14 Mart 2025

Cümə, 22:36

KİŞİ VƏ QADIN

Fransada prezidentliyə namizədlərin dairəsi daraldı, həlledici seçim isə mayın 6-da ediləcək

Müəllif:

01.05.2007

Mayın 22-də Fransada keçirilmiş prezident seçkilərinin ilk turu yalnız bu ölkədə yox, bütün dünyada, o cümlədən Azərbayanda da kütləvi informasiya vasitələrinin, siyasətçilərin, analitiklərin və ictimaiyyətin əsas diqqət mərkəzində oldu. Və bu, qətiyyən, təəccüblü deyil. Fransa Avropanın nəhəng dövləti olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının nüvə-raket potensialına malik daimi üzvüdür. Fransada prezident üsul-idarəsinin olduğunu nəzərə alsaq, Yelisey Sarayına kimin rəhbərlik etməsinin Avropa və bütünlükdə dünya siyasəti üçün böyük əhəmiyyət daşımasının səbəbi aydın olar.

Seçkidən əvvəl sosioloqların proqnozlaşdırdığı kimi, səsverməyə qatılan seçicilərin sayı (87%-dən artıq) rekord həddə olub. Buna baxmayaraq, prezidentlik uğrunda mübarizə aparan 12 namizəddən heç biri ilk turda qələbənin təmin edilməsi üçün vacib olan səsi - seçicilərin yarısından artığının dəstəyini qazana bilməyib. Hakim Xalq Hərəkatı Birliyinin namizədi Nikolya Sarkozi 31% səslə birinci yeri tutub, müxalifətçi Sosialist Partiyasının lideri Seqolen Ruayal 26%-ə yaxın seçicinin dəstəyini qazanaraq ikinci olub. Üçüncü yerdə mərkəzçi-demokratların namizədi Fransua Bayru gəlir - 18,5%. İfrat sağçı - Milli Cəbhənin lideri Le Pen isə 10,5% səs toplayaraq seçkini dördüncü yerdə başa vurub. Yerdə qalan səkkiz namizəd ciddi dəstək ala bilməyib. Beləliklə, mayın 6-da fransalı seçicilər yenidən seçki məntəqələrinə gələrək həlledici seçim etməli olacaqlar.

Müşahidəçilərin fikrincə, seçkidə seçici fəallığının bu dərəcə yüksək olması yalnız namizədlərin rəqabətinin kəs-kinliyi ilə yox, həm də Fransanın siyasi elitasında nəsil dəyişikliyi ilə bağlıdır. Belə ki, indiyədək ölkə prezidentlərinin hamısı 60 yaşdan yuxarı şəxslər olub. İndi isə əsas mübarizə 51 yaşlı Sarkozi və 53 yaşlı Ruayal arasında gedir. Üstəlik, Ruayal Fransa tarixində prezident seçkisinin ikinci turuna keçən ilk qadın namizəd kimi də yadda qalıb. Onun uğuru eyni zamanda sosialistlərin uğurudur. Xatırladaq ki, bundanəvvəlki prezident seçkisində bu partiyadan olan namizəd biabırçı məğlubiyyətə uğrayaraq, ultrasağçıların lideri Le Pennin ikinci tura keçməsinə imkan vermişdi.

Yeri gəlmişkən, Seqolen Ruayal Seneqalın paytaxtı Dakarda katolik general ailəsində dünyaya göz açıb. Yüksək səviyyəli təhsil almış Ruayal əvvəlcə Nansi Universitetini, daha sonra isə faktik olaraq Fransanın isteblişmentində təmsil olunan bütün şəxslər kimi, Parisdəki Administrasiya Milli Məktəbini bitirib. O, 6 il prezident Mitteranın köməkçisi kimi çalışıb. Sonradan Mitteranın əli ilə əvvəlcə məktəb təhsili naziri, daha sonra ailə və uşaq məsələləri üzrə nazir olan Ruayal parlamentin deputatı da seçilib. 2004-cü ildə o, Fransanın Puatu-Şarant regionuna rəhbərlik etməklə, ölkənin 26 regionundan birinə başçılıq edən yeganə qadın kimi yadda qalıb. 

Rəsmi olaraq Ruayal ailə həyatı qurmayıb. Amma onun dörd uşağının atası və vətəndaş nikahında yaşadığı həyat yoldaşı var (o, Sosialist Partiyasının katibidir).

Cazibədar görünüşü olan sosialist lider teleekranlarda və plakatlarda çox gözəl görünür. Mitinqlərdə o, kifayət qədər rabitəsiz, amma qadın kimi ehtiraslı çıxışlar edir. Bu isə seçiciləri ələ almağa kifayət edir. Qeyd edək ki, Ruayal prezident seçkisində qələbə qazanacağı halda müəllimlərin əməkhaqqının, işsizlərə verilən maddi yardımların, həmçinin, yoxsullar üçün nəzərdə tutulan dotasiyaların məbləğini yüksəldəcəyinə söz verib. Ruayal, həmçinin, 25 yaşınadək qızlara hamiləliyin qarşısını alan vasitələrin pulsuz paylanmasını nəzərdə tutan proqramın maliyyələşdiriləcəyini də vəd edib.

Ekspertlərin hesablamalarına görə, sosialist namizədin seçkiöncəsi vədlərinin reallaşdırılması üçün əlavə 30 milyard avro vəsait tələb olunur ki, hazırda Fransanın nəhəng dövlət borclarının olduğu bir şəraitdə, bu vəsaitin tapılacağı inandırıcı görünmür.

Seqolen Ruayalın ərazi bütövlüyü və xarici siyasət kimi həssas məsələlərlə bağlı ehtiyatsız açıqlamaları isə əksər fransızlar arasında, həmçinin bir çox ölkələrdə təəccüb və narazılıq yaradıb.  Məsələn, Kvebek Partiyasının lideri Andre Buakler ilə (bu fransız-kanadalı əhalinin məskunlaşdığı əyalətdə dəfələrlə Fransadan ayrılmaq məsələsi qaldırılıb) Ruayal bəyan edib ki, o, "Kvebekin müstəqilliyi və suverenliyi kimi prinsiplərə tərəfdardır". Məşhur fransız təqlidçisi Cerald Daan bundan sonra sosialist xanımın mobil telefonuna zəng vurub və özünü Kanadanın Kvebek əyalətinin baş naziri Jan Şar kimi təqdim edərək bildirib ki, namizədin əyalətin müstəqilliyi haqda dediyi fikirlər Korsikanın Fransadan ayrılmasına bərabər məsələdir. Ruayal isə zəngə aldanaraq istehza ilə deyib: "Əksər fransızlar buna etiraz etmir. Amma bu haqda heç kimə heç nə deməyin. Əks halda daha bir qalmaqal yaranacaq". 

Həmin telefon danışığının televiziya kanallarında nümayişi zamanı həqiqətən qalmaqal yaşanıb ki, bu, sosialist namizədin imicinə kifayət qədər zərbə vurub.

İkinci tura keçmiş digər namizəd, hakim partiyanın təmsilçisi Nikolya Sarkoziyə gəlincə, o, Parisdə anadan olub. Macar mühacir və fransalı xanımın övladı olan Nikolyanın valideynləri tezliklə boşandıqları üçün onu ana tərəfdən babası (katolikliyi qəbul etmiş yəhudi) böyüdüb. Hüquqi təhsil alan Sarkozi tezliklə özünə siyasi karyera qura bilib. Cəmi 22 yaşında o, bələdiyyə şurasının üzvü olub. Tezliklə Parisin 50 mindən artıq əhalisi olan varlı və nüfuzlu Noeli-na-Sena şəhərciyinin gənc meri kimi fəaliyyətə başlayıb. 1988-ci ildə Fransa mətbuatının tez-tez "Sarko" adlandırdığı Nikolya parlamentə üzv seçilib. Bundan sonra müxtəlif vaxtlarda o, daxili işlər və maliyyə nazirliklərinə rəhbərlik edib. Siyasi karyerasının ilk illərində Jak Şirakın himayəsi altında olan Sarkozinin sonradan prezidentlə münasibətləri korlanıb. Belə ki, Şirak onun "ikiqat xəyanət"ini bağışlamayıb: 12 il əvvəlki prezident seçkisində Sarkozi Şirakdan üz döndərərək, Eduar Balladyürü dəstəkləyib. Amma Şirakın onu bağışlamaması üçün daha ciddi səbəb var. Söhbət Nikolyanın prezidentin kiçik qızı Klodla görüşməsindən, sonradan isə onu ataraq başqa qadınla ailə qurmasından gedir. 

Amma bütün bunlara baxmayaraq, Jak Şirak böyük siya-sətçi kimi, şəxsi hisslərini boğaraq, prezidentliyi dövründə Sarkozinin vacib postlar tutmasına imkan yaradıb.

Bir neçə il əvvəl məhz Şirakın təşəbbüsü ilə Fransada prezidentlik müddəti 7 ildən 5 ilədək azaldılıb. Kənardan bu, demokratik addım kimi görünsə də, qərarın arxasında Şirakın hiyləgər planı dayanırdı. Belə ki, digər ölkələrdən fərqli olaraq, Fransada bir nəfərin dəfələrlə prezident seçilməsinə heç bir məhdudiyyət qoyulmur. Odur ki səlahiyyət müddətinin azaldılmayacağı təqdirdə ölkədə növbəti prezident seçkisi 2009-cu ildə keçirilməli olacaqdı ki, bu halda 77 yaşlı Şirakın daha bir müddətə Yelisey Sarayına rəhbərlik etmək üçün mübarizə aparması mümkünsüz olardı. 2007-ci ildə Şirak ürəyindən daha 5 il müddətinə prezident olmağı keçirirdi. Amma ölkədə əvvəlcə miqrantların törətdiyi iğtişaşlar, daha sonra isə yaşanan tələbə etirazları bu planı pozdu. Eyni zamanda, Şirakın səhhəti də tam qaydasında deyil. Nəticədə, bir müddət düşündükdən sonra o, daha bir müddətə prezidentlik uğrunda yarışa qatılmaqdan imtina edərək, Nikolya Sarkozinin namizədliyini dəstəkləmək qərarına gəldi.

Kiçikboylu Sarkozi (cəmi 165 sm) enerjisi və xarizması ilə çoxlarında müsbət təəssürat yaradır. O, sərt və praqmatik siyasətçi, effektli inzibatçı imicinə malikdir. Sarkozi mülayim sağçı elektoratın irəli sürdüyü respublika dəyərlərinin qorunması, konstitusiya, qanunvericilik və sair sahələri əhatə edən suallara adekvat cavab verməyə çalışır. O, "nizam-intizamın və respublikanın" qoruyucusu imicini saxlayaraq, eyni zamanda ənənəvi "sağ-mərkəzçilərə", həmçinin sağçıların Le Pen və onun Milli Cəbhəsini dəstəkləyən hissəsinə üz tutur. Sarkozi Fransanın ən amerikameylli siyasətçisidir və o, Birləşmiş Ştatların dinamik siyasi, iqtisadi və mədəni həyatına valeh olduğunu gizlətmir. Vaşinqtonla daha sıx tərəfdaşlıq münasibətləri qurmaq fikrində olan Nikolyanın bu niyyəti Fransanın ənənəvi avropameylli adətləri ilə o qədər də üst-üstə düşmür.

Seçkinin ilk turunun nəticələri sağçıların solçular üzərində cüzi üstünlüyünün olduğunu üzə çıxarıb. Əgər adi hesablama ilə sağçı və ultrasağçıların səslərini üst-üstə gəlsək, eyni zamanda buraya mərkəzçilərin yarısının səsini əlavə etsək, ikinci turda Sarkozinin qalib olacağı sanki şübhə doğurmur. Ölkədə keçirilən sosioloji sorğularda da eyni nəticə alınır. Belə ki, son sorğular ikinci turda Sarkozinin 54, Ruayalın isə 46 % səs toplayacağını göstərir. 

Amma siyasətin adi hesablamaya yox, cəbrə bənzədilməsi təsadüfi deyil. Odur ki hələ Sarkozinin Ruayalı üstələməsi onun mayın 6-da prezident seçiləcəyini birmənalı söyləməyə əsas vermir.

Belə ki, ikinci turda ilk turda yarışan digər namizədlərin seçimindən çox şey asılı olacaq. Artıq solçu namizədlər sanki qərarını verib. Başda kommunistlərin lideri Mari-Jorj Byuffe olmaqla onların hamısı, eyni zamanda digər qadın namizədlər -Arlett Laqiye, "yaşıllar"ın lideri Dominik Vuane tərəfdarlarını ikinci turda Ruayala səs verərək "Sarko"nun qalibiyyətinin qarşısını almağa çağırıb. Amma bunun da sosialist namizədin qələbə şansını ciddi şəkildə yüksəltməyəcəyi güman edilir.

Sağ cəbhədə hələ ki dəqiq bir qərar yoxdur. Fransalı seçicilərin 10%-dən artığının dəstəyini alan Le Pen bəyan edib ki, qərarını ikinci tura lap az qalmış açıqlayacaq. 

Mərkəzçilərin lideri Fransua Bayru da hələ  "kartları açmağı" düşünmür. Fransa mətbuatının məlumatına görə, o, daha çox Seqolen Ruayalı dəstəkləməyə meylli olsa da, seçicilərinin onunla razılaşıb-razılaşmayacağı məlum deyil. Sorğular göstərir ki, məhz Bayrunun elektoratı qərarsızdır və onların çox az qismi mərkəzçi-demokratların partiya strukturları tərəfindən idarə olunur.

Odur ki Fransada prezident seçkisinin ikinci turunun kifayət qədər gərgin və maraqlı keçəcəyini söyləmək olar. Namizədlər arasında birbaşa debatların da seçici səsi uğrunda kompromissiz keçəcəyi gözlənilir. Belə ki, bir namizədin ciddi səhvi və ya digərinin uğurlu gedişi seçicilərin qərarında həlledici dəyişikliyə səbəb ola bilər. Hər halda, risk edərək, ikinci turda Sarkozinin qalib gələcəyini söyləyə bilərəm. Bununla yanaşı, düşünürəm ki, Ruayalın toplayacağı səs faizi rəqibindən heç də sorğularda əks olunduğu qədər çox olmayacaq və sosialist namizəd çox kiçik fərqlə məğlubiyyətlə barışacaq.

Fransada hakimiyyət dəyişikliyinin və namizədlərdən hər hansının prezident seçilməsinin Paris-Bakı münasibətlərinə necə təsir göstərəcəyi də ayrıca mövzudur. Məlum olduğu kimi, prezident Jak Şirak həm Heydər Əliyevlə, həm də daha sonra İlham Əliyevlə sıx münasibətlər qura bilmişdi. O, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də diqqətlə yanaşırdı. 

İndisə hansı namizədin qalib gələcəyindən asılı olmaya-raq, Azərbaycanın Parisin prioritetləri sırasına düşəcəyi inandırıcı deyil. Hər halda, ilk dövrlərdə bu belə olacaq. 

Məsələ ondadır ki, ikinci tura yüksələn namizədlərdən heç biri türklərə yaxşı münasibət göstərməyib və onların ətrafında nüfuzlu erməni diasporunun nümayəndələri var. Bundan başqa, düşünürəm ki, Sarkozi Yelisey Sarayının yeni sahibi qismində Azərbaycan üçün daha məqsədəuyğundur. Çünki özünün amerikapərəst mövqeyini gizlətməyən sərt və sağçı siyasətçi olan Sarkozi çətin ki Moskva ilə xüsusi münasibətlər qurmağa meylli olsun və onun postsovet məkanında ağalıq etmək niyyətinə göz yumsun. Azərbaycanda bizneslərini inkişaf etdirməyə çalışan iri şirkətlərin, xüsusilə də neft qurumlarının maraqları Sarkoziyə yaxındır və aydındır ki, bu, ölkələrimiz arasında yaxşı qarşılıqlı münasibətlərin qorunması üçün əsas sayıla bilər.

Seqolen Ruayala gəlincə, o, demək olar ki, bütün sosialistlər kimi (məsələn, Almaniyanın sabiq kansleri Herhard Şröder), Atlantika həmrəyliyinə zərbə vurmaq hesabına olsa belə, Rusiya ilə xüsusi münasibətlərin qurulmasında maraqlıdır. Ruayalın seçkiqabağı təbliğatında Ermənistanın "daşnaksütun" partiyasının ona kömək etməsi, Fransa parlamentində isə "erməni soyqırımı"nın inkarı ilə bağlı qalmaqallı qanun layihəsinin təşəbbüskarlarının məhz sosialistlər olması da çox şeydən xəbər verir. Ruayalın separatçı meylləri həvəsləndirən açıqlamaları da narahatlığa əsas verir. Yəni Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, bu bizim üçün qəti arzuolunan deyil. 

Amma eyni zamanda, bu amillərin dramatikləşdirilməsinə də ehtiyac yoxdur. Fransa çox-əsrlik dövlətçilik ənənələrinə malik ölkədir. Odur ki onun başında dayanan insanlar üçün şəxsi amillərin  və simaların vacibliyinə baxmayaraq, ölkələrimiz arasında qarşılıqlı, həmçinin, Aİ çərçivəsində çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi daha yuxarıda dayanacaq.


MƏSLƏHƏT GÖR:

371