
GÖZ ÖNÜNDƏ OLAN
Bakının küçə və meydanlarında quraşdırılan xarici reklamlar çox zaman sürücülərin diqqətini yayındırır, həm də şəhərin ümumi görünüşünü korlayır.
Müəllif: Nailə BƏnnayeva Bakı
Xarici, yəni otaqda olmayan reklam ən təsirli vasitələrdən biridir, çünki çox geniş auditoriyanı əhatə edir. O, dinləyicinin qulaqlarına zərbə vuran güclü səs kimi istehlakçının gözlərinə güclü zərbə endirir. Həqiqətən, öz mallarının, yaxud xidmətlərinin xarici reklamını sifariş verən şirkətlər sanki bütün küçəboyu "Biz varıq!" - deyə "qışqırır". Düzdür, bu "səsləri" onları eşitməli olan kütlənin necə qəbul etməsi (əlbəttə, hansısa şüarda kobud səhv yer almayıbsa) diqqətdən kənarda qalır. Şirkətin ünvanında küçənin adı ilə evin nömrəsi arasında vergülün olmaması kimi başdansovmalara, eləcə də "ünvan" sözünün sonunda iki "n" hərfinin yazılmasına, ümumiyyətlə, heç kəs diqqət yetirmir. Amma xarici reklamın müəyyən qüsurları var ki, onları savadlı şəkildə aradan götürməyi bacarmaq lazımdır.
Nəhəngliyin müsbətləri
Xarici reklamın başlıca mənfi cəhəti onun özünün başlıca müsbət cəhətinin - iri formata malik olmasının tərs üzüdür. Bəzi qurğular elə nəhəngdir ki, maşınların və piyadaların hərəkətinə müəyyən maneçilik törədir. Lakin xarici reklamın möhtəşəm ölçülərinin insanlara qətiyyən mane olmayan növləri də var; məsələn, çəkilib-bərkidilən transparantlar (sadə dildə - gərmələr). Bəzən onlar binaların fasadında belə gözə çarpsa da, əsasən, yerdən aralı - ikinci-üçüncü mərtəbə hündürlüyündə avtomobil yollarını eninə kəsib keçir (məsələn, metronun "Sahil" stansiyasının yanında müntəzəm olaraq dəyişdirilən, H.Əliyev adına idman kompleksindəki iqtisadi sərgilər barədə məlumat verən asma transparant). Belə transparantlar həm küçənin görkəmini korlamır, həm də peyzajın gözəlliyinin qarşısını kəsmir. Düzdür, ictimai nəqliyyat sürücüləri arasında dövri olaraq tezliklə Böyük Britaniyadan Bakı üçün ikimərtəbəli omnibuslar alınması barədə lətifəyəbənzər şayiələr dolaşır... Lakin nə qədər ki bunlar yalnız şayiədir, asma transparantlar bizim marşrut avtobusları üçün maneə deyil.
Digər nümunə - brandmauer pannoları, yəni binaların pəncərəsiz yan divarları (brandmauerlər) üzərində yerləşdirilən plakatlardır. Bunlar, demək olar ki, öz ölçülərinə görə ən böyük, uzun müddət qalan xarici reklam vasitələridir (öz ölçülərinə görə daha nəhəngləri yalnız ekzotik və çox təsirli olsa da, qısaömürlü reklamlardır; məsələn: aerostatlarla, yaxud reklam yazılı atəşfəşanlıqlar. Əlbəttə, brandmauer pannosu öz qiymətinə görə reklamverən üçün daha bahalıdır (elə onu qeyd etmək kifayətdir ki, 30 metrdən artıq hündürlükdə belə bir pannonun quraşdırılması üçün alpinistlər briqadası lazımdır, bundan başqa, belə nəhəng sahədə işləməklə bağlı bir yığın digər texniki çətinliklər də var). Lakin brandmauer pannoları, özünün sırf reklam səciyyəli cazibədarlığı ilə yanaşı, hətta onların reklam etdiyi mal və xidmətlərlə qətiyyən maraqlanmayanların fikrincə də, şübhə doğurmayan daha bir üstünlüyə malikdir. Bu nəhəng "şəkillər" küçənin ümumi görkəmini əsaslı surətdə bəzəyir - yeni çoxmərtəbəli binanın darıxdırıcı, yekrəng gövdəsini örtür (VQİ və BSU-nun binalarının yaxınlığındakı panno kimi), yaxud ön tərəfdən tamamilə yaxşı görünən "xruşovka"nın dəfələrlə yamanmış gövdəsinin bütün eyiblərini gizlədir (Bakıxanov körpüsünün yanında hərbi komissarlıqla üzbəüz panno kimi).
Bilbordların qarışıq səsləri
Sözün həqiqi mənasında, yanından dolanıb-keçmək lazım gələn xarici reklamın qüsuru haqqında danışanda, ilk növbədə, magistral yolların kənarındakı lövhələri və pilonları nəzərdə tuturam. Magistral yolların kənarındakı lövhələrdən reklam vasitəsi kimi istifadə həm də "bilbord" adı ilə tanınır, lakin düzgün yanaşılsa, bu onun 3x6m ölçüdə (daha böyük - 5x10m və 5x15m ölçüdə olanları supersayt adlanır) olan müxtəlif növlərindən biridir. Gecə vaxtı işıqlandırıldığından, belə lövhə, əslində, sutkaboyu "işləyir". Lakin belə reklam vasitələrindən, adətən, böyük avtomobil yollarının kənarında istifadə olunur ki, bu da müəyyən məsuliyyət tələb edir.
Söhbət tərtibatın keyfiyyətı və mətndən getmir - bu parametrlər həmişə önəmlidir. Qeyd etmək lazımdır ki, milli reklam dizaynerlərimizin sıravi işləri arasında son dərəcə dahiyanə hazırlananları da var. Qrammatik və üslub səhvlərinə gəldikdə, demək olar ki, müasir zümrəsi bu son onillikdə inkişaf etmiş peşəkar reklam dizaynerlərindən fərqli olaraq, yaxşı surətçıxarma mütəxəssislərini barmaqla saymaq olar. Lakin onların hazırlanması prosesi artıq başlanıb, həm də reklam bazarında bu ixtisasa malik adamlara tələbat artmaqdadır. Odur ki işin dizayner və qrammatik tərəflərini reklam agentlərinin vicdanına buraxaq. Diqqəti reklam lövhələrinin yerləşdirilməsinə yönəldək. Bəzən onlar yolun işlək hissəsi istiqamətində bir neçə santimetr irəli çıxır ki, bu yolverilməzdir. Doğrudur, belə hallar, əsasən, şəhərin mərkəzi magistrallarında müşahidə edilir.
Mərkəzdə isə başqa bir problem var. Məsələn, bulvarboyu, Neftçilər prospektində bilbordlar yağışdansonrakı göbələklər kimi sancılıb. Sual oluna bilər: "Bunda pis nə var ki?". Həm reklamverənlərə maksimum fayda verir (axı bu prospekt nəqliyyat vasitələri ilə yüklənmə baxımından paytaxtda ən gərgin olanıdır), həm dövlətə gəlir gətirir (icra hakimiyyəti, yaxud bələdiyyələr vasitəsilə), həm də yoldan keçənlərə sevinc bəxş edir - küçəni bəzəyir. Əlbəttə, iş dalınca tələsən adam bilbordun mətnini diqqətlə oxumayacaq. Axı küçə lövhələri metro stansiyasında asılan, başqa heç bir iş olmadığı üçün adamın gözlərini zillədiyi və öz stansiyasına çatana qədər son hərfinə qədər oxuduğu kiçik plakat-stiker deyil. Bu səbəbdən də bilbordların üzərindəki yazılar lakonik təsirinə görə güclüdür.
Buna baxmayaraq, psixoloqların dəyərləndirməsinə görə, yolkənarı reklam lövhələri (xüsusən də hərəkət edən təsvirli lövhələr) yol hərəkəti iştirakçılarının (xüsusən, sürücülərin, həmçinin, piyadaların da) diqqətini o qədər dağıdır ki, böyük magistrallarda baş verən yol-nəqliyyat hadisələrinin çoxunun gizli səbəblərindən birinə çevrilir. Bu baxımdan, məsələn, Mərkəzi Poçtun yaxınlığındakı çoxhərəkətli yolun kənarında ekran lövhəsi olduqca uğursuzdur - hərəkət edən təsvir diqqəti statikdən daha güclü cəlb edir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının reklam haqqında Qanununa müvafiq olaraq (II fəsil, 15-ci maddə), "Xarici reklam yollarda görmə zonalarını pisləşdirməməli və təhlükəsizliyi azaltmamalıdır".
Bilbordlarla bağlı problemin digər cəhəti sırf estetik səciyyəlidir. Reklam vasitələrinə aid müəyyən standartlar mövcuddur (məsələn, lövhələrin ölçülərinin təsnifatı). Doğrudur, onlara bizim reklamçılarımızın əməl edib-etməməsi məlum deyil. Lakin tamamilə aydındır ki, dövlət tərəfindən bu reklamların fəaliyyətinin təkcə maddi tərəfinə yox, həm də şəhərtikmə sahəsində müxtəlif reklamların şəhərin görkəminə uyğunluğu baxımından nəzarət edilməlidir. Bu cəhətdən, "Ramstor" yaxınlığındakı dairədə olan vəziyyət şəhərin gözəl, geniş ərazisini müxtəlif reklam vasitələrinin doldurulması ilə necə asanlıqla korlamağın mümkün olduğunu sübut edir. Bir neçə müxtəlif formatlı, əlvan bilbordlar, benzindoldurma məntəqəsi yanında işgüzarcasına ciddi lövhə (ensiz və hündür, 20 metrlik reklam qurğusuna benzindoldurma və avtosalonların yanında tez-tez rast gəlinir) və nəhəng, arsız-şən kenquru ("Ramstor"un rəmzi) bir-biri ilə ahəngdar görünüş yaratmaqdan çox uzaqdır.
Saray və zibilxana
İndi isə pilonlar barədə (daha geniş yayılmış adı - "siti-format"). Bunlar 1,2x1,8 m ölçülü, adətən, ikitərəfli, çox zaman daxili işıqlandırma ilə işləyən düzbucaqlı konstruksiyalardır. Onlar hündür olmayan dayaq üzərində, qazonlarda, yaxud səkilərin üzərində, həm də mütləq binanın fasadına perpendikulyar, deməli, səkinin eninə quraşdırılır! Ümumiyyətlə, bu düzgün deyil - pilon yaxşı görünməli, amma heç bir halda yolu kəsməməlidir. Lakin Bakımızda siti-format nadir hallarda təvazökarlıqla qazonun üzərində dayanır - adətən, o, "həyasızcasına" birbaşa onsuz da geniş olmayan səkinin üzərinə çıxır (geniş səkilərdə ən yaxşı yerləri bilbordlar tutub). Camaatın çox toplaşdığı yerlərdə reklam pilonları ilə bağlı vəziyyət daha acınacaqlıdır. Belə ki, Fəvvarələr meydanında axşam gəzintisinə çıxanlardan ibarət sıx izdiham hər növbəti döngədə kəskin surətdə yana burularaq, ziqzaqlarla hərəkət edir, çünki boruşəkilli meydanın irili-xırdalı bütün çıxıntılarına mütləq siti-format sancılıb.
Kitab dükanının qarşısında, Nizami adına Muzeyin kürsülü mərtəbəsindəki reklam pilonu daha uğursuz yerləşib. O nəinki kiçik küçənin eninin böyük bir hissəsini "yeyir", üstəlik, "Azərbaycan" kinoteatrına tərəf gedən piyadalardan həm kinoteatrın özünü, həm soldakı mağazanın vitrinini, ən pisi, Ömər Eldarovun əl işi olan şairə Natəvanın gözəl heykəlini tamamilə gizlədir. Köhnə şəhərdə qurulmuş digər bir siti-format isə xarici reklamın uğursuz yerləşdirilməsi üzrə bütün rekordları ötüb-keçib. İlk baxışda, onun üçün əla - çoxəsrlik ağacların kölgəsində, "Bakı Soveti" metro stansiyasının yanındakı qala qapılarının yaxınlığında yer seçilib. Bu pilonda İçərişəhər haqqında ətraflı məlumat verilir. Zəriftərtibatlı bu qurğunun üzərində olduqca yerinə düşən gözəl sözlər var... Hər şey yaxşıdır, bircə "əmma" olmasaydı: məhz bu siti-formatın qarşısında, demək olar ki, ondan bir metr yarım aralıda zibilxana yerləşir. Böyük, qırmızı qutular çox da hündür olmayan maviçalarlı pilonun görüntüsünü pozur; hələ qədim mədəniyyət abidəsi haqqında mətnin altında zibil qırıntıları qalıqlarının, tullantıların necə bir təəssürat yaratdığını demirik. Bütün bunların yekunu kimi, bu qəmli və çirkli natürmort Şirvanşahlar Sarayının görüntülərinə əlavə olunur (məşhur memarlıq abidəsi çox yaxında, bir qədər solda yerləşir).
Reklam haqqında Qanunda (II fəsil, maddə 9) deyilir ki, "Milli və ümumbəşəri dəyərləri təşkil edən incəsənət obyektlərini... gözdən salan" reklam qeyri-etik hesab edilir. Düzü, bədnam zibilxananın qala qapılarından uzağa aparılması barədə düşünməyə də dəyməz: şəhər hakimiyyəti tərəfindən belə bir təşəbbüs artıq bir neçə il əvvəl göstərilsə də, yaxınlıqdakı evlərin sakinləri birmənalı şəkildə zibilxana üçün başqa yer təsəvvür etmədiklərini bildirdilər. Yeşikləri geri qaytarmalı oldular. Bəs belə bir yerdə reklam vasitəsi yerləşdirmək nəyə lazım idi? Quş qoymaq naminəmi? Sonda, reklam haqqında Qanundan (I fəsil, I maddə) başqa nümunə gətirmək istəyirik: "Reklam - ideyaların tətbiq edilməsinə... yardım göstərilməsi məqsədilə yayılan informasiyadır". Bax bunu - ideyaların tətbiqinə görə məsuliyyəti heç vaxt unutmaq lazım deyil.
MƏSLƏHƏT GÖR: