
PROSES BAŞLADI
Azərbaycan qeyri-neft sənayesinin inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
Müəllif: Alyona MOROZ Bakı
Beləliklə, artıq bu gün Azərbaycan ÜDM-in inkişaf sürətinə görə MDB ölkələri arasında liderlik edir. Şübhəsiz, bu fakt həm hökuməti, həm də ən geniş ictimaiyyəti sevindirməyə bilməz. Bu da aydındır: ölkənin inkişaf etmiş iqtisadiyyatı gec-tez bizə, sıravi vətəndaşlara yeni iş yerlərinin açılması, dövlət büdcəsinin gəlirliliyi, əməkhaqlarının, təqaüdlərin, yardımların və s. artırılması şəklində fayda gətirəcək. Bununla yanaşı, ölkə rəhbərliyi qarşısında hələ strateji səciyyəli xeyli vəzifə durur.
Sahibkarlar "lehinə"dir
İlk növbədə, "holland sindromu" deyilən vəziyyətin yaranmasının qarşısının alınması üzrə təxirəsalınmaz tədbirlər görülməlidir, çünki neft strategiyasının uğurla həyata keçirilməsi, şübhəsiz, Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafına gətirib çıxarıb və bu gün ölkənin ixracının 90%-i neft və neft məhsullarının payına düşür. Bu rəqəm arta da bilər və bunu Azərbaycan qazının dünya bazarına ixracının başlanması sübut edir. Deməli, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı ən önəmli məsələ kimi qarşıda durur. Həm də bu, təkcə dövlətə çoxmilyonluq gəlirlər gətirmək imkanına malik informasiya-rabitə texnologiyaları sektorunun yox, aqrar-sənaye kompleksinin inkişafıdır.
Söhbət sənayenin inkişafından gedəndə, ağla gələn ilk sual bu olur: dövlətin bu sahənin inkişafı ilə əlaqədar dəqiq proqramı varmı? İslahatlar bütün sənaye seqmentlərini, o cümlədən, hələ SSRİ dövründə Azərbaycanı məşhurlaşdıranları əhatə edəcəkmi? Nəhayət, hökumət bölgələrdə sənayenin inkişafına təminat verə biləcəkmi?
Qeyd etmək lazımdır ki, bu gün dövlət tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması sahəsində az iş görülmür və iş heç də işgüzar dairələrin birləşdirilməsi üçün sırf təşkilati məsələlərin həllində deyil. Əvvəla, son vaxtlar nəzarət orqanlarının sahibkarların işinə müdaxiləsini azaltmaq mümkün olub. İkincisi, sahibkarlara güzəştli kreditlər verilməsinə başlanılıb. Son illər Azərbaycan hökumətinin məhz sənaye sektorunda fərdi sahibkarlığın inkişafı üçün xeyli səy göstərməsi də mühüm məsələdir. Qeyri-neft sektorunda istehsalın artırılması ideyası bir neçə ildən bəri qəbul edilən və həyata keçirilən regionların sosial-iqtisadi inkişafı, yoxsulluqla mübarizə, informasiya-rabitə sektorunun inkişafı və s. üzrə dövlət proqramlarından qırmızı xətlə keçir. Aqrar-sənaye komplekslərinə və inşaat materiallarının istehsalına sərmayə qoyulmasını dəstəkləyən bir sıra qanunvericilik aktları qəbul edilib, maliyyə lizinqinin inkişafı və bankların sənayeyə kredit verməsində iştirakı üçün şərait yaradılıb, sənayenin strateji istiqamətləri üzrə vergi və gömrük ödənişlərinə dair rejim müəyyənləşdirilib. Belə ki, bu gün sahibkarlar iş qurmaqda əvvəllər heç vaxt olmadığı qədər maraqlıdırlar. Bəs bütün sadalananlar sənayeni - həqiqətən, nəhəng olan bu sahəni bərpa etməyə qadirdirmi?
Əlbəttə, söhbət qeyri-neft sektorunun inkişafından getdikdə, iş Milli Sahibkarlığın Müdafiəsi Fondunun kreditləri ilə bitmir. İri müəssisələrin bərpası üçün əhəmiyyətli vasitələrə ehtiyac var və burada söhbət yeni istehsalın bərpası, yaxud yaradılması üçün tələb olunan onlarca milyon dollardan gedir ki, bunları, bir qayda olaraq, nə Milli Fond, nə də Azərbaycanın kommersiya bankları ayıra bilir.
Sərmayələrin İxracı və Həvəsləndirilməsi Fondunun səylərinə də tamamilə bel bağlamaq, yəqin ki, düzgün olmaz. Bu da aydındır: xarici sərmayədarlar ölkəmizin iqtisadiyyatına qoyulması nəzərdə tutulan sərmayələrlə bağlı risqi minimuma endirmək arzusundadırlar. Həm də söhbət minlərdən yox, hətta ən aşağı hesablamalara görə milyonlarla ABŞ dollarından gedir. Məsələn, kimya sənayesi sahəsində irimiqyaslı layihələr bir yana, təkcə H.Z.Tağıyev adına Bakı Toxuculuq Fabrikinin bərpası, təxminən, 20 milyon dollar tələb edir.
Çoxdan gözlənilən sənəd
Yuxarıda sadalanan problemlərlə əlaqədar, 2007-ci il mart ayının 6-da Azərbaycan Prezidenti İlham Əliyevin "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərmanı dərc edildi. Bu, ölkə sənayesinin inkişafında növbəti addımdır, çünki sənəd həm regional inkişafın, qeyri-neft sektorunun aparıcı sahələrinə qoyulan sərmayələrin müdafiəsini, həm də yeni iş yerləri yaradılmasını təmin etməli, idxala istiqamətlənən sənayenin inkişafına yardım göstərməlidir. Bu gün Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyi XİZ (xüsusi iqtisadi zonalar) haqqında qanun layihəsini və əsasnaməni işləyir, onlar üçün inkişafın aparıcı istiqamətlərini müəyyənləşdirir, vergi və gömrük ödəmələrində güzəştlər, gömrük məntəqələrinin fəaliyyəti, əmtəələrin buraxılması rejimi, nəqliyyat vasitələri və zonalarda fiziki şəxslər üzrə təkliflər hazırlayır.
Ölkədə XİZ-lərin yaradılması məsələsi çoxdan müzakirə olunur. Belə ki, 90-cı illərin ortalarında Sumqayıtda belə bir zonanın yaradılmasına cəhd göstərildi, buna xarici investorlar tərəfindən 3 milyon dollara yaxın vəsait də xərcləndi. Lakin bir sıra səbəblərə görə həmin layihənin həyata keçirilməsi dayandırıldı ki, bu da xarici tərəfdaşlar tərəfindən narazılıqla qarşılandı. Elə alındı ki, bu layihələr yalnız 2006-cı ilin sonundan etibarən konkret cizgilər kəsb etməyə başladı. İqtisadi İnkişaf Nazirliyinin Qaradağ rayonunun Ələt qəsəbəsində XİZ yaratmağı nəzərdə tutan layihəsini nümunə göstərmək kifayətdir. Orada bütün zəruri infrastruktur yaradılacaq, hətta dəniz limanının tikilməsi də nəzərdə tutulur. Artıq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə TİƏ-nin (texniki-iqtisadi əsaslandırma) ilkin variantı da işlənilib. Həm də yeni yaradılacaq XİZ bu zonaların bir növ müştərək (simbioz) sənaye, maliyyə və xidmət kimi müxtəlif variantlarını təmsil edəcək. Əlbəttə, XİZ-lərə sərmayə qoyan bütün şirkətlər vergi və rüsum ödənişlərindən azad ediləcəklər.
Bəs qeyri-neft sektorunun xüsusi sənaye müəssisələrinə, onların nizamnamə kapitalında iştirak payı əldə etməklə investisiya qoyulması əsas vəzifələrindən biri olan Azərbaycan İnvestisiya Şirkətinin (AİK) yaradılmasını xatırlatsaq necə? Bu, ölkənin qeyri-neft sektorundakı durumu, əlbəttə, əsaslı surətdə dəyişdirə bilər. Həm də artıq bu gün AİK onlarca perspektivli layihə hazırlayır ki, onların arasında ölkədə təbii qazın emalı əsasında fəaliyyət göstərən yeni neft-kimya kompleksinin yaradılması da var. Digər tərəfdən, dövlətin xarici sərmayədarlarla birgə layihələrdə iştirakı onlara bütün lazımi təminatları təmin edir və onlar təklif edilən əmtəələri böyük diqqət və həvəslə nəzərdən keçirəcəklər.
İqtisadi İnkişaf Nazirliyinin xarici sərmayədarların iqtisadiyyatın strateji cəhətdən mühüm istiqamətlərinə cəlb edilməsi üzrə işini də qeyd etməyə dəyər. Artıq bu gün biz metallurgiya sənayesinin tam zəncirinin yenidən yaradılmasını müşahidə edirik: bu layihə Daşkəsən Filizzənginləşdirmə Kombinatının modernləşdirilməsinə və metal prokatı istehsalına 235 milyon dollar sərmayə qoymağa hazırlaşan Det Al.Limited tərəfindən həyata keçirilir. Gəncə gil-torpaq və Sumqayıt alüminium zavodlarının modernləşdirilməsinə, həmçinin, yerli xammalın - Daşkəsənin Zəylik alunit yataqlarından əldə edilən alunitin çıxarılması və emalına, təxminən, 250-300 milyon dollar həcmində sərmayə qoyulacaq. Bəs Azərbaycanda ikinci böyük sement zavodunun inşası?
Hər şey yaxşı olacaq
Qeyd etmək lazımdır ki, iqtisadçı-ekspertlər ölkə rəhbərliyinin yurdda XİZ formalaşdırılması üzrə qərarını müsbət qiymətləndirirlər. Bununla yanaşı, onlar xəbərdarlıq edirlər: bu, kompleks layihədir, demək, onunla əlaqədar bu və ya digər problemlərin, həm sırf təşkilati, həm iqtisadi, həm də makroiqtisadi məsələlərin həllinə də kompleks yanaşmaq lazımdır. "R+"un respondentlərinin fikrincə, XİZ sahibkarlarına həm sərmayə qoyulması üçün, həm də lap sıfırdan başlayan ƏDV-yə qədər, vergi ödəmələri üçün güzəştli şərait yaradılmalıdır. Bu, eynilə, gömrük ödəmələrinə də aiddir. Həm də bu və ya digər layihəyə sərmayə qoyulduqda, Azərbaycan iqtisadiyyatının ən yüksək perspektivə malik sahələrinə daha çox diqqət yetirilməlidir. Regional uyğunsuzluq da böyük diqqət tələb edir. Ölkə üzrə vergi ödəmələrinin 93%-i paytaxtın payına düşür, işgüzar fəaliyyətin, təxminən, 75%-ə qədəri burada təmərküzləşmişdir.
Bütün bunlar, şübhəsiz, Azərbaycanın qeyri-neft sektorunun inkişafında generator rolu oynayacaq, ölkənin sərmayə qoyuluşu baxımından cazibədarlığını artıracaq. Lakin sərmayələrin stimullaşdırılması üçün hökumət həm potensial sahibkarlara, həm də sərmayədarlara şəxsi mülkiyyətlərinin və maliyyə aktivlərinin mühafizəsi üzrə konkret təminatlar təqdim etməlidir.
Yeri gəlmişkən, ekspertlərin fikrincə, XİZ-lərin yaradılması üçün ən əlverişli yerlər Sumqayıt, Naxçıvan MR və Lənkərandır.
Yuxarıda qeyd olunanlardan görünür ki, XİZ Azərbaycan iqtisadiyyatının və qeyri-neft sektorunun, bütövlükdə respublikanın gələcək inkişafı işində mühüm rol oynayacaq, ölkənin ixrac potensialının, dünyanın digər ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi üçün təkan olacaq. Üstəlik, Azərbaycan nəqliyyat əlaqələri baxımından çox gözəl mövqeyə malikdir.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan hökuməti son illər ərzində ölkədə ilk sənaye şəhərciyinin yaradılması üzrə də layihə hazırlayır. Lap bu yaxınlarda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) arasında Bakı yaxınlığında sənaye şəhərciyinin salınması məsələsində razılaşma əldə olunmuşdur. İİN-in sahibkarlığın inkişafı şöbəsinin müdiri Samir Nuriyevin sözlərinə görə, TİKA hazırda layihənin işlənib-hazırlanması prosesində fəal iştirak edir. Samir Nuriyev dedi: "Biz həmin agentliklə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq, çünki o, belə şəhərlərin yaradılmasında böyük təcrübəyə malikdir. Bəzi məsələlər üzrə biz artıq Türkiyə tərəfinin prinsipial razılığını almışıq. TİKA sənaye şəhərcikləri üzrə qanunvericilik bazasının işlənməsində iştirak edəcək, şəhərciyin tikilməsi üzrə tenderin keçirilməsi üçün sənədlərin hazırlanmasını həyata keçirəcək".
Nazirlik TİKA-nın şəhərciyin idarə edilməsini qismən öz üzərinə götürməsində maraqlıdır. Şöbə müdiri "Yaxın zamanlarda şəhərciyin inşası məsələsində önəmli irəliləyişlər gözləmək olar", - deyə bizə ümid verdi.
İlkin hesablamalara görə, belə şəhərciyin inşasının dəyəri 30 milyon dollardan çox olacaq. İqtisadi İnkişaf Nazirliyinin planına müvafiq olaraq, sənaye şəhərciyi 90 sahəyə bölünəcək. Onlardan ən kiçiyinin sahəsi 1,2 hektar, ən böyüyü isə 8 hektara yaxın olacaq.
Bu şəhərciyin Bakıdan 49 km aralıda yaradılacağı planlaşdırılır. Onun salınmasında əsas məqsəd müəssisələrin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır.
P.S.: XİZ yaradılması ölkənin sənaye müəssisələrinin həyata qaytarılması sahəsində atılan addımlardan yalnız biridir. Milli sənayemizin modernləşdirilməsi üzrə bütün layihə və planların məntiqi yekunu Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış 2007-2012-ci illər üçün sənayenin inkişafı üzrə Dövlət Proqramı və investisiya planı olmalıdır. Bu sənəd sənayenin bütün pers-pektiv istiqamətlərini əhatə edəcək. Bu həm neft kimyası, həm metallurgiya, həm inşaat materialları istehsalı, qida və emal... sahələridir. Dövlət Proqramının əsas istiqamətlərindən biri də tam gücü ilə işləməyən, yaxud işi dayandırılmış müəssisələrin bərpası və inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatının böyük ehtiyac duyduğu məhsulları istehsal edəcək yeni istehsal sahələrinin yaradılması üzrə təkliflər olacaq.
MƏSLƏHƏT GÖR: