
ŞƏRQ CAZİBƏSİ
Koreya respublikası ilə əməkdaşlığı genişləndirməklə, azərbaycan bütün şərqin üzərindən avropaya yeni körpü salır
Müəllif: Ramin ABDULLAYEV Bakı
Azərbaycan Prezidenti İlham Əliyevin Koreya Respublikasına dövlət səfəri iki ölkə arasında Koreya prezidenti Ro Mu Xyunun Bakıya səfərindən sonra başlanmış intensiv dialoqun davamı oldu. Seulda Azərbaycan səfirliyinin açılması dövlətlərarası əlaqələrə yeni təkan verdi; bu, iki ölkə rəhbərliyinin daha sıx əməkdaşlıqda maraqlı olmasına dəlalət edir.
Bu gün Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı respublikaya sərmayə yatırımında maraqlı olan çoxsaylı təcrübəli və peşəkar şirkətləri cəlb edir. Şübhəsiz, ölkənin intensiv iqtisadi inkişafına zəngin təbii sərvətlərə malik olmadan nail olan Koreya iş adamlarının geniş iş təcrübəsi Bakı üçün maraqlı olardı. Aprelin 24-də Seulda keçirilən Azərbaycan - Cənubi Koreya biznes-forumunda prezident İlham Əliyev məhz bunu bəyan etdi. Ölkə başçısının sözlərinə görə, iqtisadi əməkdaşlıq sahəsində "açıq qapı" siyasəti yürüdən Azərbaycan ciddi niyyətli və nüfuzlu şirkətlərin hamısını qəbul etməyə hazırdır.
Azərbaycan prezidenti respublikada uyğun investisiya mühiti yaradıldığını vurğulayaraq, koreyalı biznesmenləri sıx əməkdaşlığa dəvət edib. "Ölkəmiz Cənubi Koreya şirkətləri üçün açıqdır, biz onların investisiyalarını dəstəkləyirik, ümumi dəyəri 1 milyard dolları ötən konkret layihələr müzakirə olunur", - deyən prezident İlham Əliyev Cənubi Koreyanın hökumət üzvləri və iş adamlarından ibarət yüksək səviyyəli nümayəndə heyətini bu ilin yayında Bakıya səfərə dəvət edib.
Forumun işində 40-dan artıq Azərbaycan və 60-a yaxın Koreya iş adamı və aparıcı şirkətləri birləşdirən assosiasiya rəhbərləri iştirak edirdilər. Forum çərçivəsində bir sıra razılaşmalar əldə edilib, Koreya şirkətlərinin iştirakı ilə Bakıda külək elektrik stansiyasının və gəmiqayırma zavodunun tikilməsinə dair qarşılıqlı anlaşma memorandumları imzalanıb.
Şərq və Qərb arasında dəniz qapıları
Seul və Bakının qarşılıqlı əməkdaşlığa marağı təsadüfi deyil. Məsələ ondadır ki, Asiya qitəsi coğrafi baxımdan Azərbaycanda başlayıb Koreyada bitir. Azərbaycanla əməkdaşlıq yaratmaqla Asiya iqtisadiyyatının nəhən-gi olan Koreya Respublikası Avropa bazarlarına yeni əlverişli çıxış əldə edir. Azərbaycan isə öz növbəsində birbaşa Böyük İpək Yolunun başlanğıcından əlavə yük axını və investisiya cəlb edir. Ölkəmizin iri nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, rəsmi Bakının infrastrukturu təkmilləşdirmək üçün investisiya və müasir texnologiyalara ehtiyacını başa düşmək olar. Bu baxımdan prezident İlham Əliyevin Koreya Respublikasının ikinci ən böyük şəhəri, əhalisinin sayı 3,7 milyona yaxın olan Pusan şəhərinə səfəri xüsusi diqqət cəlb edir. Pusan liman şəhəri Koreya yarımadasının şərqində yerləşir və Asiya qitəsini Sakit okeanla birləşdirən qapıdır. Cənubi Koreyanın dəniz yolu ilə ixrac etdiyi yüklərin 40, konteyner yüklərinin 85 və dəniz məhsullarının 40%-i onun payına düşür. Dərinsulu limanlar, mülayim iqlim Pusanı dünyanın ən böyük limanları sırasında üçüncü yerə çıxarıb, bölgənin zəngin tarixi isə burada turizmin inkişafına səbəb olub. Sadalanan bütün meyarlar Bakıya da xasdır və Azərbaycan prezidentinin Pusana səfəri təkcə protokol tədbiri kimi qiymətləndirilməməlidir. Son zamanlar Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətdə ölkəmizi Avropa və Asiya arasında dəniz qapılarına çevirmək məqsədi aydın sezilir. Təsadüfi deyil ki, bir qədər əvvəl Dubayın (BƏƏ) limanlar, gömrüklər və azad ticarət zonası korporasiyalarının icraçı-sədri Sultan Əhməd ben Süleym Azərbaycana səfər edib və prezident İlham Əliyevin qəbulunda olub.
Pusanda dövlət başçısı bir daha qeyd edib ki, Azərbaycanın müasir limanlara ehtiyacı var. O, dəniz yükdaşımalarında və liman infrastrukturunun yaranmasında böyük təcrübəsi olan Cənubi Koreya şirkətlərinin yeni Bakı limanının tikintisində iştirakından məmnunluğunu ifadə edib.
İlham Əliyev son 40 ildə 500 gəmi buraxan "STX" gəmiqayırma şirkətində də olub. Bu şirkət Cənubi Koreyanın gəmiqayırma sahəsində dünya liderlərindən birinə çevrilməsində mühüm rol oynayıb. Burada, əsasən, konteyner və sıxılmış qaz daşımaları üçün gəmilər tikilir. Şirkət gələcəkdə fəaliyyətini genişləndirərək, avtomobil daşımaları üçün bərə və gəmilərin inşasını nəzərdə tutur.
Prezident İlham Əliyev müəssisə ilə tanış olub, ayrı-ayrı istehsalat sahələrini gəzib, ən yeni avadanlıq və texnologiyaların tətbiqi ilə gəmiqayırma prosesini müşahidə edib. Ölkə başçısı qeyd edib ki, Azərbaycanın "STX" şirkəti ilə gəmiqayırma sahəsində əməkdaşlığı sərfəli olacaq.
Qeyd edək ki, səfər çərçivəsində "Azərbaycan İnvestisiya Şirkəti" QSC və "STX" korporasiyası arasında ölkəmizdə külək elektrostansiyalarının, eləcə də Bakının Qaradağ rayonu ərazisində Xəzər gəmiqayırma zavodunun inşası barədə razılaşma imzalanıb.
Bakı infrastrukturunun inkişafına diqqət
Bakının öz infrastrukturu da diqqətdən kənarda qalmayıb. Bunu ölkə başçısının Seul Nəqliyyat Əməliyyatları və İnformasiya Xidmətində (TOPİS) olması da sübut edir. 12 milyonluq şəhərin nəqliyyat hərəkətini idarə etmək üçün yaradılmış TOPİS ictimai nəqliyyatın hərəkətini tənzimləyir: pik saatlarda əlavə avtobuslar cəlb olunur, avtomobil tıxacları yarananda isə nəqliyyatın alternativ marşrutları seçilir. Bundan başqa, bu mərkəz vasitəsilə qadağan edilmiş yerlərdə dayanan maşınların dərhal evakuasiyası təmin olunur, baş vermiş qəzaların qeydiyyatı və tədqiqilə əlaqədar məlumat toplanması həyata keçirilir.
Prezident İlham Əliyev, həmçinin, intellektual idarə sistemi ilə ətraflı tanış oldu. Belə mərkəzin Bakıda da yaradılması nəzərdə tutulub. Bununla bağlı, aprelin 23-də Seulda Azərbaycan Nəqliyyat Nazirliyi və Cənubi Koreya Tikinti və Nəqliyyat Nazirliyi arasında qarşılıqlı razılaşma memorandumu imzalandı.
İlkin qiyməti 50-55 milyon ABŞ dolları olan layihənin reallaşması bu ilin ikinci yarısında başlayacaq və 2009-cu ildə başa çatdırılacaq. Bakıda avtomobil nəqliyyatının hərəkətinə aid bütün məlumatlar bu mərkəzdə toplanacaq və internet, mobil telefonlar, televiziya və radio vasitəsilə həm sərnişinlərin, həm də sürücülərin diqqətinə çatdırılacaq.
Ölkə başçısı Azərbaycan paytaxtının sosial-iqtisadi inkişaf templərini və şəhərdə nəqliyyat vasitələrinin sayının artmasını nəzərə alaraq, Bakıda belə sistemin yaradılmasının mühümlüyünü vurğulayıb.
Azərbaycan prezidentinin Seulun 50 kilometrliyində yerləşən Panq Yo korporasiyasının informasiya mərkəzinə baş çəkməsi də diqqəti cəlb edib. Bu mərkəz həyat standartlarının yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinin səviyyəsinin yüksəldilməsini təmin etmək üçün yaradılıb.
1990-cı ildə reallaşdırılmağa başlanmış "Yeni şəhərlərin inkişafı" layihəsinə xüsusi diqqət yetirilib. Layihənin əsas özəlliyi şəhərsalma zamanı müasir texnologiyaların tətbiqinə üstünlük verilməsindədir. Artıq layihə çərçivəsində 10 şəhərcik tikilib. Yeni yaşayış massivlərində 29 min mənzildə 88 min adam yaşayır, yeni şəhərlərin ərazisinin 38%-ini isə yaşıllıqlar təşkil edir. Layihəni yüksək qiymətləndirən prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda bu sahədə konkret iş aparmaq üçün imkan var. "Biz bu təcrübədən yararlanaraq, Azərbaycanda yeni şəhərsalma layihələri həyata keçirmək fikrindəyik", - deyə dövlət başçısı bildirib.
Xidmətlər gözdən qaçmır
Səfərin gündəliyində Kyunq He Universietinə gedilməsi də önəmli hadisələrdən biri oldu. Azərbaycan prezidenti universitetin müəllim-professor heyəti ilə görüşdü. Bütün dünyada məşhur olan bu universitetdə 23 min tələbə təhsil alır. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevə siyasi elmlər üzrə fəxri professor adı verilməsi münasibətilə təntənəli mərasim oldu. Mərasimdə çıxış edən universitetin rektoru İnvon Çou qeyd etdi ki, fəxri professor adı prezident İlham Əliyevə sülh və təhlükəsizliyin qorunması, öz ölkəsinin inkişafındakı xidmətlərinə, həmçinin, dövlət idarəçiliyindəki məharətinə görə verilib. Fəaliyyət göstərdiyi dövr ərzində prezident İlham Əliyev böyük nüfuz qazanıb, onun siyasəti sayəsində Azərbaycan enerji sektorunda möhtəşəm nailiyyətlər əldə edib ki, bu da ölkənin hazırkı iqtisadi inkişafının əsasını qoyub.
Göründüyü kimi, Azərbaycanın sürətli iqtisadi inkişafı həm Avropada, həm də Asiyada gözdən qaçırılmır. Bu, ölkəmizə çoxvektorlu xarici siyasəti daha inamla inkişaf etdirməyə, Qərb və Şərq sivilizasiyaları arasında dialoqda mərkəzi mövqeyə möhkəm yiyələnməyə imkan verir.
MƏSLƏHƏT GÖR: