşmür: "bazar - dövlət" sistemindən, "çoxlu dövlət - bazar" sisteminə keçid baş verib. Artıq kapital milli şərtlərə tabe ola bilmir və dövlət qandallarından azad olub. O daha dövlət tərəfindən vergiyə cəlbolunmaya tabe ola bilmir, harada vergi ödəmək lazım gəldiyini özü seçir. İstehsal məsrəflərinin aşağı, xidmət, infrastruktur və işçi qüvvəsinin səviyyəsinin isə daha yüksək olduğu yerlərə keçirilir. Müasir iqtisadi sistem üçün qərar qəbulu mərkəzlərinin çoxsaylı olması səciyyəvidir. O, amiranə iradəyə və dövlət nəzarətinə tabe olmayan transmilli qüvvələrin təsiri altındadır. Lakin dövlətlər onların öz məntiqinə riayət etməklə və müəyyən sahələrdə (məsələn, vergi, xidmətlər, infrastruktur, işçi qüvvəsi və s.) müvafiq stimullar nəzərdə tutmaqla, onları öz məqsədləri üçün əlverişli olan hərəkətlərə təhrik edə bilərlər.
Bununla belə, qloballaşma, eyni zamanda, müxtəlif, xüsusən də kiçik, "dar" daxili bazarı olan ölkələrin iqtisadiyyatlarının sabit və təklükəsiz inkişafı üçün yeni təhdid və təhlükələr doğurur. O, milli iqtisadiyyatı dünya əmtəə və maliyyə bazarlarında baş verən neqativ proseslər qarşısında zəiflədir. Qloballaşmanın digər bir təhlükəsi milli dövlət müstəqilliyinin xarici kapitalın və transmilli strukturların təzyiqi altında laxlamasıdır. Lakin qloballaşma milli iqtisadiyyat üçün əsas təhlükəni bu gün artıq dünya iqtisadiyyatının ayrılmaz səciyyəvi xüsusiyyətinə çevrilən artmaqda olan beynəlxalq rəqabət vasitəsilə yaradır. Rəqabət artıq çoxdan ayrı-ayrı şirkətlərin hüdudlarından kənara çıxaraq, ölkələrarası səciyyə kəsb etmişdir.
Çeşidli iqtisadi, tarixi, sosial və siyasi səbəblər üzündən, postsovet iqtisadiyyatlarının əksəriyyəti elə əvvəldən qlobal iqtisadiyyatın hissələri, özəkləri kimi formalaşıb. Milli valyutaların azad mübadiləsinin və ödəniş balansının cari hesabının liberallaşdırılmasının qiymətlərin liberallaşdırılması və xarici ticarət sektorunun kifayət qədər yüksək açıqlıq səviyyəsilə əlaqəli dəstəklənməsi vasitəsilə milli iqtisadiyyatlar, milli istehsalçılar məsrəflər üzrə real zaman rejimində qlobal rəqabət durumuna salınıb. İnkişafın gerçək konteksti qismində, əslində, milli yox, qlobal iqtisadiyyat çıxış edir ki, orada özünün istehsal məsrəfləri üzrə qlobal rəqabət qabiliyyətini təmin etməyə qadir olan istehsalçılar və şirkətlər qalib gəlir.
Azərbaycan öz iqtisadiyyatını kifayət qədər ardıcıl şəkildə yenidən quraraq, onu qloballaşma prosesinin tələblərinə uyğunlaşdırmağa can atır. Ölkəmiz qlobal enerji və kommunikasiya layihələrində fəal iştirak edir: Xəzərin karbohidrogen yataqlarının işlənməsinə dair Azərbaycanla dünyanın aparıcı neft şirkətləri arasında bağlanan "Əsrin müqaviləsi" uğurla gerçəkləşdirilir, "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi-Ərzurum" boru kəmərləri istifadəyə verilib, "İpək yolu" bərpa edilir, "Bakı-Tbilisi-Qars" dəmir yolu magistralı çəkilir.
Son iki il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən yüksək templərlə artmaqdadır. Belə ki, 2005-ci ildə ÜDM-in artımı 26,4%, 2006-cı ildə isə 34,5% təşkil edib. Keçən il milli iqtisadiyyata $6,7 mlrd. sərmayə yatırılıb. Lakin neft-qaz və kommunikasiya layihələri uğurla başa çatdırıldığından, təbii ki, gələn ildən etibarən ölkə iqtisadiyyatının bu sektoruna sərmayə qoyuluşları da azalacaq. Belə bir şəraitdə, investisiya proseslərinin fəallaşdırılmasına yeni yanaşma, iqtisadi inkişafın dünyada müsbət cəhətdən tanınan yeni vasitələrindən istifadə məsələsi kifayət qədər kəskin şəkildə meydana çıxır. Fikrimizcə, onların arasında sərmayələrin cəlb edilməsinin azad iqtisadi zonalar (AİZ) yaradılması kimi mexanizmini fərqləndirmək zəruridir.
Bununla əlaqədar, Azərbaycan Prezidenti İ.Əliyevin "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonalar yaradılması haqqında" 6 mart 2007-ci il tarixli Fərmanı kifayət qədər vaxtında verilib və ölkənin inkişafı üçün yeni bir təkandır.
Xarici ölkələrin təcrübəsinə müraciət edək.
Müxtəlif məlumatlara görə, hazırda dünyada 400-dən 2000-ə qədər azad iqtisadi zona fəaliyyət göstərir. Məqsəd və vəzifələrindən asılı olaraq, AİZ-ləri aşağıdakı əsas tiplərə bölmək olar:
- istehsal səciyyəli kompleks zonalar;
- xarici ticarət zonaları (azad gömrük zonaları, o cümlədən ixrac istehsalı və tranzit);
- funksional və ya sahə (texnoloji parklar, texnopolislər, turist və s.).
Konkret məqsədlər üçün zona tipinin seçilməsinə müəyyən amillər təsir göstərir. Belə ki, nəqliyyat, idxal-ixrac zonaları üçün iri nəqliyyat qovşağının olması zəruridir. Bir qayda olaraq, onlar dəniz limanları, dəmir yolu və hava limanına malik dənizkənarı şəhərlərdə yerləşirlər. Texnopark və texnopolis tipli zonaların yaradılması üçün inkişaf etmiş elmi-istehsalat bazası və ixtisaslı işçi qüvvəsi lazımdır. Turist zonalarının təşkili mədəni və tarixi mərkəzlərin, balneoloji kurortların, turistlər üçün cəlbedici landşaftların, inkişaf etmiş infrastrukturun olması zəruridir.
ABŞ və digər kapitalist ölkələrində azad iqtisadi zonalar
AİZ ilk dəfə 1934-cü ildə ABŞ-da xarici ticarət zonaları şəklində yaradılıb. Onların məqsədi xarici iqtisadi fəaliyyəti gömrük xərclərinin azaldılmasının səmərəli mexanizmlərindən istifadə yolu ilə fəallaşdırmaq idi. Bu zaman, əsasən, avtomobil istehsalı üçün detal və komponentlərin idxal tariflərinin azaldılması nəzərdə tutulurdu. Anbarlar, tərsanələr, hava limanları xarici ticarət zonalarına çevrilmişdi. Zonaya idxal olunan əmtəələr sonradan üçüncü ölkəyə göndərildiyi halda, həmin zonalarda fəaliyyət göstərən müəssisələr ABŞ-ın gömrük nəzarətindən kənarlaşdırılırdı. Gömrük xərcləri ABŞ şirkətlərinin məhsulları zonada sonradan ixrac edilmək üçün "tamamlandığı" hallarda da azaldılırdı. Əmtəələr zonadan ABŞ-a göndərildiyi hallarda isə onlar mütləq ölkə qanunvericiliyində nəzərdə tutulan bütün gömrük prosedurlarını keçirdi.
1957-ci ildə İrlandiyada mərkəzi "Şennon" hava limanı olmaqla əlverişli şərait zonasının yaradılması azad iqtisadi zonaların uğurlu variantlarından oldu. Zonanın sahəsi cəmi 15 ha təşkil edirdi. Qarşıya sadə bir məqsəd qoyulmuşdu: əlavə olaraq 300 yeni iş yeri əldə etmək. Lakin bu, nəticənin gözlənilənlərdən qat-qat üstün olduğu hallara örnəkdir.
1967-ci ildə Braziliyada başqa tipli azad iqtisadi zona yaradıldı - "Azad Manaus (Amazoniya) zonasının sənaye dairəsi". Məqsəd - sənaye istehsalının inkişafını stimullaşdırmaq; əsas vasitə - vergi güzəştləri. Bu zona sürətlə inkişaf etdi ki, bu da bütün Braziliya iqtisadiyyatının sağlamlaşmasına önəmli təsir göstərdi. AİZ-in özəyi məhsulları Braziliyanın özündə istehlak edilən təxminən, 30 xammal və yanacaq-enerji sahəsi oldu. Zonanın istehsalında ixrac cəmi 3-5% təşkil edirdi.
Cənubi Koreya, Malayziya, Sinqapur, Honkonqda əmtəələrin ixracına istiqamətlənən "nöqtəvari" zonalar fəaliyyət göstərir.
Elmi-texniki zonalar sürətlə inkişaf etməkdədir. 1973-cü ildə ABŞ-dakı 84 belə zonada 142 min fəhlə və 45 min alim çalışırdı. ABŞ-da ən iri elmi-texniki zona Silikon-Vellsdir ("Silikon vadisi"). Bu zona hesablama texnikası və kompüterlərin dünya istehsalının 20%-ni təmin edir. Yaxın zamanlarda ABŞ-da minə qədər AİZ yaratmaq planlaşdırılır. Bu zaman sərmayə yatırımının həcmi 3 mlrd dollardan artıq olmalıdır, 100 mindən artıq əlavə iş yeri açılmalıdır.
1985-ci ildə Hollandiya və AFR-də, müvafiq olaraq, 45 və 50 texnopark var idi, üstəlik, hər ölkədə daha 100 texnopark açılması planlaşdırılırdı. Yaponiyada aparıcı elmi qurumların bazasında 14 bölgədə 18 texnopark yaradılır. Ən iri Tsikuba" texnoparkı 145 min nəfəri işlə təmin edir. İngiltərədə 25-dən çox zona və texnopark var ki, onların sayəsində 18,4 mindən artıq iş yeri yaradılıb.
Postsosialist ölkələrində azad iqtisadi zonalar
Xarici ticarət zonaları yaratmaq təcrübəsi postsosialist ölkələrində, məsələn, Rusiyada da var. Belə ki, xarici ticarət zonalarına aşağıdakılar aiddir: "Şerri-zona" azad ticarət zonası ("Şeremetyevo" hava limanı yaxınlığında), "Moskva Franko-Portu" azad gömrük zonaları ("Vnukovo" hava limanı yaxınlığında), "Franko Port Terminal" (Moskvanın qərb çay limanı ərazisində).
1978-ci ildə Çində 14 sahilboyu şəhərdə azad iqtisadi zona yaradıldı. Məqsəd xarici ticarəti inkişaf etdirmək, əsas alət isə vergi və gömrük güzəştləri idi. Təşəkkül dövründə zonanın hər hektarına, təxminən, $15-17 mln vəsait yatırılırdı. AİZ-lərin sayı durmadan artırdı və 2006-cı ildə Çində ÜDM-in 80%-i azad iqtisadi zonalarda istehsal olundu.
Offşor zonalar AİZ-lərin bir növü kimi
Offşor zonaları beynəlxalq maliyyə əməliyyatlarına xidmət göstərən özünəməxsus maliyyə mərkəzləri qismində çıxış edir. Offşor mərkəzlərinə, ilk növbədə, ada əraziləri nümunədir - Antil, Baham, Bermud, Virciniya, Kayman, Kipr, Malta, İrlandiya adaları, Liberiya, Livan və bir sıra başqa ölkələr.
Offşor zonalar onlardan istifadə edən təsərrüfat agentlərinə aşağıdakı üstünlükləri verir: vergi güzəştləri, valyuta nəzarətinin, demək olar ki, olmaması, rezidentlərlə istənilən xarici valyutada əməliyyatlar aparmaq imkanı, xərclərin yerindəcə silinməsi, anonimlik, maliyyə əməliyyatlarının gizli qalması (əsasən, yalnız hakimiyyət orqanlarının narkobizneslə bağlı şübhəli əməliyyatlar barədə məlumatlandırmaq barədə tələbi qüvvədədir). Bu zaman ssuda kapitallarının daxili bazarı rezidentlərin hesablarından təcrid edilir. Məsələ ondadır ki, offşorun klassik variantı offşor zonasında yalnız qeyri-rezidentlərin təsərrüfat və maliyyə fəaliyyətini nəzərdə tutur.
Öz növbəsində, vergi güzəştləri üzrə müxtəlif variantlar mümkündür. İrlandiya və Liberiyanın offşor zonalarında vergi tutulmur, İsveçrədə isə vergilər çox cüzidir. Lixtenşteyn, Antil adaları və Panamanın offşor zonalarında şirkətlərin qeydiyyatı zamanı vergi kimi vahid məbləğ ödənilir (pauşal vergi). Belə zonalarda, adətən, şirkətlərdən qeydiyyat ödənişləri, bank və sığorta lisenziyaları üçün rüsumlar, trast fəaliyyətinə görə rüsum tutulur. Onu da əlavə etmək olar ki, İrlandiya və İsveçrədə offşor şirkətlərindən minimal mühasibat qeydiyyatı tələb edildiyi halda, Antil adaları, Liberiya, Lixtenşteyndə heç bu tələb də yoxdur. Qərbi Samoada mühasibat qeydiyyatının forma və qaydası reqlamentləşdirilməyib və bu, şirkət sahibi tərəfindən seçilir.
Macarıstanın təcrübəsi maraq doğurur: bu ölkədə klassik offşor rejimi həyata keçirilib. Offşor şirkətlər gəlir vergisindən 85% güzəşt əldə edirlər ki, bu da verginin real dərəcəsini 5,4%-ə qədər azaltmağa imkan yaradır. Offşor şirkətinə xarici valyuta ilə əməliyyatlar aparmaq, xarici valyuta ilə əməliyyatları tənzimləyən hakimiyyət orqanlarının xüsusi icazəsi olmadan xarici kreditlər almaq, müəyyən hissəsi macar banklarında olmaq şərtilə, xarici banklarda hesablar açmaq hüququ verilir.
Mütəxəssislərin müşahidələrinə görə, bir çox AİZ özünəməxsus inkişaf "yolu" keçərək, əvvəlcə, anbar və tranzit zonalarından ixrac-istehsalat, daha sonra isə kompleks zonalara çevriliblər. Dünya təcrübəsi göstərir ki, ixrac zonaları olmadığı halda, ölkədən əmtəələrin və xidmətlərin ixracı ildə 7%, belə zonalar olduqda isə 20% artır.
Gördüyümüz kimi, dünya praktikasında AİZ-lər müəyyən məqsədlərlə yaradılır ki, bunlar həm zonaların özlərinin, həm də ölkənin bütün ərazisinin rifah səviyyəsinin yüksəldilməsinə yönəldilib. Belə məqsədlərə, bir qayda olaraq, aşağıdakılar aiddir: xarici ticarət fəaliyyətinin gücləndirilməsi, ixracın həcminin artırılması, əlavə iş yerlərinin açılması, sənaye istehsalının stimullaşdırılması, ölkəyə xarici sərmayələrin cəlb edilməsi, depressiv ərazilərin dirçəldilməsi, bölgələrarası fərqlərin aradan qaldırılması. Əksər hallarda, bu məqsədlərə yetişmək üsulları eynidir - vergi və gömrük güzəştləri, müxtəlif preferensiyalar.
Şübhəsiz, yaxın gələcəkdə AİZ artıq Azərbaycanın da iqtisadi siyasətinin fəal vasitəsi qismində nəzərdən keçirilə bilər.
P.S. Azərbaycanda AİZ yaradılması məsələsinin nə yerdə olması və onların səmərəli fəaliyyəti üçün zəruri tədbirlər barədə jurnalımızın gələn sayında.
MƏSLƏHƏT GÖR: