15 Mart 2025

Şənbə, 00:41

BİR SƏNƏDƏ İKİ DÜZƏLİŞ

Vaşinqton bakı və irəvana bir daha nümayiş etdirdi ki, tarix heç nəyi öyrətmir, sadəcə, dərsi bilməməyə görə cəzalandırır

Müəllif:

01.05.2007

Cəmi beş gün ərzində ABŞ öz addımları ilə iki dəfə dünya ictimaiyyətini, həmçinin, Azərbaycan və Ermənistanı xeyli təəccübləndirdi. Dövlət Departamenti insan haqları ilə bağlı məruzəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı hissəsinə iki dəfə dəyişiklik etməklə, sanki xaotik durumda olduğunu göstərdi. Məsələyə diqqətlə yanaşdıqda isə aydın olur ki, bu, "bir əldə iki qarpız tutmaq istəyən" insanın "ani zəifliyi" deyil, daha ciddi məsələdir.

Xatırladaq ki, Dövlət Departamentinin 2006-cı ildə dünyada insan haqları ilə bağlı vəziyyətə dair məruzəsinə ilk dəyişiklik etməsi Azərbaycanda ciddi rezonansa səbəb olmuşdu. Məlum olduğu kimi, məruzənin ilkin variantında bildirilirdi ki, "Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalını davam etdirir". Dəyişiklikdən sonra isə Qarabağ işğal altında olan ərazi kimi göstərilmir və Ermənistanın yalnız "Dağlıq Qarabağa bitişik yeddi rayonu işğal altında saxladığı" qeyd olunurdu.

Bu fakt, hətta Azərbaycanın Vaşinqtona səfərə hazırlaşan nümayəndə heyətinin səfəri təxirə salmasına səbəb oldu. Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı xüsusi bəyanatında isə deyilirdi: "ABŞ Dövlət Departamentinin 2006-cı ildə dünyada insan haqlarına dair illik ənənəvi məruzədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəyə dəyişiklik etməsi üzündən Azərbaycan hökuməti aprelin 23-24-də Vaşinqtona gedərək orada təhlükəsizlik sahəsində əməkdaşlığa dair məsləhətləşmələr aparmalı olan nümayəndə heyətinin səfərini təxirə salır". Qeyd edək ki, sözügedən məsləhətləşmədə Azərbaycanın xarici işlər, müdafiə, milli təhlükəsizlik, daxili işlər nazirliklərinin, həmçinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və Xüsusi Dövlət Mühafizəsi Xidmətinin yüksəkrütbəli nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdu. "Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli (Dağlıq Qarabağ onun ayrılmaz hissəsidir) bizim üçün Azərbaycanla ABŞ arasında təhlükəsizlik sahəsində geniş əməkdaşlığın əsas elementidir və son dərəcə vacib əhəmiyyət daşıyır. Artıq açıqlanmış məruzənin məzmununda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid dəyişikliyin edilməsi yolverilməzdir və ABŞ-ın "neytral vasitəçi" kimi mövqeyini şübhə altına alır. Bu addım iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa ciddi zərbə vura bilər", - deyə XİN-in bəyanatında qeyd olunurdu.

Bundan başqa, Azərbaycanda Amerikanın bu addımını ən azı qeyri-ardıcıllıq kimi qiymətləndirən siyasətçilərin, deputatların, jurnalistlərin qəzəbli açıqlamaları bir-birini əvəz etdi.

Baş verənlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı açıqlaması da özünü çox gözlətmədi. Qurum rəsmi Bakının son addımlarını anlamadığını, eyni zamanda, Vaşinqtonun Azərbaycanın ərazi bütöv-lüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olduğunu bəyan etdi. Bunun ardınca amerikalı diplomatlar bildirdilər ki, rəsmi nümayəndə heyətinin Vaşinqtona səfəri ləğv edilməyib, sadəcə, təxirə salınıb və onun vaxtının müəyyənləşdirilməsi istiqamətində respublika rəhbərliyi ilə danışıqlar aparılır.

Azərbaycan ictimaiyyətinin Vaşinqtonun addımına belə qəzəbli reaksiyası böyük ölçüdə gözlənilən idi və bu səbəbdən baş verənlərdə təəccüblü nə isə axtarmağa ehtiyac yoxdur. Xüsusilə nəzərə almaq lazımdır ki, məruzə ilkin variantda açıqlanan zaman Bakıda bunu Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qəbul edirdilər. Bununla yanaşı, cavab almalı olduğumuz iki vacib məsələ qalır. İlk məqam ondan ibarətdir ki, yuxarıda qeyd olunan dəyişiklik məruzənin yalnız Ermənistanla bağlı hissəsinə edilib və bu halda Azərbaycana dair məruzədə sözügedən hissə əvvəl olduğu kimi qalır: orada Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır və onun digər yeddi rayonla birlikdə Ermənistanın işğalı altında olduğu qeyd edilir. Söhbət Amerikanın xarici siyasət idarəsinin bütün əvvəlki məruzələrində olduğu kimi erməni qüvvələrindən yox, məhz Ermənistandan gedir. Bu, nə deməkdir? ABŞ-ın erməni lobbisi və rəsmi Yerevanın təzyiqi ilə tələsik şəkildə "səhv"in "düzəlişi"nin məruzənin Azərbaycana aid hissəsində də edilməsi unudulmuşdumu? Yoxsa bu, Amerika diplomatiyasının "komplementarlığı"nın primitiv ifadəsidir? Bəlkə Ermənistanda keçiriləcək parlament seçkisi ərəfəsində bu ölkə ilə münasibətlərin korlanmaması üçün vəziyyətin gərginləşdirilməməsinə hesablanan addımdır? Əgər belədirsə, onda belə davranış, ən azı, məntiqsizlikdir. 

Digər varianta isə inanmaq daha da çətindir: doğrudanmı, Amerika kimi qüdrətli dövlət Ermənistan və Azərbaycan kimi ölkələrlə belə səfeh formada oyun oynayır?

ABŞ-ın eyni məsələyə yanaşması o qədər ziddiyyətlidir ki, yaxın vaxtlarda məruzəyə yenidən dəyişiklik olunacağı (bu və ya digər tərəfin lehinə) ehtimalı da var.

Məsələ ilə bağlı digər məqam isə ondan ibarətdir ki, məruzənin yeniləşmiş formasında belə ABŞ-ın analoji illik sənədləri ilə müqayisədə, Azərbaycanla bağlı xeyli irəliləyiş var.

Əlbəttə ki, erməni lobbisinin təsiri altında "simasını itirməyə" və ən azı, qeyri-ciddi təsir bağışlamağa hazır olan ABŞ administrasiyasının belə qeyri-ardıcıl siyasəti təəssüf doğurmaya bilməz. Baş verən hadisə nəticəsində ortaya çıxan əsas qənaət ondan ibarətdir ki, Vaşinqton vacib məsələlərlə bağlı dəyişkən siyasət yürüdür və onun dəqiq, qəti mövqeyi yoxdur. Konkret olaraq, məruzə ilə bağlı yaranmış vəziyyətdən belə nəticəyə gəlmək olar ki, ABŞ hələ də Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunun və prosesə münasibətinin nədən ibarət olduğunu birmənalı şəkildə müəyyənləşdirə bilməyib (və ya istəməyib).

Bu nəticədən başqa fikir də meydana çıxır: ABŞ-ın siyasəti ilk baxışdan nə qədər möhkəm görünsə də, onu "sındırmaq" o qədər də çətin deyilmiş. Yəni, Vaşinqtonun siyasətinə təsir etmək və müəyyən təzyiq nəticəsində onu dəyişdirmək mümkündür. Konkret bizim üzləşdiyimiz halda, Vaşinqton əvvəlcə ABŞ-da müəyyən dərəcədə ictimai rəyin formalaşmasına təsir göstərə bilən erməni lobbisinin istəyinə uyğun hərəkət edib. Lakin o da məlumdur ki "ictimai rəyi müdriklər yox, boşboğazlar formalaşdırır". Odur ki real xarici siyasi maraqlar və prioritetlərə yox, siyasi konyukturaya uyğun addımlar atan Amerika administrasiyası özünü çox gülünc vəziyyətə salıb.

Eyni zamanda, bütün baş verənlər daha bir məntiqi nəticəyə gəlməyə əsas verir. Ola bilər ki, Dövlət Departamentinin Ağ ev tərəfindən diqtə olunan mövqeyi Ermənistanı özündən uzaqlaşdırmamaq, Yerevanda son vaxtlar açıq sezilən Qərbə meylin artmasına maneə yaratmamaq məqsədi güdüb. Yəni, Gürcüstan və Azərbaycanın artıq Qərbin "nəzarətində" olduğunu düşünən amerikalı diplomatlar üçün bu gün əsas prioritet, qərbyönümlü orientasiyası olmayan yeganə regional dövləti - Ermənistanı da "öz tərəfinə çəkmək"dir. 

Bu yerdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Dövlət Departamentinin məruzəsinə dəyişikliyi ləğv etməsinin məlum olmasından dərhal sonra verdiyi açıqlamanı xatırlatmaq yerinə düşər. Hadisəyə dərhal münasibət bildirən nazir jurnalistlərə bildirib ki, ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağın, həmçinin, ona bitişik rayonların Azərbaycan ərazisi sayılması və onun Ermənistan tərəfindən işğal olunmasını nəzərdə tutan mətni yenidən hesabata salması sevindirici haldır. "Bu dəyişikliyin edilməsi mənim üçün son dərəcə vacib xəbərdir. Bu, həqiqətən də çox vacibdir. Məntiqlə yanaşsaq, açıqlanmış məruzəyə dəyişiklik edilməsi yolverilməz idi", - deyə E.Məmmədyarov qeyd edib. Onun sözlərinə görə, artıq hazır olan məruzədə dəyişikliyin edilməsi arzuolunmaz presedent yarada bilərdi. O, bundan sonra təhlükəsizlik sahəsində əməkdaşlığa dair müzakirələr üçün Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfərinin vaxtının diplomatik kanallarla müəyyənləşdiriləcəyini də söyləyib... E.Məmmədyarov təsadüfən məntiqdən söz açmayıb və bunun ardınca son dərəcə ciddi məsələnin müzakirəsi üçün Azərbaycanın nümayəndə heyətinin ABŞ-a yollanacağını bildirib.

Etiraf etmək lazımdır ki, Vaşinqtonun məruzəyə dəyişiklik etməsinə Azərbaycanın demarşı kifayət qədər güclü olub. XİN-in yuxarıda qeyd olunan ilk bəyanatını yaxşı analiz etməklə belə qənaətə gəlmək olar ki, rəsmi Bakı Əfqanıstan və İraqda sülhməramlıların yerləşdirilməsindəki roluna köklü şəkildə yenidən baxa liləcəyinə işarə edib. Bunun isə Vaşinqton üçün mənfi siyasi nəticələr verəcəyinə şübhə yoxdur. Bəlkə sənədin əvvəlki formasına qaytarılmasının səbəbi də budur? Amma hər halda, bütün bunlar bəzi yerli siyasətçilər və jurnalislərin Azərbaycanın Rusiyaya tərəf daha bir "dönmə" etməsi haqda fikirləri kimi, yalnız fərziyyələrdir. Hər halda yəqin ki, okeanın digər tərəfində anlayıblar ki, Azərbaycanın belə fəaliyyəti müəyyən mənada Kremlin, xüsusilə də son zamanlar ətrafında "qara buludlar" dolaşan Tehranın xeyrinə işləyəcək.

Başqa bir məqam ondan ibarətdir ki, Dövlət Departamentinin son addımına təəccüblənməyinə dəyər, ya yox? Bizim fikrimizcə, Vaşinqtonun qərarına təəccüblənməyin özü təəccüblüdür. Çünki son onilliklər ərzində öz siyasətini yalnız güc mövqeyindən yürüdən amerikalı siyasətçilərdən, "tərəfdaş" adlandırdıqları ölkələrə yanaşmada "alicənablıq" gözləmək sadəlövhlük olardı. Çox vaxt "praqmatizm" və "siyasətdə daimi müttəfiqlər yox, daimi maraqlar olur" prinsipinə sadiqlik Ağ evin fəaliyyətinə tam xarakterikdir. Yeni tarixə nəzər salmaq kifayətdir ki, ABŞ-ın özünün daxili siyasi və xarici iqtisadi maraqlarına uyğun istənilən addımı atmağa hazır olduğunu anlayasan. Yəni, Vaşinqton heç bir məsələdə müttəfiq və tərəfdaş adlandırdığı dövlətlərin maraqlarını nəzərə almır.

ABŞ-ın bir sıra nəhəng Avropa dövlətləri ilə münasibətlərindəki soyuqluq, beynəlxalq normalara, konvensiyalara, razılaşmalara etinasızlıq, Rusiya ilə "soyuq müharibə"ni xatırlada biləcək yeni siyasi qarşıdurmanın yaranması (yeri gəlmişkən, Vladimir Putin Dövlət Dumasına aprelin 26-da etdiyi müraciətdə moratoriumdan və gələcəkdə ümumiyyətə NATO ilə razılaşmalardan çıxılmasının mümkünlüyündən söz açıb, Yaxın Şərq regionunda və Asiya qitəsindəki hərbi-siyasi gərginlik kimi halların baş verməsi də məhz qeyd olunan amillə bağlıdır. 

Biz indiyədək amerikalıların belə qeyri-ardıcıl siyasətilə dəfələrlə rastlaşmışıq. Elə bir müddət əvvəl, Vaşinqton diplomatlarının postsovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd etdikləri zaman, Dağlıq Qarabağ problemini istisna hal kimi göstərməsini xatırlamaq kifayətdir. Və ya BMT-də Azərbaycanın ərazi bütövlüyü məsələsinin səsə qoyulması zamanı daim bu prinsipi dəstəklədiyini bəyan edən ABŞ-ın bitərəf qaldığı yaddan çıxıbmı?

Əminliklə söyləmək olar ki, son dəyişikliklə bağlı Ermənistanda yenidən səs-küy qalxacaq, erməni lobbisi vasitəsilə bu narazılıq Amerika ictimaiyyətinə və mətbuatına da çıxacaq. Eyni zamanda bunun Yerevan administrasiyasının imicinə ciddi zərbə olduğu da aydındır. Belə ki, Vaşinqton parlament seçkisi ərəfəsində onlara açıq-aydın "badalaq vurdu". Amma nəzərə alsaq ki, bununla ölkədə siyasətçilərin yenidən antiqərb bəyanatları vüsət alacaq, yenidən rusiyameylli siyasət qızışacaq və bu səbəbdən də Vaşinqton Ermənistanın könlünü almalı olacaq. Amma bu "könülalma"nın nədən ibarət olacağını indidən söyləmək çətindir. Məhz bu səbəbdən mən "şah və mat" ifadəsindən sonra sual işarəsi qoydum... 

Amerikalılar yenidən "geriyə çəkilməklə" özlərini gülüş hədəfinə çevirə bilərmi? Xüsusilə də ABŞ diplomatlarının son günlər təkrar-təkrar Dağlıq Qarabağı Azərbaycan ərazisi saymaları və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqları haqda bəyanatlarının fonunda belə bir qərar ümumiyyətlə özünü gülüş hədəfinə çevirmək olar. Amma bu dəfə də bu sadə suala cavab vermək çətindir. Bir faktı xatırlatmaq kifayətdir ki, son qərarı ilə ABŞ ən azı bundan bir gün əvvəl sənədə bir daha dəyişiklik edilməyəcəyini əminliklə bəyan edən dövlət katibinin köməkçisi Metyu Brayzanı pis vəziyyətdə qoyub. Odur ki artıq Brayzanın istefa verməsi üçün əsl vaxtdır, biz isə "Amerika siyasəti" fənnindən daha bir dərs almalıyıq.

Nəhayət, bütün deyilənlər nəticəsində belə bir yekun qənaətə gəlmək olar: biz "tarixin dərslərindən" vaxtında nəticə çıxarmadan, sadəlövchəsinə öz dostluğumuzun müqabilində bizə qarşı da eyni addımın atılacağını gözləyəcəyiksə, tez-tez "dərsi bilmədiyimiz üçün" cəzalanacağıq. 

Odur ki təəccüblənmək yox, konkret addımlar atmaq lazımdır. Elə amerikalı məşhur satirik Uill Rocersin dediyi kimi, "Əgər siz düz yolda olsanız belə, yolda oturmusunuzsa, sizi tapdalayacaqlar".


MƏSLƏHƏT GÖR:

356