16 Mart 2025

Bazar, 00:01

ATƏŞ ALTINDA SƏSVERMƏ

Ermənistanda terror əsas "səsvermə üsulu" olaraq qalmaqdadır

Müəllif:

01.05.2007

Ermənistanda mayın 12-nə nəzərdə tutulan parlament seçkilərinə hazırlıq davam etməkdədir. Həm də kifayət qədər süst keçən seçkiönü kampaniyanın fonunda ölkədə əsl terror dalğası baş qaldırıb.

Bölgədəki KİV-lərin artıq xəbər verdiyi kimi, aprelin 12-si gecə İrəvanda "Çiçəklənən Ermənistan" siyasi partiyasının iki ofisi partladılmışdı. 

"REGNUM" informasiya agentliyinə Ermənistan Baş prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, yerli vaxtla, təxminən, səhər saat dörddə İrəvan Kanaker-Zeytun icmasının polis bölməsinə vətəndaş G.Asatryandan Kanaker-Zeytun İcması Partiyasının "Böyük fəvvarələr" MMC-nin ərazisində yerləşən mərkəzi qərargahının girişində partlayış baş verməsinə dair məlumat daxil olub. Partlayış nəticəsində ofisin giriş qapısı və şüşələri zərər çəkib. 

Elə həmin gün səhər tezdən alınan ikinci məlumata görə, daha bir partlayış da "Çiçəklənən Ermənistan" partiyasının İrəvanın Avan icmasında yerləşən ofisində baş verib. Ofis mağazanın otaqlarının birində yerləşirdi və partlayış nəticəsində həm ofis, həm də mağaza, üstəlik, binanın pəncərələrindəki şüşələr zədələnib. 

Baş verənlərlə əlaqədar, Kanaker-Zeytun və Nor Nork polis bölmələri 185-ci maddənin 2-ci hissəsinin 1-ci bəndi (əmlakın qəsdən məhv edilməsi və ya korlanması) və 235-ci maddənin 1-ci hissəsi (qanunsuz silah və sursat gəzdirilməsi, saxlanması, alınması) ilə cinayət işləri açıb. Lakin Ermənistan hüquq-mühafizə orqanları baş verənləri "terrorçuluq" kimi təsnif etməyə heç də tələsmir. 

Baş verənləri dərhal pisləyən prezident Köçəryan bunları parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmaq cəhdi kimi qiymətləndirdi. Ölkə başçısının mətbuat katibi Viktor Soqomonyanın bildirdiyinə görə, prezident hüquq-mühafizə orqanlarına cinayətin üstünün ən qısa müddətdə açılması üçün bütün lazımi tədbirlər görməyi tapşırıb.

Başqa bir cəhət də göz önündədir. Məlumatlı və nüfuzlu "Vremya Novosti" qəzetinin bu yaxınlarda qeyd etdiyi kimi, "1991-ci ildən mövcud olan ERP-dən fərqli olaraq, "Çiçəklənən Ermənistan" cəmi bir ildən az əvvəl yaradılıb. Buna baxmayaraq, partiya artıq öz sıralarına 300 mindən çox adamı cəlb etməyə nail olub. Partiyaya Ermənistanda ən zəngin şəxs, "Malti Qrup" konserninin prezidenti Qagik Sarukyan rəhbərlik edir. O, parlamentin deputatı və Milli Olimpiya Komitəsinin başçısıdır". Ekspertlərin fikrincə, 12 maydakı parlament seçkilərində Serj Sərkisyanın başçılıq etdiyi hakim Respublikaçılar Partiyasının əsas rəqibi də, güman ki, elə məhz "Çiçəklənən Ermənistan" olacaq.   

Respublikaçılar fraksiyasının bu əməllərini "məqbul olmayan vəhşilik" adlandıran başçısı Qalust Saakyan hadisələrdən dərhal sonra terror aktını pisləyərək bildirdi ki, Gümrü şəhərinin meri Vardan Qukasyana sui-qəsd kimi, "Çiçəklənən Ermənistan"ın ofislərinin partladılması da elektoratın əhval-ruhiyyəsinə, nəticədə isə bütövlükdə seçki prosesinə mənfi təsir göstərəcək. Daha sonra isə o, baş verənlərə haqq qazandırmağa başladı: "Çoxlarında bu insidenti kiminsə ayağına yazmaq həvəsi yaranacağını istisna etmirəm, amma yenə təkrar edirəm: ERP  üzvləri, ən azı, "Çiçəklənən Ermənistan" partiyasının, praktiki, bütün üzvlərilə dostluq münasibətlərindədir, üstəlik, bizim nə ÇE, nə də digər siyasi qüvvələrə qarşı heç bir iddiamız yoxdur".

Beləliklə, o, bu versiyanı İrəvanda  heç kim rəsmən "səsləndirməsə" də, başda Serj Sərkisyan olmaqla, ERP-nin şübhəlilər sırasında birincilərdən olduğunu etiraf etdi.

Jurnalımızda artıq qeyd olunduğu kimi, bəzi məlumatlara görə, Serj Sərkisyan hələ yetmişinci illərdə Moskvada silsilə partlayışlar törədən gizli erməni millətçi hərəkatının üzvü, sonra DTK agenti olub. Daha sonralar, həbsxana "xəbərçisi" kimi, DTK-nın çox məkrli əməliyyatında iştirak edib. Əməliyyat nəticəsində, sovet xüsusi xidmət orqanları və dünya erməni terror təşkilatları arasında "hücum etməmək barədə razılaşma" əldə olundu: DTK ancaq Moskvadakı partlayışların 3 bilavasitə iştirakçısının həbsi və güllələnməsilə kifayətlənərək, bütün şəbəkəyə toxunmadı, ASALA isə özününkülərin intiqamını almamaq və DTK ilə "qarşılıqlı mənfəət əsasında" əməkdaşlıq etmək öhdəliyi götürdü.

Xatırladaq ki, sonralar Serj Sərkisyan artıq Qarabağ müharibəsinin gedişində etnik təmizləmələrdə və Azərbaycan əleyhinə terror aktlarında iştirak edib, nəhayət, Robert Köçəryanın hakimiyyətə gəlişi ərəfəsində Ermənistanda baş verən terror dalğasını da məhz onun adı ilə əlaqələndirirlər.

Lakin burada qeyd etmək yerinə düşərdi ki, "Çiçəklənən Ermənistan"ın ofislərindəki partlayışlar bu qəbildən yeganə presedent deyil. Ötən il dekabrın 20-də  səhər tezdən Armavir vilayəti Nalbandyan kənd icmasının başçısı, "Çiçəklənən Ermənistan" partiyasının üzvu Ronald Mkrtçyan öz evinin astanasında güllələnmişdi.

KİV-də xəbər verildiyi kimi, aprelin 2-də İrəvan-Gümrü avtomobil yolunun 27-ci kilometrində ERP şurası üzvü Vardan Qukasyanın korteji atəşə tutulub: mer yaralanıb, onu müşayiət edən 3 nəfər həlak olub.

Aprelin 7-də baş prokurorluğa Vaqarşapat şəhərinin sakini Avak Kazaryanın məlumatı daxil olub: həmin gün Ermənistan parlamentinin deputatı, sahibkar Akop Akopyan (Çoyt) zor işlətməklə onun atası Saak Kazaryanı oğurlayaraq, oğlunun aprelin 9-da Armavir şəhər məhkəməsinin birinci iclasına gəlməyib deputatın əleyhinə ifadə verməyəcəyi təqdirdə,  ona 5 min dollar hədiyyə etməyi boyun olub.

Nəhayət, aprelin 7-dən 8-nə keçən gecə Eçmiədzin dairəsindən deputatlığa iki namizədlə əlaqədar  daha iki "insident" qeydə alınıb:

Susanna Arutyunyanın müəssisəsinin yandırılması və parlamentin deputatı, Ermənistan Respublika Partiyasının üzvü Akop Akopyanın (Çoyt) avtomobilinin atəşə tutulması. Sadə dildə desək, "Çiçəklənən Ermənistan"ın da, "respublikaçıların"  da nümayəndələrini partladır, yandırır, atəşə tuturlar. Bura daşnaklar istisna olunmaqla, bütün yerdə qalanlar da daxildir, yalnız ona görə ki,  Ermənistanda terror və siyasi qətllər əvvəlki kimi  tamamilə məqbul mübarizə metodu sayılır və heç bir seçkiqabağı kampaniya partlayışsız və atışmasız ötüşmür. Xatırlatmaq artıqdır ki, seçkiqabağı kampaniyanın bu özəlliyi kiminsə "daxili siyasəti" kateqoriyasına aid edilə biləcək məsələ deyil. Hər şeydən əvvəl, terror elə siyasi "virus" deyil ki, müəyyən sərhədlər çərçivəsində saxlana bilsin - tez-gec o, "daşıb-töküləcək", həm də Ermənistanın "xarici" terroru "daxili"dən qat-qat "yaşlıdır": Azərbaycan və Türkiyə əleyhinə terror aktları Ermənistanın özündə qeydə alınan seçkiqabağı teraktlardan xeyli əvvəl törədilirdi. İndi isə bu ölkənin həm də Gürcüstanla münasibətləri, ən azı, ürəkaçan deyil. 

Bundan başqa, seçkiqabağı kampaniya həm də fikirləşmək üçün mühüm siyasi informasiyadır: ölkə daxilində bu və ya digər partiyanın hakimiyyət uğrunda hansı "qaydalarla" mübarizə aparması onun iqtidara gələrək və ya "Olimp"də möhkəmlənərək,  beynəlxalq arenada qaydalara nə dərəcədə riayət edəcəyini anlamağa  yaxşı imkan yaradır.  

Üstəlik, erməni özəlliyi və "həqiqət anı" şəraitində müttəfiqlərə görə siyasi məsuliyyəti də unutmaq olmaz.

Həqiqətən, bu parlament seçkilərinin Ermənistanda ciddi qərbyönümlü əhval-ruhiyyəni ilk dəfə müəyyənləşdirəcəyi, Rusiyanı əldən gedən "forpostu" uğrunda ciddi siyasi savaş gözlədiyi barədə ancaq tənbəllər danışmır. Rusiya jurnalist "desantı" Ermənistanda fəallıq göstərərək, Rusiya və Ermənistanın tarixi dostluğu və "perspektivli siyasətçi" Serj Sərkisyan barədə bir-birinin ardınca reportajlar hazırlayır.

Politoloqlar və analitiklər, gözlənildiyi kimi, daha açıq danışırlar.Vyaçeslav Nikonov  "İzvestiya" səhifələrində Ermənistandakı durumu  şərh edib. Onun fikrincə, "Ermənistan Zaqafqaziyada bizim ən etibarlı tərəfdaşımızdır. O, bölgədə GUAM-a daxil olmayan yeganə ölkədir. Məlum olduğu kimi, bu təşkilat Avrasiyada Rusiya təsirinin məhdudlaşdırılması layihəsidir. Ermənistan bütün postsovet məkanında Rusiyanın ən etibarlı müttəfiqlərindən biridir, MDB, AvrAzES, Kollektiv Təhlükəsizlik  üzrə Razılaşmanın nüvəsinə daxildir. Həm də o, səmimi tərəfdaş və müttəfiqdir, burada antirus əhval-ruhiyyə heç vaxt ictimai şüurda ciddi dəstək tapmır". Nikonov qeyd edir ki, bununla belə, "Birləşmiş Ştatlar Gürcüstanda maksimal möhkəmlənərək və Azərbaycanda mövqelərini genişləndirərək, erməni siyasi səhnəsində də önəmli amilə çevrilir". Sonra o, məsləhətlərə keçir:

"Daim mürəkkəbləşən belə vəziyyətdə, Qafqazdan cənubda hakimiyyət başında bizimlə konstruktiv qarşılıqlı fəaliyyətə köklənmiş siyasi qüvvələri görmək Rusiya üçün çox önəmlidir. Onların avtomatik qalib gələcəyinə ümid etmək  təhlükəli səhvdir. Erməni siyasi tarlasında hər şey elə də sadə deyil".

"Siyasət" fondunun prezidenti sual verir: "Biz Ermənis-tana nə ilə kömək edə bilərik?". Ardınca da davam edir: "Hər şeydən öncə, tərəfdaşımıza məsuliyyətli və diqqətli münasibətlə, erməni tərəfinin siyasi və hətta məişət səviyyəsində ifadə etdiyi narahatlıqları nəzərə almaqla. Burada yaşayan və işləyən ermənilərin hüquqlarını qorumaq, milli mənsubiyyət və ya vətəndaşlıq prinsipinə görə hər hansı diskriminasiyanın qarşısını almaq, onların təhlükəsizliyini təmin etmək Rusiyadan asılıdır". Bundan başqa,  onun fikrincə, "xarici borc əvəzinə və özəlləşdirmə nəticəsində Rusiyanın hüquqi şəxslərinin şəxsi mülkiyyətinə keçmiş müəssisələrdə sərmayə qoyuluşunu və real istehsalın təmin olunması məsələsini mümkün qədər tez həll etmək lazımdır".

Politoloq xatırladır ki, "Təbii qazın qiymətlərinin qaldırılması üzrə tədbirlər Ermənistanda aşkar məyusluq yaratdı". Bundan başqa, Nikonovun fikrincə, "sözün gücünü də unutaq olmaz. Ermənistanda hələ də Rusiyanın sözünə pis yanaşmırlar və bu sözdən də çox şey asılıdır". Vyaçeslav Nikonov Qarabağ, Türkiyə, "soyqırım", "əzabkeş erməni xalqının tarixi hüquqları" və s. barədə bir kəlmə də deməyib.

Bundan başqa, əlamətdardır ki, rusların dəstəyinin  Nikonovun cızdığı  mümkün spektri Sergey Lavrovun Ermənistana bu yaxınlardakı səfəri zamanı müəyyənləşdirdiyi  çərçivədən kənara çıxmır. 

Ekspertlərin əksəriyyəti, hətta Moskva əməliyyatçılarının Ermənistan vətəndaşı Karen Abramyanın qətlinin üstünü  çox tez və qətiyyətlə açmalarında da "siyasi sifariş" axtarmağa meyllidir. KİV xatırladır ki, Abramyana hücum aprelin 16-sı, bazar ertəsi Kedrov küçəsindəki 21 nömrəli evin qarşısında baş verib. Abramyan aldığı çoxsaylı bıçaq zərbələrindən ertəsi gün xəstəxanada keçinib.

Moskva hüquq-mühafizə orqanları isə tezliklə cinayətin açılması barədə raport veriblər və paytaxtın Cənub-Qərb dairəsi prokurorluğunun vəsatətilə 1989-cu il təvəllüdlü, Xabarovsk sakini Artur Rıno və yenə də 1989-cu il təvəllüdlü, moskvalı Pavel Skaçevski barəsində həbs qəti imkan tədbiri seçilib. Hər iki gənc "skinhed"dir və indi onların Moskva ərazisində törədilmiş analoji cinayətlərə aidiyyəti yoxlanılır.

Moskva əməliyyatçılarının operativliyini hakimiyyətin, nəhayət ki, ultramillətçilərlə maraqlandığının ilk  əlaməti saymaq olsa da, "siyasi dönüş"ün  başqa əlamətləri nəzərə çarpmır. Həm də unutmaq olmaz ki, məhz Ermənistan vətəndaşlarının və etnik ermənilərin Moskvada qətlə yetirilməsi  Ermənistanın özündə antirus  münasibətlərin başlıca "detonatorlarından" biri olaraq qalmaqdadır.

Başqa sözlə, Moskva "forpostunu" itirmək niyyətində deyil: Axalkalakidə dislokasiya olunmuş 62 saylı rus hərbi bazası təmsilçisinin "İnterfaks"a verdiyi məlumata görə, aprelin ortalarında hərbi əmlak yüklənmiş növbəti avtomobil karvanı bu şəhərdən çıxaraq Ermənistanın Gümrü şəhərindəki 102 saylı  rus hərbi bazasına  yola düşüb.

Onun sözlərinə görə, "Bu, il ərzində ikinci avtomobil karvanıdır, o, avtomobil xidmətinin və 2007-ci ildə bağlanacaq 62-ci rus hərbi bazasının klub əmlakını Axalkalakidən Gümrüyə aparır". O dəqiqləşdirib ki, karvanın tərkibində 10 "KamAZ" avtomobili var. 

Rusiya hərbçiləri həvəslə izahat verirlər ki, 2007-ci ildə Axalkalakidən Gümrüyə cəmi altı avtomobil karvanı göndərmək planlaşdırılır. Bundan başqa, Gürcüstandan təkcə Rusiyaya deyil, Ermənistana da silah, texnika və rus hərbi bazalarının  avadanlığı yüklənmiş 19 dəmir yolu eşelonu yola düşəcək.

Belə şəraitdə isə Rusiyanın  Ermənistandakı həmin rusiyameylli qüvvələrə - Serj Sərkisyanın "respublikaçıları"na və ya başqa kimlərəsə az, ya çox dərəcədə aşkar dəstək verməkdən başqa fəaliyyət variantı, sadəcə, yoxdur. Deməli, o, həmin qüvvələrin Ermənistanın daxili siyasi arenasındakı bütün hərəkətləri üçün siyasi məsuliyyəti də öz üzərinə götürür. Nəzərə alınsa ki burada terrordan heç kim iyrənmir, Rusiyanın postsovet məkanındakı fəaliyyəti isə dünya KİV-lərinin diqqət mərkəzindədir, sabah "Kreml terrorçuları dəstəkləyir" tipli  iri başlıqların meydana çıxması, ən azı, istisna olunmur.


MƏSLƏHƏT GÖR:

457