
XƏZƏR TRANZİTİ UĞRUNDA "SAVAŞ"
Xəzəryanı cəbhədə Rusiya ilə Qərb arasında növbəti "döyüş" başlayır
Müəllif: Samir MİrzƏyev Bakı
Saparmurat Niyazovun - "böyük Türkmənbaşı"nın və ya bəzilərinin adlandırdığı kimi, "Xəzər sultanı"nın qəflətən vəfat etməsi bir çox güc mərkəzlərini çaşqınlıq içində qoydu. Özü də tərs kimi, bu hadisə Qərblə Rusiya arasında enerji sahəsində yaşanan qarşıdurmanın ən qızğın vaxtında baş verdi.
Nəticədə, Avropa İttifaqında (Aİ) Türkmənistanın yeni rəhbərliyinin qismən qərbmeylli olacağına, bununla da Rusiyanın monopoliyasının azaldılacağına ümid yarandı. Başqa sözlə, Aİ Türkmənistanda təzə hakimiyyətin qurulması ilə Avropanın yeni və kifayət qədər güclü "mavi yanacaq" mənbələri əldə edəcəyinə inanmağa başladı. Özü də bu məsələdə avropalıların özündən çox avropalı kimi çıxış edən ABŞ da Aİ-ni dəstəkləyir.
Şübhəsiz ki, Azərbaycanın Türkiyə ilə boru vasitəsilə birləşən "Şahdəniz" qaz yatağının tam gücü ilə işə düşməsinin ləngiməsi Avropada müəyyən həyəcan, Rusiyada isə əksinə, sevinc yaradır. Halbuki bu yataq istənilən halda, dünyada ən çox qaz ehtiyatlarına malik olan Rusiya ilə rəqabət aparmaq üçün kifayət deyil. Amma qaz ehtiyatlarının həcminə görə dünyada dördüncü yeri tutan Türkmənistanla bağlı vəziyyət fərqlidir.
Mərhum Türkmənbaşının dövründə Moskva bununla bağlı heç bir narahatlıq keçirmirdi. Çünki Niyazov ölkəsinin qaz ixracının bir hissəsini Qərbə tərəf yönəltməyi ağlına belə gətirmirdi: bu proses birmənalı olaraq, "Qazprom" vasitəsilə reallaşırdı və tərəflər arasında 2028-ci ilədək qüvvədə olan sazişə əsasən, bu cür də davam edəcəkdi.
Üstəlik, Türkmənistanla Azərbaycan arasında Transxəzər qaz kəmərinin çəkilişi ideyası hələ 1998-ci ildə Niyazov tərəfindən "dəfn edilmişdi".
Bir sözlə, hər şey plan üzrə gedirdi. Amma...
Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, bu layihə vaxtından əvvəl "dəfn edilib" və o, "koma" vəziyyətindən ayılaraq, yenidən "reanimasiyaya köçürülə bilər".
Berdımuhammedov bir tərəfdən istəyir,
digər tərəfdənsə çəkinir...
Türkmənistanın yeni lideri Qurbanqulu Berdımuhammedov özündən əvvəlki prezidentlə müqayisədə daha liberal siyasətçi təsiri bağışlayır. Hələlik yeni dövlət başçısının yürütdüyü siyasət haqda fikir söyləmək tez olsa da, onun ölkəsində və həyata keçirilən xarici siyasətdə müəyyən dəyişiklikləri görməmək mümkün deyil. Hər halda, Berdımuhammedovun prezident olandan dərhal sonra Türkmənbaşının ideologiyası və siyasətindən tam imtina edəcə-yini gözləmək sadəlövhlük olardı. Axı yeni prezidentin özü də həmin ideologiyanın və sistemin yetirməsidir.
Amma istənilən halda, yeni türkmən liderinin yeniliklərlə bağlı səsləndirdiyi bəyanatlar söz olaraq qalmayıb. Rəsmi Aşqabad əvvəllər ümumiyyətlə rast gəlinməyən addım ataraq, öz qapılarını Türkmənis-tanın enerji sahəsində orientasiyasının qismən də olsa dəyişəcəyinə ümid edən Qərb siyasətçiləri və elçiləri üçün açıq elan edib.
Qısa müddət ərzində Q.Berdımuhammedovun görüşdüyü Avropanın yüksək ranqlı siyasətçilərinin sayı mərhum Türkmənbaşının görüşdüyü şəxslərin sayından qat-qat çoxdur. Və belə bir vəziyyətdə ortaya məntiqi bir sual çıxır: Şərqi Xəzər enerji tranzitinin kursunda dəyişiklik olacaqmı?
Bu sualın meydana çıxmasına Türkmənistan prezidentinin özü şərait yaradıb. Hökumətin ilk toplantısında qarşıya qoyulan prioritetlər haqda danışan dövlət başçısı ilk yerdə xarici siyasətin dayandığını söyləyib. Vacibliyinə görə, ikinci yerdə Berdımuhammedov yanacaq-energetika kompleksinin inkişafını göstərib. Aydındır ki, bu gün bu iki xətt arasında dəqiq sərhəd müəyyənləşdirmək çətindir. O da məlumdur ki, xarici nümayəndə heyətlərinin Türkmənistan hökumətində apardığı danışıqlarda əsas müzakirə obyekti, şübhəsiz ki, karbohidrogen resursları sahəsində əməkdaşlıq məsələsidir.
Bundan başqa, prezident Nazirlər Kabinetinin ilk iclasında onu da bəyan edib ki, Türkmənistanın yanacaq-energetika kompleksi Saparmurat Niyazov tərəfindən hazırlanmış "YEK-in 2030-cu ildədək inkişaf planı" əsasında həyata keçiriləcək. Bu proqrama əsasən, qazma-kəşfiyyat işlərinin, həmçinin, ölkə ərazisində yeraltı geoloji quruluşun öyrənilməsi üçün geofiziki tədqiqatların xeyli artırılması nəzərdə tutulur. Türkmənistanın xarici siyasətinə gəlincə, Berdımuhammedov bəyan edib ki, ölkənin əsas neft-qaz tərəfdaşları ilə qüvvədə olan müqavilələr bundan sonra da işləyəcək, eyni zamanda, bütün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək.
Bütün bunlarla yanaşı, bir məqam aydındır: Türkmənistan qazının yalnız Rusiya istiqamətində nəqli, birmənalı olaraq, siyasi səbəblə bağlıdır. Türkmənbaşı demokratik Qərb və onun siyasi məqsədlərindən ehtiyatlanırdı və məhz bu səbəbdən Qərblə məsafə saxlayaraq, qazı güzəştli qiymətlərlə Rusiyaya satmağa üstünlük verirdi. Bu isə təbii ki, həm özünün qazını, həm də Türkmənistanın "mavi yanacaq"ını Qərb və postsovet bazarlarına nəql etməklə monopolistə çevrilən Rusiyaya tam sərf edir.
İqtisadiyyatı bərbad, əhalisi isə yoxsul olan bir ölkəni "təhvil almış" yeni prezident isə anlayır ki, "dağ Məhəmmədin yanına gəlmirsə, Məhəmməd dağın yanına gedir". O, bundan sonra da tam təcrid vəziyyətdə və Rusiyadan asılı durumda yaşamağın çətinliyini anlayır. Yəni, hazırda Qərb demokratiyasını Türkmənistandan bir neçə yüz kilometrlik Xəzər suları ayırırsa, gələcəkdə vəziyyət kökündən dəyişə bilər. Xüsusilə də, cənubda, Əfqanıstanda artıq amerikalıların yerləşdiyini, digər qonşu - İranın da eyni perspektivlə üzləşə biləcəyini nəzərə almamaq mümkün deyil.
Üstəlik, Qərb bazarından əldə olunacaq gəlirlər Rusiyadan axan vəsaitdən müqayisəolunmaz dərəcədə artıq ola bilər. Bundan başqa, Türkmənistanın yeni lideri anlamalıdır və yəqin anlayır ki, çox da uzaq olmayan Qırğızıstanda Rusiya ilə Qərbin mövqelərinin toqquşması nəticəsində yaşananlar nə vaxtsa onun ölkəsində də yaşana bilər. Habelə, Türkmənistanda əhalinin sosial-iqtisadi durumunun getdikcə daha da pisləşdiyi heç kəs üçün sirr deyil.
Bir sözlə, möhkəm qapadılmış sərhədlər siyasi kataklizmlərdən xilas yolu sayıla bilməz. Bundan başqa, Qərbə tərəf müəyyən qədər siyasi meyletmə qarşılıqlı iqtisadi səmərəliliklə yanaşı, Aşqabad hakimiyyətinin təhlükəsizliyinə də zəmanət verə, onu Moskvanın siyasi elitasının təsirlərindən qoruya bilər. Buna əmin olmaq üçün elə də uzağa getməyə ehtiyac yoxdur: Berdımuhammedov artıq əmindir ki, daxili siyasi vəziyyəti demokratiyadan uzaq olan ölkələrin Qərbə tərəf istiqamətlənməsi bu dövlətlərin hakimiyyət elitasını yalnız möhkəmləndirir.
Avropaya Azərbaycan pəncərəsi
Müəyyən əminliklə söyləmək olar ki, Türkmənistanın yeni prezidenti artıq mərhum Niyazovun "dəfn etdiyi" "Transxəzər qaz kəməri" adlı layihəni yenidən, ən azı, öyrənməyə başlayıb. Özü də bu addımı atmağa Aşqabadı avropalılardan çox ABŞ sövq edir. Məsələn, bu günlərdə Birləşmiş Ştatların Qazaxıstandakı səfiri Con Orduey Xəzəryanı ölkələrə Transxəzər qaz kəmərinin tikintisinə başlamağı məsləhət bilib. Onun fikrincə, proses artıq indidən başlanmalıdır və bunun üçün Xəzər dənizinin hüquqi statusuna dair beştərəfli Konvensiyanın imzalanmasını gözləməyə ehtiyac yoxdur. "Rusiya, Qazaxıstan və Azərbaycan artıq Xəzər resurslarının sualtı tədqiqatını həyata keçirir. Transxəzər boruları da artıq mövcuddur... Əgər Transxəzər qaz kəmərinin çəkilməsinə razılıq verən iki və ya üç ölkə tapılarsa, bu situasiya Rusiya, Qazaxıstan və Azərbaycanın Xəzərin öz sektorlarına aid şelfində resursların öyrənilməsi ilə bağlı əldə etdikləri razılaşmadan fərqlənməyəcək", - deyə amerikalı diplomat bildirib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Metyu Brayzanın fikirləri də səfirin söylədiklərindən ciddi fərqlənmir. Brayza bildirib ki, Corc Buş administrasiyası Türkmənistanla münasibətlərini normallaşdırmağa çalışır və Aşqabadla əlaqələr baxımından "tamamilə yeni səhifə"nin açılacağına ümid edir. Dövlət katibinin müavininin sözlərinə görə, Türkmənistan-Amerika əlaqələrinin genişləndirilməsində əsas diqqət energetika sahəsində əməkdaşlığa yönəldiləcək.
Qeyd etmək lazımdır ki, Metyu Brayza bu bəyanatı səsləndirmək üçün son dərəcə vacib an seçib: onun bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkmənistana səfərindən sonraya təsadüf edib, Qurbanqulu Berdımuhammedovun aprelin 23-24-də baş tutmuş Moskva səfərinə hazırlıq dönəmində səsləndirilib.
Britaniyanın "İndependent" qəzetinə müsahibəsində Brayza Rusiyanın Mərkəzi Asiyadan təbii qazı hər min kubmetrinə görə 100 dollara alaraq, Avropa şirkətlərinə 300 dollara satdığını xatırladıb (yeri gəlmişkən, bu iqtisadi məqsədəuyğunluq məsələsi haqda da yeni türkmən liderinin düşünməsi lazımdır - red.).
Amerikalı diplomatın sözlərinə görə, Türkmənistanla Avropa ölkələri arasında münasibətlərin inkişafına mane olan səbəblərdən biri "Mərkəzi Asiyaya məxsus enerji daşıyıcılarının nəqlinə Rusiyanın nəzarət etməsidir". Brayza qeyd edib ki, məhz bu səbəbdən Vaşinqton Türkmənistanın enerji nəqli məsələsində Rusiyadan asılılığını azaltmağa çalışır və bunun Transxəzər qaz kəməri vasitəsilə həyata keçirilməsini məqsədəuyğun sayır.
Xatırladaq ki, martın ortalarında Aşqabadda ABŞ-ın başçılıgı ilə türkmən qazının sözügedən boru xəttilə nəqlinə dair ilk müzakirələr artıq baş tutub. Danışıqlarda ABŞ-la yanaşı, Böyük Britaniya, Yunanıstan və Azərbaycan nümayəndələri də iştirak ediblər. İlkin nəticələrə görə, Türkmənistanın "mavi yanacaq"ı Azərbaycan və Gürcüstan vasitəsilə Avropa bazarlarına çıxarmağa razılıq verdiyini söyləmək olar.
Növbəti mərhələ - Xəzərin statusu
Amma Transxəzər qaz borusunun tikintisinə mane olan daha bir ciddi məqam var. Çünki bu layihənin reallaşması üçün yalnız Türkmənistandan çəkiləcək qaz kəməri kifayət deyil. Hazırda Qazaxıstandan kəmərin çəkilməsi də gündəlikdədir. Məlum olduğu kimi, Nursultan Nazarbayevin ölkəsinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması ilə bağlı razılaşmanı imzalaması Moskva tərəfindən narazılıqla qarşılanıb. Buna görə də Kremlin Qazaxıstana mənfi münasibətinin artacağından ehtiyatlanan Nazarbayev Transxəzər layihəsinə müəyyən qədər skeptik yanaşır və buna səbəb kimi, diplomatikcəsinə, Xəzərin hüquqi statusunun müəyyənləşməməsini göstərir.
Amma məlumdur ki, bu problem ən azı Rusiya, Qazaxıstan və Azərbaycan arasında həllini tapıb və dənizin dibi ikitərəfli razılaşmalar əsasında bölünüb. Həmişəki kimi, problemin tam həllində əsas maneə Türkmənistan və İranın mövqeyidir. Bir məqam da aydındır ki, Türkmənistan birtərəfli qaydada üç postsovet ölkəsinin razılaşmasına qoşularsa, İranın başqa çıxış yolu qalmayacaq.
Digər tərəfdən, İranın bütün Xəzəryanı ölkələrlə bərabər paya sahib olma ideyası Aşqabada sərf etmir. Çünki belə olarsa, Türkmənistan SSRİ-nin dağılmasınadək malik olduğu xeyli əraziləri itirməli olacaq.
Odur ki Berdımuhammedovun aprelin 11-də Türkmənistanın Xəzər dənizilə bağlı problemi müzakirə etmək məqsədilə qurumlararası komissiyanın yaradılması haqda sərəncamı ciddi hadisə sayıla bilər. Qeyd edək ki, bununla rəsmi Aşqabad uzun sürən fasilədən sonra, Xəzərin statusuna dair digər 4 sahilyanı ölkə ilə müzakirələri bərpa edir.
Əlbəttə, beş Xəzəryanı ölkədən dördünün razılığı hələ Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması üçün kifayət deyil. Amma bununla iş, de-fakto, görüləcək. Getdikcə daha ciddi beynəlxalq təcrid vəziyyətinə düşən İran isə, məsələn, hərbi gəmilərinin Azərbaycanın geoloji tədqiqat gəmilərini Xəzərin cənub sektorundan qovması kimi bir vaxtlar atdığı sərt addımlardan artıq çəkinəcək.
Diplomatik mübarizə hələ qarşıdadır
Şübhə doğurmur ki, Qurbanqulu Berdımuhammedovun Moskvaya səfərindən sonra Azərbaycan istiqamətində Transxəzər qaz borusunun çəkilməsinə dair skeptik rəylər çoxalacaq. Amma tarix, xüsusilə də yeni tarix göstərir ki, siyasətdə qeyri-mümkün heç nə yoxdur. Axı 1994-cü ildə heç kim düşünməzdi ki, illər keçdikdən sonra Rusiya Qazaxıstan və Azərbaycanda Xəzərin məhz Bakının tələb etdiyi formada bölüşdürülməsinə dair ikitərəfli sazişlərə imza atacaq. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası ilə bağlı da kifayət qədər şübhələr var idi...
Odur ki sualtı enerji magistralının çəkilməsi ideyasının tərəfdarlarının gələcəkdə qarşıya qoyulan məqsədə nail olacaqlarına inam və şans var. Bu məsələ ilə bağlı rəsmi Bakının daha praqmatik mövqeyi Rusiyanın postsovet məkanındakı siyasi arenada əsas rəqibləri olan Avropa və ABŞ tərəfindən dəstəklənir. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun bu günlərdə Qərb dövlətlərini Mərkəzi Asiyaya məxsus enerji daşıyıcılarını Rusiyanın vasitəçiliyi olmadan almağa çağırması da təsadüfi deyil. Çoxları Əzimovun bu bəyanatını "açıq və birtərəfli, bu səbəbdən də Moskva üçün təhlükəli çağırış" kimi qiymətləndirib. Amma məsələyə dərindən yanaşılsa və Azərbaycanın ehtiyatlı və praqmatik siyasəti düzgün qiymətləndirilsə, Bakı rəsmilərinin belə bəyanatları heç vaxt boş yerə səsləndirmədikləri üzə çıxar. Bir məqamı xatırlatmaq kifayətdir ki, Qurbanqulu Berdımuhammedovun Moskvaya rəsmi səfəri başlanan gün Lüksemburqda Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurası Mərkəzi Asiya üçün strategiya layihəsinin müzakirəsinə başlayıb. Almaniyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vilqelm Şenfelderin sözlərinə görə, sözügedən strategiya Rusiyaya qarşı yönəlməsə də, orada Transxəzər qaz kəmərinin tikintisi nəzərdə tutulur.
Əlbəttə ki, Rusiya üzləşdiyi iqtisadi və siyasi itkiləri cavabsız qoymayacaq. Axı Berdımuhammedovun Xəzər dənizi ilə bağlı danışıqların aparılması məqsədilə komissiya yaratması Aşqabadın Transxəzər qaz borusu layihəsinə qoşulmaq fikrində olduğunu göstərir.
Rusiyanın Strateji Tədqiqatlar İnstitutunun eksperti Acar Kurtovun sözlərinə görə, bu layihənin reallaşmasına Moskva yalnız bir yolla mane ola bilər: "Rusiyanın bir çıxış yolu qalır: Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya dənizin dibi ilə boru kəmərinin çəkilməsinin yalnız bütün Xəzəryanı ölkələrin razılığı ilə mümkün olması haqda bənd əlavə etmək". Onun fikrincə, bu məsələdə İran Rusiyanı dəstəkləcəyək və ediləcək güzəştlərin miqyasından asılı olaraq, Türkmənistan da eyni mövqe tuta bilər: "Rusiya Aşqabadın mübahisəli yataqları Azərbaycandan almasına kömək edə bilərdi. Düzdür, bu gün Moskvanın Bakıya təzyiq göstərməsi üçün real rıçaqları yoxdur. Amma onun Xəzərin Türkmənistana aid şelfində neft axtarışına başlamaq imkanı var. LUKOYL artıq belə niyyətdə olduğunu açıqlayıb. Aprelin 19-da Berdımuhammedov AFK "Sistema"nı ölkəsinə çağırıb və bu, Rusiya üçün çox vacibdir. Şelfdən sahilə boru kəməri gəlməsə də, Rusiya onu öz hesabına tikməyi təklif edə bilər".
İkinci vacib məqam "Qazprom"la 2028-ci ilədək nəzərdə tutulan müqavilənin təsdiq edilməsidir. Türkmənistan prezidenti artıq bunu sözdə edib və yalnız deklarasiyanın imzalanması qalıb. "Bu, Rusiyanın Türkmənistanı öz dairəsində saxlamasına, hətta bəlkə də Aşqabadın "qaz OPEK"inə cəlb olunmasına kömək edəcək", - deyə Karneqi Moskva Mərkəzinin eksperti Aleksey Malaşenko bildirib. Onun sözlərinə görə, tərəflər arasında Türkmənistan qazının Rusiyadan keçməklə Ukraynaya nəqli məsələsi müzakirə oluna bilər və bu zaman tərəflər "status-kvo"nu saxlayarsa, bu, Kiyevin Rusiyanın qaz nəqlindən asılılığını qoruyacaq.
Bununla yanaşı, Aşqabadın birmənalı olaraq Rusiya tranzitinə yönəlməyəcəyi də məlumdur. Belə ki, artıq Türkmənistan Rusiyadan başqa, digər səmərəli istiqamətlərin mövcudluğu haqda da danışmağa başlayıb. Bu gün hələ 2006-cı ildə Çinlə əldə edilmiş razılaşmanın reallaşdırılması istiqamətində fəal iş aparılır. Qeyd edək ki, sözügedən razılaşmaya əsasən, Çin Milli Neft-Qaz Korporasiyası (CNPC) 2008-ci ilin sonuna öz ərazisində boru kəməri tikəcək və 2009-cu ilin əvvəlindən etibarən Türkmənistandan 30 il ərzində hər il 30 milyard kubmetr "mavi yanacaq" alacaq.
Çox güman ki, Türkmənistanın qaz orientasiyası haqda ilk ciddi ehtimalları mayın 13-dən sonra səsləndirmək mümkün olacaq: məhz həmin tarixdə Rusiya prezidenti Vladimir Putinin Aşqabada səfəri nəzərdə tutulub. Kreml sahibinin Türkmənistana gətirəcəyi nümayəndə heyətinin tərkibində "Qazprom"un hazırkı rəhbəri Aleksey Millerin də olacağı gözlənilir...
Hələ hər şey qarşıdadır
Azərbaycan üçün Mərkəzi Asiyaya məxsus istehsal obyektlərinin təmin olunması vacibdir. Əvvəla, bu, iki mövcud boru xəttinin rentabelliyini kifayət qədər artıracaq. Burada ən əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, Qazaxıstan nefti Azərbaycanın öz "qara qızılı"nın azalmağa doğru getdiyi dövrdə əldə olunacaq. Məsələ ondadır ki, Qazaxıstanın açıq və perspektiv neft yataqlarında işlər ləngiyir və yalnız 2012-15-ci illərdə başlanacaq. Bu zaman isə ölkənin etibarlı ixrac yollarına ehtiyacı artacaq. Odur ki hazırda Qərbin də dəstək verdiyi bu istiqamətdə diplomatik səylər artırılmalıdır.
Bütün bunlardan əlavə, Xəzərətrafı dövlətlərin Azərbaycan arteriyasına qoşulması həm də ölkənin siyasi kataklizmlərdən müdafiəsi üçün zəmanət sayıla bilər. Bununla rəsmi Bakı güclü Qərb sipəri yaradacaq. Bu istiqamətdə səylər müsbət nəticə verəcəyi halda isə, Azərbaycan Asiya və Avropa qitələrinin iqtisadi maraqlarını birləşdirən aparıcı halqaya, əsas körpüyə çevriləcək.
MƏSLƏHƏT GÖR: