
TEATRA MƏFTUNLUQ ZAMANI
Azərbaycan teatrını gənc rəssamlar böhrandan çıxara bilərlər - mədəniyyət və turizm nazirliyində buna əmindirlər
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Ağ-qara, amma rəngarəng. Gənc rejissor Mikayıl Mikayılovun "Milyonçunun dilənçi oğlu" tamaşası Azərbaycan teatrında tamamilə yeni baxışdır. Ağ-qara, çünki lap bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında premyerası keçirilmiş tamaşanın dekorasiyaları ağ-qara tonlardadır. Bəlkə, insan həyatının ani dəyişkənliyinə və gerçəkliyə eyhamdır?! Azərbaycan teatrını qara zolaqdan sonra böyük dəyişikliklər gözləyir. Burada dünyamızı bir qədər yüksəklikdən qavrayan gənc rəssamlar var. Yuxarıdan isə, məlum olduğu kimi, hər şey daha yaxşı görünür.
Zaldakı tamaşaçı üçün
Bu gün üçün çox cəsarətlidir. Süleyman Ələsgərov və Şıxəli Qurbanovun tamaşanın əsasını təşkil edən pyesin sovet illərində yazılmasına baxmayaraq, rejissor ustalıqla onu "müasirliyə" uyğunlaşdırıb. M.Mikayılovun görümündə insan həyatının bütün rəngarəngliyi və gözəlliyi: qorxu, məhəbbət, Xeyir və Şər, insan naqislikləri, mistika - bütün bunları idarə edən görünməz əl var. Absurd teatrı hər şeyi ram edən janrdır və yaxşı zövq "peyvəndi" olma-yan Azərbaycan tamaşaçısının onu necə qəbul edəcəyi pərdə salınıb gurultulu alqışlar altında "Bravo!" nidaları səslənənədək böyük bir sual altında idi. Bu, "Skafandrdan çıxıb, dünyaya baxmaq" adlı eksperiment idi. Deməli, bu, teatra gələnlərə lazım imiş.
Zatən, M.Mikayılov üçün bu, yenilik deyil. Etiraf etmək lazımdır ki, bu gün o, hər cür direktivlərlə yüklənməmiş "baxımlı" quruluşlar verə bilən azsaylı müasir rejissorlardan biridir. Ən maraqlısı isə budur ki, tamaşa Musiqili Komediya Teatrında səhnəyə qoyulmuşdu və teatrın dirijoru Nazim Hacıəlibəyovun yazdığı musiqi sədaları altında gözəl aktyorların ifa etdikləri ariyalar sanki bu ağ-qara tamaşa üçün daha böyük absurd oldu. O öz həyatı ilə yaşamayıb, əlvan rənglərin gözəgörünməz əlavəsi kimi səslənirdi.
Bu gün, Azərbaycan teatrı böhrandan çıxarkən, "yeni qan köçürmək" və gənc rəssamlara yol vermək ideyasına görə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etmək lazımdır. Martda Azərbaycanda ölkənin gənc rəssamlarının festivalı keçirildi. İstedadlar axtarışı üçün bundan yaxşı imkan?! "Milyonçunun dilənçi oğlu" tamaşasını gənc teatr rəssamlarına dəstək proqramı çərçivəsində M.Mikayılova Mədəniyyət Nazirliyi "sifariş etmişdi". Və ölkəmizdə mədəniyyət üçün cavabdeh olan əsas qurumda qeyd edildiyi kimi, sifariş "əla" qiymətlə yerinə yetirildi. Ümid edirik, bu yalnız başlanğıcdır.
Azərbaycan teatrına yeni həyat bəxş etmək
Bununla belə, "Yuğ" Teatrının rejissoru və aktyoru Mikayıl Mikayılovun irterpretasiyasında Azərbaycan teatrının "canlandırılması nəzəriyyəsi" sadə görünür. Klassika və müasirlik arasında gəzişmələr edən rejissor hər kəsin özü üçün nəsə tapacağı və hansısa nəticələr çıxara biləcəyi quruluşlar vermək niyyətindədir. Öz dünya görümünü başqalarına sırımaq mənasız işdir, iştirak imkanı vermək daha yaxşı olar. "R+"la söhbətində Mikayıl Mikayılov qeyd etdi ki, bu gün rejissorların teatr tamaşaçılarına nə qədər ciddi yanaşmasından çox şey asılıdır.
"Çox şey bizdən asılıdır. Əgər biz "ikinci növ" quruluşlar təklif etsək, primitiv qavramadan şikayətlənməyə dəyməz. Tamaşaçı təqdim etdiyimizə sonradan alışır. Sözsüz, bu gün indiki zövqə uyğunlaşmağa çağıran rəylər səslənir, amma fikrimcə, bu, yanlış nöqteyi-nəzərdir. Tamaşaçını ağılsız və savadsız hesab edib, onun yedəyində gedən teatrlar da var, ona görə quruluşa verilən tələblər də fərqlidir. Əslində, yaradıcılığımızı qiymətləndirməli olanlara belə münasibəti cinayət sayıram".
Bu gün M.Mikayılovun yaradıcılıq baxışlarının sırf Avropa avanqardına yönəldiyini demək olmasa da, onun fikrincə, nə vaxtsa stereotiplərin ləğvi baş tutmalıdır. Teatrımız, onun aktyor və rejissorları yenilikçi ideyalara alışmalıdırlar və bunu bacararlar. Şübhəsiz, hələ ki təcrübə azdır. Lakin cəmiyyətin gözündə səfeh və gülünc görünməkdən yalnız eksperiment edənlər çəkinmirlər. İnsanlar gözləribağlı yaşamırlar. İnformasiya texnologiyaları, İnternet, kabel televiziyası əsrində, məkanın aniliyə qədər daraldığı bir dövrdə tamaşaçı Azərbaycan səhnəsində göstərilən primitiv olanlarla Avropanın, hətta ən yaxın qonşularımızın, məsələn, elə Türkiyənin teatrlarında tamaşaçının müzakirəsinə çıxarılanlar arasında kəskin fərqi duymağa başlayırlar. Özü də bu durum Azərbaycanın malik olduğu zəngin mədəniyyətə rəğmən yaranıb.
"Türkiyə artıq bizdə yaxşı olan nə varsa, hamısını əxz edib. Biz isə kasadlıq və maddi bazanın - ən yeni texnikanın, işığın və müasir dekorasiyaların, Azərbaycan dilində ədəbiyyatın yoxluğu ilə üz-üzə qalmaqdayıq. Məsələn, Musiqili Komediya Teatrında Azərbaycan dilində Avstriya operettası yoxdur. Mənim işim asandır, çünki rus dilini bildiyimdən, İnternet və rus dilində ədəbiyyatdan yararlanıram. Azərbaycanda olmasa da, Gürcüstanda tapılan kitablar var. Bəs gələcək nəslin taleyi necə olacaq? Aydındır ki, bu sistem tədricən işlənib-hazırlanacaq. Odur ki Azərbaycan tamaşaçısına teatr haqqında alışdığı təsəvvürlərdən kənara çıxmağı aşılamaq üçün əlimizdən gələni etməliyik".
Sənətkar indiki tamaşaçının yeni stilə hazır olduğuna əmindir. Həm də bu heç musiqili komediya da deyil. Avropada müasir müzikl, ən son texnika və xüsusi effektlərin tətbiq edildiyi özünəməxsus teatr postmodernizmindən istifadə edilir. Şübhəsiz, Azərbaycanın teatr səhnələrinin bugünkü durumu tam həcmdə eksperimentlər həyata keçirməyə imkan vermir. Düzdür, indi ölkədə teatrların bir çoxu təmir edilir, lakin bu proses azı 4 il çəkəcək. Bəlkə də o başa çatandan sonra, teatr aktyorları və rejissorları elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadəyə başlayacaqlar, tamaşaçıya isə yalnız həzz almaq qalacaq.
Bəs hakimlər kimdir?
Azərbaycanın gənc rejissorlarından 14 nəfərinin işlərinin təqdim olunduğu mart festivalının nəticələrini yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, ölkəmizdə rejissuramızı durğunluqdan xilas etməyə qadir sənətkarlar var. Postmodernizmə istiqamətlənən yeni bir dalğa baş qaldırmaqdadır və bu meyllər, şübhəsiz, müsbət nəticələrə gətirib çıxaracaq. Lakin öz yaradıcılığına kənardan nəzər salmaq üçün sağlam və peşəkar tənqid zəruridir ki, bu da rejissorun qeyd etdiyi kimi, ölkəmizdə hələlik yoxdur. Bir çoxları "xoşuma gəlir-gəlmir" prinsipi ilə qərar verirlər. Gənc sənətkarları onların müəllimləri, teatrların rejissorları dəyərləndirirlər. Məsələn, "təzələr"in səhvlərini festivalda təmsil olunan 14 rejissordan 7-ni yetişdirən "Yuğ" Teatrının quruluşçu rejissoru Vaqif İbrahimoğlu tez-tez diqqətə çatdırır. Bu, müsbət meyldir. Lakin nə ölkədaxili, nə xarici, nə də Rusiya tənqidi mövcud deyil. M.Mikayılovun sözlərinə görə, sənətkarlar buna böyük ehtiyac duyurlar: "Tənqidçilərimiz "Milyonçunun dilənçi oğlu" tamaşası barədə fikirlərini bildirsələr, yalnız şad olaram. Bəli, mənə bunun Musiqili Komediya Teatrı üçün yeni janr olduğunu deyiblər. Absurd teatrının poetikasını qavramaq çox çətin idi. Lakin məsələ postmodernizm problemini hansısa rejissor öz tamaşasını avanqard janrında tamaşaya qoyduğu halda, sıravi vətəndaşların və hətta peşəkarların da onu Maleviçin "Qara kvadrat"ı kimi qarşılamasındadır. Bütün bunlar ona dəlalət edir ki, rejissorlar da, aktyorlar da yüksək təhsilə malik substansiyanı təmsil etməlidirlər. Şübhəsiz, bu gün aktyorlarımız üçün absurd janrında işləmək çox ağırdır. Tamaşaçının bu tamaşanı qavramasında problemlərinin olmaması üçün isə mən onu yuxu estetikasına bürümə-yə qərar verdim, yəni səhnədə baş verən bütün irreallıqlar insan oyanandan sonra yox oldu".
Bəli, M.Mikayılov postmodernizmin aktyorun gözə çarpan ifasını adi hal kimi qavrayan tərəfdarıdır. Onun üçün səhnədəki aktyor adi insandır. Səhnəyə çıxanda da o, rol ifa edən insan olaraq qalır: "Məsələ ondadır ki, klassik və postmodernist teatrlar arasında paralel aparmaq lazımdır. Klassik, yəni rus teatrında Stanislavskinin metodlarından istifadə edilir - ifa zamanı aktyor özünü unudur. Fikrimcə, indiki teatr meyarlarına görə, bu düzgün deyil. Mən "olum, ya ölüm" deyən Hamlet obrazına, Otello roluna nə qədər dərindən qapılsam da, bütün bunlarda mənim formam, intonasiyam qalmaqdadır. Mənim, yəni azərbaycanlının Danimarka şahzadəsinin rolunu oynaması absurddur. Şekspirin əsərlərinin indi də dəbdə olmasının səbəbi nədir? Onların mənasının başa düşülməsinin çox mürəkkəb olmasında. Öz həyat təcrübəsindən çıxış edərək, hərə onları özünəməxsus şəkildə şərh edə bilər. Məsələn, hazırda bir çox teatr klassik ənənələri qıraraq avanqarda üz tutsa da, bu ənənələri hələ də əldə rəhbər tutanlar var. Həm də bunu peşəkarcasına etdikləri etiraf olunmalıdır. Belə çıxır ki, teatr janrında klassizm də, postmodernizm də eyni dərəcədə mövcud olmalıdır. Səhnəmizdə isə tarazlıq pozulub. Müəyyən məqamda dərin bir uçuruma yuvarlanmışıq. Bu dövrü hansısa terminlə adlandırmaqda çətinlik çəkirəm. Yəqin ki, bunda SSRİ-nin dağılması önəmli rol oynadı. Biz qəfildən çökən bir ideologiyaya tabe idik, məqsəd və istiqamət yoxa çıxdı. Rus teatrı bu durumdan çıxmağa başladı, biz isə hələ geri qalsaq da, Allaha şükür, iş axarına düşməkdədir".
Prodüserliyə yol açın
Azərbaycan teatr və kinosunun prodüserliyə ehtiyacı var. Dövlət büdcəsi və sponsorlara ümid etməkdən uzaqlaşmaq vaxtıdır. Böyük büdcəsi olan film və tamaşaların yaradılması üçün imkan da elə məhz bu olacaq. Bu yaxınlarda təsisçisinin məşhur kinorejissor Rüstəm İbrahimbəyov olduğu Azərbaycan beynəlxalq kino məktəbinə tələbə qəbulu başa çatıb. Kino məktəbində təhsil almaq arzusunda olan 306 nəfərdən 29 nəfər seçilib ki, onların arasında M.Mikayılov da var. Rejissor heç də elə asan və sadə olmayan prodüserlik sənətinə yiyələnəcək. Sentyabrdan gələcək kinoşünas, kinorejissor, kinoprodüser və kinematoqrafçıların hazırlığına başlanacaq. İkiillik təhsil ərzində Bakıda tələbələrə ABŞ, Fransa, Rusiya və d. ölkələrdən dəvət olunmuş kino xadimləri dərs deyəcəklər. Xarici dilləri bilən tələbələrin kino sahəsində təcrübə əldə etmək üçün xarici ölkələrə yollanmaq imkanı olacaq.
M.Mikayılov hesab edir ki, gələcək Azərbaycanda işini bilən prodüserlər meydana çıxdığı halda, səhnəyə qoyulacaq tamaşalar artacaq. Bu zaman tamaşanın qoyuluş xərcləri 0,5-1 mln dollar arasında ola bilər. Bu baxımdan, gənc rejissor Avropada kifayət qədər geniş yayılmış plastik teatrlara üstünlük verir. Bu təkcə mimika və jestlər deyil. Azərbaycan üçün də bu, yenilik olmayacaq. Lakin çox təəssüf ki, avanqard janrında ixtisaslaşan teatrlar ölkəmizdə, demək olar ki, təmsil edilməib. Hazırda bu istiqamətdə yalnız "Yuğ" Teatrı işləyir. Hələlik.
"Ölkəmizdə artıq eksperimental teatr yaradılması üçün zəmin var. Bir daha təkrar edim ki, bu istiqamətdə işimiz daha böyük məna kəsb etməkdədir".
Gənc rəssam Rusiya və Avropada ixtisaslaşmaq fikrindədir. "Bu gün mən dünya teatrının, demək olar ki, bütün inkişaf tendensiyalarını izləyir, onları Azərbaycanla tutuşdururam. Bizim şəraitdə aktyora qarşı tələb irəli sürməli oluruq. Dünyagörüşünün azərbaycanlılara və dünyaya xas olan çərçivələrinin olduğunu da başa düşürəm. Məncə, velosiped icad etməyin yeri deyil. Avropa və Şərq mədəniyyətləri təcrübəsinə əsaslanaraq, özümüzə xas olanını tapmağa cəhd göstərməliyik. Məsələn, bu gün Avropada Qərb konstruktivizminin hansısa ölü mexanikləşməyə gəlib çıxdığını dərk edirlər. Avropalılar mənəvi dərketməyə tələbat hiss ediblər. Şükür Allaha ki bizdə bu barədə çatışmazlıq yoxdur. Amma Avropa təfəkkürü də pis olmazdı. Odur ki Avropa və Rusiyada staj keçsəm, seçmələri öyrənsəm, bu mənim özüm üçün də, ölkəm üçün də çox gözəl olar. Fikrimcə, gənc Azərbaycan rejissorlarının əksəriyyəti buna can atmalıdırlar", - deyə M.Mikayılov bildirib.
Sənətkar yaxın dövr üçün planlarında Mədəniyyət və Turizm Nazirliyinin ən yaxşı kinoquruluş üçün elan etdiyi müsabiqədə iştirak etmək üçün ssenari və rejissura üzərində çalışır. Lakin Mikayıl bunun məhz hansı ssenari və hansı bədii film üçün olacağını hələlik açıqlamır. Lakin bu halda da eksperimentsiz ötüşmür və xoşbəxtlikdən novator ide-yaların cücərdiləcəyi zəmini çox münbitdir.
MƏSLƏHƏT GÖR: