25 Noyabr 2024

Bazar ertəsi, 03:03

YAŞ SENZİ OLMAYAN NİKAH

Erkən nikahlar problemi Azərbaycan üçün əvvəlki kimi aktualdır

Müəllif:

15.04.2007

Ekspertlər hesablamışlar ki,  hazırda bizim  "mavi" planetimiz cavanlaşır,  belə ki,  Yer kürəsi əhalisinin yarısını 25 yaşından kiçik adamlar təşkil edir. Bu gün planetimizdə  bir milyard insan 10-19 yaş arasındadır və bu, bəşəriyyət tarixində ən böyük gənc nəsildir. Məhz bu səbəbdən, cəmiyyətin bu hissəsinin qayğıları özünə hörmət edən hər bir dövlətin əsas prioritetlərindən birinə çevrilməlidir.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin sonunda ölkə əhalisinin 24 %-ni 14 yaşa qədər olan şəxslər, 29 %-ni isə  18-34 yaşlı gənclər təşkil edib. Onların yarıdan  çoxu şəhərlərdə yaşayır.    

BMT-nin mütəxəssislərinin açıqlamalarından məlum olur ki, dünyada hər il, təxminən, 200 000 yeniyetmə qız ailə qurur. Onların əksəriyyətini bu addımı atmağa valideynləri məcbur edir. Hər gün 40 000 yeniyetmə qız  ana olur. Heç kəsə sirr deyil ki,  ölkəmizdə, xüsusən bölgələrdə erkən nikahlar nadir hadisə deyil. Azərbaycanın Ailə Məcəlləsində qadınlar üçün nikah yaşının 17, kişilər üçün 18 yaşından  müəyyən edilməsinə baxmayaraq, bəzən qızlar 13-15 yaşında ana olurlar. 

 

Zorən Cülyetta

Lənkəran  rayonunun yerli sakini Nigarın cəmi 17 yaşı var. Lakin bu qədər  gənc olmasına baxmayaraq, artıq bu qız daşınması asan olmayan "boşanmış" statusuna malikdir.

O, adi kənd ailəsində böyüyür, adi kənd məktəbində təhsil alır, həm də pis oxumurdu. Lakin 12 yaşı tamam olanda atası qızcığaza məktəbə getməyi qadağan etdi: yazıb-oxumağı öyrəndin, bəsindir! Göz yaşı tökərək, heç olmasa, məktəbi bitirməyə icazə vermələri üçün yalvarmasına baxmayaraq,  atanın fikri qəti idi. Qərarını isə bununla izah edirdi ki, qadının əsas vəzifəsi ərinin və uşaqlarının qayğısına qalan yaxşı ev sahibəsi olmaqdır.

Nigarın 13 yaşı olanda,  evə gələn elçilərin sayı çoxaldı. Valideynləri düşündülər ki, qızlarını indi ərə verməsələr, sonra bu cür təkliflər olmaya da bilər və onların qızı "qarıyıb evdə qalar". Bir neçə namizədə rədd cavabı verildikdən sonra,  valideynlər bir "Romeo"nu seçmək qərarına gəldilər. Düzdür, o, yaşca Şekspirin qəhrəmanından  xeyli böyük idi. O zaman Nigarın gələcək ərinin 27 yaşı olsa da, 14 illik yaş fərqi qızın valideynlərini qətiyyən narahat etmədi və onlar elçilərə sevinclə razılıq verdilər. Toya qədər bəylə-gəlin bir-birinin üzünü bir dəfə də görmədilər.   Toy zamanı qızın cəmi on üç yaşı olduğu və yetkinlik yaşına çatmadığı üçün nikah mərasimi əvəzinə yalnız  dini müsəlman ayini - kəbinlə kifayətləndilər.

Toydan sonra  ərinin qohumları Nigardan tez-tez onlara nə zaman varis verəcəyini soruşurdular. Lakin evləndikləri vaxtdan keçən iki il ərzində ona analıq səadəti nəsib olmadı. Nəticədə, sonsuz olduğu üçün ərinin ailəsi oğlanın onu atmasını tələb etməyə başladı.  Nigarı müayinə edən həkimlər birağızdan onun hələ çox gənc olduğunu və orqanizminin yalnız bir müddət sonra uşaq doğmağa hazır olacağını desələr də, həkimlərin  söylədikləri  ərinin qohumlarını inandıra bilmədi və onların təkidi ilə əri Nigarı atası evinə qaytardı.

O gündən bütün qonşular və qohumları qıza cüzamlı xəstə kimi baxır və baş verənlərdə onu təqsirli bilirlər.  Atası isə daim  qızını onun boynunda oturduğuna və onu saxlamalı olduğuna görə qınayır.

Təəssüf ki, Nigarın şəxsi həyatının üstündən xətt çəkmək  olar, çünki Azərbaycanın ucqarlarında  ərdə olub  boşanmış qızlarla, bir qayda olaraq, heç kim evlənmir.

Halbuki o, təhsil alsaydı, hər şey başqa cür ola bilərdi. Nigar iş tapar, özü-özünü təmin etməyə qadir, başqalarından asılı olmayan şəxsiyyət olardı,  zaman keçdikdən sonra sevdiyi insana rast gəlib, yenidən ailə də qurardı. Lakin valideynləri qızları üçün  başqa bir yol seçdilər və əslində, onun həyatını məhv etdilər.

 

Yetkin həyata erkən "buraxılış"

Dünyanın inkişaf etmiş bütün ölkələrində rəsmi nikaha yalnız 18 yaş tamam olduqdan sonra daxil ola bilərlər. Buna baxmayaraq,  BMT-nin Əhali Fondunun (UNFPA) hesablamalarına görə, növbəti yüzillikdə bütün dünyada 100 milyondan artıq yeniyetmə qız yetkinlik yaşına çatmadan nikaha girəcək. Bəzisinin cəmi 8-9 yaşı olacaq və əksəriyyəti bu addımı öz iradəsinin  ziddinə atacaq.

Erkən nikahlar, adətən,  bu halın çoxdan sabitləşmiş ənənə olduğu ölkələrdə baş verir ki, bu səbəbdən də onlara qarşı etiraz bildirmək, sadəcə, çətin yox, əslində, mümkün deyil. Erkən nikahlar qadının ərinin ailəsində yaşamaqla kişinin ciddi nəzarəti altında olmasına, həmçinin, çox güman ki, nikahaqədərki seksual əlaqələrin qarşısının alınmasına yönəlmişdir. Bir çox cəmiyyətdə yeniyetməlik  dövründə üzə çıxa biləcək müstəqillik ondan yalnız mütilik gözlənən qadın üçün son dərəcə arzuedilməzdir. Bu səbəbdən də erkən nikah rahatdır, çünki əməli olaraq, yeniyetməlik dövrünü "ləğv edir", müstəqilliyin istənilən təzahürlərini yox edir və şəxsi mənliyin dərk edilməsinin inkişafını boğur.

Şübhəsiz, erkən nikahların yayılmasına təkan verən ən güclü amil yoxsulluqdur. Çox vaxt  ailə qurmaq  qız uşağı üçün, xüsusilə gələcək ər ondan böyük və varlıdırsa, özünəməxsus bir strategiyadır.

Lakin erkən nikahların əsas səbəbi nə olur-olsun,  onlar uşaq və yeniyetmələrin hüquqları üçün təhlükədir. Nikaha daxil olmaq üçün tam  razılıq verilməsi hüququ İnsan hüquqları haqqında Ümummilli deklarasiyada təsbit edilir, Konvensiyanın 16-cı maddəsində isə qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının aradan qaldırılması nəzərdə tutulur və göstərilir ki, "Uşağın nişanlanması və nikahı hüquqi qüvvə daşımır"... Erkən nikah uşaqların inkişaf etmək və təhsil almaq sahəsində bütün imkanlarına son qoya bilər.  Bir çox hallarda bu, ömürlük ev və seksual köləliyin başlanğıcına çevrilir.

Erkən nikah həm də qızlar üçün mənfi fiziki nəticələrə malikdir, çünki erkən hamiləlik və doğuşa aparır, bu isə ana və uşaq ölümünün dəfələrlə artan risqi ilə nəticələnir.

Belə ki,  hamiləliklə bağlı ölüm halları 15 yaşdan 19 yaşadək qızların ölümünün əsas səbəbidir. Ümumdünya Sağlamlığı Mühafizə Təşkilatının məlumatına görə,  15 yaşlıların  doğuş zamanı ölməsi ehtimalı 20-29 yaşlı qadınlara nisbətən  beş dəfə yüksəkdir. Onların uşaqlarının da sağ qalmaq şansları azdır. Əgər ananın hələ 18 yaşı tamam olmayıbsa, onun dünyaya gətirdiyi uşağın həyatının birinci ilində  ölməsi ehtimalı yaşı 19-dan çox olan anaların uşaqlarına nisbətən 60%-dən çoxdur.

 

Problemin hüquqi aspekti

Yuxarıda qeyd edildiyi kimi,  yetkinlik yaşına çatmayanlarla  bağlanan nikahlar  Azərbaycanda dövlət strukturları tərəfindən qeydiyyata alınmır və məhz bu səbəbdən belə nikahlar bağlanarkən kəbindən, yəni dini nikahdan istifadə  olunur. Qafqaz Müsəlmanları İdarəsi hələ 2003-cü ildə dini nikahların yalnız evlənənlər evlənmə haqqında dövlət şəhadətnaməsini təqdim etdikdə kəsilə bilməsi barədə fərman versə də, bu fərman daim pozulur və çox zaman kəbin lazımi sənədlər təqdim edilmədən kəsilir. Bir çox ailələrdə, xüsusən bölgələrdə valideynlər qızlarını mümkün qədər tez başdan edərək, onları ərə verməyə çalışırlar. Bu zaman onları  yetkinlik yaşına çatmayan qızların ərə verilməsinin cinayət əməli olması və bunun Cinayət Məcəlləsinin 152 və 153-cü maddələrində (16 yaşına çatmayan şəxslərlə seksual hərəkətlərə yol verilməsi) öz əksini tapması heç də narahat etmir. Bu halda, 2 ildən 3 ilədək azalıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Lakin bu cür qanunazidd hadisələri törədənlərin həmin hərəkətlərinə görə qanun qarşısında cavabdehliyi nəzərə çarpmır, çünki yetkinlik yaşına çatmayan qızların ərə verilməsi Azərbaycanda əvvəlki kimi davam etməkdədir.

Ailə belə  qanunsuz yolla qurularkən, həm də bu cür nikahlardan  dünyaya gəlmiş körpələrin qeydiyyata  alınması ilə bağlı problemlər  meydana  çıxır. Belə nikah hüquqi qüvvəyə malik deyil, bu da öz növbəsində tərəflər arasında mülkiyyət və varislik öhdəlikləri meydana çıxmır.

"Ər"in başqa qadınla evli olması məlum olduqda, yaxud onların qızı ilə deyil, başqa qızla rəsmi nikaha girmək fikrində olduğu aşkarlandıqda, qızlarını bu izdivaca məcbur edən valideynlər "günahkar" axtarmağa başlayırlar. Hələ dünənə qədər "sevimli" olan qadın, həm də bəzən uşağı ilə birlikdə geriyə, öz  doğmalarının üstünə göndərilir, ya da sadəcə, küçəyə atılır.

Belə nikahda olan qadının hüquqi mühafizəsi haqqında az adam düşünür, elə bu səbəbdən də onun bütün hüquqları yalnız əri və onun qohumları qarşısında vəzifələrlə yekunlaşmış olur.

 Yetkinlik yaşına  çatmayan, qanunları bilməyən, hətta şəxsiyyət vəsiqəsi olmayan və qanuni həyat yoldaşının malik olduğu hüquqlara malik olmayan qız çox asanlıqla hər yoldan keçənin - manyakın, cinayətkarın, uşaq alveri ilə məşğul olanın  və b. qurbanına çevrilə bilər.

Getməyə yeri olmayan nə qədər azyaşlı qız ər evində yarıac yaşayır, alçaldılmağa, təhqirlərə  dözür?! Nə qədəri bu gün paytaxtda və qonşu ölkələrdə dilənçilik edir, ölkədən kənara aparılaraq, orada küçəyə atıldığından, fahişəliklə məşğul olur?! Təəssüf ki, rəsmi statistika bu suallara cavab verə bilmir, çünki bu cür tədqiqatlar, sadəcə,  aparılmayıb.

Əgər dövlət səviyyəsində belə bir monitorinq keçirilərsə, alınan rəqəmlər və problemin miqyası bizi dəhşətə gətirər.

 

Erkən nikah sosial uğursuzluğun nəticəsi kimi

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akifin dediyinə görə, nikah haqqında şəhadətnamə olmadan kəbinin  kəsilməsinə qoyulan qadağa  haqqında fərman bəzi rayonlarda, elə paytaxtfın özündə də bəzilərinin kəbini rəsmi nikahdan üstün tutması halları aşkarlandıqdan sonra verilib.

"Biz dünyəvi dövlətdə yaşayırıq və onun qanunlarına tabe olmalıyıq. Həm də bu tip nikahlarda qadının hüquqları heç bir şəkildə - nə milli adətlərlə, nə xalq ənənələrilə, nə də yerli qanunvericiliklə qorunur. Bu səbəbdən, Qafqaz Müsəlmanları İdarəsinin tabeiliyində olan mollalar bu halda kəbin kəsmirlər".

Kəbinin həqiqiliyinə gəldikdə, qeyd etməliyik ki, İslam dini onun şahidlərin iştirakı ilə həyata keçirilməsini və elan olunmasını tövsiyə edir. Kəbində sığorta ilə müqayisə oluna bilən mehriyyənin qeyd edilməsi də önəmlidir. Beləliklə,  hələ 14 əsr bundan əvvəl  İslam qadının hüquqlarını diqqət mərkəzinə çəkmiş, onun siyasi, iqtisadi, mülki hüquqlarını təmin etməklə yanaşı, müəyyən mənada, zəif olmasını, həmçinin, mümkün boşanma halını (yeri gəlmişkən, bu, İslamda iznli hərəkətlərin ən çox qınananı və arzuolunmazı hesab edilir) nəzərə alaraq,  qadın üçün mehriyyəni - məsələn,  nikah müqaviləsində qeyd olunan hansısa məbləği müəyyənləşdirib.

 "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın qeyd etdiyi kimi, hazırda ölkəmizdə erkən nikahların çoxalması meyli müşahidə edilir. Müsahibimiz xüsusi vurğuladı ki,  bu problem ölkənin qadınlar üçün ərə getməkdən savayı heç bir perspektiv olmayan bölgələrində xüsusilə aktualdır. Erkən nikahlar Azərbaycanın Masallı, Lənkəran kimi cənub bölgələrində daha çox  qeydə alınır. Bundan başqa,  birliyin sədrinin qeyd etdiyi kimi,  çox vaxt yetkinlik yaşına çatmayan qızları kəbin vasitəsilə xaricilərə ərə verirlər, yəni  onlar  xaricə gedir və burada seksual istismara məruz qalırlar.

Erkən nikahlar Abşeron kəndlərində, hətta Bakıda belə qeydə alınsa da, paytaxtda bu cür hallar çox az-az baş verir.

M.Zeynalova qeyd etdi ki, əgər  əvvəllər valideynlər qızlara təhsil verməyi özlərinin əsas vəzifəsi hesab edirdilərsə, hasırda bir çoxları onu tezliklə ərə verməyə və bununla da, onların fikrincə, uşaqlarının gələcəyini təmin etməyə çalışırlar.

Bundan başqa, müsahibimizin fikrincə, erkən nikahların tərəfdarı olan bir çox valideynlər qərarlarını bununla qızlarını nikahaqədərki əlaqələrdən qorumaları ilə əsaslandırırlar. Lakin heç də bütün erkən nikahlar nəticəsində xoşbəxt ailə yaranmır.  Bir çox hallarda əksinə, azyaşlı qadın boşandığı halda, faktiki heç bir hüquqa malik olmur, axı bu nikah rəsmi olaraq qeydə alınmayıb. Bununla yanaşı, M.Zeynalova qeyd etdi ki, 13-14 yaşlı qızlar  ailə həyatına nə fiziki, nə də psixoloji cəhətdən hazırdır.

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin başçısı Hicran Hüseynovanın dediyinə görə, ölkəmizdə erkən nikahlar problemini əvvəlcə ciddi araşdırmaq lazımdır. Əvvəllər Azərbaycanda belə nikahlar norma hesab olunurdu. İndi şəxsiyyətə verilən tələblər dəyişilib. H.Hüseynova qeyd etdi ki,  hazırda erkən nikahlar daha çox sosial baxımdan öz həyatını qura bilməməyin nəticəsidir; bu zaman valideynlər qızlarını mümkün qədər tez ərinin ailəsinin himayəsinə verməyə çalışırlar.  Bu qızın həyatındakı belə dəyişikliklərə onun nə dərəcədə hazır olub-olmaması isə heç kimi düşündürmür.

"Azərbaycanda erkən nikaha daxil olma faktları mövcuddur. Lakin bu, BMT tərəfindən göstərilmiş 70%-dən çoxdur. Bəzi valideynlər belə hesab edirlər ki, İranda yaşayan gənclərin maddi təminat səviyyəsi yüksəkdir. Odur ki yetkinlik yaşına çatmayan qızlarını məhz İrana ərə vermək istəyirlər". Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların ailə qurmasında məhz valideynlər xüsusi rol oynayırlar, çünki 12-15 yaşlı uşaqlar sərhədi müstəqil şəkildə keçə bilməzlər, onlar sərhədi valideynlərilə keçirlər.

H.Hüseynova qeyd etdi ki, komitə gənclər və qızlar üçün nikaha daxil olmaqla bağlı yaş senzinin 18-ə qədər artırılması barədə təkliflə artıq Milli Məclisə müraciət edib. Onun sözlərinə görə, Azərbaycan BMT-nin uşaq hüquqları üzrə  Konvensiyasına qoşulub. Orada göstərilir ki,  gənclər və qızlar üçün nikaha daxil olmaqla bağlı yaş senzi 18 olmalıdır. Azərbaycan Konstitusiyasında isə qızlar üçün nikah yaşı həddi 17 yaşdan başlayaraq müəyyənləşdirilib.

Bir çox beynəlxalq ekspertlər belə hesab edir ki,  erkən nikahların sayını azaltmaq üçün  ən qəti tədbirlərin görülməsi zəruridir. Bu tədbirlər sırasında  özlərindən yaşca çox böyük kişilərə ərə gedən qızlar arasında QİÇS-ə yoluxma risqinin daha yüksək olması haqqında məlumatların yayılması,  dövlət və  yerli hakimiyyət idarələri arasında  bütün vətəndaşların ləyaqət və hüquqlarına hörmətlə yanaşmaq barədə dialoqların stimullaşdırılması, həmçinin, məcburi, yaxud erkən nikahlar nəticəsində yeniyetmə qızların sağlamlığını və təhlükəsizliyini  təhdid edə biləcək hallara yol verilməməsi kimi işlər var. Bundan başqa, dövlət yeniyetmə qızlara, heç olmazsa, orta təhsil almalarında yardım göstərməli və diqqəti  erkən nikahların  ilkin səbəbləri olan kasıblıq və diskriminasiya kimi məsələlərə yönəltməlidir.  Axı bu problem haqqında indi düşünməsək, sabah nə qazanacağıq?


MƏSLƏHƏT GÖR:

509