
BİRLƏŞMİŞ AVROPA 50 YAŞINDA
Amma köhnə dünya ölkələrinin inteqrasiya prosesi hələ də tez-tez yanılan gənclik dövrünü yaşayır
Müəllif: Rasim MusabƏyov, politoloq, AMİAK həmsədri Bakı
Martın sonunda Romada Avropa İttifaqının təsisi haqqında müqavilənin imzalanmasından düz yarım əsr keçdi. 15 il öncə Avropa Birliyi adını almış bu birləşmə ötən müddətdə önəmli uğurlara nail olub. 2004 və 2007-ci illərdəki genişlənmələrdən sonra, AB indi 27 dövləti əhatə edərək, Atlantikadan MDB sərhədlərinədək, demək olar ki, bütün Avropanı birləşdirir. Onun ərazisinin böyük bir hissəsində vahid valyuta - avro dövriyyədədir. Dünyanın 20 ən iri qeyri-maliyyə şirkətindən 13-ü Avropaya aiddir. AB dünya arenasında iqtisadi gücünə görə ikinci mərkəz, beynəlxalq siyasətdə isə başlıca "oyunçulardan" biri kimi çıxış edir.
Ciddi sınaqlar dövrü
Avropa inteqrasiyasının nailiyyətləri şübhəsizdir, amma nə üçünsə əksər siyasətçi və vətəndaşlar bu müvəffəqiyyətləri etiraf etməklə bərabər, ciddi narahatlıqlarını da gizlətmirlər. Belə ki, Avropa Komissiyasının keçmiş sədri (1985-1995), Avropa inteqrasiyası işinə əvəzsiz töhfələr vermiş Jak Delor bu yaxınlarda ictimaiyyət qarşısında bəyan edib ki, AB öz tarixi ərzində ən ağır böhranı yaşayır, birləşmiş Avropa isə yönümdən və gələcək barədə ümumi baxışlarından məhrum olub.
Doğrudan da ötən illər ərzində AB üzvü olan dövlətlər üç dəfə birincidərəcəli əhəmiyyətə malik məsələlərə dair razılaşmaya gələ bilməyiblər: 2003-cü ildə ABŞ-ın İraqa hərbi təcavüzü məsələsində fərqli mövqe tutaraq, iki düşərgəyə ayrılıblar, 2005-ci ildə fransızlar və hollandlar öz referendumlarında Avropa Konstitusiyası layihəsini qəbul etməyiblər, 2006-cı ildə isə üzv ölkələr vahid enerji strategiyası, həmçinin, Rusiya ilə enerji əməkdaşlığına razılaşdırılmış yanaşma məsələlərində anlaşmaya nail olmayıblar. AB sərhədlərinin mümkün genişləndirilməsi məsələsinə münasibətdə fikir müxtəlifliyi var. Hələlik, iki rəsmi namizədin - Makedoniya və Xorvatiyanın taleyi bir qədər aydınlaşıb. Türkiyənin üzvlüyü ilə əlaqədar konsensus isə hələ də yoxdur. Albaniya, Serbiya, Çernoqoriya, Bosniya və Herseqovinanın AB-yə qəbulu perspektivi də şübhə altındadır.
AB-nin demoqrafiya və immiqrasiya sahəsində də ciddi problemləri var. Ötən ilin əvvəllərində Fransada, Niderlandda və d. Avropa ölkələrində baş vermiş, əksər iştirakçıları mühacir ailələrindən çıxmış gənclərin olduğu toqquşma və zorakılıq dalğaları bu problemin aktuallığını və kəskinliyini əyani şəkildə nümayiş etdirdi. Nəzərə almaq lazımdır ki, proqnozlara görə, XXI əsrin ortalarında AB əhalisinin üçdə-birindən çoxu mühacirlərdən və onların nəsillərindən ibarət olacaq. Bu şəraitdə vətəndaş birliyini və ənənəvi Avropa mədəniyyəti, iqtisadiyyatın rəqabət qabiliyyəti, eləcə də sosial sistemin səmərəliliyini qoruyub-saxlamaq daha çətin olacaq.
AB problemlərini çözmək və qarşısında duran vəzifələri həll etmək gücünə malikdirmi? Onun keçmiş uğurları istinad nöqtəsi də ola bilər, ölü yük kimi qala da bilər. Həm də problem təkcə həmrəyliyin lazımınca olmamasında deyil. Çoxlarının fikrincə, Avropa siyasətində təxəyyül və qətiyyət qıtlığı müşahidə olunur.
Avrokomissiyanın Brüsseldəki yüksəkvəzifəli təmsilçiləri, eləcə də avrointeqrasiya prosesini irəlilətməyə çalışan siyasətçi və analitiklər bir fikirdə həmrəydirlər: uğur qazanmaq üçün AB yaxın illərdə başlanan, lakin axıra çatdırılmayan bir neçə mühüm layihəni yekunlaşdırmalıdır. Bunlar aşağıdakılardır:
- Avropa Konstitusiyasının ratifikasiya prosesini, eləcə də Avropa Birliyi institutlarının siyasi statusu və ən əsası, səmərəliliyini yüksəltməyə səbəb olacaq islahatı başa çatdırmaq;
- AB-nin bütün üzvləri daxil olmaqla, vahid daxili bazarın qurulmasını və valyuta birliyini (avroya kecid) yekunlaşdırmaq;
- köhnə və yeni üzv ölkələrin iqtisadi və sosial yaxınlaşmasında, eləcə də yeni üzvlərin real inteqrasiyasında irəliləyişə nail olmaq;
- tam əhatəli ümumi xarici siyasətə, həmçinin təhlükəsizlik və müdafiə sahəsində ümumi Avropa siyasətinə keçmək.
Aydındır ki, qarşıdakı 15-20 ildə AB təkcə möhkəmlik yox, Avropa inteqrasiyası və ya müasir deyimdə, Avropa idientikliyi ideyasının özünün həyatiliyi sınağından keçməli olacaq. "Avropa nikbinləri" əvvəlkitək Avropa federasiyasının yaradılmasını mümkün hesab edirlər. Bu ideya Avropa Konstitusiyasının gözəgörünməz hissəsidir. Konstitusiyada "Avropa vətəndaşlığı"nın rəsmi statusu təsbit olunub, AB xarici işlər naziri vəzifəsi yaradılıb, qərarların konsensusla deyil, səs çoxluğu ilə qəbul edildiyi sahə əhəmiyyətli dərəcədə genişləndirilib. "Avroskeptiklər" isə, əksinə, hesab edirlər ki, həddən artıq genişlənmiş AB ən yaxşı halda yerində sayacaq, bəlkə də geriyə təkamül edəcək. Daha bir ssenari "müxtəlif sürətli inteqrasiya" strategiyasının reallaşmasını nəzərdə tutur. Güman edilir ki, inteqrasiyanın səbəbkarı olan altı dövlətdən və inkişafına görə onlara yaxın və federasiyada birləşməyə hazır olan başqa ölkələrdən ibarət mərkəzi qrup hazır olmayanları və tərəddüd edənləri gözləmədən irəli gedəcək.
Lakin Avropa Birliyinin gələcəyi yalnız Brüssel avrobürokratlarının, siyasətçilərin və iri korporasiyaların iradəsindən asılı deyil. Avropalıların özlərinin əhval-ruhiyyəsi, onların inteqrasiyaya can atması və milli identikliklərini vahid Avropa identikliyində əritmək istəkləri mühüm əhəmiyyət kəsb edir. "Avrobarometr"in (Avrokomissiyanın sosioloji xidməti) məlumatına əsasən, 2004-cü ilin payızında AB üzvü olan ölkə sakinlərinin 42%-i iddia edirdi ki, özlərinin bütövlükdə Avropaya mənsubluğunu heç vaxt hiss etməyiblər və yalnız öz milli dövlətlərinin vətəndaşı olaraq qalırlar. Daha 37% nadir hallarda Avropa identikliyi hissi keçirir. Öncə avropalı, yalnız sonra öz ölkələrinin vətəndaşı olduqlarını isə cəmi 7% iddia edir. Bu nümunələr göstərir ki, AB hələlik, "vahid" yox, yalnız "birləşmiş" Avropadır. Amma elə həmin sorğudan aydın oldu ki, 53% avropalı AB-yə üzvlüyün ölkələri üçün sərfəli olduğuna şübhə etmir.
Qayda və istisna arasında balans
Həm də mövcud çətinliklərə baxmayaraq, milli və ümumavropa maraqlarını Avropa Birliyinin kifayət qədər çevik prinsipləri və institutları vasitəsilə birləşdirmək hələlik mümkün olur, mwqavilənin 36-cı bəndinə müvafiq olaraq, "onun müstəsna yurisdiksiyasına aid olmayan sahələrdə Birlik subsidarlıq prinsipinə müvafiq hərəkət edir: hərəkətin məqsədi iştirakçı dövlətlər tərəfindən əldə oluna bilmədiyi halda, təxmin edilən hərəkətin miqyası və nəticələri baxımından Birliyin uğur qazanacağı mümkün olduqda".
Bu prinsipin əsasında qərarların qəbulunu mümkün olan maksimal aşağı səviyyədə həyata keçirmək ideyası durur. Belə yanaşma hər bir konkret halda, üzv ölkələrin suveren hüquqlarının müdafiəsilə bağlı məsələləri nisbətən ağrısız həll etməyə imkan yaradır. O, birmənalı şəkildə milli səlahiyyətləri (suveren hüquqları) qayda, Birliyin səlahiyyətlərini isə istisna kimi müəyyənləşdirir.
AB konstruksiyasının çevikliyi və dayanıqlığı daha çox bu inteqrasiya layihəsinin memarı olmuş Jan Monenin xidmətidir. Romantik federalçılardan fərqli olaraq, hiyləgər Mone Avropa ölkələrini suveren hüquqların cüzi hissəsindən belə məhrum etmək cəhdlərinin perspektivsizliyini çox gözəl anlayırdı. Odur ki o, bir tərəfdən, dövlətlərə istisnasız olaraq bütün səlahiyyətlərini saxlamaq, digər tərəfdən, potensialların toplanması hesabına əlavə mənfəət əldə etmək imkanı verən unikal birləşmə mexanizmini təklif etdi.
Belə yanaşma avrointeqrasiyanın inkişafı və dərinləşdirilməsi prosesində indi də müşahidə olunur. Məsələn, məlumdur ki, AB ölkələrində iqtisadi fəaliyyəti tənzimləyən qanunların 80 faizini Brüsseldə AB komissiyası qəbul edib. Əslində, bu ancaq onu bildirir ki, onlar üzrə qərarlar milli dövlətlərin hökumətləri tərəfindən ümumavropa danışıqlar stolu arxasında qəbul olunub. 1999-cu ildən Avropa Birliyində AB Şurasının baş katibi və ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə AB Yüksək təmsilçisi vəzifəsi var. Hazırda bu vəzifəni müasir dövrün ən təcrübəli diplomatlarından biri, NATO-nun keçmiş baş katibi Havyer Solana icra edir. Üzv ölkələrin xarici siyasət idarələrini əvəzləmək və ya kölgədə qoymaq niyyəti güdmədən, Solana, əsasən, AB xarici siyasətinin koordinatoru rolunda çıxış edir və yalnız üzv ölkələrin bu və ya digər səbəb üzündən boyun qaçırdıqları missiyaları öz üzərinə götürür.
Roma hazılaşmalarının imzalanmasının 50 illiyi münasibətilə Berlin deklarasiyası qəbul olundu. Burada qeyd edilir ki, Avropa Birliyi üzvlərini şəxsiyyətə, onun ləyaqətinə və hüquqlarına hörmətə əsaslanan ümumi ideallar birləşdirir. Sənəddə həm də vurğulanır ki, Avropa Birliyi sərhədlərindən kənarda da demokratiya, stabillik və çiçəklənməni yaymaqda davam edəcək. Bu heç də Avropa Birliyinin sərhədsiz genişlənməsi demək deyil. Əksinə, yeni üzvlərin qəbulu çox geniş diskussiyalara səbəb oldu. Bununla əlaqədar, əsasən, AB sərhədləri yaxınlığında yerləşən əksər ölkələrə təklif olunan yeni Avropa qonşuluq siyasəti (the European Neiqhbourhood Policy - ENP) vurğulanır. Ona uyğun olaraq, münasibətlərin və əməkdaşlığın tərəfdaş ölkələrin hazır olduqları qədər inkişafı təklif edilir. Özü də ENP gələcək üzvlüyə hazırlıq mərhələsi kimi nəzərdə tutulmur, tamamilə müstəqil səciyyə daşıyır. "Qonşular AB institutlarından başqa, hər şeyi əldə edirlər" formulası da təklif edilir, yəni qərarların qəbulunda iştirak etmək imkanları istisna edilir. Bu ideyanın müəlliflik hüququ Romano Prodiyə (Avrokomissiyanın keçmiş sədri, hazırda İtaliyanın baş naziri) məxsusdur.
Azərbaycan və AB
Bugünkü mövqelərdən Azərbaycanın Avropa Birliyinə üzvlüyü perspektivləri çox xəyali görünsə də, ölkəmiz addım-addım avrointeqrasiyaya doğru irəliləyir. Avropa Şurasında üzvlük və NATO ilə tərəfdaşlıq proqramında iştirakla bərabər, AB ilə əməkdaşlığın möhkəmləndirilməsi də mühüm yer tutur. Buna ölkəmizin xarici iqtisadi dövriyyəsinin 60 faizindən çoxunun AB ölkələrilə bağlı olması dəlalət edir. Bakının xarici siyasətinin Avropa istiqamətliliyinin prioritet mövqeyi bu kontinentdə açılmış Azərbaycan səfirlikləri, bura edilən rəsmi səfərlərlə də təsdiq olunur. Keçən ildən Azərbaycan Avropa Qonşuluq Siyasətinin (ENP) iştirakçısıdır. Müvafiq razılaşma imzalanıb, tərəflərin məram və öhdəliklərini əks etdirən fəaliyyət planı və yaxın üç il üçün İndikativ proqram qəbul olunub. Onun həyata keçirilməsi üçün Brüssel 92 milyon avro ayırıb.
Azərbaycanın Avropa ilə tərəfdaşlığının daha bir mühüm tərkib hissəsi energetika sahəsidir. AB-yə üzv ölkələrin əksəriyyətinin fikrincə, Rusiyanın neft və qaz ixracından ifrat asılılıq energetik təhlükəsizliyi zərbə altında qoyur. Son zamanlar enerji ehtiyatlarının qiymətlərilə əlaqədar, Moskvanın Kiyev və Minsklə mübahisələri nəticəsində Rusiyadan nəqlin qısa fasilələrlə həyata keçirilməsi səbəbindən, bu narahatlıqlar xeyli kəskinləşib. Brüssel enerji ehtiyatları mənbələrinin və nəqli yollarının diversifikasiyası üçün imkanlar axtarır və bununla əlaqədar, Xəzər hövzəsinə çox ciddi maraq göstərir. Təsadüfi deyil ki, Avropa qonşuluq proqramına qoşulan Azərbaycan, eyni zamanda, AB ilə Avropa Enerji Xartiyası əsasında əməkdaşlıq haqqında razılaşmanı da imzaladı.
Avropa inteqrasiyası təkcə dövlət müəssisələrinin və siyasətçilərin fəaliyyət meydanı deyil. Bu sahəyə iş adamları və sadə əhalinin də marağı artır. Məqalə müəllifinin rəhbərlik etdiyi "Puls-R" sosioloji xidmətinin son dörd il ərzində apardığı ictimai rəyin monitorinqi Azərbaycanın geosiyasi istiqamət vektoru qismində Avropa Birliyinin cazibə qüvvəsinin artdığını qeydə alıb. Hələ bir neçə il bundan əvvəl sorğu iştirakçılarının üçdə biri güman edirdi ki, Azərbaycan neytral qalmalı və bütün ölkələrlə əməkdaşlıq etməlidir, MDB və Avropa Birliyi isə 23-25 faiz intervalla bərabər üstünlüyə malik idi. 2006-cı ilin nəticələrinə görə sorğu göstərdi ki, avrointeqrasiya tərəfdarlarının sayı 43 faizi ötüb, MDB-yə rəğbət göstərənlərin sayı isə 15,5 %-ə düşüb.
Avropaya yönümlülüyün əhalinin geniş təbəqələri arasında möhkəmlənməsi üçün insanların təmas yolları üzərindəki maneələri aradan qaldırmaq lazımdır. Belə anlaşma Brüsseldə də var. Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Ferrero-Valdner bu yaxınlarda ENP proqramına daxil olan ölkələrə münasibətdə viza rejimini sadələşdirməyə, onların mallarının AB bazarlarına çıxışını asanlaşdırmağa çağırıb. Onun fikrincə, son nəticədə, bu, AB və Avropa qonşuluq proqramı ilə əhatə olunan ölkələrin geniş azad ticarət və insanların azad yerdəyişmə zonaları yaratmalarına gətirib çıxaracaq.
Öz növbəsində, cəmiyyət də avrointeqrasiyanın passiv obyektindən, onun fəal subyektinə çevrilməyə başlayır. Bunu keçən il əlliyə yaxın tanınmış ictimai xadimi, qeyri-hökumət təşkilatı rəhbərlərini və ekspertləri birləşdirən Azərbaycan Milli İctimai Avrointeqrasiya Komitəsinin yaradılması da sübut edir. AMİAK öz vəzifəsini Azərbaycanın avrointeqrasiya prosesini sürətləndirməkdə, ölkədə Avropa dəyərlərini möhkəmləndirmək məqsədilə vətəndaş cəmiyyəti ilə hökumətin tərəfdaşlığını təşkil etməkdə görür. Çünki Azərbaycan dövlətinin uğurla modernləşdirilməsi, onun təhlükəsizliyi və Avropa xalqlarının vahid ailəsində çiçəklənməsinin rəhni məhz bundadır.
MƏSLƏHƏT GÖR: