
QUBADA ERMƏNİ TERRORU
Qubada aşkarlanan kütləvi məzarlıq Ermənilərin XX əsrin əvvəllərində Azərbaycanlılara qarşı törətdikləri soyqırımının əyani sübutudur
Müəllif: Nicat MÖVSÜMOVA Bakı
Sivil sayılan müasir dünyamızda sivil mübarizə üsulları qəbul edilib. Böyük dövlətlərin rəhbərləri demokratiyadan dəm vurmağı xoşlayırlar. Məsələn, Avropa Şurasında inkişaf etməkdə olan ölkələrdə "təkamül demokratiyası"ndan tez-tez danışılır. Sənaye ölkələrinin liderlərinin sevimli mövzusu terrorçuluqla mübarizədir və hazırda bu mövzu hansısa başqa məqsədlərin gerçəkləşdirilməsini pərdələmək üçün vasitədir.
Terrorçuluğa qarşı tammiqyaslı hücumun başlanğıcı kimi, Nyu-Yorkda 11 sentyabr 2001-ci ildə baş vermiş faciəli hadisələri götürürlər. Amerikalıların "terrora savaş elan etmək" çağırışını inkişaf etmiş ölkə adına və demokratik dayaqların möhkəmliyinə iddialı bütün ölkələr dəstəklədi. Məlumdur ki, həmin faciəli gündə Nyu-Yorkda 5 minə yaxın adam həlak oldu. Dəhşətlidir, deyilmi? Bütün dünyanın gözü önündə kiminsə maraqları naminə atalar, analar, babalar, nənələr, nəvələr, bacılar, qardaşlar, ərlər, arvadlar, dostlar, sevimlilər həlak olurdu. ABŞ-ın bu soyqırımının təkcə bu ölkənin vətəndaşlarına qarşı yönəlmədiyini sübut etməyə heç ehtiyacı da qalmadı. Təkzibolunmaz sübutlar olmasına, bu gün "terrorçuluqla müharibə"nin dördüncü dünya müharibəsi adlandırılmasına baxmayaraq, 89 il bundan əvvəl məqsədyönlü qırğın baş verdiyini sübut etmək isə daha çətindir. Şübhəsiz, hər bir xalqın təşəkkül və təkamülü tarixində faciəli hadisələr yer alıb. Lakin ermənilərin Azərbaycan torpaqlarına iddiaları, üzdəniraq "erməni soyqırımı" uydurması olmasaydı və biz dinc yanaşı yaşasaydıq, yəqin ki, dinc azərbaycanlılara - kiminsə atası, anası, qardaşı, bacısı, babası, nənəsi, övladı, nəvəsinə qarşı terror törədilməsi barədə hələ də susmaqda davam edərdik. Bu yaxınlarda azərbaycanlıların Qubada aşkar edilən kütləvi məzarlığı buna daha bir sübutdur.
Tarixçilərimiz iddia edirlər ki, 1918-ci ildə ermənilər Bakı və Şamaxıda azərbaycanlıların daha kütləvi qırğınlarını törədiblər. Həmin dövrdə azərbaycanlıların kütləvi qırğınları ölkənin bütün ərazisində, bir çox şəhərlərdə baş verirdi. 1918-ci il hadisələrinə qədər Şamaxıda 15 min nəfər yaşayırdı. 1921-ci ilin məlumatına görə isə, şəhərin əhalisinin sayı 1750 nəfərə qədər azalmışdı. O zaman müəyyənləşdirilmişdi ki, aralarında çoxlu qoca, qadın və uşaq da olmaqla, 8 min nəfər qətlə yetirilmişdi. Həmin illərdə azərbaycanlıların qətliamını əks etdirən faktlarla zəngin materiallar toplanmış, burada hətta qırğın qurbanlarının yaşı və cinsi də göstərilmişdi.
Millət vəkili, tarixçi Cəmil Həsənlinin sözlərinə görə, Bakıda cəmi ÜÇ GÜN ərzində 12 min nəfər qətlə yetirilmişdi. 1920-21-ci illərin hadisələrini xatırlayan bəzi bolşeviklər S.Şaumyanın əmri ilə 20 mindən artıq müsəlmanın öldürülməsi faktından danışırdılar. Ermənilərin vəhşiliklərini əks etdirən materialları toplayan komissiya yaradılmışdı. Hazırda bu tarixi məlumatlar Azərbaycan Dövlət Arxivində saxlanılır. 1919-cu ilin Praqa konfransında Azərbaycan nümayəndə heyətinin başçısı, Azərbaycan Demokratik Cümhuriyyətinin liderlərindən biri Əlimərdan bəy Topçubaşov azadlıq və müstəqilliyə aparan yolda Azərbaycanın 150 000 nəfər itirdiyini açıqladı.
Hazırda "erməni soyqırımı"na üstünlük verərək, azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirlərə bəzi dövlətlərin öz səfirlikləri səviyyəsində etinasızlıq göstərmələri, ən azı, riyakarlıqdır. Bəs sivil mübarizə üsulları, terrorla mübarizə, nəhayət, demokratiya hara getdi? Aprelin 23-də Bakıda hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bu yaxınlarda azərbaycanlıların Qubada kütləvi məzarlığının tapılmasına həsr olunan konfrans keçirildi. Azərbaycandakı diplomatik korpusların təmsilçilərinin də dəvət olunduğu tədbirdə demokratik və inkişaf etmiş sayılan ABŞ, Böyük Britaniya və digər dövlətlərin diplomatları iştirak etmədilər.
1918-ci ilin qurbanları
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) alimləri 2007-ci il aprelin əvvəllərində Qubada tapılmış kütləvi məzarlığın tədqiqi ilə məşğul olurlar. Bu dəhşətli yeri idman kompleksini yenidən quran inşaatçılar aşkar edərək, yerli sakinlərlə birlikdə ilk qazıntı işlərini də aparıblar. Qeyri-peşəkar yanaşma nəticəsində, nəşlərin bəziləri zədələnib. Elmlər Akademiyasının alimlərinin işə qarışmaları bunun qarşısını alıb. Tezliklə məzarlığa peşəkar arxeoloqlar göndərilib.
Bundan sonra yaradılan işçi qrupunun üzvü, AEİ-nin təmsilçisi tarix elmləri namizədi, ekspedisiyanın iştirakçısı Əsgər Əliyevin bildirdiyi kimi, məzarlıq Qudyalçayın sol sahilində aşkarlanıb. Alim bunun qəbir olmadığını iddia edir, çünki insan sümükləri çayın sahilindəki iki quyuda xaotik şəkildə bir-birinin üstünə qalanıb. Quyulardan birinin dərinliyi 5 m, digərinin isə 2 metrdir; aralarında 2 m məsafə var. Dərin quyuda yüzlərlə insan skeleti tapılıb.
"Bütöv skeletlər yoxdur. Bu fakt qətlə yetirilənlərin cəsədlərinin quyuya atılmazdan əvvəl hissələrə ayrıldığına dəlalət edir. Cəmi 35 bütöv skelet tapmaq mümkün olub ki, bunların arasında uşaq skeletləri də var. İkinci quyu hələ açılmayıb. Sümüklər hələ tam qurumayıb ki, bu da həmin adamların 80-90 il bundan əvvəl həlak olduqlarını göstərir". Ə.Əliyev onu da bildirdi ki, ermənilər bu insanları çayın sahilində qətlə yetirməyiblər. Güman ki, qatillər qurbanlarını çayın sahilində basdırmaqla, onların qalıqlarının su ilə axıb-gedəcəyinə ümid edirdilər.
Əlavə qüvvələr lazımdır
Tarixi məlumatlara görə, ermənilər Qubada 16 000 nəfəri vəhşicəsinə qətlə yetiriblər, 122 kəndi viran qoyublar. Prezident İlham Əliyev soyqırım faktlarının aşkarlanması üçün 4 sərəncam imzalayıb. Şübhəsiz, aşkarlanan məzarlığın təkcə Elmlər Akademiyasının öz qüvvələri ilə tammiqyaslı araşdırılması mümkünsüzdür. Bütün müvafıq dövlət strukturlarının, o cümlədən DİN kriminalistlərinin də işə müdaxilə etmələri zəruridir. Qeyd etmək lazımdır ki, Qubadakı kütləvi məzarlıqdan bir qədər əvvəl Neftçalada da analoji məzarlıq tapılıb. Müəyyən fərqlər də var: burada nəşlər xaotik şəkildə səpələnməyib; həlak olanlar müsəlman adətlərinə uyğun şəkildə dəfn ediliblər. Bəzi skeletlər artıq dağılmaq üzrədir və əsas məzarlıqdan bir qədər aralıda tapılıb. Neftçala məzarlığında da bu gün alimlər çalışırlar və onlar iddia edirlər ki, burada dəfn olunanlar dəhşətli erməni terrorunun qurbanlarıdır. Yerli əhali 1918-ci ildə bu rayonda saiknlərlə erməni quldur dəstələri arasında toqquşmalar olduğunu bildirir. Lakin Qubadan fərqli olaraq, Neftçalada qırğından sonra salamat qalanların öldürülənləri dəfn etmək imkanı olub.
AMEA AEİ-nin direktorunun müavini Nəcəf Müseyiblinin sözlərinə görə, Qubadakı məzarlıqda qazıntı aparan alimlər dəhşətli görüntünün şahidi olublar - qatillər sağ qalanlara ölənləri İslam adətlərinə uyğun şəkildə dəfn etməyə imkan verməyiblər. "Qubadakı qırğının nə dərəcədə amansız olduğunu təsəvvür belə etmək mümkünsüzdür. Bu, həqiqətən, əsl soyqırımdır", - deyə N.Müseyibli bildirib.
AMEA və AEİ Qubaya elmi ekspedisiyanın və Elmi Şuranın nəticələrinə əsaslanaraq, bir sıra mühakimələr irəli sürüblər: tikinti işləri dayandırılmalı, məzarlığın ərazisinin mühafizəsi təmin edilməlidir; tapılan nəşlər tibbi ekspertizadan keçirilməlidir; sonrakı işləri bu məqsədlə yaradılan güc strukturları, Mədəniyyət və Turizm Nazirliyinin təmsilçilərinin daxil olduqları Dövlət Komissiyası həyata keçirməlidir; arxeoloqlar insan qalıqlarını, imkan daxilində, olduqları vəziyyətdə torpaqdan təmizləməlidirlər; sonradan bu qalıqlar memorial kompleks yaradılması məqsədilə konservasiya ediləcək və üstləri şüşə qapaqla örtüləcək. Burada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında materiallar da Azərbaycan, rus, ingilis, fransız və alman dillərində təqdim olunacaq. Təkliflər sırasında kompleksə əcnəbi diplomatlar və turistlərin cəlb edilməsinin, XX əsrin əvvəllərində azərbaycanlılrın ermənilər tərəfindən soyqırıma məruz qoyulması faktlarını əks etdirən arxiv materialları ilə yanaşı, Qubadakı insan qalıqlarının videoyazısı, fotoşəkilləri və ekspertizanın da yer aldığı İnternet saytının açılması, bütün bunların müxtəlif dillərdə kitab şəklində çap etdirilməsi də var.
Elmlər Akademiyasında hesab edirlər ki, Qubadakı kütləvi məzarlıq XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın birbaşa sübutudur. Odur ki bu faktın beynəlxalq təşkilatlar və digər ölkələr tərəfindən rəsmi şəkildə tanınması məqsədilə, Azərbaycan alimləri arxiv sənədləri və Qubada tapılan insan qalıqlarına əsaslanaraq, müvafiq müraciətlər ünvanlayacaqlar. Lakin əvvəlcə, şübhəsiz, Azərbaycan hüdudlarında araşdırmalar aparmaq, yalnız bundan sonra xarici ekspertləri, o cümlədən, başqa dövlətlərdən diplomatları dəvət etmək lazımdır.
Qeyd edək ki, Qubadakı kütləvi məzarlıqda aparılan işlərə Baş Prokurorluq da qoşulub. Bəzi qalıqlar ekspertiza keçirilməsi üçün artıq Bakıya gətirilib. Qalır tədqiqatın son nəticələrini gözləmək.
Obyektiv tarixə etinasızlıq
Aprelin 28-də Bakıda azərbaycanlıların Qubada aşkarlanan kütləvi məzarlığına həsr olunmuş elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən tədbirdə alimlər, millət vəkilləri və bir sıra xarici səfirliklərin təmsilçiləri iştirak ediblər.
Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov öz çıxışında qeyd etdi ki, sovet hakimiyyəti illərində Azərbaycan tarixi uzun müddət saxtalaşdırmaya məruz qalıb. Erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların Qubadakı məzarlığı sübut edir ki, uzun illər ərzində məhz bizim xalqımız ermənilərin məqsədyönlü şəkildə törətdikləri soyqırımın qurbanı olub. Halbuki çeşidli saxtakarlıqla məşğul olan erməni tarixçiləri Ermənistanın işğalçı siyasətinə bəraət qazandırmaq üçün tarixi təhrif edərək, erməniləri bütün dünyaya "soyqırım" qurbanları qismində təqdim edirlər. Bu, bütün türk xalqına münasibətdə həyata keçirilir.
Əhmədovun sözlərinə görə, diplomatik korpusun əksər nümayəndələrinin dəvət aldığı tədbirdə Bakıda akkreditə olunmuş diplomatların cüzi bir hissəsi iştirak edib. "ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin diplomatlarından heç biri gəlmək istəyində olmayıb", - deyə Ə.Əhmədov bildirib.
Əli Əhmədov azərbaycanlıların Qubada tapılan məzarlıqlarını araşdırmaq üçün xarici mütəxəssislərdən beynəlxalq komissiya yaradılmasını təklif etdi. Ermənilərin üzdəniraq "erməni soyqırımı"nı qeyd etdiyi 24 aprel günü YAP funksionerləri azərbaycanlıların Qubadakı kütləvi məzarlığını ziyarət etdilər.
Beynəlxalq təşkilatların azərbaycanlıların Qubada tapılan kütləvi məzarlığı barədə məlumatlandırılması üzrə müəyyən işi də XİN öz öhdəsinə götürüb. Bu barədə jurnalistlərə həmin qurumun başçısı Elmar Məmmədyarov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın xaricdəki təmsilçilikləri dünya ölkələrini azərbaycanlıların Quba və Neftçalada ermənilər tərəfindən törədilən qətliamının qurbanlarının bu yaxınlarda aşkarlanan kütləvi məzarlıqları barədə məlumatlandıracaqlar. XİN-in artıq Azərbaycanın səfirlik və təmsilçilklərinə zəruri təlimatlar göndərdiyini də deyən E.Məmmədyarov sivil mübarizə üsullarının elə məhz bu şəkildə olduğunu da vurğulayıb.
Bu gün erməni tarixçiləri "erməni soyqırımı"nın dünya birliyi tərəfindən tanınması istiqamətində buna bənzər, lakin daha irimiqyaslı işlər aparırlar. Həm də bu sahədə uğur da qazanıblar - "erməni soyqırımı"nı Avropa Parlamenti, Fransa, Rusiya, Kanada, Argentina, Belçika, Livan, Uruqvay, Yunanıstan, Avstraliya, İsveç tanıyıb. İndi nəyin həqiqət, nəyin yalan olmasının təfərrüatlarına varmayaq. Bir şey aydındır ki, dünya bu gün terrorçuların "dördüncü dünya savaşı"nın obyekti olduğunu qəbul edibsə, Qubadakı məzarlıq azərbaycanlıların erməni terrorunun qurbanı olmalarını təsdiq edir. Dünya birliyi isə buna öz qiymətini verməli və ikili standartlar siyasətinə son qoymalıdır.
Bu yaxınlarda Türkiyənin İqdır şəhərində Birinci Dünya Müharibəsi Dövründə Erməni Zorakılığının Qurbanları Cəmiyyəti tərəfindən təşkil olunmuş "İmperialist yalan: erməni iddiaları" adlı konfrans baş tutdu. Tədbirdə Ərzurumdakı Atatürk Universitetinin professoru Ənvər Könükçü çıxış etdi. O, bəşər tarixində ermənilərin əleyhinə yönəlmiş soyqırım faktının yer almadığını vurğuladı: "Ermənistanın hüdudlarından kənarda bircə dənə də olsun kütləvi erməni məzarlığı yoxdur. Ermənistanda isə ermənilər özləri-özlərini qıraraq, törədilənləri ört-basdır etmək üçün soyqırım iddialarını irəli sürüblər. İndi onlar 1,5 mln erməni qırıldığını bildirirlər.
ABŞ-da hara ayaq bassan, hər yerdə türklərin erməni soyqırımı törətdiklərini eşidirsən. Mən sübut tələb etdikdə isə onlar susurlar. Onlardan niyə atalarının Əlicanda yüzlərlə azərbaycanlını qətlə yetirdiklərini demədiklərini soruşuram? Ermənilər bu topaqların onlara məxsus olmasında iddialıdırlar. Bu ərazilərdə Urartu və İskit tayfaları yaşayıb. İndiki Ermənistanın ərazisi türk torpağıdır".
Erməni sərkərdəsi Andronikin tarixi şəxsiyyətinə toxunan Könükçü onu cinayətkar adlandırıb: "Şərqi Anadoluda türklərin qətliamını törədən Andronik general yox, əsl canidir. Niyə ermənilər onu qəhrəman sayırlar? Çünki türkləri qırırdı".
Tədbirdə Atatürk Universitetinin professoru Ömər Ərdən, Erməni Soyqırım Qurbanları Cəmiyyətinin başçısı Cəfər Zor da çıxış ediblər. Onlar da çıxışlarında "erməni soyqırımı"nın uydurma olduğunu bildiriblər.
Nyu-Yorkda bir gün ərzində 5 000 nəfər insan, Bakıda isə üç gün ərzində 12 000 nəfər insan. Məgər söhbət insan həyatının elə həmin dəyərindən getmirmi? Terror qurbanının kim - azərbaycanlı, amerikalı, türk olmasının nə fərqi? Ölüm qarşısında hamı bərabərdir. Lakin dünya bizə artıq neçənci dəfədir ki, uydurma "erməni soyqırımı" ilə azərbaycanlıların gerçək soyqırımı arasında böyük fərq olduğunu nümayiş etdirir. Dünyanın aparıcı dövlətlərinin səfirlərinin xalqımızın təkcə Qubada deyil, həmçinin, Xocalıda məruz qaldığı soyqırımla bağlı tədbirlərdə iştirak etməmələri bunu bir daha sübut edir.
MƏSLƏHƏT GÖR: