
QƏRB ÖZ SEÇİMİNDƏ YANILMIR Kİ?
"Narıncı texnologiyalar"a qarşı "suveren demokratiya"
Müəllif: Asya OSMANOVA Bakı
İnsan haqlarının qorunması hansısa dövlətin daxili işlərinə müdaxilə sayılmır - bu gün bu fikir bütün dünyada qəbul olunur. Amma insan haqlarının qorunması ilə xarici ölkədə öz maraqlarına uyğun siyasi proseslərin "modelləşdirilməsi" arasında sərhəd haradan keçir? Razılaşın ki, bu heç də ritorik sual deyil. ABŞ ilə Rusiya arasındakı son gərginilk və "söz atışması" bunu bir daha sübut etdi. Bu dəfə katalizator rolunda ABŞ Dövlət Departamentinin məruzəsi çıxış etdi.
İlk baxışdan, söhbət adi daxili sənəddən gedir: Dövlət Departamenti hər il dünyadakı insan haqları ilə bağlı Konqres qarşısında hesabatda Rusiyadakı vəziyyətin şərhinə cəmi 3 səhifə ayırmışdır. Amma elə bu 3 səhifə də iki ölkə arasında siyasi "fırtına" üçün kifayət etdi.
Sənəddə göstərilir ki, "zəif çoxpartiyalı sistem və asanlıqla təsir altına düşən Dövlət Duması üzərində prezident üsul-idarəsinin təsiri güclənib. Məhkəmə hakimiyyətinə siyasi təzyiqlər, hüquq-mühafizə orqanlarının korrupsiyaya qurşanması, hakimiyyətin KİV-ə və müxalifət partiyalarına təzyiqləri - bütün bunlar ölkə rəhbərliyinin ictimaiyyət qarşısında hesabat vermə mexanizmini dağıdır". Hesabatın müəllifləri hesab edirlər ki, 2006-cı il Rusiyaya yaxşı heç nə gətirməyib.
Düzünə qalsa, Moskva ünvanına səslənən bu cür tənqidlərə çoxdan öyrəşib. Amma son məruzədə bir sıra başqa məqamlar da əksini tapıb. Məsələn, Dövlət Departamenti açıq-aşkar vurğulayır ki, Rusiyada insan haqlarının qorunması məsələsinə nəzarət edən qruplar və qeyri-hökumət təşkilatlarına texniki və maliyyə dəstəyi ayırır: "ABŞ Rusiyada 2007-ci ildə Dövlət Dumasına keçiriləcək seçkinin, 2008-ci ildə isə prezident seçkisinin azad keçirilməsi üçün siyasi partiya nümayəndələrinin hazırlanması, KİV təmsilçilərinə siyasi proseslərin işıqlandırılması yollarının öyrədilməsi, həmçinin, seçicilərin maarifləndirilməsini nəzərdə tutan proqramların reallaşması üçün bu istiqamətdə səylər göstərir".
Moskva hesabatdakı bu müddəanı Rusiyanın daxili işlərinə müdaxilə, daha dəqiq desək, ölkədə hakimiyyətə ABŞ-a loyal qüvvələrin gətirilməsinin "maliyyələşdirilməsi" kimi qiymətləndirib. Məsələyə məlum "narıncı ssenari"nin davamı kimi də yanaşılıb.
Bu gün dünya arenasında Rusiya ilə ABŞ-ın mövqelərinin əksər hallarda üst-üstə düşmədiyinə şübhə yoxdur. Bu azmış kimi, bir qədər sonra ortaya daha bir xəbər çıxıb: Vaşinqton 2007-2012-ci illər üçün strateji xarici siyasət planını hazırlayıb və sənədin müəllifi dövlət katibi Kondoliza Raysdır. Sənəddə yaxın 5 il üçün Dövlət Departamentinin və hökumətin xarici ölkələrə yardımının həyata keçirilməsində vasitəçi olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xarici siyasət prioritetləri əks olunub. Bu planın səhifələrində də Rusiya yaddan çıxmayıb: "Biz Rusiya ilə qarşılıqlı əməkdaşlığı yalnız bunun səmərəli olduğu sahələrdə həyata keçirəcəyik. Eyni zamanda, bu ölkədə avropalı və digər müttəfiqlərimizlə birlikdə demokratik dəyərləri, insan haqları və azadlıqlarını dəstəkləyəcək, neqativ hallara qarşı müqavimət göstərəcəyik". Daha sonra sənəddə deyilir: "Biz Rusiya ilə antiterror və kütləvi qırğın silahlarının yayılmaması kimi qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq etmək fikrindəyik. Amma bu ölkədə hakimiyyətin mərkəzləşdirilməsinin güclənməsi, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinə təzyiqlərin artması, hökumətin iqtisadiyyatda artan rolu və mətbuat azadlığının məhdudlaşdırılması açıq və həyəcan doğuran tendensiyalardır". Strategiyanın müəllifləri hesab edirlər ki, Moskvanın "İran, Suriya və Venesuela kimi ölkələrə silah satması bütünlükdə dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb". Ən başlıcası isə, Vaşinqton Rusiyanın postsovet məkanı ölkələri ilə münasibətlərini də yaddan çıxarmayıb: "Rusiyanın qonşuları ilə münasibətləri, xüsusilə onun Gürcüstan və Moldovadakı separatçı rejimlərə dəstək verməsi, Tbilisiyə siyasi və iqtisadi təzyiqlər göstərməsi, energetika sahəsindəki monopolist mövqeyindən qonşularına qarşı təzyiq vasitəsi kimi istifadə etməsi və bu yolla da həmin dövlətlərin infrastrukturu və strateji aktivləri üzərində nəzarəti ələ almağa çalışması narahatlıq doğuran haldır".
Münasibətlərin ümumi soyuqlaşması fonunda ortaya çıxan bu məruzələr rusiyalı parlamentariləri əməlli-başlı hiddətləndirib. Dövlət Dumasının İctimai Birliklər və Dini Təşkilatlarla İş Komitəsinin rəhbəri Sergey Popov məsələyə belə münasibət bildirib: "Çoxsaylı seminarlar keçirilir, ayrı-ayrı siyasi qurumlara, xüsusilə müxalifət partiyalarına təlimatlar verilir. Müxtəlif KİV təmsilçilərinin də təlimatlandırılması həyata keçirilir. ABŞ-ın Dövlət Dumasına keçiriləcək seçki ilə əlaqədar ciddi şəkildə narahatlıq keçirdiyini təsdiqləyən xətt müşahidə olunur".
Dövlət Dumasının sədri, "Vahid Rusiya" fraksiyasının rəhbəri Boris Qrızlov isə deyib: "Sənəddə faktiki olaraq, Rusiyada demokratiyanın inkişafına, Dövlət Dumasına seçkilərə, həmçinin, prezident seçkisinə təsir niyyəti ortaya qoyulub. Ondan başlayaq ki, bu, ABŞ-ın ikili standartlarla siyasət yürütdüyünün göstəricisidir. Digər tərəfdən, bir dövlətin digərinin daxili işlərinə belə qarışması qətiyyən yolverilməzdir".
Öz növbəsində, Federasiya Şurasının sədri Sergey Mironov siyasi platformasını açıqlayıb: "Biz heç kəslə vuruşmaq fikrində deyilik. Lakin öz evimizdə düzgün saydığımızı, həmçinin çoxmilyonlu və çoxmillətli xalqımızın doğru hesab etdiyini həyata keçirmək istəyirik. Biz bütün ölkələrlə əməkdaşlıq etmək istəyirik, heç bir dövlətin daxili işlərinə qarışmaq fikrimiz yoxdur, buna iddia da etmirik. Eyni zamanda, bunun qarşılıqlı olmasını da istəyirik".
Dumanın Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçov da çərçivəni dəqiqləşdirməyə çalışıb: "Mən düşünürəm ki, Rusiyada demokratiyanın hansı səviyyədə olduğunun müzakirə olunması yersiz iş deyil və bu, mütəmadi olaraq bizim əyləşdiyimiz zalda müzakirə edilməlidir. Amma mən diskussiyaların hər dəfə hansısa ABŞ adlı dövlətin hansısa Dövlət Departamentinin açıqlamalarından sonra başlamasının qəti əleyhinəyəm".
Bütün bu etirazlara rəğmən, iki ölkə arasında yaranmış gərginlik, bəlkə də, bu dəfə də sakitliklə aradan qalxacaqdı. Amma məruzənin açıqlanması ilə eyni vaxtda baş vermiş və əsla təsadüfə oxşamayan bəzi hadisələr gərginliyin aradan qalxmasına imkan vermədi. Söhbət, Dövlət Departamentinin sözügedən məruzəsinin Rusiyanın aparıcı müxalifət alyansı olan "Başqa Rusiya"nın "Narazılar marşı" elan etməsi ilə eyni vaxta təsadüf etməsindən gedir. Bu da azmış kimi, cümə günü Britaniyanın "Qardian" qəzeti ilk səhifədə Boris Berezovski ilə müsahibənin başlığını yerləşdirdi. Başlıq isə belə idi: "Mən Rusiyada yeni inqilab hazırlayıram". Birləşmiş Krallıqda mühacir həyatı yaşayan oliqarx müsahibəsində deyib: "Rusiyadakı hazırkı rejimin devrilməsi üçün güc tətbiqi vacibdir. Onu demokratik yolla dəyişmək mümkün olmayacaq. Bir sözlə, güc tətbiqi və təzyiq olmadan Rusiyada hər hansı dəyişiklik mümkün deyil".
Bu müsahibəyə də Moskvanın reaksiyası özünü çox gözlətmədi. Hadisəyə münasibət bildirən xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, "Boris Berezovski siyasi sığınacaq almasından yararlanaraq, bu statusundan sui-istifadə edir". Odur ki S.Lavrovun fikrincə, Britaniya qanunvericiliyinə görə, keçmiş oliqarx Rusiyaya təhvil verilməlidir. Berezovskinin açıqlaması Londonda da geniş müzakirə olunub və Skotlond-Yard müsahibədəki qanunazidd məqamları araşdırmağa başlayıb. Maraqlıdır ki, elə həmin gün axşam oliqarx, çox güman ki, vəkilləri ilə məsləhətləşmədən sonra mövqeyini bir qədər yumşaltmaq qərarına gəlib: "Mən qətiyyətli fəaliyyəti dəstəkləyirəm. Amma zor tətbiqini bəyənmir və dəstəkləmirəm".
Hər halda, "söz müharibəsi"nin rəsmi səviyyəyə yüksəlməsinin qarşısını almaq mümkün olmayıb və Federasiya Şurasının hər iki palatası Birləşmiş Ştatların Dövlət Departamentinin "Dünyada insan haqları və demokratiyaya dəstək" məruzəsi ilə bağlı bəyanat qəbul edib. Amerika ilə demokratiya məsələsində mübahisə növbəti dəfə üçüncü tərəfə - Rusiya ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına (QHT) toxuna bilər. Cümə günü Dövlət Duması və Federasiya Şurası məruzədəki "qeyri-hökumət və hüquq-müdafiə təşkilatlarının durumu pisləşib, bürokratik aparatda korrupsiya halları artıb, orduda "dedovşina" halları, müstəqil jurnalistlərin təqib olunması, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının boğulması halları çoxalıb, onların seçki yolu ilə hakimiyyətə təsiretmə imkanları məhdudlaşdırılıb" kimi fikirləri də müzakirə edib. Duma üzvləri sənəddəki hər xırdalığı ayrı-ayrılıqda müzakirə etməyi lazım bilməyərək, məruzəyə ümumilikdə qiymət veriblər və bildiriblər ki, Rusiya hakimiyyətinin ünvanına səsləndirilən ittihamlar "qətiyyən əsaslandırılmayıb". Rusiya Kommunist Partiyası fraksiyasının üzvləri Tamara Pletneva və Viktor Tyulkin isə ABŞ Dövlət Departamentinin məruzəsində əks olunan faktların öyrənilməsilə bağlı parlament komissiyasının yaradılmasını təklif etsə də, "vahid rusiyalılar" bu təklifi dəstəkləməyib. Onların fikrincə, Dumanın müraciət qəbul etməsi kifayətdir.
Nəticədə, Duma üzvləri prezidenti, hökuməti, Baş Prokurorluğu və İctimai Palatanı "qeyri-kommersiya təşkilatlarının fəaliyyətini tənzimləməyən qanunvericiliyə qeyd-şərtsiz əməl olunması üçün tədbirlər görməyə" çağırıb. "Məruzədə əks olunan faktların öyrənilməsi vacibdir. Çünki orada söhbət faktik olaraq Rusiya ərazisində siyasi fəaliyyətlə məşğul olan qrupların maliyyələşdirilməsidən gedir", - deyə deputat Sergey Popov bildirib. Maraqlıdır ki, bu bəyanat lap "vaxtına düşdü": palatalardakı müzakirələrlə eyni vaxtda - aprelin 15-də qeyri-hökumət təşkilatlarının növbəti maliyyə hesabatı verməsi üçün nəzərdə tutulan vaxt başa çatır.
Beləliklə, "narazıların marşı" ərəfəsində situasiya son dərəcə gərginləşmişdi və tezliklə "tufan" qopmaya bilməzdi. Belə də oldu: bundan sonrakı bir neçə gün ərzində KİV-in əsas xəbəri "narazıların marşı"nın dağıdılması idi. Hərçənd, bu marş, heç nəzəri baxımdan belə, "narıncı inqilab"ın başlanğıcı ola bilməzdi.
Əksər şahidlərin sözlərinə görə, toqquşma zamanı onlarca insan saxlanılıb, döyülüb, sürüdülərək avtobuslara doldurulub və s. Bundan başqa, xüsusitəyinatlılar Harri Kasparovu, "Yabloko" gənclərinin lideri İlya Yaşini və "HƏ!" Gənclər Hərəkatının başçısı Mariya Qaydarı da saxlayıblar. İnsident zamanı bir çox jurnalistlər də döyülüblər. KİV təmsilçilərindən birinin söylədiyinə görə, onun əynində mətbuat nümayəndəsi olduğunu göstərən xüsusi jiletin olmasına baxmayaraq, milis onu da dəyənəyə "qonaq edib" və nəticədə, həmkarımız başından zərbələr alıb.
"Kommersant"ın müxbiri Andrey Kozenko kürəyindən, "Reyters"in əməkdaşı Tomas Peter isə sifətindən zərbələr alıb.
Sankt-Peterburqda isə vəziyyət daha gərgin olub. Çünki mitinqçilərin aksiya yerindən uzaqlaşması üçün şərait yaradılmadığından, dağılışmağa başlayan insanlar milis kardonu ilə üzləşib və nəticədə, hətta yaşlılar da döyülərək avtobuslara doldurulub.
Bütün bu hadisələr Vaşinqtonun diqqətindən yayınmayıb və ABŞ Dövlət Departamentinin rəsmisi Şon Makkormak keçirdiyi brifinqdə təmsil etdiyi qurumun Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində keçirilən etiraz aksiyasının iştirakçılarına zor tətbiq edilməsindən narahat olduğunu bəyan edib. Makkormakın sözlərinə görə, Vaşinqton Rusiya hakimiyyətinin "narazıların marşı"na qatılan insanlara qarşı sərt tədbirlər görməsindən təşviş keçirir: "İnsanlar öz mövqelərini açıq şəkildə bildirmək imkanı əldə etməlidirlər, dinc şəraitdə etirazlarını bildirmək, seçkilərdə iştirak etmək hüquqlarına malikdirlər". Şon Makkormak bu hüququn "istənilən demokratik sistemin əsasını təşkil etdiyini" əlavə edib.
Rusiya hakimiyyətinin nümayişçilərə qarşı zor tətbiq etməsinə Avropa İttifaqı da etirazını bildirib. "Biz baş verənlərdən son dərəcə narahatıq", - deyə qurumun mətbuat katibi Kristiane Xoman bildirib. - "Azad söz və sərbəst toplaşmaq hüququ insanların əsas haqqlarından biridir. Rusiya da BMT-nin müvafiq konvensiyalarını imzalamaqla bu hüquqları tanıyıb".
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene van der Linden də öz növbəsində azad söz və sərbəst toplaşmaq hüququnun istənilən demokratik dövlətin əsas qayəsini təşkil etdiyini Rusiya hökumətinə xatırladıb. "Biz Rusiya hökumətinin nümayişçilərə qarşı qeyri-adekvat addımını pisləyirik", - deyə van der Linden bildirib. Yaponiyanın Xarici İşlər Nazirliyi isə nümayişdə bu ölkədən olan jurnalistin döyülməsinə etirazını bildirib.
Rusiya KİV-i isə baş vermiş insidentdən sonra ölkədə fəaliyyət göstərən QHT-lərin ofislərində axtarışlar başladığını xəbər verir. Hətta mətbuat Qorbaçovun "hazırkı hakimiyyətin əməllərinin Sovet İttifaqı Kommunist Partiyasının fəaliyyətini geridə qoyduğu" haqda fikirlərindən də sitat kimi istifadə edir.
Bunun fonunda Kreml administrasiyasının nümayəndəsi Dmitri Peskov "Russia Toda" telekanalının efirindən gözlənilən açıqlama ilə çıxış edib. O bildirib ki, "aksiyanın qarşısının alınması zamanı müəyyən həddin keçilməsi hallarına yol verilsə də, milisin rolu küçələrdə qayda-qanun və asayişin bərpa edilməsidir".
Bundan bir neçə gün əvvəl də Peskov "Reyters"ə müsahibəsində milisin müdafiəçisi kimi çıxış edərək bildirib ki, xüsusitəyinatlılar "ultraradikalların asayişi pozmaq istəyinin qarşısını alıb".
Bütün bunlarla yanaşı, "Moskovski komsomolets" əmindir ki, Rusiyada "narıncı inqilab" təhlükəsi yox səviyyəsindədir. Qəzetin fikrincə, "Gürcüstanda, Ukraynada və Qırğızıstanda əhali keçmiş hakimiyyətdən son dərəcə bezmişdi və onun dəyişməsi istəyi ilə alışıb-yanırdı". Müəllif hesab edir ki, məhz bu səbəbdən həmin ölkələrdə prosesin "yerindən tərpənməsi üçün" kiçik təkan kifayət idi: "Hazırkı Rusiyada isə vəziyyət tamamilə fərqlidir. Əhalinin böyük hissəsi siyasətə tam etinasız yanaşır və öz şəxsi işlərilə məşğuldur. Prezident administrasiyasının sabiq məmurunun dediyi kimi, inqilab hər zaman paytaxtdan və milyonluq şəhərlərdən başlayır. Rusiyada isə məhz belə şəhərlərdə əhali digərlərindən yaxşı yaşayır".
"Odur ki Kasyanov, Kasparov və Limonov küçələrdə nə qədər səs-küy salsalar da, bunun ümumi siyasi situasiyaya təsiri sıfıra yaxın olacaq", - deyə qəzet yazır.
Daha bir məqam ondan ibarətdir ki, antitotalitar rejimlər və qalib gələn inqilablar haqqında olan kitablarda, filmlərdə, memuarlarda daim hüquq, azadlıq və vətəndaşların ləyaqəti uğrunda hər şeyi qurban verməyə hazır qəhrəmanlardan söz açılır. Həyatda isə bu heç də həmişə belə olmur və bugünkü Rusiyada nə Berezovski, nə İllarianov, nə də Kasyanov "nəcib qəhrəman" obrazına uyğun gəlir. Bundan başqa, "narazıların marşı"nda iştirak edənlər arasında Ediçka Limonov və onun "milli-bolşevik"lərinin də mövcudluğu belə bir qənaətə gəlməyə əsas verir ki, "Başqa Rusiya"nın heç də bütün iştirakçılarının utanc gətirməyən siyasi qüvvələrə aid edilməsi mümkün deyil. Artıq burada Yeqor Qaydar və ya Qriqori Yavlinski kimi əqidəli demokratların liderliyindən söhbət getmir. Meydanda olanlar ya Kasyanov və İllarianov kimi "aparat oyunları"nda məğlub olmuşlar, ya Limonov kimi radikallar, ya da Harri Kasparov kimi "məhşur sima"lardır.
Əsas məsələ isə odur ki, Rusiyada başqa məşhur müxalifətçi, sadəcə, yoxdur.
Belə bir vəziyyətdə ABŞ Dövlət Departamentinin prosesə maliyyə ayırması tamamilə gözlənilməz rol oynaya bilər. Çünki hazırkı prosesdə demokratiya uğrunda mübarizənin "qrant biznesi"nə çevrilə biləcəyini istisna etmək olmaz.
MƏSLƏHƏT GÖR: